Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynanın Xarici İşlər naziri Anatoli Zlenko başda olmaqla bu ölkənin nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 16 oktyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir! Mən Sizi Azərbaycanda salamlayıram və şadam ki, Azərbaycan Xarici Işlər nazirinin dəvəti ilə bu rəsmi səfəri etdiniz. Bu, Ukrayna ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirir və möhkəmləndirir. Biz hesab edirik ki, Ukrayna ilə münasibətlərimiz, ümumən, çox yaxşıdır. Bizim bütün sahələrdə əməkdaşlığımız var. Biz Ukraynanı özümüzə dost ölkə sayırıq və dostluq münasibətlərimiz xüsusi xarakterə malikdir. Ona görə də belə vaxtaşırı məsləhətləşmələrin, görüşlərin təcrübə mübadiləsi üçün, hansısa mövqelərin razılaşdırılması üçün, öz işimizi tərəfdaşlarımızın işi ilə tutuşdurmaq üçün, şübhəsiz, böyük əhəmiyyəti var. Odur ki, mən sizin səfərinizi çox mühüm hadisə hesab edirəm.

Leonid Daniloviç Kuçma ilə aramızda şəxsi dostluq münasibətləri var və biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, lakin müxtəlif beynəlxalq forumlarda, MDB-nin iclaslarında az görüşmürük. O bir neçə dəfə təşəbbüs göstərdi və biz Yaltada həm GUÖAM ölkələrinin, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin zirvə toplantılarında görüşdük. Bütün bunlar Ukraynanın və Azərbaycanın siyasətinin əməkdaşlıq baxımından necə olduğunu göstərir. Lakin bununla bərabər, şübhəsiz ki, prezidentlərin görüşləri özlüyündə ən yüksək səviyyədə olan görüşlərdir. Onların, ümumən, münasibətlər üçün böyük əhəmiyyəti var. Ancaq müxtəlif səviyyələrdə digər ünsiyyətlər, görüşlər prezidentlərin tutduqları prinsipial mövqelərin müvafiq nazirliklər, baş idarələr, təşkilatlar tərəfindən konkret işlərdə gerçəkləşdirilməsi üçün, təbii ki, vacibdir. Ona görə də səfərinizdən məmnun qaldığımı bir daha bildirirəm. Ümidvaram ki, artıq müfəssəl söhbətlər keçirə bilmisiniz və Sizi hələ bu gün də qarşıda görüşlər gözləyir. Zənnimcə, bütün bunlar qarşılıqlı surətdə faydalı olacaqdır.

Anatoli Zlenko: Cənab Prezident, sağ olun. Ömrümdə ilk dəfə Azərbaycanda və təbii ki, onun paytaxtı Bakıda olmaqdan xüsusi məmnunluq duyuram. Ona görə də həmkarım cənab Quliyevin dəvəti ilə burada səfərdə olmağımdan və Azərbaycana ilk dəfə gəlmək imkanından ikiqat məmnunluq hissi keçirirəm. Bakı şəhərindən aldığım ilk təəssürat çox xoşdur. Mən əvvəllər burada olmamışam, lakin çoxlu yeni binalar görürəm. Ölkə inkişafdadır və paytaxt da inkişaf edir. Çox xoşdur ki, dövlətinizin inkişafı sahəsində müsbət proseslər gedir. Bunu təsdiq etmək bizim üçün çox xoşdur, çünki biz strateji tərəfdaşlığımızı inkişaf etdiririk. Onu da demək istərdim ki, mənim səfərim strateji tərəfdaşlığımızı konkret məzmunla dolğunlaşdırmaq üçün əlavə imkanlar axtarışı ilə də bağlıdır. Mənim cənab Quliyevlə bugünkü görüşüm, danışıqlarımız göstərir ki, bir çox məsələlərdə, hətta deyərdim, bütün məsələlərdə mövqelərimiz əslində uyğun gəlir.

Sizin kimi, biz də belə bir faktı vurğulayırıq ki, Sizinlə Leonid Daniloviç Kuçma arasında yaranmış dostluq münasibətləri sayəsində biz ikitərəfli münasibətlərimizin genişlənməsinə və dərinləşməsinə dair müxtəlif təkliflər irəli sürmək baxımından özümüzü sərbəst, rahat hiss edirik. Cənab Prezident, bu gün mən sizin böyük bayramınız - Azərbaycan Respublikasının müstəqilliyinin 10-cu ildönümü ərəfəsində Ukrayna prezidenti cənab Kuçmanın ən xoş təbriklərini və arzularını yetirmək, o cümlədən də yazılı şəkildə yetirmək istərdim. Nə demək istərdim? Bu gün biz cənab Quliyevlə ikitərəfli münasibətlərimizin vəziyyətini müzakirə etdik. Onlar siyasi, iqtisadi və mədəni-humanitar sahələrə aid idi. Konsulluq işimizin bəzi məsələləri də müzakirə olundu. Biz hazırda dünyada baş verən hadisələr baxımından beynəlxalq siyasət məsələlərinə də toxunduq.

Siyasi sahəyə gəldikdə, demək istərdim ki, bu gün biz Sizin cənab Kuçma ilə imzaladığınız müqaviləyə dair təsdiqnamələri mübadilə etdik. Demək olar ki, diqqətimizi ikitərəfli münasibətlərimizin perspektivinin xarakterini müəyyənləşdirən bu baza sənədinin yerinə yetirilməsi üzərində cəmləşdirməyimiz üçün geniş fəaliyyət meydanı, sahəsi açılmışdır. Bu gün biz sizin Gənclər, Idman və Turizm nazirinizlə turizm və idmanın inkişafına dair yeni saziş imzaladıq, konsulluq konvensiyası haqqında protokol da imzalandı. Bu gün biz münasibətlərimizin müqavilə-hüquqi bazasını zənginləşdirdik. Bizim tərəfimizdən konsulluq məsələləri barəsində bəzi təkliflər irəli sürüldü, vətəndaşlarımızın gediş-gəlişi məsələlərini tənzimləmək üçün, istər sizin ölkənizin, istərsə bizim ölkəmizin vətəndaşlarının mənafelərinin qorunmasının hüquqi əsası üçün ayrı-ayrı sazişlərin işlənib hazırlanmasına dair bir sıra təkliflər var. Düşünürəm ki, biz bu məsələləri iş prosesində həll edəcəyik.

Deməliyəm ki, iqtisadi əməkdaşlıq sahəsi bizdə daha çox narahatlıq doğurur. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi böyük deyil, bu gün istər Azərbaycanda, istərsə də Ukraynada olan potensial imkanlara əsla uyğun gəlmir. Əlbəttə, bu, müəyyən narahatlığa səbəb olur. Odur ki, ticarətin həcminin genişlənməsi üçün səfirliklərimiz, nazirliklərimiz səy göstərməlidirlər. Zənnimcə, üzərində düşünülməli məsələlər var. Sizə deyim ki, bu sahəyə maraq göstərildiyinə görə məni bizim bir qrup sahibkar və sənayeçimiz müşayiət edir. Onlar da nazirliklərdə, müxtəlif şirkətlərdə görüşlər keçirəcək və bu görüşlər zamanı iqtisadi əməkdaşlığın məhz həmin sahəsini inkişaf etdirmək üçün zəruri olan əlaqələr axtaracaqlar. Mənə elə gəlir ki, bu, əlaqələrin genişlənməsinə müəyyən dərəcədə təkan verə bilər. Nümayəndə heyətimizin tərkibini müəyyənləşdirərkən qarşıma məhz belə məqsəd qoymuşdum.

O ki qaldı mədəniyyət sahəsinə, bildiyiniz kimi, Ukraynada Azərbaycan mədəniyyəti günləri  keçirilmişdir. İndi biz Azərbaycanda Ukrayna mədəniyyəti günləri keçirilməsini planlaşdırırıq. Biz bu tədbiri gələn ilin mart, yaxud may ayı üçün nəzərdə tutmuşuq. Bu baş tutsa, biz çox minnətdar olardıq. Cənab Prezident, demək istərdim ki, indi iqtisadi inkişafımız yaxşı vəziyyətdədir. Məhsul yaxşıdır, istehsal sahəsində göstəricilər yaxşıdır, ümumi milli məhsulun göstəricisi yaxşıdır, inflyasiya aşağıdır. Beləliklə, ölkəmizin daha da inkişaf etməsi üçün, sərmayələrin cəlb olunması üçün yaxşı zəmin var. Ölkədə işlər yaxşı getdikdə, bizimlə də başqa cür rəftar edirlər. İl yarım ərzində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı tərəfindən heç bir tranş ayrılmadı. Deyərdim ki, indi bu məsələlər tənzimlənmişdir və biz bu tranşları alırıq və ilin sonunadək alacağıq. Söhbət iqtisadi islahatlar üçün BVF tərəfindən 600 milyon dollardan artıq və inzibati islahatlar üçün Dünya Bankı tərəfindən təxminən 250 milyon dollar vəsait ayrılmasından gedir. Biz BVF xətti ilə vəsait alırıq, Dünya Bankı xətti ilə isə hələlik almırıq, çünki orada prosedurdan keçmək lazımdır.

Heydər Əliyev: İnzibati islahatlar üçün 250 milyon dollar? Belə çox?

Anatoli Zlenko: Orada bank sistemində və digər sahələrdə geniş kompleksdə işlər aparılması nəzərdə tutulur. Mən, ümumən, inzibati islahatlar deyirəm.

Heydər Əliyev: Sizə çox verirlər.

Anatoli Zlenko: Böyük dövlətdir. Lakin hesablasaq, bu qəpik-quruşdur, özünüz başa düşürsünüz. Sizə deyim ki, müstəqillik illəri ərzində bizim iqtisadiyyatımıza təxminən 4 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Bu bizim ölkəmiz üçün çox böyük pul deyil, bu çox azdır.

Heydər Əliyev: Böyük pul deyil, lakin sizin özünüzün iri müəssisələriniz var, onlar işləyirlər, məhsul buraxırlar.

Anatoli Zlenko: Cənab Prezident, bu yaxınlarda mən regionlara səfər etdim və bir neçə müəssisədə oldum. Artıq özəlləşdirilmiş müəssisələr nümunəvidirlər. Mən Odessada, Zaporojyedə olmuşam.

Heydər Əliyev: Yerli sabihkarlar özəlləşdiriblər, yoxsa xaricilər?

Anatoli Zlenko: Xaricilər. Rusiyanın "LUKoyl" şirkəti Odessadakı neft emalı zavodunu özəlləşdirmişdir. Fəhlələrdən soruşanda ki, onların əməkhaqqı nə qədərdir, cavab verirlər ki, 322 dollar. Sosial şəraitdən, sərmayə öhdəliklərinin yerinə yetirilməsindən danışırlar. Mən Zaporojyedə bir müəssisədə oldum. O, Qərbdən gəlmiş sərmayədarındır. Onlar istehsalın fəlsəfəsini tamamilə dəyişirlər. Mən hələ istehsalat mədəniyyətini demirəm, o, tamam başqadır. Adamlar bundan razıdırlar. Bizdə bu proses davam edir. Çox sürətlə olmasa da, gedir. Deməliyəm ki, Leonid Daniloviç buna lazımi diqqət yetirir, amma tələsmir, hər şeyi götür-qoy edir. Məsələn, biz vilayət enerji qovşaqlarını özəlləşdirməyə başladıq və hansısa mərhələdə hiss   etdik ki, bu sahəni çox ucuz vermişik. İndi düşünürük ki, nə yolla daha çox mənfəət əldə edək. Yeni alıcılar axtarırıq. Hər halda, vilayət energetikasından danışanda burada amerikalılar var, slovakiyalılar var. Slovakiyalılar çox alıblar.

Heydər Əliyev: Slovakiya? Onların imkanı var?

Anatoli Zlenko: Cənab Prezident, təsəvvür edin ki, kiçik bir ölkədir, amma böyük məbləğdə pul qoymuşdur. Onlar fransızlarla birlikdə tenderdə iştirak etdilər. Lakin Fransa şirkəti pulun hamısını ödəmədi və slovaklar satın aldılar. Bu yaxınlarda fransızlarla söhbətim oldu. Onlar qayıtmaq istəyir, başa düşürlər ki, səhv etmişlər və qayıtmaq istəyirlər. Bizdə özəlləşdirmə prosesi gedir. Ümumiyyətlə, iri müəssisələrdə, məsələn, əgər siz Xarkovdakı və Zaporojyedəki tank zavoduna, təyyarə və ya metallurgiya zavodlarına getsəniz, görərsiniz ki, orada on minlərlə adam işləyir.

Heydər Əliyev: Onlar indi tam gücü ilə işləyir?

Anatoli Zlenko: Bəli. Mən bu yaxınlarda -Zaporojstalda oldum, onlar tam gücü ilə işləyirlər. Marten sexlərinin hamısı işləyir. Mən qubernatora deyirəm ki, axşamlar nəfəs almaq olmur. O isə cavab verir, sız nə danışırsınız, görsəm ki, borulardan birindən tüstü çıxmır, dərhal oraya gedirəm.

Heydər Əliyev: Onlar hələ özəlləşdirilməyib?

Anatoli Zlenko: Xeyr, onlar hələ dövlət müəssisələridir, səhmləşdirilibdir. Onlar tam gücü ilə işləyir, onlarda hər şey qaydasındadır. Əlbəttə, yeni idarəçilik sistemi işə yeni münasibət tələb edir. Direktorlar bütün bunlara uyğunlaşmağa çalışırlar, hərçənd onların hamısı köhnə məktəbin nümayəndələridir, amma nə etmək olar, həyat tələb edir. Sizə deyim ki, "Zaporojstal" zavoduna və motor istehsalı üzrə iki iri zavoda səfərim mənə çox xoş təsir bağışladı. Onlar çox yaxşı işləyir. Bu zavodlar öz məhsulunu 92 ölkəyə göndərir. Problemləri də var, lakin onlar həll edilir. Cənab Prezident, demək istəyirəm ki, inkişaf var, amma bir daha deyim ki, bəlkə də ləng inkişaf edir. Lakin insanların ovqatında böyük dəyişikliklər olduğu duyulur. Bununla belə, hələ həll edilməli olan problemlər çoxdur. Leonid Daniloviç çalışır ki, parlament torpaq haqqında qanun qəbul etsin. Bu, Leonid Daniloviç ikinci dəfə seçildikdən dərhal sonra verdiyi fərmanla tənzimlənir. İndi belə qanunun üstünlüklərini göstərmək üçün kütləvi informasiya vasitələrində təbliğati iş gedir. Fermer təsərrüfatları getdikcə çoxalır. Leonid Daniloviç çox fəxr edir ki, onun tədbirləri sayəsində bu il biz kənd təsərrüfatı məsələlərinə qarışmadıq. Bir diqqət yetirin, cari ildə bu sahədə nə kimi nəticələr əldə edilmişdir.

Heydər Əliyev: Nə qədər taxıl yığmısınız?

Anatoli Zlenko: Təxminən 40 milyon ton. Bizdə qarğıdalı əkinləri də var və sair. Bir sözlə, məhsul boldur.

Heydər Əliyev: Məncə, əvvəllər sizdə bu qədər məhsul olmayıbdır.

Anatoli Zlenko: 10 ildə ilk dəfə olaraq bu qədər məhsul yığılmışdır.

Heydər Əliyev: Axı mən sizin keçmişdə nə qədər məhsul götürdüyünüzü bilirəm.

Anatoli Zlenko: Heydər Əliyeviç, deyim ki, sovet dövründə rekord səviyyə 1975-ci ildə əldə edilmişdi, onda 55 milyon ton taxıl yığılmışdı. O vaxt Sovet İttifaqı idi, o vaxt bütün ölkə işləyirdi. Indi isə biz təxminən 40 milyon ton məhsul yığırıq.

Heydər Əliyev: Bu əladır.

Anatoli Zlenko: Kənd təsərrüfatının bu sahəsinə indi də böyük diqqət yetirilir. Nazirlər Kabinetinin son iclasında Baş nazir bildirdi ki, torpaqların təxminən 92 faizi payızlıq buğda üçün şumlanmışdır. Bu, böyük işdir. Əvvəllər necə problemlər olurdu? Yanacaqla bağlı və sair. İndi daxili sərmayələrdən istifadə edilir. Əgər əvvəllər bu sərmayələri kənd təsərrüfatının inkişafına yönəltmək mümkün olmurdusa, indi daxili sərmayələr buraya qoyulur. Sərmayəçilər hiss edirlər ki, burada risk minimumdur.

Heydər Əliyev: Siz taxılı ixrac edirsiniz?

Anatoli Zlenko: Bəli, əlbəttə. Bax, indi Aqrar Siyasət naziri məsələni belə qoyur ki, 10 milyon ton taxıl sataq. Biz onu tam həcmdə ixrac etməyə hələ hazır deyilik. Biz bu mexanizmə hələ tam bələd deyilik.

Heydər Əliyev: Sovet dövründə bu məsələ yox idi. İndi isə bazar axtarmaq lazımdır. Üstəlik, Avropada elə böyük bazar yoxdur. Çünki orada onların özləri çoxlu taxıl istehsal edirlər.

Anatoli Zlenko: Ona görə də indi qiymət qoyulur, sortlar müəyyənləşdirilir. Nazir mənə deyir ki, sən bir kömək elə. Mən isə deyirəm, axı bilmirəm, necə etmək lazımdır, axı bütün incəlikləri bilmək lazımdır. Hər halda, indi bu məsələ ilə məşğul olurlar, bu qədər taxıl ölkənin sərvətidir. Bu il biz şəkər çuğunduru sahəsində də yaxşı məhsul gözləyirik.

Heydər Əliyev: Təxminən nə qədər?

Anatoli Zlenko: Ötən il 1,5 milyon ton oldu.

Heydər Əliyev: Bəs niyə belə az?

Anatoli Zlenko: Sovet dövründə bizdə rekord 5,5 milyon ton idi. İndi isə aşağı düşmüşdür.

Heydər Əliyev: Nədənsə mənim yadımda o dövrün daha yüksək rəqəmləri qalmışdır.

Anatoli Zlenko: Ukraynada 5,5 milyon ton olmuşdur. Bu, rekord idi. Sonra azalmağa başladı, 2,5 milyon tona endi, 1,8 milyon ton oldu. Düşünürük ki, bu il 2 milyon tonu keçəcək, 2,3 və ya 2,4 milyon ton məhsul götürə bilərik. Demək çətindir, kimdən soruşsanız deyəcək ki, hava ilə bağlı müəyyən çətinliklər var. Çünki şəkərlilik müəyyən temperaturda əmələ gəlir. Bu məhsul ötən ilki göstəricini keçəcəkdir. Bu il günəbaxanla əlaqədar işlər bir qədər pis olacaqdır. Bu il kartof sarıdan da pis olacaqdır. Amma bütövlükdə hər şey yarxşıdır.

O ki qaldı xarici əlaqələrimizə, xarici siyasətimizə və sair, məncə, indi Ukrayna ətrafında sağlam, sabit abhava yaradılmışdır. Biz ötən illərdən fərqli olaraq, xüsusi qəsdlər, xüsusi ərazi iddiaları görmürük. Daxili siyasi vəziyyət, ümumən, sabitdir, hərçənd indi bu vəziyyət qarşıdakı parlament seçkiləri ərəfəsində narahat xarakter almağa başlayır. Seçkilər haqqında qanun hələ qəbul edilməyibdir və bu qanunun bəzi maddələri ilə bağlı problemlər var. Prezident veto qoymuşdur. Əvvəla, müddət sarıdan problemlər var. Ali Rada seçkiqabağı kampaniyaya 6 ay ayırmaq istəyir.

Heydər Əliyev: Niyə belə?

Anatoli Zlenko: Onlar belə qərara almışlar. Ona görə də prezident veto qoymalı olmuş və bu sənədi Avropa Şurasına ekspertizaya vermişdir. Avropa Şurasının apardığı ilkin ekspertiza prezidentin əsaslandırdığı müddəalarla uyğun gəlir. Qəti qərar Venesiya Komissiyasının ayın 19-20-də keçiriləcək iclasında qəbul ediləcəkdir. Lakin artıq indinin özündə parlamentdə söhbətlər, diskussiyalar gedir. Görünür, bu müddət, hər halda, azaldılacaqdır. Necə olacağını qabaqcadan söyləmək çətindir. Bəziləri ona meyllidir ki, seçkiqabağı kampaniya 90 gün, yəni üç ay çəksin, digərləri isə çalışırlar ki, bu, 120 gün davam etsin. Bax, belə bir vəziyyət yaranmışdır. Partiyalar barəsində bəzi mübahisəli müddəalar var. Prinsipcə isə, bizdə proporsional - majoritar sistemdir - 50/50. Əvvəllər parlament istəyirdi ki, bu, proporsional sistem üzrə 75, majoritar sistem üzrə isə 25 faiz olsun. İndi, deyəsən, 50/50 nisbəti üzərində dayanmışlar.

Bilirsiniz ki, bizim Ali Radada 450 deputat var. Prezidentin ötən il keçirdiyi referendum gerçəkləşmədi. Parlament ona baxmadı. Orada 6, yaxud 5 müddəa vardı və ikinci palatanın yaradılmasından söhbət gedirdi. Lakin bu məsələyə baxılmır. Ona indiki parlament də baxmayacaqdır. Odur ki, növbəti parlamentə ümid bəsləyəcəyik. Leonid Daniloviçin proqnozlarına görə, seçkilər çətin keçəcək, asan olmayacaqdır. Seçkilər artıq ATƏT, Avropa Şurasının Parlament Assambleyası kimi, Avropa təşkilatlarının diqqətini cəlb etməyə başlamışdır.

Heydər Əliyev: Seçkilər nə vaxt keçiriləcəkdir?

Anatoli Zlenko: Martın 31-də. Az qalır. İndidən nə isə proqnozlaşdırmaq çətindir. Cənab Prezident, mən bir şey də əlavə etmək istərdim. Bu gün biz indi aktual olan terrorizmlə mübarizə məsələləri barəsində fikir mübadiləsi apardıq. Bilirəm ki, siz də, biz də öz hava məkanlarımızı təklif etmişik. Onlardan artıq fəal istifadə edilir, hava məkanımızla, demək olar, hər gün, 7-12 təyyarə uçur. Bunlar, əsasən, hərbi nəqliyyat və yanacaq dolduran təyyarələrdir. Biz GUÖAM çərçivəsində də bəyanatla çıxış edərək, terrorizmi pisləmişik. Ukrayna bu məsələ barəsində NATO ilə də birgə bəyanat vermişdir. Biz bu məsələdə Avropa Birliyi ilə də həmrəy olduğumuzu bildirmişik. Təhlükəsizlik Şurasının üzvü olaraq da, öz mövqeyimizi bildirməyə çalışırıq. Leonid Daniloviç həmişə nəzərə çatdırır ki, biz kənarda qala bilmərik, amma hərbi əməliyyatlarda iştirak etməyəcəyik. Biz başa düşürük ki, bu böhrandır. Bəyan edirik ki, hərbi əməliyyatlar vəziyyətindən mümkün qədər daha tez çıxmaq və bu məsələnin siyasi, diplomatik, iqtisadi və humanitar vasitələrlə həlli yollarını axtarmağa başlamaq bizim üçün cox vacibdir. Çünki Sovet İttifaqının Əfqanıstandakı bütün təcrübəsi göstərir ki, bu, uzun sürəcək, ciddi və təhlükəli olacaqdır. Bu məsələ parlamentdə müzakirə edilərkən birmənalı fikir söylənildi ki, biz müharibə aparmırıq, koalisiyaya qoşulmağımız hansısa ölkəyə qarşı yönəldilməyibdir, əksinə, beynəlxalq terrorizmlə mübarizəyə yönəldilibdir. Beləliklə, parlament bu cür qərar qəbul etmişdir. Hərçənd, parlamentimizdəki sol partiyalar bu qərarı dəstəkləmirlər, lakin onlar azlıq təşkil edirlər.

Bilirəm ki, bu günlərdə prezident Buş Leonid Daniloviçə məktub göndərmiş və dəstəyinə görə ona təşəkkür etmişdir. Bizdə hər şey - yaxşı da var, pis də var.

Heydər Əliyev: Məlumata görə sağ olun. Mən sizin uğurlarınıza şadam. Sözümün əvvəlində dedim ki, biz Ukraynanı özümüzə çox yaxın, dost ölkə hesab edirik. Bizim strateji tərəfdaşlıq münasibətlərimiz var, birlikdə GUÖAM-a daxilik, yəni, GUÖAM-ı yaratmışıq. Ona görə də çox istəyirik ki, sizdə hər şey yaxşı olsun. Üstəlik, siz Avropanın ön xəttindəsiniz və Avropada, dünyada sanballı nüfuza malik olan böyük ölkəsiniz. Yəqin sizə söylədilər ki, iqtisadiyyatda, islahatların aparılmasında bizim də yaxşı nəticələrimiz var. Biz torpaq islahatını hələ 1996-cı ildə keçirmişik və torpağı kəndlilərə paylamışıq. Bu il bütün istiqamətlərdə rekord miqdarda məhsul toplamışıq. Əlbəttə, bizdəki həcmləri sizin həcmlərinizlə müqayisə etmək olmaz. 1996-cı ildən başlayaraq bizdə sənayedə də, kənd təsərrüfatında da, başqa sahələrdə də ümumi daxili məhsulun artımı ardıcıl surətdə çox yüksəkdir.

Siz bizim neft strategiyamıza bələdsiniz. Ölkəmizə bu xətt üzrə təxminən 4 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Lakin bununla belə, bizim çox ciddi problemimiz var - bu, Dağlıq Qarabağ üstündə Ermənistanla münaqişədir, bunun nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, bir milyon adamın öz daimi yaşayış yerlərindən qovularaq çadırlarda yaşamasıdır. 1994-cü ildə biz müharibəni dayandırdıq, sülh danışıqları aparırıq, amma bu danışıqlar hələlik bizim istədiyimiz nəticələri verməmişdir. Ona görə də bu, təbii olaraq, bizi hər cəhətdən çətinə salır. Əvvəla, ərazi bütövlüyümüzün pozulması faktının özü bizim üçün ciddi faktdır. İkincisi isə, insanlar çadırlarda yaşayırlar, nə qədər belə yaşamaq olar - bir il, iki il, üç il, dörd il. Elə adamlar var ki, artıq yeddi, səkkiz ildir, bəlkə də çox, çadırlarda yaşayırlar. Yaxud, hansısa yataqxanalarda, məktəb binalarında və sair yerlərdə yaşayırlar. Biz onları mənzillə təmin edə  bilmirik. Bu, sözsüz ki, bizim iqtisadi vəziyyətimizə ciddi təsir göstərir. Çünki bu adamların çoxu işləmir, onların hamısı kənd təsərrüfatı rayonlarından olan köçkünlərdir. Onlar kənd təsərrüfatı ilə məşğul olurdular, məhsul yetişdirirdilər, həyətyanı təsərrüfatları, evləri, əmlakları var idi. Lakin bunların hamısını itiriblər. Odur ki, bu, iqtisadiyyatımıza xeyli təsir göstərir.

Lakin bizdə inkişaf var. Özəlləşdirmənin birinci mərhələsini başa çatdırmışıq, hazırda ikinci mərhələni həyata keçiririk. Məncə, torpaq islahatı, əlbəttə, bizim ən başlıca uğurumuzdur. Çünki bizdə bütün kənd təsərrüfatı məhsullarının istehsalı təqribən iki dəfə artmışdır. Bizim artıq taxıl, kartof, heyvandarlıq məhsulları  istehsalı ilə bağlı problemlərimiz yoxdur, dövlət bununla məşğul olmur. Mən ukraynalılara və rusiyalılara həmişə demişəm ki, sizdə əbəs yerə müqavimət göstərilir, onsuz da, buna gəlib çıxacaqsınız.  Bunun səmərəliliyi sübut olunmuşdur. Görürəm ki, siz də tədricən bu istiqamətdə irəliləyirsiniz.

Daxili vəziyyətimiz - ictimai-siyasi vəziyyətimiz sabitdir. Mən bunu ona görə deyirəm ki, dövlət müstəqilliyi qazandığımız ilk illərdə bizdə sabitlik yox idi. Indi bizdə sabitlikdir. Bir sözlə, inkişaf edirik, irəliləyirik. Əlbəttə ki, dünya ictimaiyyətinin, Dünya Birliyinin köməyi ilə başlıca problemimizi - işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, regionda sülhün bərqərar edilməsi problemini həll edə bilsək, bizim böyük inkişaf perspektivlərimiz var. Düşünürəm ki, bu istiqamətdə səylərimiz nəticə verməlidir. Hərbi əməliyyatlara yenidən başlamaq çətin deyil. Lakin bu nə qədər məqsədəuyğundur, özü də hazırkı dövrdə? Sizin kimi, biz də Amerika Birləşmiş Ştatlarındakı terror aktlarını çox kəskin şəkildə pislədik, öz həmrəyliyimizi bildirdik, bəyan etdik ki, beynəlxalq terrorizmlə mübarizədə onlarla bir koalisiyadayıq. Amerika terrorizmlə ilk dəfə qarşılaşmışdır, ona görə də onlar bunu çox ağır keçirirlər. Biz isə terrorizmlə - həm daxili, həm də beynəlxalq terrorizmlə artıq neçə illərdir mübarizə aparırıq. Bizdə nə qədər terror aktları olmuşdur. Əvvəla, davakar separatizm - bu da terrorizmdir. Axı bu, Dağlıq Qarabağda azərbaycanlıların öldürülməsindən, məhv edilməsindən, öz yaşayış yerlərindən didərgin salınmasından başlanmışdır. Sonra onlar bizdə saysızhesabsız terror aktları törətmişlər - metroda partlayış, dəmir yol vaqonlarının, avtobusların partladılması nəticəsində insanların həlak olması və bir çox digər belə hadisələr. Lakin bizə qarşı xaricdən də terror aktları olmuşdur və belə təhlükə bu gün də var. Digər ölkələrdən göndərilən terrorçular çox görkəmli adamlarımızı qətlə yetirirlər. Odur ki, terrorizmlə mübarizə bizim üçün yeni hadisə deyildir. Bu baxımdan biz indi Amerika Birləşmiş Ştatlarını çox yaxşı başa düşürük. Ona görə də dərhal münasibətimizi bildirdik və onlarla bir alyansdayıq. Bu gün prezident Buşdan mən də məktub almışam, təşəkkür məktubu. Biz beynəlxalq terrorizmlə birlikdə mübarizə aparacağıq. Əlbəttə, bu çətindir. Çünki bir ölkə kimi, beynəlxalq terror mərkəzinin ünvanı naməlumdur. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə bu vəzifənin öhdəsindən gələcəkdir.

Prinsipcə, biz sülh istəyirik. XXI əsri ümidlə qarşıladıq ki, dünya daha sakit olacaqdır. Amma ilk addımlar - Balkan yarımadasında da, başqa yerlərdə də vəziyyət əslində belə olmadığını göstərdi. Bizim münaqişələrimiz isə artıq illərdən bəri davam edir. Axı orada yeni münaqişələr meydana gəlmişdir. Əlbəttə, onlar narahatlıq doğurur, biz istəmirik ki, bunlar genişlənsin. Ona görə biz beynəlxalq terrorizmlə fəal mübarizənin tərəfində olmaq üçün hər şeyi etmişik və edirik. Şadam ki, ölkəniz hər cür ərazi iddialarından xilas olmuşdur. Bu çox yaxşıdır. Bu ən çətin məsələdir. Yaxşı ki, siz bunu həll etmisiniz. Bunu gələcəkdə biz də həll edəcəyik.

Anatoli Zlenko: Cənab Prezident, biz Sizə bu məsələnin həllini tapmağı arzulayırıq. Dağlıq Qarabağa gəldikdə isə, demək istərdim ki, biz xarici siyasətimizdə başlıca prinsipin - ərazi bütövlüyünün qorunub saxlanması prinsipinin tərəfdarıyıq. Özü də bu xarakterli məsələlər beynəlxalq hüquq prinsipləri və normaları əsasında həll olunmalıdır. Onlar diqqət mərkəzində olmalıdır. Biz siyasi dialoqun, bu cür münaqişə və mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Müharibə mümkündür, lakin arzuolunmazdır. Çünki onun arxasında insanlar dayanmışlar. Bu gün mən sizin Səhidlər xiyabanını ziyarət etdim, o gənclərin məzarlarını gördüm. Əlbəttə, indi demək olar ki, dinc dövrdə baş vermiş həmin hadisə təkcə qəzəb doğurmur, bu hətta hansısa anlaşılmazlıqdır. Odur ki, yeni qurbanlar ola bilər və məsələnin bu yolla həll olunub-olunmayacağını demək çətindir. Ona görə də biz Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına hər vasitə ilə yardım göstərməyə hazırıq. Biz digər tərəflə dialoq üçün xeyirxah xidmətimizi göstərməyə hazırıq. Biz məsələnin məqbul həllini tapmaq üçün konstruktiv və məhsuldar dialoq aparılmasından ötrü ərazi, lazım olan hər bir şey təqdim etməyə hazırıq.

Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq nə qədər yaxşı olarsa, dövlətlərimizin iqtisadiyyatını nə qədər çox möhkəmləndirəriksə, ölkələrimizin iqtisadiyyatını tamamlayan və inkişaf etdirən qarşılıqlı surətdə məqbul layihələri o qədər də tez taparıq və mən Azərbaycan üçün hazırda başağrısı olan bu cür məsələlərin həlli perspektivlərini daha yaxınlarda görürəm.

Cənab Prezident, gizlətmirik, bizi, əlbəttə ki, Xəzər nefti maraqlandırır. Biz neft kəmərinin  tikintisini başa  çatdırmışıq. Əlbəttə, biz ümidvarıq ki, Siz neft hasilatını artıracaqsınız və bu neft bizim boru kəməri ilə axacaqdır.

Heydər Əliyev: Əlbəttə, artıracağıq. Biz Leonid Daniloviç Kuçma ilə bu barədə çox danışmışıq. Mən düşünürəm ki, Ukrayna Xəzər neftini alacaqdır.

Anatoli Zlenko: Çox sağ olun. Əlbəttə, həmin layihənin fəal işləməsi üçün Azərbaycanın bizim marşrutu dəstəkləməsinin prinsipcə həlledici əhəmiyyəti olacaqdır. Biz çox minnətdar olardıq. Mən daha bir məsələyə toxunmaq istərdim. Burada gəmiqayırma haqqında məsələ ortaya çıxır. Zənnimizcə, Xəzər dəniz gəmiçiliyi üçün "çay-dəniz" tipli gəmilərin Ukraynada inşası haqqında əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi əməkdaşlığımızın möhkəmləndirilməsinə kömək edərdi. Bu məsələ artıq bir neçə ildir müzakirə olunur və mən bilirəm ki, müəyyən sifarişlər edilmişdi. Bu gün həmin razılaşmaların həyata keçirilməsinə Azərbaycanın nə dərəcədə hazır olduğunu bilmirəm, amma, hər halda, Ukrayna bu gəmiləri inşa etməyə və göndərməyə hazırdır. Mən belə başa düşdüm ki, söhbət haradasa on quru yük daşıyan gəmidən gedir.Zənnimcə, bunu həyata keçirmək vacibdir. Biz, təbii ki, həmişə olduğu kimi, hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıyıq.

Cənab Prezident, bunun xüsusiyyətləri yəqin ki, Sizə məlumdur, mən o haqda danışmayacağam. Lakin zənnimcə, əvvəllər əldə olunmuş həmin razılaşmalar və hətta deyərdim ki, bir vaxtlar bizdə yerləşdirilən sifarişlər ilə bağlı olduğuna görə, bu həm bizim ölkəmiz üçün, həm də sizin ölkəniz üçün böyük əhəmiyyətə malikdir. Mən bizim Milli Bankın prezidentinin məktubunu Sizə təqdim edəcəyəm. O, xahişlə şəxsən Sizə  müraciət edir. Məktubda söhbət bir vaxtlar hazırlanmış və indiyədək bizdə olan markalardan gedir. Onlar xahiş edirlər ki, Siz həmin sifarişin gerçəkləşdirilməsinə diqqət yetirəsiniz. Bilirik ki, hazırda Siz GUÖAM-da sədrlik edirsiniz. Müxtəlif təşkilatlarımız, parlamentlərimiz GUÖAM çərçivəsində əməkdaşlığa böyük maraq göstərirlər. Bu gün Milli Məclisin sədri ilə görüşərkən o, GUÖAM ölkələri parlamentləri üzvlərinin oktyabr ayında Bakıda görüşü olacağı barədə mənə məlumat verdi. Bu çox yaxşıdır. Lakin həmin təşkilatı möhkəmləndirmək üçün GUÖAM çərçivəsində bir sıra istiqamətləri inkişaf etdirmək mümkündür. Bu gün biz həmkarımla belə bir məsələni nəzərdən keçirdik ki, GUÖAM terrorizmlə mübarizədə necə iştirak edə bilərdi. İndi Ukraynada qaçqınlar, mən başqa sözlə deyərdim, qeyri-leqal miqrantlar problemi bizi narahat edir.

Heydər Əliyev: Onlar haradan gəlirlər?

Anatoli Zlenko: Rusiya sərhədi tərəfdən Əfqanıstandan da gəlirlər. İndi bu hələ başlanğıcdır. Mütəxəssislərimizin proqnozlarına görə, bir-iki aydan sonra bu, kütləvi axına çevrilə bilər. Bu da ölkə üçün olduqca böyük problemdir, Siz bayaq ölkənizdə bir milyon qaçqın olduğundan, qarşılaşdığınız çətinliklərdən danışdınız. Biz də onların hamısını təmin etmək iqtidarında olmayacağıq. Ona görə də bu gün dedik ki, GUÖAM terrorizmlə mübarizədə iştirak edə bilər və biz sərhədlərimizi qaydaya salmaq üçün müəyyən məbləğdə vəsait ala bilərdik. İndi Birləşmiş Ştatlar bizə 45 milyon dollar üçün eyham vurur, elə həmin məsələ haqqında maliyyə cəhətdən əsaslandırılmış müvafiq layihələrin mümkün qədər tezliklə hazırlanması bizim də xeyrimizədir.

Biz Daşkənddə GUÖAM ölkələrinin iqtisadi forumunu keçirməyi planlaşdırmışıq, amma indiki vəziyyətin onun keçirilməsinə necə təsir göstərəcəyini bilmirik. Əlbəttə, biz Yalta zirvə görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün bundan sonra da işləyəcəyik. Söhbət azad ticarət zonası haqqında sazişin imkan daxilində daha tez imzalanmasından və ya paraflanmasından gedir. Söhbət xarici müşahidəçi haqqında əsasnamənin hazırlanmasından gedir. Söhbət Kiyevdə yaratmağa hazır olduğumuz informasiya ofisi haqqında əsasnamənin hazırlanmasından gedir. Ona görə də bu məsələlər bizim üçün - mən həm Azərbaycanı, həm Ukraynanı nəzərdə tuturam - böyük əhəmiyyətə malikdir.

Heydər Əliyev: Siz gəmilər barəsində Nazirlər Kabinetində danışın. Bizim, həqiqətən tələbatımız var və gələcəkdə də olacaqdır. Çünki indi Xəzər çox böyük əhəmiyyət kəsb edir. Bu məsələnin hansı vəziyyətdə olduğunu bilmirəm. Lakin hər şey, şübhəsiz, vəsaitlə bağlıdır. Bu gün siz Nazirlər Kabinetində olacaqsınız, onlarla bu mövzuda danışın. Yəqin ki, onlarda daha çox informasiya var.

Anatoli Zlenko: Dəstəyinizə görə sağ olun. Bu görüşə görə mən Sizə bir daha təşəkkür etmək istəyirəm. Mən Azərbaycanın inkişafında, xalqın həyat səviyyəsinin yüksəlməsində şəxsən Sizə böyük uğurlar arzulamaq istəyirəm.

Heydər Əliyev: Sağ olun.