Əhmədova Salatin Ali qızı. «HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ» (2010)


10.02.19- Dil nəzəriyyəsi

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

 

AVTOREFERATI

İşin ümumi səciyyəsi

Mövzunun aktuallığı.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dil siyasəti barədə, xüsusilə keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq bir sıra əsərlər yaranmış, mülahizələr söylənmişdir. Dahi dövlət xadiminin, siyasət mütəfəkkirinin dil quruculuğu sahəsində irəli sürdüyü və həyata keçirdiyi ideyalar kifayət qədər zəngin olduğundan indiyə qədər aparılmış tədqiqatlar mövzunun yalnız müəyyən tərəflərini işıqlandırmaq iqtidarındadır. Bununla belə, Heydər Əliyevin dil siyasəti haqqında geniş bəhs etmiş A.Axundov, Y.Seyidov, N.Xudiyev kimi dilçi-tədqiqatçıların apardıqları ümumiləşdirmələr yeni araşdırmalar üçün imkan açır.

Milli dövlət quruculuğu prosesində dil məsələsinə xüsusi önəm verilməsi tamamilə təbiidir. Müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin həmin sahədə gördüyü işlər ümumi (universal) tipologiyaya malik olmaqla qalmır. Eyni zamanda yerli tarixi şəraitdən irəli gələn və ümummilli liderin idarəçilik -quruculuq məharətini əks etdirən özünəməxsusluqlara malikdir. Ona görə də biri digəri ilə qarşılıqlı əlaqədə olan həmin məqamların - ümumi (universal) tipologiya ilə xüsusi (özünəməxsus) ”üslub”un fərqləndirilməsi zərurəti ortaya çıxır.

Heydər Əliyevin dil siyasəti bugünkü Azərbaycanda davam edən dil quruculuğu proseslərinin metodoloji əsasında dayanır. Onun elə ideyaları vardır ki, artıq həyata keçmiş, elə ideyaları vardır ki, uğurla həyata keçməkdədir. Bu isə mövzunun yalnız sosiolinqvistik baxımdan deyil, siyasi- ideoloji baxımdan da aktual olduğunu göstərir. Böyük dövlət xadiminin irəli sürdüyü, həyata keçirdiyi və yaxud həyata keçirəcəyinə əmin olduğu ideyaların sosiolinqvistik tədqiqi, ümumiləşdirilməsi, indiyə qədər mövcud olmuş tarixi təcrübələr (ideyalar)kontekstində təhlili və nəhayət, yeni mükəmməl təcrübə olaraq elmi-nəzəri təsdiqi nə qədər maraqlıdırsa, həmin ideyaların bugünkü Azərbaycandakı praktik taleyinin, eləcə də beynəlxalq təcrübəyə çevrilməsi prosesinin izlənilməsi də о dərəcəda maraqlı və aktualdır.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanın müasir dövlətçiliyinin qurucusu, ümummilli lider Heydər Əliyevin dil siyasətinin əsaslarını müəyyənləşdirməkdən ibarətdir.Tədqiqatçının qarşısında isə aşağıdakı vəzifələr dayanır:

-Azərbaycanda dövlət dil siyasətinin formalaşması farixini nəzərdən keçirmək;

-müstəqil Azərbaycan dil siyasətinin əsaslarının yaradıcısı olaraq Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi;

-Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsinin əsas istiqamətlərinin araşdırılması;

-dünya azərbaycanlılarının ümumünsiyyət dili, milli birlik göstəricisi olaraq Azərbaycan dilinin beynəlxalq miqyasının genişlənməsində, nüfuzunun yüksəlməsində ümummilli liderin xidmətlərinin qiymətləndirilməsi və s.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində Heydər Əliyevin dil siyasəti ilk dəfədir ki, bütün əsas istiqamətləri üzrə araşdırılır və ümummilli liderin həm sovet dövründə, həm də milli (müstəqil) dövlət quruculuğu illərində rəhbərlik etdiyi dil quruculuğu prosesinin, qəbul etdiyi və həyata keçirdiyi qərarların, bu sahədə müəyyənləşdirdiyi perspektivlərin geniş mənzərəsi təqdim olunur.

Tədqiqatçı çalışmışdır ki, Azərbaycanda son illərdə yürüdülmüş dil quruculuğu siyasətinin ənənəvi cəhətləri ilə yanaşı,dövlət rəhbərinin fəaliyyəti timsalında novator tərəflərinə xüsusi diqqət yetirilsin.Hər şeydən əvvəl ona görə ki,dünyanın ən böyük siyasi xadimlərindən olan Heydər Əliyev öz fəaliyyəti və mübarizəsində görkəmli yenilikçi kimi tanınır - həmin yenilikçilik missiyası özünü onun dil siyasatində də aydın göstərir.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqat işində ümumi (sosioloji) dilçiliyin mühüm sahələrindən olan dil quruculuğu və ya dil siyasəti problemləri Azərbaycanın və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin təcrübəsindən çıxış edilərək nəzərdən keçirilmişdir. Qloballaşan müasir dünyada milli müstəqillik ideyalarının və iddialarının dil quruculuğu prosesinə təsiri, beynəlxalq inteqrasiya və milli özgürlük münasibətlərinin intensivləşdiyi mərhələdə ünsiyyət texnologiyalarının tipologiyası və s. məsələlər barədə müəyyən ümumiləşdirmələr verilmişdir ki, bunlar elmi-nəzəri əhəmiyyət daşıyır.

Əsərin praktik əhəmiyyəti isə, hər şeydən əvvəl, Azərbaycanda gedən dil quruculuğu prosesində istifadə üçün maraqlı ola biləcək təkliflər verilməsi ilə müəyyən olunur. Eyni zamanda tədqiqat işinin nəticələri universitetlərdə tədris prosesində istifadə edib, xüsusi kursların yaradılmasında faydalı ola bilər.

Tədqiqatın metodları.Tədqiqat işində təsviri,tarixi-müqayisəli və sosioloji dilçilik metodlarından istifadə olunmuşdur.

Tədqiqatın mənbələri.Tədqiqatın əsas mənbələrini Azərbaycanın dövlət başçısı Heydər Əliyevin əsərləri (nitqlər,çıxışlar,müsahibələr, imzaladığı fərmanlar, sərəncamlar və s., Azərbaycan Respublikası MM-in qanun və qərarları təşkil edir. Eyni zamanda sosiolinqvistikaya aid elmi əsərlərdən də istifadə olunmuşdur.

İşin aprobasiyası. Mövzu ilə bağlı dissertantın 3 kitabı, 7 məqaləsi çap olunmuşdur.

Dissertasiyanın quruluşu. Dissertasiya işi işin ümumi səciyyəsi, giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

Tədqiqatın əsas məzmunu.

Dissertasiyanın “İşin ümumi səciyyəsi” hissəsində mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi əsaslandırılır,nəzəri və praktik əhəmiyyəti göstərilir, tədqiqatın metodu, mənbələri müəyyənləşdirilir.

Dissertasiyanın “Giriş” hissəsində sosiolingvistik tədqiqatlar əsasında dil siyasəti haqqında məlumat verilir. Dil siyasətdən, onun müdaxiləsindən kənarda qala bilməz. Dünyada gedən siyasi proseslər bu və ya digər dərəcədə dilə müsbət, yaxud mənfı təsirini göstərir. Dil siyasəti a) aktiv və passiv, b) humanist və mürtəce; c) qlobal, regional və milli ola bilər. Aktiv dil siyasəti mövcud tarixi şərait və şəxsiyyətin iradəsi ilə həyata keçirilir, passiv dil siyasəti isə dillərin təbii inkişafına əsaslanır. Humanist dil siyasəti dillərin təbii inkişafının məntiqinə əsaslanır, mürtəce dil siyasəti isə bu məntiqin ziddinə olaraq aparılır. Qlobal dil siyasəti dünyada gedən dil proseslərini nəzərə almaqla aparılır, regional dil siyasəti dillərin qarşılıqlı əlaqədə olduğu regionu, milli dil siyasəti bir ölkə, yaxud dövlətin dilini əhatə edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev keçən əsrin70-ci illərindən başlayaraq Azərbaycanda gedən milliləşmə prosesinə,90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına rəhbərlik etməklə yanaşı dil məsələsinə də xüsusi diqqət yetirmiş,ümumən dünya tarixinə böyük dil siyasətcilərindən biri kimi daxil olmuşdur. Heydər Əliyevin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsidir.Belə bir tarixi təcrübəni biz Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün yürütdüyü dil siyasətində görürük. Lakin M.K.Atatürkdən fərqli olaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu daha ümumi problemləri həll etməli olmuşdur.Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, XX əsrin 20-30 -cu illərinin Türkiyəsi ilə müqayisədə həmin əsrin sonlarındakı Azərbaycanda ədəbi dilin inkişaf səviyyəsi, normalılığı, funksional üslub imkanları kifayət qədər yüksək olmuşdur. Ümumiyyətlə, zaman və məkan fərqindən irəli gələn müəyyən müxtəlifliklərlə yanaşı, M.K.Atatürklə H.Ə.Əliyevin yürütdükləri dil siyasətində oxşarlıqlar kifayət qədərdir. Belə ki:

a) hər iki lider dil quruculuğuna dövlət(və millət) quruculuğunun tərkib hissəsi kimi baxmış,ümumi ünsiyyət vasitəsi olan dilin dövlət dili statusunu təmin etmişlər;

b) hər iki liderin nəzarəti altında latın qrafıkalı əlifbaya keçilmiş, həm yazılı, həm də şifahi dilin inkişafı üçün lazım olan baza yaradılmışdır;

c) hər iki lider dövlət dilinin dövlət idarələrindəki mövqeyini gücləndirmiş, başqa dillərin təcavüzünün qarşısının alınması üçün ardıcıl və məqsədyönlü tədbirlər görmüşlər.

Atatürk inqilabının kökündə ümumtürk mənəvi-ideoloji potensialının durduğunu göstərən Suat İlham tamamilə doğru olaraq yazır ki,SSRİ-nin dağılmasından sonra meydana çıxan türk dövlətləri və cəmiyyətlərinin iki əsas məqsədi var idi:

l) tam müstəqillik; 2) müasirləşmək. (S.İlham Türk devrini və Türk dünyası, Ankara, 131)

Keçmiş SSRİ-də dil siyasətinin mürtəce prinsipini xüsusi qeyd etmək lazımdır:

 1) türk dillərinin mövcud qarşılıqlı əlaqələri aradan qaldırıldı, türklərin ünsiyyəti rusca “qurulmağa” başlandı;

 2) türk dillərinin dünyanın inkişaf etmiş dilləri ilə əlaqəsi kəsildi, türk dilləri dünya dillərindən təcrid olundu.

M.K.Atatürkün Türkiyə daxilində yürütdüyü dil siyasətini, dövlət quruculuğu təcrübəsini, türk dünyasının bütövlüyü haqqındakı fıkirlərini dərindən bilən Heydər Əliyev Azərbaycandakı fəaliyyətində ona əsaslanmış və bundan yeni dövrə, mövcud şəraitə uyğun olaraq istifadə etmişdir. Prof. N.Cəfərov yazır: “Heydər Əliyevin Atatürkə münasibəti taktiki, yaxud impulsiv münasibət deyil, o,Türkiyə Cümhuriyyətinin banisinin mübarizəsində milli dövlət quruculuğu strategiyasını görür” .( N.Cəfərov Seçilmiş əsərləri, III cild,Bakı, "Elm"nəş;2007,s.49)

Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi dil siyasətinin sosial -intellektual mənbələri aşağıdakılardan ibarətdir:

a) mənsub olduğu xalqın etnososial maraqları, tarixən formalaşmış təbii ünsiyyət;

b) böyük dövlət adamlarının, xüsusilə M.K.Atatürkün dil siyasəti təcrübələri;

c) elmi dilçilik qənaətləri

Azərbaycan siyasətşünaslığında Azərbaycan tarixinin ən yeni-milli dil siyasətinin həyata keçirildiyi dövr məhz ”Heydər Əliyev dövrü” kimi        xarakterizə olunur.

Ümummilli liderin dil siyasətində ölkənin, xalqın müstəqilliyi ən mühüm şərt olaraq meydana çıxmaqla yanaşı, həmin müstəqilliyin məzmunu, davamlılığı xüsusi əhəmiyyət kəsb etmişdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu israrla göstərən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji ənənələrinə söykənir, lakin onu daha müasir bir düşüncə kontekstində təqdim edirdi. Ümummilli liderin irəli sürdüyü bu ideologiyanın məzmununu izah edən akad.R.Mehdiyev yazır: ”Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın , sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosial-mədəni və etnik-geosiyası cəhətlərini özündə birləşdirmişdir”( Bax: M.Qurbanlı Heydər Əliyev və Azərbaycanın milli ideologiyası // Heydər Əliyev və Azərbaycan", səh. 61)

Ümummilli liderin yaratdığı azərbaycançılıq ideologiyası Azərbaycan Respublikasının sərhədlərindən çıxaraq bütün dünya azərbaycanlılarına ünvanlanmışdır.

Heydər Əliyevin dil siyasətində millilik və beynəlmiləlçilik münasibəti optimal bir şəkildə əlaqələnir, vətəndaş-cəmiyyət-dövlət inteqrasiyası mükəmməl bir şəkildə aparılır.

Bizim fikrimizcə, Heydər Əliyevin dil siyasətini elmi-nəzəri baxımdan araşdırarkən aşağıdakı ekstralingvistik və linqvistik səciyyəli nüanslara ilk növbədə diqqət yetirmək lazım gəlir.

-Azərbaycanda Heydər Əliyev hakimyyətə gələnə qədər yürüdülmüş dövlət dil siyasəti;

-Azərbaycan dilinin sosial-linqvistik vəziyyəti, norma və funksional üslub imkanları;

          -Azərbaycanın etnodil mənzərəsi, Azərbaycan superetnosunun ümumünsiyyət vasitəsi problemi;

          - sovet dil siyasəti və müstəqillik dövründə həmin siyasətin iflası;

          -dünya azərbaycanlılarının birliyi məsələsi və bunun Azərbaycan dilinin sosial mövqeyinə təsiri;

          -türk dünyasının inteqrasiyası, türk dillərinin yaxınlaşması və ümumi türk dili məsələsinin meydana çıxmasının Azərbaycanda dil siyasətinə təsiri və s.

Dissertasiyanın birinci fəsli “Azərbaycanda dövlət dil siyasətinin formalaşması tarixindən” adlanır.

Fikrimizcə, Azərbaycanda dövlət dil siyasətinin formalaşması tarixini aşağıdakı dövrlərə bölmək mümkündür:

          1)Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920)

          2) Azərbaycan SSR dövrü (1920-1991)

          3) Azərbaycan Respublikası dövrü (1991 -ci ildən sonra).

Azərbaycanda dil siyasətinin yürüdülməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından cəmi bir ay sonra türk dilinin rəsmən dövlət dili elan edilməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi.

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mövqeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu.

Cümhuriyyət dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi və hökumət tərəfındən 28 avqust 1918 -ci ildə ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qərarda göstərildi ki:

          1) bütün təhsil müəssisələrində tədris ana dilində aparılır;

          2) dövlət dili icbari qaydada tədris olunur.( Azərbaycanda Xalq cümhuriyyəti ensiklopediyası.I c,Bakı, 2004,s.66-67)

27 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov ordunun dilinin Azərbaycan -türk dili olduğu barədə əmr verdi.( Yenə orada, s.67)

Bu dövrün dil siyasəti özünü bütün kəskinliyi və ölkədə mövcud dil situasiyasından irəli gələn problemləri ilə məhz Azərbaycanda ilk universitetin yaradılması məsələsi ortaya çıxanda göstərdi.

Azərbaycan Parlamentinin 25 avqust 1919-cu il tarixli iclasında Universitetin hansı dildə açılması məsələsi qızğın müzakirələrə səbəb oldu. İstər parlamentdə, istərsə də ondan kənarda aparılan müzakirələrdə deyilən fikirləri belə ümumiləşdirmək olar:

          1) Universitetdə tədris ya Azərbaycan-türk dilində olmalı, ya da milli kadrlar olmayana qədər onun açılması təxirə salınmalıdır,

          2) Universitet tədrisin hansı dildə aparılmasından asılı olmayaraq açılmalıdır,çünki elmin dili beynəlmiləldir;

          3) Universitet hələlik rus dilində olsa da açılmalı, burada Azərbaycan türkcəsinin mövqeyinin güclənməsinə şərait yaradılmalı, tədricən onun aparıcı rolu təmin edilməlidir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə yüksəlməsində parlamentin dil təcrübəsi əsas olmuşdur. Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, ölkənin sovetləşməsi ilə Azərbaycanda dövlət dil siyasəti də dəyişdi. Sovet dövründə Azərbaycanda yürüdülən dil siyasətinin tarixini üç mərhələyə bölmək olar:

          1) demokratik mərhələ (1920-ci illərdən 1930-cu illərin ortalarına qədər);

          2) irtica mərhələsi (1930-cu illərin ortalarından 1950-ci illərin ortalarına qədər)

          3) liberal mərhələ (1950-ci illərin ortalarıdan 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər).

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda dil quruculuğu geniş vüsət aldı ki, bu, mədəni quruculuğun üzvü tərkib hissəsi idi.Təhsilin inkişafına, elmin, mədəniyyətin yüksəlişinə diqqət yetirilməsi, savadsızlığın kütləvi şəkildə ləğvi və s. ölkədə sosial-mədəni canlanma yaradırdı. Dil məsələləri müzakirə edilir,ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid mədəni inqilabın atributlarından biri sayılır, dil məsələsinə ümumtürk kontekstindən baxılırdı. l922-ci ildən latın əlifbasına keçid başlandı, xüsusi komitə yeni əlifba layihəsini mətbuatda dərc etdirdi, ərəb əlifbası ilə yanaşı yeni latın əlifbasının da rəsmi olaraq dövlət əlifbası kimi qəbul edilməsi haqqında dekret imzalandı, I Türkoloji qurultay keçirildi, əlifba məsələsi ilə yanaşı terminologiya, ədəbi dil normaları kimi məsələlər geniş müzakirə olundu və müvafıq qərarlar qəbul edildi.

1930-cu illərin ortalarından etibarən, əslində 1936-cı il SSRİ Konstitusiyasının qəbulu gedişində Azərbaycanda dövlət dil siyasəti ilə bağlı yeni mərhələ başlayır. 50-ci illərin ortalarına - Stalin rejiminin çökməsinə qədər davam edən bu mərhələlərdə dövlət dilinin:

          1) yüzilliklər boyu işlənmiş adi (türk dili və ya Azərbaycan tükcəsi) dəyişdirildi,ona ölkənin, dövlətin adı (Azərbaycan) verildi;

          2) elitar mövqeyi məhdudlaşdırıldı - rus dili respublika idarələrində geniş yayıldı;

          3) digər sovet türk respublikalarının dövlət dilləri ilə təmasdan məhrum edildi - rus dili ümumi ünsiyyət vasitəsinə çevrilməyə başladı və s.

Stalinin vəfatından sonra ölkədə totalitarizm müəyyən qədər yumşaldı.Bu dövrdə Azərbaycan dilinin rəsmi dövlət dili kimi statusunun bərpa edilməsinə göstərilən cəhdlər təsadüfi deyildi: Ölkənin ideoloji həyatında, о cümlədən dövlət dil siyasətində yeni mərhələ başlanmışdı. Kiril əlifbasının qəbulundan sonra beş dəfə dəyişdirilmiş Azarbaycan dili orfoqrafıya qaydaları, nəhayət ki, 1958- ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsbit edilir. Bu mərhələ Azərbaycanda dövlət dil siyasətində tam demokratikləşmə yaratmasa da, liberallaşmanın əsasını qoydu. 60-cı, 70-ci illərdə Azərbaycan dilçiliyi yenidən türkologiyanın ön sıralarına keçməyə başladı, fonetika, leksika, qrammatika, dialektologiya və s.sahələrdə ciddi tədqiqat əsərləri yarandı. Azərbaycan ədəbi dilində xəlqiləşmə, üslub rəngarəngliyi geniş vüsət aldı, bədii-publisistik dil inkişaf etməyə başladı.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gətirilməsi ilə respublikada milli-mədəni həyat canlanır. Azərbaycançılıq təsəvvürünün inkişafı üçün hər cür şərait yaradılır, ana dilinin – dövlət dilinin tətbiqi genişləndirilir, dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı (1974) verilir.

Ədəbi -mədəni, mənəvi-ideoloji həyatın canlanması, yeni ziyalılar ordusunun meydana çıxması ana dili məsələsinə də yeni münasibət formalaşdırır. 80-ci illərin əvvəllərində Heydər Əliyev Moskvaya daha yüksək vəzifəyə irəli çəkildikdən sonra respublikada ana dilinə münasibətdə müəyyən geriləmə müşahidə edilir.

1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti xüsusi bəyannamə ilə Azərbaycan dövlətinin müstəqilliyini elan edir.

1993-cü ildə H.Əliyevin hakimiyyətə qayıdışı ilə respublika hərcmərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna düşür. Azərbaycanda dövlət dil siyasətinin yürüdülməsi 1993-cü ildən sonra xüsusi keyfiyyət qazandı-müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının ümummilli lideri yaratdı və həyata keçirdi.

Əlbəttə, müstəqillik dövründə müəyyənləşən dil siyasəti heç də yoxdan yaranmamışdı, bu siyasət əvvəlki dövrlərin tarixi təcrübəsindən qaynaqlanırdı. Hələ 1978- ci ildə İttifaq rəhbərliyinin ciddi müqavimətinə baxmayaraq, H.Əliyev Azərbaycan SSR-nin yeni Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. H.Əliyev yeni dövrdə dövlət dilinin adı ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır, Naxcıvan MR AM-nin 24 noyabr 1990 -cı il tarixli iclasında öz tövsiyələrini verir.Strateji baxımdan bu tövsiyələr ən azı aşağıdakı mühüm məsələlərin dövlət dil siyasəti üçün önəmini göstərir:

           1) mövcud tarixi ənənəyə nəinki laqeyd yanaşılması, hətta ən inqilabi situasiyalarda belə həmin ənənəyə söykənilməsi;

          2) dillə bağlı hər hansı qərar qəbul edilirsə, tələskənliyə yol verilməməsi, yəni,

a) işin müəyyən mərhələlərlə aparılması, ictimai həzm üçün şərait yaradılması;

b) geniş ictimai müzakirələr keçirilməsi;

          3) ölkənin bu və ya digər muxtar regionunun rəyi ilə kifayətlənib, separat qərarların qəbuluna yol verilməməsi .

Məhz H.Əliyevin bu uzaq görən siyasətinə qarşı çıxaraq mövcud təcrübəni, işin mərhələlərlə aparılması prinsipini və geniş ictimai müzakirə zərariyyətini nəzərə almadığına görə Azərbaycan MM-in 1992-ci ilin dekabrında qəbul etdiyi qərar özünü doğrultmadı.Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə yenidən qayıtmaq, onu daha geniş miqyasda müzakirə etmək lazım gəldi.

Dissertasiyanın ikinci fəsli “Heydər Əliyev müstəqil Azərbaycan dövlət dil siyasətinin əsaslarının yaradıcısı kimi” adlanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dil siyasətinin formalaşmasında, artıq qeyd edildiyi kimi, Azərbaycan dövlətinin müstəqilliyə qədərki dövrü xüsusi mərhələ təşkil edir. Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ictimai həyatın bütün sahələrində bir canlanma əmələ gətirən dövlət başçısının Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində rus dilində deyil, Azərbaycan dilində nitq söyləməsi bütün respublikaya səs saldı.

Ana dilinin təbliğinə elmi pedaqoji mühitdən başlanması təbii olduğu qədər strateji gələcəyə hesablanmış bir təşəbbüs idi. Eyni zamanda müxtəlif görüşlərdə xalqla öz ana dilində anlaşıqlı bir üslubda danışan və nəticə etibarı ilə dövlətlə xalq arasında ünsiyyət yaradan Heydər Əliyev milli dil siyasətinin ilk addımlarını atırdı.Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1974-cü ildə «Müasir Azərbaycan dili” dərsliyinin müəllifləri Ə.Dəmirçizadə, S.Cəfərov, M.Hüseynzadə, Ə.Abdullayev, Y.Seyidov və A.Həsənova Dövlət mükafatı verilməsi Azərbaycan dilinə, Azərbaycan dilçiliyinə, Azərbaycan dilli təhsilə dövlət qayğısı idi.1978- ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili hüququ verilməsi isə “Heydər Əliyevin qəhrəmanlığı” idi.( Y.Seyidov: Dilimizin böyük havadarı -Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası )1998№1 s.5.66)

Prof .N.Cəfərov çox haqlı olaraq, qeyd edir ki, Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir.

Ümumiyyətlə, 70-80-ci illərdə Heydər Əliyevin respublikada yürütdüyü dil siyasətinin əsasını: 1) ona milli mütəşəkkilliyin mühüm amili olaraq baxılması; 2) onun siyasi nüfuzunun gücləndirilməsi; 3) və bütün bunların reallaşdırılması üçün şəxsi təşəbbüslərə meydan verilməsi təşkil edirdi. Respublika rəhbəri ana dilinin tədrisinə xüsusi diqqət yetirir, ana dilli ədəbiyyatın miqyasının, keyfiyyətinin və ümumittifaq, hətta dünya miqyasına çıxmasının qayğısına qalır, ana dilli nəşrlərin həcmini artırmağa çalışırdı. Beləliklə; a) Azərbaycan dilinin mərkəzin – Moskvanın bütün maneələrinə baxmayaraq, sözün həqiqi mənasında dövlət dili səviyyəsinə qalxmasına nail olmağa çalışan; b) milli dildə (dövlət dilində) yaranan ədəbiyyatın, elmin, incəsənətin miqyasını genişləndirən, nüfuzunu yüksəldən; c) öz mükəmməl nitqi ilə ana dilinə siyasi-ideoloji hörmət gətirən Heydər Əliyev hələ Azərbaycan dövlət müstəqilliyi əldə edənə qədər mükəmməl bir dil qurucusu kimi də tarixə düşmüşdü. Bizim fikrimizcə, H.Əliyevin dil siyasətinin əsas prinsipləri bunlardan ibarətdir: 1) millilik; 2) müasirlik; 3) gerçəklik, yaxud praktiklik.

Sovetlər birliyinin dağılması ilə SSRİ-nin konyuktiv dil siyasəti də iflasa uğradı. Müxtəlif respublikalarda təzahür edən azadlıq hərəkatı daha mürəkkəb problemləri ortaya çıxardı ki, bunlardan birincisi əlifba məsələsi idi. Çox tez-tez müzakirə mövzusu olan bu məsələ 1990-cı ilin mayında Azərbaycan KP MK-nın ideoloji şöbəsində keçirilən müşavirədə mütəxəssislərin iştirakı ilə geniş təhlil edildi.Həmin ilin sentyabrında isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xüsusi komissiya yaratdı. Komissiya üç variantı müzakirə etdi:

          l) 20-ci,30-cu illərdə işlənmiş latın əsaslı Azərbaycan əlifbasının bərpası;

          2) Türkiyə türklərinin işlətdiyi əlifbanın qəbul edilməsi;

          3) türk xalqları üçün ortaq olan latın əsaslı əlifbadan istifadə.

Uzun müzakirələrdən sonra Azərbaycan Parlamenti 25 dekabr 1991-ci ildə “Latın qrafıkalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul etdi.Bu dövrdə müzakirə edilən, mübahisə törədən başlıca məsələlərdən biri də dövlət dilinin adı məsələsi idi. İctimai rəydə üç fıkir vardı: “Azərbaycan dili”, “Azərbaycan türk dili”, yaxud “Azərbaycan tükcəsi” və “Türk dili”. 22 dekabr 1992-ci ildə parlament həmin məsələni müzakirə etdi və səs çoxluğu ilə “Azərbaycan Respublikasının dövlət dili türk dilidir” qərarı qəbul edildi. Lakin 1991-1993-cü illərdə Azərbaycanda yürüdülən dövlət dil siyasəti yeni qazanılmış azadlığın emosiyasını əks etdirirdi, ciddi, təmkinli və uzaqgörən ideologiyaya əsaslanmırdı.1995-ci ilin payızından etibarən, yəni müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı müzakirələr geniş vüsət aldı. 31 dekabr 1995-ci ildə Azərbaycan MEA-da Azərbaycan prezidentinin iştirakı ilə mütəxəssislər dövlət dilinin adı ilə bağlı ətraflı müzakirə keçirdilər.Həmin müzakirə sonrakı gün Prezident aparatında davam etdirildi.Gərgin, zəruri və məhsuldar müzakirələrdən sonra qəbul olunan, Azərbaycan Respublikası Konstitusiyasında “Dövlət dili “adlanan 21-ci maddə öz əksini aşağıdakı şəkildə tapdı:

  1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
  2. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.( Azərbaycan Respublikasının konstitusiyası,Bakı,1995,s.9)

Heydər Əliyevin dil siyasəti ona əsaslanırdı ki,

          1)Azərbaycan cəmiyyəti nə “türk dili”, nə də “Azərbaycan türk dili (türkcəsi)” variantını deyil, məhz "Azərbaycan dilini” qəbul edir.

Yalnız Azərbaycan türklərinin yox, ümumiyyətlə, Azərbaycan xalqının siyasi iradəsini əks etdirən Azərbaycan dövləti bu variantı məqbul hesab edir. Azərbaycan Xalq Cümhuriyyəti öz dövlət dilini “türk dili” kimi tanısa da, “Azərbaycan dili“ yarım əsrdən artıq işlənmiş, Azərbaycan xalqı tərəfindən qəbul edilmişdir.

          2)Azərbaycan Respublikası rəsmi dilinin inkişafını təmin etməyə ən mühüm məsələ kimi baxır və bunu milli müstəqilliyin göstəricilərindən biri hesab edir.

          3)Azərbaycanın azsaylı xalqları, etnosları öz etnik dillərindən sərbəst istifadə edə bilərlər və dövlət bu dil zənginliyini cəmiyyətin mədəni sərvəti kimi qoruyur,onun inkişafı üçün şərait yaradır. Lakin Azərbaycan dili dövlətin yeganə rəsmi ünsiyyət vasitəsidir.

Azərbaycan Respublikasının dil siyasətinin əsaslarını yaradan Heydər Əliyevin bu sahədəki fəaliyyətinin üç aspektini xüsusi qeyd etmək lazımdır.

          1) Siyasi aspekt: Müstəqillik qazanmış Azərbaycanda milli dilin-dövlət dilinin nüfuzunu yüksəltmək, inkişafını təmin etmək böyük siyasi iradə tələb edirdi.

          Azərbaycanda geniş yayılmış, yüksək dövlət idarələrinin, milli elitanın dilinə çevrilmiş rus dilinin hegemonluğunu aradan qaldırmaq, eləcə də ölkəyə nüfuz edə biləcək başqa dillərin, xüsusilə beynəlxalq dillərin fəaliyyət miqyasını müəyyənləşdirmək ciddi siyasi problem kimi qarşıda dururdu.

         2) İctimai aspekt: Azərbaycan cəmiyyəti etnososial baxımdan rəngarəng olduğuna, hərcmərclik illərində milli mütəşəkkilliyin müəyyən dərəcədə pozulduğuna, erməni təcavüzü ilə bağlı olaraq ciddi regional problemlər yarandığına görə dövlət dilinin ümumi ictimai mövqedən müdafiəsi zərurəti ortaya çıxmışdı.

          3) Mədəni aspekt:Dövlət dilinin möhkəmləndirilməsi üçün ölkədə mədəni təsisatlar şəbəkəsini və iş keyfiyyətini gücləndirmək lazım idi.

Azərbaycan xalqının milli iradəsini təmsil edən ümummilli lider həmin aspekt-sahələrin hər birində ardıcıl iş aparılması üçün cəmiyyəti səfərbər edə, Azərbaycan dilinin dövlət dili kimi qərarlaşmasına nail ola bildi ki, bu da nəzəri-ideoloji baxımdan işlənib hazırlanmış, geniş     ictimai müzakirələrdə əsaslandırılmış siyasətin nəticəsi idi.

Məlum olduğu kimi, dilin mükəmməlliyi aşağıdakı göstəricilərlə müəyyən olunur:

          1) lüğət tərkibinin, qrammatik quruluşun və funksional üslubların zənginliyi; 2) normalılıq; 3) demokratiklik və ya kütləvilik.

  1. Əliyev hələ 70-ci, 80-ci illərdə, xüsusilə Azərbaycan yazıçılarının qurultaylarında etdiyi məruzə və çıxışlarında bu məsələyə diqqət verirdi. Azərbaycan dövlətinin rəhbəri ilk illərdən Azərbaycan ədəbi dilinin normativliyinin yüksəlməsi üçün lazım gələn tədbirləri görmüşdü: 1975-ci ildə Azərbaycan dilinin mükəmməl orfoqrafiya lüğəti, izahlı lüğəti buraxılmış, çoxcildlik qrammatikalar (həm Azərbaycan EA Dilçilik İnstitutu, həm də Universitet tərəfındən) yazılıb çap edilmişdi.

Qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ərəfəsində dövlət dilinin adı məsələsi geniş müzakirə obyekti olmuşdu. Bu məsələyə öz münasibətini bildirən dövlət başçısnın fıkirlərini ayrı-ayrılıqda nəzərdən keçirsək, demək olar ki,

           1) ümumtürk dilinin diferensiallaşması nəticəsində formalaşmış Azərbaycan türkcəsini “geriyə qayıdaraq” “türk dili” adlandırmaq olmaz;

           2) bu dil sadəcə “Azərbaycan dili” adlandırılmamış, XX əsrdə, yarımmüstəqil olsa da, dövlətin dili kimi inkişaf etmiş, fərqli xüsusiyyətlər qazanmış, dövlətin adını öz üzərinə götürmək səlahiyyəti əldə etmişdir;

         3) “Azərbaycan dili” müasir (müstəqil) Azərbaycan dövlətində birləşən müxtəlif mənşəli xalqların siyasi bütövlüyünün göstəricisinə çevrilmişdir ki,bu bütövlüyü ad dəyişməklə pozmaq, zədələmək olmaz.

Dissertasiyanın üçüncü fəsli “Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi” adlanır.Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra müasir Azərbaycan tarixində yeni dövr- sabitlik və inkişaf dövrü başlayır, bütün sahələrdə olduğu kimi mənəvi-mədəni həyatın problemləri ilə xüsusi proqram əsasında daha ardıcıl məşğul olmaq imkanı əldə edilir. l990-cı illərin ortalarından etibarən ən çox diqqət yetirilən məsəllərdən biri də ölkədə dövlət dilinin inkişafı idi.Mövcud problemlər, əsasən, aşağıdakılardan ibarət idi:

          1) müstəqil respublikanın heç də bütün dövlət idarələrində dövlət dilinin tətbiqi lazımı səviyyədə deyildi;

          2) Azərbaycanda fəaliyyət göstərən xarici şirkətətlər dövlət dilinə müəyyən qədər laqeyd yanaşırdılar;

          3) kütləvi informasiya vasitələri, xüsusilə televiziyalarda dövlət dili ilə yanaşı başqa dillər də işlənirdi;

          4) kiril əlifbasından latına keçid prosesi hələ davam edir, yazı-orfoqrafıya problemləri qarışıqlıq yaradırdı;

          5) dövlət dilini yaxşı bilməyən dövlət məmurları mövcud idi;

          6) dünya azərbaycanlılarının birliyinin göstəricisi kimi Azərbaycan dili amili mühüm əhəmiyyət kəsb edirdi və s.

Konstitusiyanın qəbulu ilə bağlı məsələnin həllindən sonra keçirilən müxtəlif toplantılarda Azərbaycan prezidenti dəfələrlə dil mövzusuna qayıdır, müzakirələrin nəticəsində müəyyənləşən ideyaların milli ictimai təfəkkürdə möhkəmlənməsinə çalışır.

Heydər Əliyevin dil siyasəti yalnız dövlət dilinə münasibətlə məhdudlaşmır, həm də iki mühüm problemi - on illər boyu işlənmiş, azərbaycanlıların ünsiyyət məişətinə daxil olmuş rus dilinə və qloballaşma-inteqrasiya dövründə beynəlxalq dillərə münasibəti əhatə edir.

2 fevral 1996 -cı ildə Azərbaycan gənclərinin 1-ci forumundakı nitqində azərbaycanlı gənclərə dünyanın bir çox dillərini mənimsəməyi, öyrənməyi tövsiyə edən prezident qeyd edir ki, “bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq, bu dili sevmək lazımdır”.(Heydər Əliyev: Müstəqilliyimiz əbədidir, kitab,Bakı, Azərnəşr, 1998, s.17)

Xarici İşlər Nazirliyinin kollektivi ilə 6 mart 1998-ci il tarixli görüşündə Respublika prezidenti Xarici İşlər Nazirliyində, yaxud həmin xətlə xaricdə işləyənlərin dünya dillərini bilməsini zəruri şərt kimi qarşıya qoyur və eyni zamanda ana dilini təkcə bilməyi deyil, həm də onu sevməyi tələb edirdi.

Məlum olduğu kimi, Azərbaycan ədəbi dilinin yazılı forması daha çox inkişaf etmiş, şifahi ədəbi dil isə həm normaların mütəhərrikliyinə, həm də geniş kütlələr tərəfindən mənimsənilməyinə görə lazımi keyfiyyətdə yayılmamışdır. Prezident 17 fevral 1996-cı ildə Azərbaycan milli televiziyasının 40 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında bir daha dil məsələsinə toxunur, televiziya verilişlərinin aparıcılarının, diktorların çox səlis danışmalarının vacibliyini bildirir. Ədəbi dili təbliğ etməyi, hamıya öyrətməyi televiziyanın vəzifələrindən biri hesab edir. Televiziya dilinin müasirliyi, gündəlik nitq texnologiyalarına həssaslığı Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməzdi. Ona görə də təkcə televiziya aparıcılarının deyil, televiziyada çıxış edərkən hər kəsin öz nitq məsuliyyətini anlaması lazım gəlir; “xüsusilə elm, mədəniyyət xadimlərimiz televiziya vasitəsi ilə çıxış edərkən, söhbətlər, müsahibələr apararkən Azərbaycan dilində nə qədər səlis danışsalar, о qədər də çox seviləcəklər və xalqımızın ana dilini, dövlət dilini mənimsəməsi, öyrənməsi üçün о qədər də kömək edəcəklər”

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, rəhbəri olmaqla yanaşı, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının da lideridir. Ümummilli lider xarici ölkələrdə olarkən Azərbaycan nümayəndələri ilə görüşdə dil məsələsinə də önəm verir, belə bir fikri təlqin edirdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar öz ana dilini unutmamalı, ona övlad məhəbbəti bəsləməli, uşaqlarına da bu dili öyrətməlidirlər.

1995-2000-ci illərdə H. Əliyev:

a) Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dilinə yalnız sözdə deyil, işdə çevrilməsi üçün bütün enerjisi, siyasi iradəsi ilə çalışmışdır;

b) bu dilin dünya azərbaycanlıları arasında itməkdə olan nüfuzunu bərpa etmək, böyük Azərbaycanın ünsiyyət vasitəsi, milli mənəvi dəyəri olması uğrunda mübarizə aparmışdır;

c) Azərbaycan dilinə sevgini azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi təsbit etmişdir.

Müstəqil Azərbaycan Respublikasının dil siyasətinin müəyyənləşməsində Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixli fərmanı tarixi rol oynamışdır.

Fərman Azərbaycanın dövlət dilinin inkişafı üçün zəruri ictimai-siyasi, mədəni şəraitin əmələ gəlməsi barədə verilən məlumatla başlayır. Fərmanda Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amil sayılır, dilin tarixi ilə xalqın tarixi arasındakı sıx bağlılığa xüsusi diqqət yetirilir, Azərbaycan dilinin təşəkkül tarixinə toxunulur, onun mənşəyi məsələsinə aydınlıq gətirilir. “Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır.Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən ehtibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”(Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı, Bakı, “Azərbaycan" nəş.,2001;s.2.)

Bu isə о deməkdir ki,

           1) Azərbaycan dili türk dillərindən biridir.

           2) Azərbaycan xalqı türk xalqlarından biridir.

           3) Azərbaycan xalqının dili Azərbaycan dilidirsə, etnogenezlə qlottogenez arasında fərq yoxdur.

Fərmanda Azərbaycan dilinin dövlət dili kimi etiraf olunması tarixinə xüsusi diqqət yetirilir. Bu isə daha çox müstəqilliyə gətirən yolun hansı maneələrdən keçdiyini, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin, hətta müstəqillik dövründə belə hansı təbii problemlərlə qarşılaşa biləcəyinə işarə edir.

Ümumiyyətlə, Azərbaycan dövləti Azərbaycan xalqının ana dilinin - dövlət dilinin inkişafı, tətbiqi işinin təkmilləşdirilməsi üçün aşağıdakı çox mühüm tədbirlərin həyata keçirilməsini zəruri saymışdır:

  1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil komissiyası yaradılsın .
  2. “Azərbaycan Respublikasının dövlət dili haqqında ” qanun hazırlansın.
  3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər.
  4. Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi, bu dildə təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin.
  5. Azərbaycan MEA və Təhsil Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə latın qrafikasında çap olunacaq zəruri elmi, bədii, tədris və s. ədəbiyyatın siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsinlər.
  6. Azərbaycan MEA-sı Azərbaycan dilçiliyinə dair aparılmalı araşdırmaların proqramını hazırlasın və araşdırma işinin gedişi barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat versin.
  7. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, yerlərdə istifadə olunan lövhə, reklam, şüar, plakat və s.-in dilinin Azərbaycan ədəbi dilinə uyğun olması baxımından tədbirlər görsünlər.
  8. Azərbaycanda nümayiş etdirmək üçün alınmış əcnəbi kino və televiziya məmulatlarının Azərbaycan dilinə dublyaj işi lazımi səviyyədə qurulsun.
  9. 2001-ci il avqustun 1-dən respublikada bütövlükdə latın qrafıkasına keçirilsin.

“Dövlət dilinin tədbiqi işinin təkmilləşdirilməsi haqqında “Prezident fərmanı yalnız Azərbaycan elmi-dilçilik, ziyalı-intellektual mühitində ruh yüksəkliyi ilə qarşılanmaqla kifayətlənmədi. Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi praktikasına indiyə qədərki heç bir dövrlə müqayisə olunmayacaq qədər böyük təsir göstərdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla, onun inkişafı, zənginləşməsi və saflaşması naminə daim, mərhələlərlə dövlət səviyyəli xüsusi tədbirlər həyata keçirmiş, ideyalar irəli sürmüşdür. Azərbaycan prezidenti İlham Əliyev də bu ali ideyaları, uzaqgörən siyasəti layiqincə davam etdirmiş, ona yeni impuls vermiş, ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir. Dissertasiyada mövzunun gedişində bəhs etdiyimiz Heydər Əliyevin dil siyasətinin mərhələlərini səciyyələndirən prosesləri nəticə etibarı ilə belə növbələşdirmək mümkündür:

          - 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalanmışdır;

          - “Azərbaycan Respublikası Dövlət dil komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının prezidentinin 04 iyul 2001-ci il tarixli sərancamı;

          - 2001-ci il avqustun l-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır;

          - 2001-ci il avqustun 9-da imzalanan xüsusi sənədlə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir;

          - 2002-ci il sentyabrın 30-dan 3 fəsil 20 maddədən ibarət “Azərbaycan Dövlət dili haqqında “Qanun qüvvəyə minmişdir;

       - 2006-cü il yanvarın 2-də qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Prezident fərmanı imzalanmışdır;

       - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il yanvarın 12- də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam vermişdir;

          - Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 13 yanvar tarixli Prezident sərancamı;

          - “Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2004-cü il 5 avqust tarixli 1082 nömrəli qərarı ilə təsdiq edilmişdir;

          - Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli sərancamı imzalanmışdır.

Bu siyasi qərarların içərisində ulu öndərimizin 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunundan sonraki dövrü ana dilimizin əsl çiçəklənmə və inkişaf dövrü hesab etmək daha düzgün olar. Dissertasiya işində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun hərtərəfli şəkildə, təffərrüfatı ilə təhlil edilir. Əbədiyaşar liderimizin 30 sentyabr 2002- ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun bu gün ölkəmizdə maneəsiz həyata keçirilməklə yanaşı, tələblərə uyğun olaraq dilimizin eyni zamanda getdikcə elmi cəhətdən inkişaf etməsini və zənginləşməsini təmin etməkdədir.

Prof.N.Cəfərovun qeyd etdiyi kimi “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun ana dilimizin müstəqil dövlətin elmi, hüquqlu ünsiyyət vasitəsinə çevrilməsini təmin etmişdir. Müstəqil Azərbaycan dövlətinin memarının layiqli varisi Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi nümunə, gördüyü maqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun güclənməsinə və mötəbər mövqe qazanmasına xidmət edir.

Dövlət tədbirləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqındakı” sərancamı da böyük əhəmiyyətə malikdir. Ölkədə əlifba ilə bağlı problemləri həll etmək istiqamətində həyata keçirilən irimiqyaslı işlərin təməlində də elə bu sənəd durur. İndiki zamanda ölkədə fəaliyyət göstərən 12 mindən artıq     kitabxananın kitab fondlarının zənginləşməsinə bu sərancamın xüsusi təsiri vardır. Sərancama görə artıq 450 adda kitab hər biri 25 min nüxsə tirajla və ümumilikdə, 10 milyon nüsxədən artıq olmaqla çap edilərək, ölkə Prezidentinin hədiyyəsi kimi,          kitabxanalara göndərilmişdir. Prezidentin sonrakı sərancamları ilə nəşrə başlanılan 150 cildlik “Ümumdünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnəcəkdir.

Azərbaycan dilinin konstitusion, mənəvi, ideoloji mövqeyinin həyatımızın bütün sahələrində möhkəmlənməsi və bərpası vəzifəsi Azərbaycanın İlham Əliyevlə başlanan yeni dövründə yeni bir vüsətlə həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan dili,elmi, ədəbi, mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilən “Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərancamlarının tarixi, ictimai-siyasi və milli-mənəvi əhəmiyyəti böyükdür.

Dövlət başçısı İlham Əliyev müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn tələblərə cavab verən siyasət yürüdür. Bu siyasətin mahiyyətində insan hüquqları, milli kimlik məsələsi mahiyyət təşkil edir. Milli maraqları və milli mənəvi dəyərləri ümumbəşəri sərvətlərə uyğun şəkildə inkişaf etdirmək məharəti, siyasi prosesləri intellektual qiymətləndirmə Prezident İlham Əliyevin milli, siyasi təfəkkürünün mühüm keyfiyyətləridir. Bu fəaliyyət müstəqil Azərbaycanı, azərbaycanlıları dili, mədəniyyəti, mənəvi-maddi sərvətləri ilə birlikdə dünyada tanıtmağa, böyük inkişafa yönəlmişdir.

Dissertasiyanın “Nəticə”hissəsində əldə olunan nəticələr ümumiləşdirilmişdir:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyətində dil siyasətinə əhəmiyyətli dərəcədə diqqət yetirilmişdir.Bu siyasət Azərbaycanda milli dövlətçilik təfəkkürünün inkişafı prosesində müəyyənləşmiş, müstəqil Azərbaycan Respublikasının yaranması ilə özünün ən yüksək səviyyəsinə çatmışdır.

Azərbaycanda dövlət dil siyasətinin formalaşması tarixi üç dövrdən ibarətdir:

  1. Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920).
  2. Azərbaycan SSR dövrü (1920-1991).
  3. Azərbaycan Respublikası dövrü (1991-ci ildən sonra).

Azərbaycan dil siyasətinin yürüdülməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azarbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda dil quruculuğu prosesi genişlənmişdir ki, bu, mədəni quruculuğun tərkib hissəsi olmuşdur.Amma Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə onun prinsipiallığı sayəsində 1978- ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edilmişdir.

Azərbaycan müstəqilliyi dövründə dövlətimizin dil siyasəti 1993-ci ildən sonra xüsusi keyfiyyət qazanmışdır. Müstəqil Azarbaycan Respublikasının 1995-ci il noyabın 12- də ümumxalq referendumu əsasında qəbul olmuş ilk Konstitusiyasının 21-ci maddəsində təsbit olunmuşdur ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

1995-ci ildən etibarən, yəni müstəqil dövlətimizin Konstitusiyası qəbul olunduqdan    sonrakı dövrlərdə dil quruculuğunun intensivliyi çox mühüm qərar və sənədlərlə müşayət olunmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev də bu ali ideyaları, uzaqgörən siyasəti layiqincə davam etdirmiş, ona yeni impuls vermiş, ana dilinin həyatımızın bütün sahələrində tam tətbiqi işini gerçəkləşdirmişdir .

Dissertasiyanm əsas məzmunu müəllifin aşağıdakı monoqrafiyası, kitabları və məqalələrində öz əksini tapmışdır.

  1. Heydər Əliyevin dil siyasəti, Azərbaycanda Atatürk mərkəzi, Bakı, “MBM” nəş, 2008, 64 səh.
  2. Heydər Əliyevin Dil siyasəti (rəsmi sənədlər), Bakı, Şirvannəşr, 2009, 140 səh.
  3. Heydər Əliyevin Dil siyasəti (Monoqrafıya), Bakı, “İncə” nəşriyyat evi, 2009, 230 səh.
  4. Heydər Əliyev müstəqil Azərbaycan dövləti dil siyasətinin əsaslarının yaradıcısı kimi. AMEA-nın Folklor İnstitutu, Bakı “Nurlan” 2008, № 2, səh. 135-143
  5. Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanı: Dövlət dili səviyyəsinin mübadiləsi kimi. AMEA-nın Folklor İnstitutu, Bakı “Nurlan” 2008, № 2, səh. 173- 181
  6. Azərbaycan dilinin Dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi. AMEA-nın Folklor İnstitutu, Bakı “Nurlan” 2008, № 4, Səh. 36-42
  7. Azərbaycanda Dövlət dil siyasətinin formalaşması tarixindən. Dil və Ədəbiyyat Beynəlxalq Elmi-Nəzəri Jurnalı, Bakı, BDU, 2008, № 2 (62), səh. 24-27
  8. Jurnal nauçnıx publikasii aspirantov i doktorantov. Qosudarstvennıy yazık Azerbaydjana v qodı nezavisimosti. Kursk, 2009, № 2, st. 120-123
  9. Dil siyasətçisi olaraq Haydar Aliyev. Anadolu Aydınlar ocağı. İlim-Fikir ve Sanat Dergisi, İstanbul, Nisan-Mayıs- Haziran 2009, Sayı:5 s: 51-53

      10.Dil siyasetçisi olaraq Haydar Aliyev. Anadolu Aydınlar ocağı. İlim- Fikir ve Sanat Dergisi, İstanbul, Temmuz-Ağustos- Eylül, 2009, Sayı:6, s.50-53

 

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/filol/filol_n_asa_02_06_10.pdf