Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev ilə söhbətindən - 2 noyabr 2000-ci il


Heydər Əliyev: ... İndi elə bilin ki, seçki gedir. Biz də burada müşahidəçiyik. Yaxud da ki, jurnalistik, bura gəlmişik.

Mən sərəncam vermişəm ki, mərkəzin prinsipləri mənə məlumdur. Çünki beynəlxalq təcrübədə bu var, bizdə indiyə qədər yox idi. Ancaq biz istəyirdik olsun. Görürəm ki, burada təmir işləri yaxşı təşkil olunubdur. Yəqin ki, rabitə təminatı işləri, kompüterlə təminetmə və sair də yaxşıdır. Ona görə də məlumat verin, görək nə iş görmüsünüz.

"Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev: Möhtərəm cənab prezident, Siz "Seçkilər" İnformasiya Mərkəzinə xoş gəlmisiniz. Sizin 3 sentyabr tarixli sərəncamınıza əsasən dövlət avtomatlaşdırılmış "Seçkilər" informasiya sistemi yaradılmışdır. Bu informasiya sisteminin işini təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının tərkibində informasiya mərkəzi fəaliyyət göstərir.

Noyabrın 5-də - seçkilər günü səhər saat 8.00-dan başlayaraq, seçkinin nəticələri elan edilənə kimi bura fəaliyyət göstərəcəkdir.

Heydər Əliyev: Səhər saat 8-də artıq burada hər şey yerində olacaq, mərkəz fəaliyyətə başlayacaqdır. Yəqin ki, siz ondan bir qədər erkən gələcəksiniz, elə deyilmi?

İqbal Babayev: Əlbəttə, buraya beynəlxalq müşahidəçiləri, televiziya işçilərini və digər kütləvi informasiya vasitələrinin nümayəndələrini dəvət etmişik. Yəni buranın qapıları hamının üzünə açıqdır.

Heydər Əliyev: Kim istəyir gələ bilər

İqbal Babayev: Bəli. Burada əsasən səhər saat 8-dən axşam saat 9-a qədər səsvermənin gedişi haqqında məlumat veriləcəkdir. Yəni seçicilərin fəallığı nümayiş etdiriləcəkdir.

Burada üç ekran quraşdırılmışdır. Ekranların hər birində seçicilərin fəallığı nümayiş etdiriləcək və eyni zamanda dövlət televiziyası vasitəsilə birbaşa veriliş gedəcəkdir. Mərkəzi Seçki Komissiyasının "İnternet"dəki səhifəsinə beş dildə məlumat ötürüləcəkdir.

İstərdim ki, bu ekrandakı məlumatı Sizə izah edim. Deməli, burada, ümumiyyətlə, respublika üzrə səsvermənin gedişi haqqında məlumat göstərilmişdir. Hazırda bizdə sınaq rejimidir. Yəni bu rejimdə göstərilən rəqəmlər şərtidir. Biz bu rəqəmləri nümayiş etdiririk.

Məsələn, bu rəqəm - 49 faiz respublikada səsvermənin gedişini göstərir. 52 faiz isə, deyək ki, Şamaxı, Ağsu bölgəsi üzrə dairə seçki komissiyalarının məlumatıdır. Bu isə respublika üzrə olan ümumi məlumatdar.

Bizdə 100 dairə seçki komissiyası vardır. Bunların hər biri də burada göstərilmişdir. Nəticəsi göstərilən dairə komissiyası xəritədə qırmızı rənglə əks olunmuşdur. Qara rənglə göstərilən bölgələr isə erməni işğalçıları tərəfindən zəbt edilmiş ərazilərimizdir. 42 nömrəli dairə seçki komissiyasında seçkilər keçirilmir.

O yerlərin sakinləri respublikanın digər bölgələrində, müvəqqəti məskunlaşdıqları yerlərdə səs verəcəklər.

Bizim ikinci ekranda səsvermənin dinamikası əks olunmuşdur. Yəni səs verənlərin sayı səhər saat 10-dan axşam saat 7-yə kimi hansı ardıcıllıqla artır.

Heydər Əliyev: Seçkilər saat 7-də qurtarır?

Məzahir Pənahov: Bəli, saat 7-də qurtarır.

İqbal Babayev: İkinci ekrandan aydın olur ki, bölgələrdə səsvermənin dinamikası müxtəlifdir.

Üçüncü ekranda dairə seçki komissiyaları üzrə məlumatlar verilmişdir. Dairə seçki komissiyasını əks etdirən diaqramda dörd rəng vardır. Boz rəng məlumatın olmadığını göstərir. Tünd yaşıl rəng seçicilərin 10 faizinin, açıq rəng isə 10 faizdən 20 faizə qədərinin səs verdiyini göstərir. Rənglərin getdikcə açıq olması onu göstərir ki, həmin yerlərdə seçicilərin fəallığı daha yüksəkdir.

Cənab prezident, bu sistemin yaradılmasında bir çox təşkilatların, o cümlədən, Elmlər Akademiyasının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin, ali məktəblərin, müəllim və tələbələrin böyük zəhməti olmuşdur. Biz Avropa və Amerika ölkələrinin, MDB dövlətlərinin seçki sistemlərini öyrənmişik. Mən deyərdim ki, respublikamızda bu sistemin tətbiqini Azərbaycanda informasiya texnologiyasının inqilabı kimi qiymətləndirmək olar. Bizdə elə bölgələr var ki, ilk dəfədir orada müasir tələblərə cavab verən kompüterlər quraşdırılmışdır. Oktyabr ayının 27-dən başlayaraq, biz dairə seçki komissiyalarına 198 kompüter, hər dairəyə iki nəfər operator göndərmişik.

 

Heydər Əliyev: Hər dairədə var, özü də kompüterləşdirilib. Onu işlədə bilən mütəxəssislə təmin olunub?

İqbal Babayev: Bəli, hazırlamışıq. Hər dairədə iki kompüter var. Hər bir proses iki dəfə təkrarlanacaqdır. Telefon xətti ilə ötürüldüyü üçün biz çalışırıq ki, xətaların qarşısını ala bilək. Əsas nümayiş otağı buradır. Bizim digər otaqlarımız da vardır.

Heydər Əliyev: Çox gözəldir. Mən belə təsəvvür edə bilməzdim. Yenə də deyirəm, mən sərəncam vermişdim və hesab edirdim ki, indi dünya təcrübəsindən istifadə edib biz bunlara yaxınlaşmalıyıq. Ancaq sizin burada yaratdığınız sistem, ümumiyyətlə, şərait, xüsusilə bu kompüterləşdirmə çox gözəl təşkil olunubdur. Mən səninlə razıyam ki, bu, inqilaba bərabər bir şeydir. Yəni seçki sistemində bunlardan istifadə olunması baxımından indiyə qədər bizim respublikamızın keçirdiyi seçkilərdən, təbiidir ki, köklü surətdə fərqlənir. Çünki biz bunu heç vaxt tətbiq etməmişik. Amma indi tətbiq edirik. Ancaq görürəm ki, bir var tətbiq etmək, bir də var ki, onu yüksək səviyyədə hazırlamaq. Çox gözəldir. Burada hər şey hamı üçün aşkar olacaqdır. Kim istəyirsə, gəlib burada olacaq və sizin məlumatlarınız da ki, kompüterlər vasitəsilə dəqiq göstəriləcəkdir. Onları dəyişdirmək olmaz.

İqbal Babayev: Cənab prezident, məlumatlar kompüterlər vasitəsilə birbaşa ekrana ötürülür və iki kompüter vasitəsilə təkrar olunur. Rayonlardan hansı məlumat gələcəksə, onlar tabloda öz əksini tapacaqdır.

Heydər Əliyev: Çox yaxşı. Xəritəni yaxşı çəkmisiniz. Mən bir-iki dəfə bizim Geodeziya və Xəritəçəkmə Komitəsinə demişəm ki, mənə bir müasir xəritə versinlər. Onlar hər dəfə köhnə xəritələri gətirib mənə verirlər. Ancaq xəritəni də yaxşı çəkmisiniz.

İqbal Babayev: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında bir mütəxəssis var, Oleq Şelaginov, bu xəritəni o çəkibdir.

Heydər Əliyev: O, mütəxəssisdir?

İqbal Babayev: Bəli. Baş mütəxəssisdir, bizim işçimizdir. Xəritəni o özü kompüterə salmışdır.

Heydər Əliyev: Miqyası düzdürmü?

İqbal Babayev: Bəli. Biz Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarının yerləşdikləri bölgələrin xəritəsini almışıq və onu Azərbaycanın xəritəsində yerləşdirmişik.

Bu monitora plazmalı monitor deyirlər. Bunlar isə adi televizorlardır. Bu televizorlar xüsusi qurğu vasitəsilə kompüterdən informasiya alır. Yəni kompüterlə o televizoru birləşdirən xüsusi qurğu vardır. Bu isə yalnız kompüter üçün olan monitordur. Çox dəyərli bir monitordur. Ona 160 dərəcə bucaq altında baxanda da ekranı görmək olur. Mən buradan durub onu aydın görürəm.

Heydər Əliyev: Bunların hamısı sizin öz gücünüzlə olubdur?

İqbal Babayev: Xeyr. Təkcə mənim gücümlə yox.

Heydər Əliyev: Yox, şəxsən səni demirəm. Yəni Azərbaycan mütəxəssislərinin gücü ilə görülüb?

İqbal Babayev: Sizin sərəncamınızın hesabına görülübdür.

Heydər Əliyev: Mən sərəncam vermişəm. Amma bunun icrası var. Müasir texnikadır, kompüter sistemidir, monitorlardır, bunlar sadə bir şey deyildir.

İqbal Babayev: Sizin sərəncamınızdan sonra Birləşmiş Millətlər Təşkilatı bu işdə bizə yardım etdi. Yəni bu beynəlxalq təşkilatın İnkişaf Proqramı bizə qrant ayırdı və o qranta görə də avadanlıqlar və sairə alındı.

Heydər Əliyev: Bunların bəzilərini xaricdən almısınız, yoxsa Azərbaycanda istehsal olunur?

Məzahir Pənahov: Xeyr, xaricdə istehsal olunubdur.

İqbal Babayev: Bu proqramın da milli əlaqələndirici Məleykə xanım Abbaszadədir.

Heydər Əliyev: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, demək olar ki, Azərbaycanda ilk dəfə kompüter sistemini geniş tətbiq edibdir. Bu, çox gözəl bir haldır. Mən bunu bir dəfə demişəm, bu gün bir daha yüksək qiymətləndirirəm. Əlbəttə ki, seçkilər bütün xalqı maraqlandırır. Amma bundan əvvəl elə bizim ali məktəblərə, yaxud texnikumlara və sairəyə tələbə qəbulu dövri-qədimdən Azərbaycanda, demək olar ki, bütün əhalini maraqlandırır. Azərbaycanda elə bir adam tapmazsan ki, uşağı olmasın, əksər hissəsinin də uşaqları orta təhsil alıb ali məktəbə daxil olmaq istəyirlər.

Xatirimdədir, 70-ci illərdə biz qanun pozuntusunun, yaxud da müəllimlərin vəzifədən sui-istifadə etməsinin, rektorların bu işdə "əllərini qızdırması"nın və sairənin qarşısını almaq üçün çox işlər görürdük. Amma o vaxt bizdə belə imkanlar yox idi. Yəni bu texnika, texnologiya, kompüterlər və sair yox idi. Amma indi var. Dünyada kompüterləşdirmə çox geniş inkişaf edibdir. Bəlkə də bu sahədə Azərbaycan bir az gecikibdir. Sən özün də deyəsən fiziksən?

Məzahir Pənahov: Bəli, cənab prezident.

Heydər Əliyev: Ancaq yaxşı haldır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Məleykə xanım Abbaszadə bu işin təşəbbüskarı olubdur və bunu edibdir. Avtomatlaşdırılmış sistem seçki prosesinə də tətbiq edilir.

Bu seçkilər keçsin, - Ramiz Mehdiyev, mən sənə deyirəm, - Nazirlər Kabineti ilə birlikdə fikirləşin, bu kompüter sistemindən bizim xalq təsərrüfatında, iqtisadiyyatımızda, infrastrukturda, bütün başqa sahələrdə belə səmərəli istifadə etmək üçün bəlkə yeni bir qərar qəbul etmək, fərman vermək lazımdır. Çünki artıq bizim təcrübəmiz var və onun müsbət nəticəsini də görürük. Bu sistem insanların əməyini nə qədər yüngülləşdirir.

Ramiz Mehdiyev: Cənab prezident, rabitə naziri də söylədi ki, əvvəllər hər seçkidə 530 məntəqədən, dağlardan, maşınlarla, atlarla məlumat yığılırdı. İndi isə buna ehtiyac yoxdur.

Heydər Əliyev: Yaxşı ki, atlar vasitəsilə, öküz arabası vasitəsilə yox.

Ramiz Mehdiyev: İndi isə müasir texnika bizə imkan verir ki, bunlardan əl çəkək.

Heydər Əliyev: Bəli. Yəni bizdə artıq iki təcrübə mövcuddur. Birincisi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında, ikincisi isə seçki sistemində. Təbiidir ki, o da özü üçün çox əhəmiyyətlidir. Bu isə həddindən artıq, fövqəladə əhəmiyyətli bir şeydir. Amma eyni zamanda cığır açır, yol açır ki, bütün başqa sahələrdə biz kompüter sistemini tətbiq edək və işlərimizi də yüngülləşdirək. Ən əsası odur ki, dəqiqləşdirək. O atla, öküzlə gələn informasiyalar bəzən, ola bilər, o qədər də düzgün hesab edilməsin. Çünki gələndə yolda atını saxlayıb bir iş edə bilər. Amma indi heç bir şey etmək mümkün deyildir. Burada nə at var, nə öküz var, nə də avtomobil var, heç "Mersedes" maşını da yoxdur.

Çox yaxşı. Mən çox məmnunam, sizi təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu işi yaxşı qurmusunuz. Amma gərək seçki günü bundan səmərəli istifadə edəsiniz. Qurmağına yaxşı qurmusunuz, yaratmısınız. Sizin danışığınızdan, sənin məruzəndən mən belə anladım ki, burada hər şey yüksək səviyyədə olacaqdır. Amma eyni zamanda gərək çalışasınız ki, mənim bu təriflərimdən başgicəllənməsi olmasın. Biz bu işlərə əsas qiyməti seçkilərdən sonra verəcəyik. İndi biz hazırlıq dövrünə qiymət veririk. Seçkilər qurtarandan sonra isə əsas qiyməti verəcəyik.

İqbal Babayev: Cənab prezident, hazırda sınaq keçiririk, iki gündür sınaq rejimində işləyirik. Hələlik məlumatlar çox dəqiq daxil olur. Ümidvarıq ki, noyabrın 5-də seçkilər yüksək səviyyədə keçəcəkdir.

Heydər Əliyev: Burada əyləşənlər seçki prosesinin gedişini əsas idarə edənlərdir, eləmi? Onlar kompüterçilərdir, proqramçılardır?

İqbal Babayev: Televizorda göstərilən məlumatlar bu kompüterlər vasitəsilə idarə olunur.

Heydər Əliyev: Yaxşı kadrlarınız var. Gənc insanlardır. Bu göstərir ki, Azərbaycan millətində zehni cəhətdən çox inkişaf etmiş kadrlar var.

Ramiz Mehdiyev: Cənab prezident, Sizə məruzə edən İqbal Babayev "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəridir. O, Sizin göstərişinizlə Rusiyada təhsil almışdır.

Heydər Əliyev: Nə vaxt, harada təhsil alıb?

İqbal Babayev: 1981-ci ildə Kiyev Memarlıq və İnşaat Texnikası Universitetinin avtomatlaşdırılmış idarəetmə sistemləri fakültəsinə daxil olmuşam.

Heydər Əliyev: Xatirindədirmi, mən sizi necə yola salırdım?

İqbal Babayev: Bəli, xatirimdədir.

Heydər Əliyev: Ağ köynək geyinirdiniz. Avqust ayının 30-da Respublika sarayında salona toplaşırdıq. Siz də danışırdınız, amma mən də orada sizə öz tövsiyələrimi, fikirlərimi, məsləhətlərimi verirdim. Mən bunu neçə dəfə demişəm. Bilirsinizmi, o illər Azərbaycanda biz çox iş görmüşük. Təbiidir ki, bunların da əsas təşkilatçısı mən olmuşam. Bütün bu gördüyüm işlər - tikilmiş zavodlar, fabriklər, yollar, elektrik stansiyaları, yaşayış binaları, kənd təsərrüfatı sahələri - hamısı mənim üçün qiymətlidir. Bunlar olmasaydı, indi Azərbaycan bu səviyyədə olmazdı.

Amma kadrların hazırlanmasını mən ömrüm boyu ən yüksək qiymət hesab edirəm. Çünki bilirsiniz ki, fabrik cansız bir şeydir, tikirsən, istifadə edirsən. Zavod da həmçinin. Yaşayış binası tikirsən, orada insanlar yaşayırlar. Bunların hamısı lazımdır. Amma millətimizin ağıl, bilik potensialını artırmaq üçün o illər mənim bu təşəbbüsüm… özü də ki, bu, sadə bir şey deyildi. O vaxt düşünürdüm ki, biz Azərbaycanın ali məktəblərində yaxşı mütəxəssislər hazırlayırıq, amma bunlardan da yaxşı mütəxəssislər hazırlamalıyıq. Bir də ki, fərq də olmalıdır. Elə hamı Bakı Universitetində, yaxud Sənaye İnstitutunda, yaxud da ki, Politexnik İnstitutunda oxusaydı, bu, dar çərçivə olardı.

Amma görürsənmi, sən Kiyevdə oxumusan, biri Moskvada, o biri Leninqradda, digəri Uralda, bir başqası Uzaq Şərqdə oxuyubdur. Hər yerdə təcrübə var. Özü də axı, o vaxtlar bu avtomatlaşdırma sistemi və sair bizdə yox idi. Düzdür, bizim Neft-Kimya İnstitutunda belə bir fakültə yaranmışdı. Amma o fakültənin özündə dərs deyənlərin də o qədər biliyi, təcrübəsi yox idi. İndi görürsünüzmü, bunlar mənim əkdiyim toxumların bəhrəsidir. Belələrini görəndə çox sevinirəm. Hər birinin fəaliyyətinə, bugünkü gününə, - əgər onlar bundan səmərəli istifadə edirlərsə, - inanın, mən öz doğma övladımın nailiyyəti kimi baxıram.

İqbal Babayev: Cənab prezident, çox sağ olun, minnətdarıq.

Heydər Əliyev: Demək, o vaxt gördüyümüz iş hədər getməyibdir. Kadr hazırlamışıq, indi də belə bir yüksək səviyyəli işlər görürlər. Əlbəttə, o vaxt mən düşünürdüm ki, onlar Azərbaycanın gələcəyi üçün lazımdır. Amma, əlbəttə, desəm ki, hər şey dəqiq, düzgündür, bu, doğru olmazdı. Ümumiyyətlə, mən bunu istəyirdim. Onların hərəsi öz yerində Azərbaycana nə qədər xeyir verir və ölkəmizin elm, bilik səviyyəsini, müasir texnikanı mənimsəmək səviyyəsini yüksəldir. Bu, həmin o, 70-80-ci illərdə gördüyümüz işlərin gözəl nəticələridir. Sən razısanmı?

İqbal Babayev: Çox razıyam, Sizə minnətdaram.

Heydər Əliyev: Orada oxumağından, sənətindən razısanmı?

İqbal Babayev: Bəli. Mən oranı bitirəndən sonra aspiranturada qalıb namizədlik dissertasiyası müdafiə etmişəm. 1990-cı ildə respublikaya qayıtdım.

Heydər Əliyev: Orada evlənmədin ki?

İqbal Babayev: Xeyr.

Heydər Əliyev: Yadınızdadırmı, o vaxt mən sizi göndərəndə deyirdim ki, gedin oxuyun, əlbəttə ki, oradan vətənə qayıdın, amma ola bilər ki, kiminsə xoşuna gəlsə, orada qalıb davam etsin, kimsə bəlkə evləndi, ona da etirazım yoxdur. Çünki o, yenə də bizimkidir. Məsələn, Moskvada evlənənlər var. Bəzən mən onları görürəm. Evlənibdir, işləyir, özü də ki, yaxşı səviyyədədir və sairə. Bu da bizimkidir, bu da azərbaycanlıdır. Bax, mənim məqsədim azərbaycanlıların, azərbaycanlı gənclərin bu böyük bilik potensialını zənginləşdirməkdir.

İqbal Babayev: Sizə minnətdarıq. Çox sağ olun.

Heydər Əliyev: Görün, bu, bizim üçün nə qədər mənfəətli olubdur. Respublikadan kənarda təhsil alıb gələn yəqin ki, təkcə bu deyildir.

Sizi təbrik edirəm. Mərkəzi Seçki Komissiyasını təbrik edirəm. Bu komissiyanın rəhbərliyinin dəyişilməsi komissiyaya çox böyük müasirlik gətiribdir. Mən hesab edirəm ki, bu, bizim son vaxtlar gördüyümüz dəyərli işlərdən biridir. Amma indi hər şey sizdən asılıdır. Azərbaycanda heç bir məsələyə bu qədər beynəlxalq diqqət cəlb olunmur. Biz böyük tarixi yubileylər keçiririk, insanları dəvət edirik, çoxları gəlir. Amma indi heç dəvət etsən də, etməsən də, o qədər gəlirlər ki. Yəni bu, Azərbaycanın həyatında, beynəlxalq aləmdə ən maraq doğuran bir hadisədir. Siz indiyə qədər yaxşı iş aparmısınız, bu cür sistem yaratmısınız və Mərkəzi Seçki Komissiyasının səviyyəsini qaldırmısınız. İndi borcunuz odur ki, noyabrın 5-də imtahan verəsiniz. Sən özün də müəllimsən, bilirsən, gərək "əla" qiymət alasınız.

Məzahir Pənahov: Cənab prezident, ümid edirəm ki, Sizin rəhbərliyiniz altında hələ çox nailiyyətlər əldə edəcəyik. Mən Sizə bir söz deyim ki, bu kompüterə məlumatlar daxil olandan sonra, bayaq Sizin dediyiniz kimi, heç kim bu məlumatlara müdaxilə edə bilməz. Bu, öz yerində. Amma onu da deyim ki, bizim qanunlar əsasında o proseslər elə qurulubdur ki, məntəqədə protokol doldurulandan sonra həmin protokolun bütün surətləri qanunda nəzərdə tutulan 30-a qədər adama verilir. Bu protokollar hətta gəlib dairə seçki komissiyasında kompüterə verilənə qədər orada hansısa, nəsə bir şey etmək mümkün deyildir. Təsəvvür edin ki, bir məntəqədə tərtib olunmuş protokol ən azı 30 nəfərin əlində olacaqdır. Bu 30 nəfər nəzarət funksiyasını yerinə yetirənlərdir.

Ona görə də bu məsələyə əvvəldən axıra qədər, demək olar ki, heç bir müdaxilə ehtimalı yoxdur, bu, mümkün deyildir. Yəni bizim burada, ekranda gördüyümüz nəticələrə şübhə ola bilməz, işlər əvvəldən axıradək bu şəkildə qurulubdur.

Heydər Əliyev: Çox gözəl. Mənə bir sözünüz varmı?

İqbal Babayev: Cənab prezident, bizim digər qonaqlarımız üçün qonşu otaqlarda şərait yaradılmışdır.

Heydər Əliyev: Oraya da baxarıq.

Mən dünən bizim dövlət televiziyasının sədrinə tapşırdım ki, onların ekranı seçki günü daim, bütün günü sizin sərəncamınızda olsun. Necə istəyirsinizsə, elə də istifadə edin.

Tarixi arayış