"Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi" (Vaşinqton, 11 sentyabr 2000-ci il) sənədinə tarixi arayış


4-12 sentyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev ‎BMT-nin təşəbbüsü ilə keçirilən minilliyin zirvə görüşündə iştirak etmək ‎məqsədilə ABŞ-da işgüzar səfərdə olub. 6-7 sentyabr 2000-ci il tarixini əhatə edən zirvə görüşü başa çatdıqdan sonra Azərbaycan Prezidenti Heydər ‎Əliyevin 12 sentyabr 2000-ci ilə qədər ABŞ-da işgüzar görüş və danışıqları olub.

‎11 sentyabr 2000-ci ildə Amerika-Azərbaycan Ticarət Palatasının ‎Vaşinqtonda təşkil etdiyi "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi ‎alyanslar ölkəsidir" adlı beynəlxalq konfransın keçirilməsi bu işgüzar səfər çərçivəsində təşkil edilən ən mötəbər tədbir olub. ABŞ və dünyanın bir sıra dövlətlərini təmsil edən 300 nəfərdən çox ‎mötəbər şəxsin iştirak etdiyi konfrans başa çatdıqdan sonra Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda iştirak edənlər arasında məşhur amerikalı siyasətçi cənab Z.Bjezinski, ‎adı çəkilən qurumun həmsədri Riçard Matske, Con Hopkins Universitetinin Mərkəzi ‎Asiya və Qafqaz İnstitutunun direktoru, doktor Fred Star, ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər ‎üzrə xüsusi müşaviri Stiv Sestanoviç, Harvard Universitetinin tədqiqatçısı xanım ‎Brenda Şoffer və başqaları olub. ‎

Rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev öz nitqində ABŞ-‎Azərbaycan siyasi-iqtisadi əməkdaşlığının prioritet istiqamətləri haqqında öz fikirlərini bildirərkən deyib:"Azərbaycan Qafqazda Şərqlə Qərbin arasında çox mühüm strateji və coğrafi-strateji yer tutur. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə qapısıdır. Azərbaycanın digər imkanları haqqında da bu gün danışılıbdır. Amerika Birləşmiş Ştatlarının dəyərlərinin Qafqaz, Mərkəzi Asiya regionunda yayılması, inkişaf etməsi bizim məqsədimizdi və biz buna nail olmaq istəyirik. Amerika Birləşmiş Ştatları Azərbaycan üçün, onun xarici siyasəti üçün öncül ölkədir".

Amerika-Azərbaycan Ticarət Palatası bu gün də iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə xidmət edən fəaliyyət göstərməkdə davam edir. Qurumun üzvləri günü-gündən artmaqdadır. ABŞ investisiyalarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə qoyulması işinin təşkilində bu qurum yarandığı 1995-ci ildən başlayaraq müstəsna rol oynayıb.

Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan Respublikası özünün strateji, iqtisadi və geosiyasi imkanları ilə ABŞ-ın diqqət mərkəzindədir. Qafqazdakı digər respublikalardan fərqli olaraq Azərbaycan öz neft və digər təbii sərvətlərinə görə ABŞ-ın strateji maraq dairəsinin əsasını təşkil edir. Belə ki, Xəzər dənizi hövzəsi dünyada həcmi 4 trilyon dollardan artıq qiymətləndirilən ən böyük neft və qaz mənbəyi sayılır. Bu ABŞ-ın və Qərbin Fars körfəzindəki yanacaq ehtiyatlarından asılılığını azaldır. Buna görə də Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-a məxsus iri transmilli şirkətlər neft ehtiyatlarının hasil edilməsi və ixracını nəzərdə tutan pay bölgüsü sazişlərində geniş təmsil olunublar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman həmin müqavilənin əsas pay sahibləri arasında ABŞ-a məxsus "AMOKO", "Eksson", "Pennzoyl" və "Yunokal" olmaqla dörd neft şirkəti iştirak edib. Bu şirkətlər ümumilikdə həmin müqaqvilə üzrə hasil edilən neft ehtiyatının 36,35%-nə sahib olublar. (Heydər Əliyevin neft strategiyası. I hissə, Bakı 2001. səh. 498) ABŞ Azərbaycana ən çox sərmayə qoyan ölkələrdən biridir. Milli iqtisadiyyata qoyulan sərmayələrin həcminə görə ABŞ ilk yerlərdən birini tutur və onun Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrinin həcmi 2 milyard ABŞ dollarından artıqdır. İlk illərdə ABŞ şirkətləri sərmayələrini əsasən neft sahəsinə qoyurdularsa, hazırda bu ölkənin investisiyaları iqtisadiyyatın digər sahələrini də əhatə edir. ABŞ kapitalının iştirakı ilə Azərbaycanda neft hasilatı, istehsal, tikinti, xidmət və digər sahələrdə 100-dən çox müəssisə qeydiyyata alınıb və uğurla fəaliyyət göstərməkdədir. Daha geniş iqtisadi dövriyyəyə malik olan şirkətlər arasında "Arko", "Şevron", "Teksako", "Katerpillar" və ‎‎"Motorola" şirkətlərinin adı qeyd edilə bilər. (http://www.mfa.gov.az/)

25-27 aprel 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da bu ölkənin Prezidenti Corc Buşun dəvəti ilə rəsmi səfərdə olub. Rəsmi səfər zamanı Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə aprelin 27-də Vaşinqtonda "ABŞ-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər" mövzusunda 6-cı biznes və sərmayə konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış edib. O, öz çıxışında ABŞ-Azərbaycan münasibətlərinə, ölkədə həyata keçirilən iqtisadi islahatlara, buradakı beynəlxalq biznes üçün yaradılan şəraitə, regionun perspektiv inkişaf imkanlarına geniş yer verib. İlham Əliyev çıxışında deyib: " 1994-cü ildən 2003-cü ilə qədər, demək olar ki, il ərzində bəlkə iki dəfə ölkənizə səfər etmişdim, müxtəlif konfranslarda və eyni zamanda Amerika-Azərbaycan Ticarət Palatasının tədbirlərində iştirak edirdim. İndi mən prezident kimi buradayam və bundan çox şadam. Əminəm ki, bu səfər iqtisadi sahədəki əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında olan əməkdaşlıq daha geniş sahələrə şamil ediləcəkdir. ABŞ və Azərbaycan iki tərəfdaş ölkədir, regional və beynəlxalq miqyaslı məsələlər üzrə əməkdaşlıq edir".

Qeyd etmək lazımdır ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ-da rəsmi səfərdə olarkən ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə Amerika-Azərbaycan Ticarət Palatasının təsis etdiyi "Görkəmli rəhbərlik" mükafatı təqdim edilib. (http://www.president.az/)

Tarixi arayış 14 yanvar 2008-ci ildə tərtib edilib.