Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kiyev vilayəti administrasiyasının sədri Anatoli Zasuxanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - 27 iyun 2003-cü il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz!

Mən sizin gəlişinizə şadam. Konkret işlərlə həyata keçirilən Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirliməsinə dair təşəbbüsünüz yüksək diqqətə layiqdir. Bizim Ukrayna ilə həmişə dostluq münasibətlərimiz olmuşdur və bu gün də mövcuddur. Lakin bu münasibətlər prezidentlər, baş nazirlər, nazirlər səviyyəsindədir, amma bu proses daha da irəlilədikcə xüsusi əhəmiyyət kəsb edir. İndiki halda, siz Azərbaycana böyük diqqət yetirisiniz. Biz bunu yüksək qiymətləndiririk və səfriliyimiz də sizinlə fəal əməkdaşlıq edir.

Anatoli Zasuxa: Çox hörmətli Heydər Əliyeviç, sağ olun. Mən Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın şərəfli tapşırığını yerinə yetirərək, onun çox böyük salamını və ən xoş arzularını Sizə yetirməliyəm. Eyni zamanda, Ukraynada qələbə rəmzi olan bu toppuzu Ukrayna prezidenti adından sizə təqdim etməli, qarşıdakı seçkilərdə Sizə uğurlar arzulamalıyam. Ukraynada biz hamımız bilirik ki, ictimai rəyin 90 faizi Heydər Əliyeviç Əliyevin tərəfindədir. Leonid Daniloviç bir daha xahiş etdi ki, bunu Sizə deyim və toppuzu təqdim edim. Onu möhkəm tutun və gözəl ölkənizə hələ uzun müddət və qətiyyətlə rəhbərlik edin!

İcazə verin, daha bir şərəfli tapşırığı da yerinə yetirim və Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru diplomunu Sizə təqdim edim. Akademiyanın Elmi Şurası bu qərarı aprelin 15-də qəbul etmişdir. Daha bir şərəfli tapşırıq. Ukraynanın mədəniyyət ictimaiyyəti "Şərəf" ordeni adlı xüsusi orden təsis etmişdir. "Şərəf" ordeninin Ali Şurası Sizi bu ordenlə mükafatlandırır. Bu ordenə indiyədək yalnız iki prezident - Ukrayna prezidenti Leonid Daniloviç Kuçma və Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin layiq görülmüşlər. Mən Ukraynanın mədəniyyət ictimaiyyətindən bu ordeni Sizə təqdim etmək tapşırığı almışam və onu yerinə yetirməkdən çox böyük şərəf duyuram.

Ukraynanın mədəniyyət ictimaiyyəti - rəssamları, şairləri birləşdirən ictimai təşkilatdır.

Heydər Əliyev: Çox sağ olun.

Anatoli Zasuxa: Heydər Əliyeviç, demək istəyirəm ki, Sizi Ukraynada əfsanəvi insan kimi tanıyırlar, 1986-cı ildə Cernobıl atom elektrik stansiyasında qəza baş verən vaxtda Sizin çox fəal və mühüm köməyinizi xatırlayırlar. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Siz bu faciəyə çox böyük diqqət yetirirdiniz. Sizin köməyinizi, həyanlığınızı və diqqətinizi Ujraynada bu gün də unutmayıblar. Biz Sizin Ukraynaya dövlət səfərinizi xatırlayırıq. Suverən dövlətin prezidenti kimi şərəfinizə toplardan 21 yaylım salam atəşi açılmışdı. Bunu bütün Ukrayna mədəniyyət ictimaiyyətinin Sizin yüksək ordenlə təltif olunmağınız haqqında qərar qəbul etməsində həmin səfər həlledici rol oynamışdır.

Sizin bizi qəbul etməniz, diqqətiniz bizim üçün, nümayəndə heyətinin üzvləri üçün böyük hadisədir, çünki əfsanəvi insanla görüşmək, həqiqətən, böyük şərəfdir. Dünən biz meriyada olduq və sonra yaylım atəşi zamanı sahil parkında gəzmək imkanı qazandıq. Biz insanların mehriban, gözəl və xoşbəxt çöhrələrini, sahil parkının necə də təmiz olduğunu gördük. Azərbaycanda rahatlıq və qayda-qanun olduğuna görə onların öz prezidentinə, Heydər Əliyeviç, Sizə necə minnətdarlıq etdiklərini gördük. Bunu eşitmək hamıya, hətta bizə - Azərbaycana ilk dəfə gələn qonaqlara da xoş idi. Bu, bir daha inam yaradır ki, Siz qalib gələcəksiniz və Azərbaycan xalqı yenə də düzgün və yaxşı seçim edəcəkdir.

Heydər Əliyev: Mənim ünvanıma dediyiniz xoş sözlərə görə çox sağ olun. Dedikləriniz, bəlkə də əslində olduğundan daha çoxdur, buna baxmayaraq, onları eşitmək xoşdur. Görüşümüzün əvvəlində dedim ki, Ukrayna ilə bizim çox səmimi münasibətlərimiz var. Bu dostluq münasibətləri, əvvəla, onunla bağlıdır ki, sovet hakimiyyəti illərində mən burada KP MK-nın birinci katibi işləyərkən, sonra isə Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Ukraynaya bütün işlərdə yaxından kömək edirdim. Mən burada işləyəndə də biz çox sıx əməkdaşlıq edirdik. Odur ki, dostluq və əməkdaşlığımızın çox dərin kökləri var.

Biz dövlət müstəqilliyi əldə etdiyimiz vaxtdan bəri isə dostluğumuz dərin siyasi xarakter almışdır. Çünki dünya siyasətinin bir çox məsələlərində biz Ukrayna ilə, dostum Leonid Daniloviç Kuçma ilə eyni mövqelərdə dururuq. Misal üçün, biz MDB-də iştirak edirik, amma ayrı-ayrı məsələlər barəsində öz fikrimiz var. Beynəlxalq forumlarda biz Leonid Kuçma ilə mövqelərimizi həmişə razılaşdırırıq. Məhz o, mən və digər prezidentlər Strasburqda olarkən bir araya gəlib, GUAM-ın əsasını qoyduq. O vaxtdan bəri biz bir-birimizi dəstəkləyirik. Bütün bunlar Ukrayna ilə böyük dostluğumuza və Ukraynanın bizimlə böyük dostluğuna və Leonid Kuçma ilə Heydər Əliyev arasında böyük şəxsi dostluğa sübutdur.

Bu dostluq ötən dövrdə çoxlu sınaqlardan çıxmışdır və dünya siyasətindəki bütün dəyişikliklərə tab gətirmişdir. Mən Ukraynaya dövlət səfərimi xatırlayıram, onda Leonid Daniloviç Kuçma məni ali ordenlə - Yaroslav Mudrı ordeni ilə təltif etdi. Bu, böyük işdir. Bu dostluq aşağı səviyyələrə də keçmişdir. Bilirəm, bizim səfir bu cəhətdən sizinlə fəal əməkdaşlıq edir.

Buna xeyirxahlıqla, diqqətlə və Azərbaycana dair ən yaxşı münasibətlərlə cavab verdiyinizə görə sizə təşəkkür edirəm. Ona görə də biz "Ukrayna" dedikdə, nəzərdə tuturuq ki, o, dostumuzdur. Leonid Daniloviç Kuçma mənim yaxın dostumdur, özü də, çox yaxşı və etibarlı dostumdur. Beynəlxalq görüşlər, forumlar zamanı biz onunla fikir mübadiləsi aparır, məsləhətləşirik. Ukraynada xoşagəlməz bir hadisə baş verəndə biz narahatçılıq keçiririk, bizdə də bir şey olanda, bilirəm ki, Leonid Daniloviç Kuçma narahatçılıq keçirir. Ona görə də bu dostluq artıq bütün dövrlər üçün təşəkkül tapmışdır və əbədi davam edəcəkdir.

Biz müstəqil dövlətlərik. Əlbəttə, Ukrayna 50 milyon əhalisi, çox geniş iqtisadi və insan potensialı olan böyük dövlətdir. Ukrayna ilə müqayisədə biz kiçik ölkəyik, 8 milyon əhalimiz var. Ukrayna kimi, biz də müstəqilik, suverenik. Odur ki, ölkələrimizin ərazisindəki fərqdən asılı olmayaraq, biz bərabər tərəflər kimi dostluq edirik və bu dostluq həm Ukraynaya, həm də Azərbaycana aid bir çox məsələlərin həllində bizə kömək edir.

Anatoli Zasuxa: Hörmətli Heydər Əliyeviç, prezidentimiz Leonid Daniloviç Kuçmanın ünvanına söylədiyiniz səmimi və xoş sözlərə görə sağ olun. Biz sizin dostluğunuzdan xəbərdarıq. Hamı bilir ki, vəziyyətimiz ağır olduqda - 1999-cu ildə, məhsul yığımı ərəfəsində Ukrayna neft məhsulları olmadığından blokadada qalmışdı, - Siz bizə dostluq əlinizi uzatdınız, göstəriş verdiniz və Ukraynaya dizel yanacağı göndərildi. Azərbaycandan yanacaq gətirən ilk tanker Ukrayna limanına daxil olan kimi, başqaları da bizə tərəf üz tutdu və Ukraynaya dizel yanacağı satmağa başladı. Bunu hamı xatırlayır və bilir. Təcrübəli və müdrik rəhbər kimi, çox böyük həyat təcrübəsinə malik insan kimi Sizin kifayət qədər çox olan xeyirxah və dəyərli xüsusiyyətlərinizi məhz bu, səciyyələndirir. Buna görə sağ olun və bilin ki, biz və Ukraynada yaşayan azərbaycanlılar bunu həmişə xatırlayırıq, bilirik və Heydər Əliyeviç, burada, Azərbaycanda hər şeyin yaxşı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Heydər Əliyev: Çox şadam ki, Ukraynada kifayət qədər azərbaycanlı var, onlar Ukraynanın digər vətəndaşları kimi yaşayır və işləyirlər. Bu, çox gözəldir. Mən Ukraynada - Kiyevdə, Yaltada olarkən onlarla görüşmüşəm. Onlar çox razıdırlar, deməli, mən də razıyam. Bu da ukraynalıların beynəlmiləçilik hisslərindən xəbər verir. Bir sözlə, mən Sizə və Leonid Daniloviçə təşəkkür edirəm, ümidvaram ki, bu cür münasibət gələcəkdə də davam edəcəkdir.

Tələt Əliyev (Azərbaycanın Ukraynadakı fövqladə və səlahiyyətli səfiri): Biz bu il aprelin 15-də Kiyevdə Sizin yubileyinizə həsr olunmuş böyük beynəlxalq elmi-praktik konfrans keçirdik. Bu konfransın materiallarını Sizə təqdim etmək istərdim. Zərifə xanım Əliyevanın yubileyi ilə əlaqədar Kiyevdə kitab buraxılmışdır.

"Qadınlar. Azərbaycan - mənim taleyim" adlanan bu kitabda ona həsr olunmuş şerlər, onun elmi fəaliyyətini əks etdirən nadir fotoşəkillər toplanmışdır. Bundan əlavə, Sizin yubileyiniz şərəfinə biz, Ukraynada ilk dəfə olaraq, Azərbaycan dili olimpiadası keçirdik. Olimpiada iki mərhələdə keçirildi. Birinci mərhələdə məktəb şagirdləri, ikinci mərhələdə isə ali məktəblərin tələbələri iştirak edirdilər. Qaliblər 1, 2 və 3-cü dərəcəli diplomlarla mükafatlandırıldılar. Biz bu diplomları yadigar olaraq Sizə də təqdim etmək istərdik.

Bundan əlavə, Kiyevdə Vaqif Abdullayevin artıq kifayət qədər tanınmış və sevimli siyasi və dövlət xadimimiz İlham Əliyevə həsr olunmuş "O, böyük siyasətə hazırdır" kitabı Ukrayna dilində çapdan çıxmışdır. Bu kitabın Ukraynada təqdimatı keçirildi, o, ölkənin bütün kitabxanalarına göndərildi və indi biz onlardan bu kitaba görə dərin minnətdarlıq ifadə edilən məktublar alırıq. Yuxarıda adı çəkilən konfransda prezident Leonid Daniloviç Kuçmanın, Ali Radanın sədri Vladimir Litvinin, Milli Məclisin sədri Murtuz Ələsgərovun, Kiyevin meri Aleksandr Omelçenkonun, "Yeni Ukrayna" Xalq Demokratik Birliyinin rəhbəri cənab Kuşnaryukun təbrikləri səsləndi.

Azərbaycan televizisiyasının köməyi ilə Ukraynada "Heydər Əliyev iki əsrin fenomenidir" filmi çəkilmişdir. Bu filmdə Sizin böyük dostunuz, çox hörmətli Leonid Daniloviç Kuçmanın, Ukraynanın ən məhşur siyasi, dövlət, elm və mədəniyyət xadimlərinin, habelə cənab Çernomırdinin Sizin fəaliyyətiniz haqqında rəyləri, fikirləri səslənir. Konfransda Ukraynanın tanınmış elm xadimləri çıxış etdilər. Onu Ukrayna hökuməti sədrinin müavini cənab Dmitri Tapaçnev və Milli Elmlər Akakdemiyası prezidentinin birinci müavini cənab Kuros aparırdılar. Bu videokasetdə bütün elm xadimlərinin çıxışları yazılmışdır. Onların hər biri Sizə indi heç bir dövlət xadiminin və siyasi xadimin qazana bilmədiyi çox yüksək qiymət vermişdir. Təbii ki, biz bu konfrans üçün qələm və döş nişanı hazırlamışıq. Bu, Ukraynada yaşayan bütün azərbaycanlıların adından, konfransın hazırlanmasında iştirak eən bütün insanların adından hədiyyədir.

Heydər Əliyev: Xahiş edirəm, dostum Leonid Daniloviç Kuçmaya, məni tanıyan bütün rəhbərlərə salamımı yetirəsiniz. Sizə bütün işlərinizdə uğurlar arzulamaq istəyirəm. Sizdə prezident seçkiləri olacaqmı?

Anatoli Zasuxa: Gələn ilin oktyabrında olacaq.

Heydər Əliyev: Sizə hər cür uğurlar arzulayıram. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk, gəlin, onları davam etdirək. Biz Ukraynanın səviyyəsinə gəlib çatmaq üçün daha fəal çalışmalıyıq.

"Azərbaycan" qəzeti, 28 iyun 2003-cü il.