Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın Dövlət katibi xanım Madlen Olbrayt ilə görüşdəki söhbətindən - Vaşinqton, Dövlət Departamenti, 26 aprel 1999-cu il


Madlen Olbrayt: Cənab prezident, Sizinlə bu görüşümdən, NATO-nun 50 illik yubileyi ilə əlaqədar tədbirlərdə Sizin də iştirak etməyinizdən çox məmnun qaldığımı bildirirəm və əvvəlki görüşlərimizi də böyük razılıq hissi ilə xatırlayıram. Sizin açıq və qətiyyətli mövqeyinizə yüksək qiymət verərək, Sizə böyük hörmət hisslərimi ifadə edirəm.

Mən Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində iki ölkənin iş birliyinə böyük əhəmiyyət verdiyimi vurğulayır və ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsinin yüksəldiyini məmnuniyyətlə qeyd etmək istəyirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemindən söhbət açaraq bildirirəm ki, vəzifədə olduğumuz müddətdə prezident Klintonun və şəxsən özümün bu münaqişənin həllinə nail olmaq əzmini, ATƏT-in rolunu fəallaşdırmağa hazır olduğumu vurğulayıram və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması və qaçqınların öz yurdlarına qaytarılması sahəsində praktik addımlar atılmasının zəruriliyini nəzərə çarpdırıram.

Aprelin 25-də Azərbaycan, Ermənistan, Gürcüstan prezidentlərinin Böyük Britaniya, Almaniya Federativ Respublikası, Fransa, Türkiyə və Norveçin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşündən razı qaldığımı bildirir və Norveçin xarici işlər naziri, ATƏT-in hazırkı sədri Knut Bollebekin Minsk prosesini sürətləndirmək üçün səyləri artırmağa hazır olduğunu məmnuniyyətlə qeyd edirəm.

Heydər Əliyev: NATO-nun 50 illik yubileyi ilə əlaqədar zirvə görüşünün yüksək səviyyədə keçdiyini qeyd etmək istəyirəm, xanım Olbrayt ilə həmişə böyük məmnuniyyətlə görüşdüyümü bildirir və Azərbaycana göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm və qətiyyətlə vurğulayıram ki, NATO-nun yeni strateji konsepsiyası Azərbaycan tərəfindən müdafiə edilir. Hazırda Yuqoslaviyada, Kosovada baş verən hadisələrə toxunaraq bildirirəm ki, hər bir ölkənin ərazi bütövlüyünün toxunulmazlığı təmin edilməlidir, lakin etnik təmizləmə siyasəti yolverilməzdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsi üzərində dayanaraq bildirirəm ki, münaqişə ATƏT-in Lissabon sammiti tərəfindən qəbul edilmiş prinsiplər əsasında tezliklə həll olunmalıdır. Münaqişənin aradan qaldırılması prosesində ABŞ-ın daha fəal rol oynamasının böyük əhəmiyyətini nəzərə çarpdıraraq qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, qaçqınların doğma yurd-yuvalarına qaytarılması və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilməsi prinsipləri Lissabon sammitində qəbul olunmuşdur.

Atəşkəs rejiminin 5 ildən bəri davam etdiyini xatırlayır, ötən müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində nizamlama prosesində irəliləyişlər əldə edilmədiyini narahatlıq hissi ilə bildirirəm.

Madlen Olbrayt: Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vəziyyətindən ABŞ hökumətinin narahatlığını bildirir, öz ölkəmin Minsk prosesində səyləri artıracağını vurğulayaraq münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini bir daha bəyan edirəm.