Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbul-Nəcanı qəbul edərkən söhbətindən - Prezident sarayı, 24 oktyabr 2002-ci il


Heydər Əliyev: Bizim ölkəmizə səfərinizdən çox şadam.Misir ilə Azərbaycan arasında dostluq əlaqələri çoxtərəflidir. Biz bu əlaqələri həmişə qiymətləndirmişik və buna çox böyük əhəmiyyət veririk. Əlaqələrimizin bütün sahələrdə inkişaf etməsini istəyirik. Bu baxımdan sizin Azərbaycana səfəriniz, burada keçirdiyiniz görüşlər, təbii ki, bizim əlaqələrimizin inkişafına çox yardım edəcəkdir. Güman edirəm ki, buradakı görüşləriniz faydalı olubdur. Deyəsən, burada bir az işləyəcəksiniz. Təəssüflər olsun ki, səfəriniz azmüddətlidir. Güman edirəm ki, gələn dəfə daha uzun müddətə gələrsiniz.

Faizə Əbul-Nəca: Cənab prezident, başçılıq etdiyim nümayəndə heyətini bu gün qəbul etməyiniz bizim üçün böyük şərəfdir. Biz bundan çox şərəf duyuruq. Çox xoşdur ki, mən bu gözəl ölkədə, Azərbaycandayam, gözəlliyi ilə seçilən Bakı şəhərindəyəm. Ümid edirəm ki, bu, Azərbaycana sonuncu səfərim olmayacaq, mən buraya yenə gələcəyəm. Səfərim qısamüddətli olsa da, səmərəli keçir. Azərbaycan tərəfdən olan həmkarlarımız, dostlarımız bizə yardım edirlər. Cənab prezident, eyni zamanda, mənim üçün çox böyük şərəf və baş ucalığıdır ki, şəxsən Sizinlə görüşürəm.

Sizin dostunuz və qardaşınız, Misir prezidenti Mübarəkdən Sizə xüsusi salamlar gətirmişəm. Mən onun şəxsi məktubunu Sizə təqdim etmək istəyirəm. Bu məktubda o, ümid edir ki, Azərbaycan ilə Misir arasında əlaqələr daha da möhkəmlənəcək və bütün mümkün sahələrdə daha da dərinləşəcəkdir. Bu, bizim arzumuz və istəyimizdir. Prezident Hüsni Mübarək həm də məmnun olduğunu bildirir ki, Misir və Azərbaycan arasında gözəl siyasi münasibətlər yaranmışdır. Bu, eyni zamanda, prezidentlər arasında olan dostluq və qardaşlıq münasibətləri, habelə xalqlarımız arasındakı mehriban münasibətlərdir.

Misir rəhbəri ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi münasibətlərin iqtisadi münasibətlərlə möhkəmləndirilməməsindən təəssüflənir. O, çox arzulayır ki, iqtisadi-ticarət münasibətlərimiz də eyni dərəcədə yüksək səviyyədə olsun. Prezidentimiz mənə tapşırmışdır ki, Misir və Azərbaycan arasında müştərək komissiyaya rəhbərlik edim. Bu komissiya ölkələrimiz arasında iqtisadi, texniki və mədəni əməkdaşlıq sahələrini əhatə edəcəkdir.

Biz bu keçid dövrünü 25 il bundan əvvəl yaşamışıq. Ona görə müəyyən təcrübəmiz var və bunu Azərbaycanla bölüşə bilərik. Bazar iqtisadiyyatına keçmək, xarici ticarəti sərbəstləşdirmək olduqca çətindir. Bu baxımdan qısa müddət ərzində əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi, hökumətinizi, ölkənizi təbrik etmək istəyirəm.

Mədəni əlaqələr çox mühüm sahədir. Mən prezidentimizdən xüsusi təlimat almışam ki, bu sahədə əməkdaşlığımızı mümkün qədər inkişaf etdirmək lazımdır. Siz bir qədər əvvəl böyük Azərbaycan şairi Cavidin ev-muzeyinin açılışında iştirak etmisiniz. Misirdə də buna oxşar bir tədbir keçirilmişdir. Oktyabrın 16-da Misirin İsgəndəriyyə şəhərində kitabxananın yenidən bərpa olunması ilə əlaqədar tədbirlər keçirilmişdir. Sizə məlum olduğu kimi, bu şəhər 17 əsr əvvəl salınmışdır.

Heydər Əliyev: Mən televiziya ilə gördüm. Mənim dostum Hüsni Mübarək bu tədbirlərdə iştirak etmişdir.

Faizə Əbul-Nəca: Cənab prezident, Sizə Azərbaycan hökumətinə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan da bu tədbirlərə özünün layiqli töhfəsini verdi. Azərbaycan Əlyazmalar İnstitutu bir neçə çox qədim kitabı bizim kitabxanaya göndərdi. Prezident Hüsni Mübarək həm də xahiş etdi Sizə çatdırım ki, Misir Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir. Prezidentimiz onu da xahiş etmişdir ki, Yaxın Şərqdəki vəziyyətlə bağlı Misirin mövqeyi haqqında da Sizə məlumat verim. Prezident Hüsni Mübarək bütün vasitələrdən və üsullardan istifadə edərək, İsraili inandırmağa çalışır ki, fələstinlilərlə sülh danışıqlarına başlasın.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, İraqa qarşı müharibənin başlanması təkcə bu ölkə üçün deyil, bütün Yaxın Şərq regionu üçün təhlükə yarada bilər. Prezident Mübarək İraq prezidenti Səddam Hüseyndən xahiş edibdir ki, BMT-nin inspektorlarının şərtsiz olaraq Bağdada gəlmələrinə, lazımi obyektləri yoxlamalarına icazə versin.

Heydər Əliyev: Sağ olun, sizə təşəkkür edirəm. Mənim dostum, Misir prezidenti Hüsni Mübarəkdən gətirdiyiniz məktuba və salamlara görə təşəkkür edirəm. Məktubu diqqətlə oxuyacağam və təbiidir ki, ona cavab yazacağam.

Sizin verdiyiniz məlumatların və söylədiyiniz fikirlərin hamısı bizim üçün çox əhəmiyyətlidir. Mən prezident Hüsni Mübarəklə tam razıyam ki, bizim siyası əlaqələrimiz çox yüksək səviyyədədir, amma iqtisadi əlaqələrimiz hələ ki, o səviyyəyə çatmayıbdır. Təəssüf ki, son illər biz bu əlaqələrin inkişaf etməsi üçün lazımi tədbirlər görməmişik. Mən məmnunam ki, biz indi müştərək komissiya yaratmışıq. Misir tərəfindən siz rəhbərlik edirsiniz, Azərbaycandan da iqtisadi inkişaf naziri.

Güman edirəm, sizin bu səfəriniz, müştərək komissiyanın yaranması – bunların hamısı bizim iqtisadi əlaqələrimizdə yeni mərhələnin başlanğıcı olmalıdır. Bu sahədə həm Misirdə, həm də Azərbaycanda imkanlar çoxdur. Dərman istehsalı barədə təklifinizə etiraz etmirəm, bu sahədə Azərbaycanda müştərək iş görmək olar. Çay ticarəti ilə əlaqədar da müəyyən işlər görmək mümkündür. Ancaq bunlar azdır. İqtisadi əlaqələrimizi bunlarla məhdudlaşdırsaq, bu Misir və Azərbaycana yaraşan iş olmayacaqdır. Ona görə siz də və bizim nazir də başqa təkliflər irəli sürməlisiniz. Bunları bir günə etmək olmaz, ancaq məsləhətləşmək, araşdırmalar aparmaq, təkliflər irəli sürmək olar. Başqa sahələrdə də əlaqələrimizi inkişaf etdirməliyik. Misir və Azərbaycan bir-biri ilə çox sıx tarixi əlaqələri olan ölkələrdir. Bizim adət-ənənələrimizdə, mənəvi dəyərlərimizdə çox böyük bənzərliklər var. Ona görə Misir mədəniyyəti, yaxud Misir musiqisi, rəqsi burada göstəriləndə, səslənəndə azərbaycanlılar bunu öz doğma mədəniyyətinin bir hissəsi kimi qəbul edirlər.

Mənim xatirimdədir, 1960-cı illərin əvvəllərində, yəni 40 il bundan əvvəl, bəlkə də 42-43 il bundan öncə Azərbaycanın Dövlət Mahnı və Rəqs Ansamblı Misirə qastrola getmiş, bir aydan çox müvəffəqiyyətlə konsertlər vermişdi.

Mən 1973-cü ildə Misirə səfər edərkən Qahirədə sizin opera teatrında oldum. Onda mən çox gözəl Misir operası gördüm. Bizdə gözəl opera və balet teatrı var, çox gözəl tamaşalar göstərir. Bu teatrın kollektivini ölkənizə qastrola göndərmək olar, onlar Misirin opera teatrında çox uğurla çıxış edə bilərlər. Hər bir xalqın özünəməxsus mədəniyyəti, incəsənət nümunələri var. Misirlə Azərbaycan bir-birinə çox yaxındır, bundan istifadə etmək lazımdır. Mən Qahirədə özümü çox doğma bir yerdəki kimi hiss edirdim.

Siz Yaxın Şərqdəki vəziyyətlə əlaqədar hörmətli prezident Hüsni Mübarəkin mövqeyini mənə çatdırdınız. Xahiş edirəm, Hüsni Mübarəkə mənim bu sözlərimi çatdırasınız ki, indi Misir prezidenti ərəb dünyasında ən təsirli bir şəxsiyyətdir. Eyni zamanda, onun ABŞ-da və Avropada da çox böyük hörməti var. Yaxın Şərq, Fələstin-İsrail münaqişəsinin bu cür ağır vəziyyətdən çıxarılması üçün prezident Hüsni Mübarək daha çox iş görə bilər. Prezident Hüsni Mübarəkin o fikri ilə də mən tamamilə razıyam ki, İraqa qarşı müharibə başlansa, bu, Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirə bilər.

Bilirsiniz ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ağır vəziyyətə düşmüşdür. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlarımızdan bir milyondan çox azərbaycanlı çıxarılmışdır. Təəssüflər olsun, hələ ki dünya ictimaiyyəti, böyük dövlətlər bu vəziyyətin aradan qaldırılması üçün, nədənsə, tədbirlər görmürlər. Səkkiz ildir ki, biz atəşkəs rejimini qoruyub saxlayırıq, müharibənin başlanmasına yol vermirik. Amma belə getsə, müharibənin yenidən başlanması təhlükəsi artacaqdır. Xalq belə vəziyyətə artıq dözə bilmir. Biz hər yerdə, həmçinin Yaxın Şərqdə sülh olmasına tərəfdarıq. Güman edirəm ki, siz mənim fikirlərimi Misir prezidenti, dostum Hüsni Mübarəkə çatdıracaqsınız.

"Azərbaycan" qəzeti, 25 oktyabr 2002-ci il.