"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ‎‎Almaniyanın "Simens" şirkətinin prezidenti Henrix Fon Pireri qəbul edərkən söhbətindən" (Bakı, 24 may 1995-ci il) sənədinə tarixi arayış


24 may 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Almaniyanın məşhur "Simens" şirkətinin prezidenti Henrix Fon Pireri Bakıda Prezident sarayında qəbul edib. Qəbulda şirkətin Azərbaycanla əməkdaşlıq etmək istədiyi sahələr və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Prezidenti Heydər Əliyev "Simens" şirkətinin prezidenti Henrix Fon Pireri ilə söhbətində bu şirkətlə əməkdaşlığı dəstəklədiyini, hökumətlə aparılan danışıqlardan sonra əldə edilmiş razılığın tez bir zamanda icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Almaniyanın bütün dünyada məşhur olan "Simens" şirkətinin Azərbaycanla əməkdaşlığı XIX əsrin sonlarına təsadüf edir. O vaxt bu şirkət Azərbaycanda mis yataqlarına malik idi və dağ-mədən sənayesi sahəsində uğurla fəaliyyət göstərirdi. Qeyd edilməlidir ki, şirkət tərəfindən o vaxt çəkilən elektrik xətti bu günlərə qədər öz keyfiyyətini saxlayıb.

Dünyanın 190 ölkəsində təmsil olunan bu iri şirkət 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılıb. Hal-hazırda şirkətin 475 min nəfərdən artıq işçisi və 87,325 milyard avro ticarət balansı var. (http://www.siemens.com/)

10 ildən artıq müddət ərzində elektrotexnika, rabitə, müxtəlif maşın və avadanlıqların satışı və quraşdırılması işini təşkil edən "Simens" şirkəti Azərbaycanda, Sumqayıt şəhərində hazırda 500 meqavat gücündə yeni elektrik stansiyası quraşdırır və bu stansiyanın 2008-ci ildə təhvil verilməsi planlaşdırılıb. Bu stansiyanın özünəməxsusluğu ondan ibarətdir ki, burada mavi yanacaqdan elektrik enerjisini istehsal edilməsi təmin edilir. Beləliklə də "Simens" şirkəti ən yeni texnologiyaları Azərbaycanda tətbiq edir. Qaz yandırılaraq enerji istehsal edilir və bu, ətraf mühit üçün daha zərərsizdir. "Simens" şirkəti infrastruktur layihələri ilə yanaşı, Azərbaycanda istehsalla da məşğul olmağı planlaşdırır. Bu barədə "Simens" Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü Rudi Lamprext 2008-ci ilin mayında Azərbaycanda səfərdə olarkən verdiyi müsahibəsində deyib. (http://www.itv.az/)

2006-ci ildə "Simens" şirkəti AZERFON MMC ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən üçünçü GSM operatorunun fəaliyyətə başlamasını təmin edib. AZERFON mobil şəbəkəsinin yaradılması üçün tələb olunan müasir şəbəkə avadanlıqlarının təchizatı, quraşdırılması və istismara buraxılması işinin təşkili adı çəkilən alman şirkətinə həvalə edilib. Hazırda Azərbaycanın bütün ərazisini əhatə edən əsas stansiyaları və eləcə də mərkəzi idarəetmə sistemləri də daxil olmaqla müasir telekommunikasiya avadanlığı "Simens" tərəfindən təmin edilib. (http://www.news.trend.az/)

Tarixi arayış 3 oktyabr 2008-ci ildə tərtib edilib.