Qafqaz Albaniyası


Albaniya dövlətinin e.ə. IV -III əsrlərdə formalaşdığı ehtimal olunur. Şimalda Qafqaz dağları, Şərqdə Xəzər dənizi, qərbdə İberiya, cənubqərbdə Ermənistan, cənubda isə Atropatena ilə həmsərhəd idi. Beləliklə, Qədim Albaniyanın ərazisi müasir Azərbaycan Respublikasını, indiki Ermənistan Respublikasının böyük hissəsini, Dağıstan Respublikasının (Rusiya Federasiyası) cənub hissəsini, Gürcüstanın Alazan və İori çaylarının vadisini əhatə edirdi. Antik, alban və digər mənbələrin məlumatına görə, Albaniyada 26 tayfa məskunlaşmışdı. Alban tayfası Şimali Azərbaycanda ən iri tayfalardan biri idi. Məhz buna görə də bütün ölkə “Albaniya” adlanmağa başlamışdı. Antik dövrdə Albaniya yadelli işğalçılara qarşı inadlı mübarizə aparmış və müstəqilliyini qoruya bilmişdi.

Alban tarixçisi Musa Kalankatuklunun qeyd etdiyi ənənəyə görə, b.e. I əsrində Albaniya hökmdar Aran tərəfindən idarə olunurdu. Bu zaman Albaniyanın ərazisi Araz çayından Xunarakert qalasınadək (Qazax-Boçalı zonasında) çatırdı. 262-ci ildə Sasanilər dövlətinin tərkibinə daxil edildi. 314-cü ildə alban hökmdarı Urnayr xristianlığı qəbul edərək, onu Albaniyanın dövlət dininə çevirmişdi. 705-ci ildə ərəb istilaları nəticəsində Albaniyanın mövcudluğuna son qoyulur. Paytaxtı Kabala (Qəbələ) və Bərdə şəhərləri olmuşdur.