Xalq artisti Tofiq Bakıxanova - Bakı şəhəri, 7 dekabr 2000-ci il


Hörmətli Tofiq Bakıxanov!

Sizi - müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək, Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermisiniz. Əlli illik yaradıcılıq yolunuz həm ifaçı, həm də bəstəkar kimi, xalqa sədaqətli xidmət, musiqi sənətinə möhkəm bağlılıq nümunəsi olmuşdur.

Azərbaycan milli musiqi xəzinəsinin dərin köklərindən bəhrələnən çoxşaxəli yaradıcılığınız müasir musiqinin ümumi kontekstində inkişaf edərək, sənət aləmində Sizə böyük hörmət qazandırmışdır.

Yaratdığınız baletlər, musiqili komediyalar, simfoniyalar, konsertlər, simfonik muğamlar, romanslar və mahnılar musiqi mədəniyyətimizi zənginləşdirən dəyərli sənət nümunələridir. Müxtəlif janrlarda bəstələdiyiniz əsərlərinizin bir çoxu konsert repertuarlarına və təbrik proqramlarına həmişəlik daxil olmuşdur.

Siz öz musiqi yaradıcılığı ilə pedaqoji fəaliyyətini əlaqələndirən sənətkarlardansınız. Yarım əsrə yaxın bir dövr ərzində neçə-neçə gənc musiqiçilər nəsli məhz sizin sayənizdə böyük sənət aləminə qovuşmuşdur. Bakı Musiqi Akademiyasının professoru kimi, Siz bu gün də musiqiçi kadrların hazırlanmasında var qüvvənizi sərf edirsiniz.

İnanıram ki, geniş yaradıcılıq potensialına malik bir bəstəkar və pedaqoq kimi, Siz yeni əsərlərinizlə professional musiqimizin inkişafına bundan sonra da xidmət edəcək və ölkəmizdə gənc sənətkarların yetişdirilməsi üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Hеydәr Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 dekabr 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT