Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azad olunmuş enerji" abidəsinin açılışı mərasimində nitqi - Bakı, Tbilisi prospekti, 9 may 1998-ci il


Əziz dostum, qardaşım prezident Eduard Şevardnadze!

Əziz dostlar, qonaqlar, xanımlar və cənablar!

Siz bu gün Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Mən sizi bu səfəriniz münasibətilə səmimi qəlbdən salamlayıram və bu ziyarətinizə görə sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm.

Biz bu gün gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq və qardaşlıq salnaməsinə yeni bir səhifə yazırıq. Gürcü və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı qədim tarixə malikdir və biz böyük iftixar hissi ilə deyə bilərik ki, bu dostluq və qardaşlıq - əsrlər boyu davam edən və gündəngünə möhkəmlənən dostluq həmişə uğurlu olmuşdur, heç vaxt, heç zaman, heç bir dəqiqə pozulmamışdır. Bu gün biz, indiki nəsillər ulu babalarımızın qurub-yaratdığı, yüksəklərə qaldırdığı dostluq və qardaşlıq əlaqələrini davam etdiririk. Bizim üzərimizə çox böyük, şərəfli və məsuliyyətli bir vəzifə düşübdür. İftixar hissi ilə deyə bilərəm ki, bugünkü görüş, bu mərasim, bu böyük, əzəmətli monumentin açılması onu göstərir ki, biz öz əcdadlarımızın tutduğu yola, bizə etdiyi nəsihətlərə sadiqik.

Bakı şəhərinin bu gözəl güşəsi yeni, yaraşıqlı görkəm alır. Gürcü heykəltəraşı Georgi Caparidzenin böyük həvəs və istedadla yaratdığı, güc, enerji rəmzi olan at heykəli Azərbaycan memarı Qasımzadə ilə onun əməkdaşlığı nəticəsində burada, Bakının bu gözəl güşəsində yeni bir heykəl - memarlıq abidəsi, memarlıq kompleksi yaratmışdır. Əvvələn, bizim əziz dostumuz Caparidzenin bu abidəni yaratmaq ideyasının nə qədər gözəl olduğunu qeyd etmək istəyirəm. Heykəltəraş müxtəlif abidələr yarada bilər. Ancaq dostumuz, qardaşımız məhz belə bir heykəli yaradıb Azərbaycanda ucaltmaq fikrinə gələndə bu işə nə qədər böyük ideyalarla yanaşıbdır. Mən məhz bu fikrə görə, yüksək mənəviyyat nümunəsi olan bu ideyaya görə və onun həyata keçirilməsinə, yaradılmasına və nəhayət, yüksək keyfiyyətə malik heykəltəraşlıq sənəti nümunəsinin yaradılmasına görə dostumuz və qardaşımız Georgi Caparidzeyə təşəkkür edirəm. Ancaq müəllifin fikri, ideyası, planı təkcə at heykəli düzəldib Azərbaycanın, Bakının hansısa bir guşəsində qoymaqdan ibarət olmayıbdır. Onun fikri, ideyası böyük kompozisiya yaratmaq olubdur. Onun da müəllifi məhz Caparidzedir. O bu kompozisiyanı Azərbaycan memarı Qasımzadə ilə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyevlə birlikdə çox məharətlə, çox gözəl həyata keçiribdir. Bunun nəticəsində biz Bakını gözəlləşdirən, şəhərin memarlıq və heykəltəraşlıq abidələrinin sayını artıran böyük bir kompleksin açılışının şahidiyik. Eyni zamanda bu monumental abidə gürcü və Azərbaycan xalqlarının əbədi dostluğunun rəmzidir. Biz bu abidə ilə bu gün bir daha dünyaya nümayiş etdiririk ki, gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan qonşuluq və qardaşlıq böyük sınaqlardan keçərək mətinləşmiş, möhkəmlənmiş, yüksəlmiş, bu gün sarsılmaz və əbədi olmuşdur.

Gürcüstan, onun paytaxtı Tbilisi azərbaycanlılar üçün çox əziz, istəkli diyardır, şəhərdir. Əziz dostum Eduard Şevardnadze öz gözəl nitqində Gürcüstan-Azərbaycan dostluğunun və bu dostluğu yaradan insanların böyük xidmətləri haqqında çox yaxşı danışdı. Həqiqətən Gürcüstan, Tbilisi azərbaycanlılar üçün və xüsusən Azərbaycan ziyalıları üçün həmişə doğma diyar və şəhər olubdur. Onlar uzun illər Tbilisidə, Gürcüstanda yaşayıb yaradıblar, böyük izlər qoyublar. Bu da təsadüfi deyil. Bu ona görədir ki, Gürcüstanda, Tbilisidə azərbaycanlılar, Azərbaycanın dahi insanları həmişə mehriban mühit içərisində, dostluq şəraitində yaşayıblar, gürcü xalqının onlara göstərdiyi dostluq münasibətindən bəhrələniblər. Əgər böyük Mirzə Fətəli Axundov bütün həyat və yaradıcılığı dövründə Tbilisidə yaşayıb və orada da dünyasını dəyişibsə, demək, bu şəhər onun üçün doğma olub, bu mühit onun üçün əziz olub. Əgər böyük mütəfəkkir və yazıçı, dahi insan Cəlil Məmmədquluzadə öz yaradıcılığının çox hissəsini Tbilisidə keçiribsə və Azərbaycan xalqı üçün, bütün Şərq aləmi üçün, müsəlman aləmi üçün əsrin əvvəlindən böyük məktəb sayılan "Molla Nəsrəddin" jurnalının nəşrinə orada başlayıbsa, bu jurnal uzun illər orada nəşr olunubsa, demək, orada bunun üçün münasib mühit olmuş, şərait olmuş, gürcü xalqı tərəfindən buna dost, mehriban münasibət göstərilmişdir. Biz minnətdarıq ki, Mirzə Fətəli Axundovun yaşadığı ev indi artıq Tbilisidə muzeyə və ziyarətgaha çevrilibdir. Cəlil Məmmədquluzadənin yaşadığı ev də muzeyə çevrilibdir və ora həm gürcülər, həm də azərbaycanlılar üçün böyük bir mədəniyyət ocağıdır. Bütün bunlar üçün dostum və qardaşım Eduard Şevardnadzeyə təşəkkürümü bildirirəm. Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli Xan Xoyskinin qəbirləri Tbilisinin ən gözəl guşələrinin birində qorunub saxlanır və bu gün həm gürcülər, həm də azərbaycanlılar üçün əziz abidəyə çevrilibdir.

Gürcüstanda, özlərinin qədim torpaqlarında 500 mindən çox azərbaycanlı da bu gün müstəqil Gürcüstan Respublikasında azad, rahat, bərabərhüquqlu vətəndaşlar kimi yaşayırlar. Bunlar və bir çox başqa faktlar Gürcüstanın dövlət müstəqilliyinin nəticəsində əldə olunubdur. Bunlar Gürcüstanın prezidenti, Azərbaycan xalqının böyük dostu Eduard Şevardnadzenin düzgün siyasətindən və xalqımıza dostluq və mehribanlıq hisslərindən irəli gəlir. Bu gün burada açdığımız monumental abidəni də biz əziz dostum və qardaşım Eduard Şevardnadzenin Azərbaycan xalqına, Bakıya xüsusi hədiyyəsi kimi qəbul edirik. Heykəlin ideyası dostumuz Georgi Caparidzenindir. Heykəlin yaradılmasının rəhbəri, ona ilham verən və bu hədiyyəni Azərbaycan xalqına təqdim edən isə dostumuz Eduard Şevardnadzedir.

Əziz dostum, əmin ola bilərsiniz ki, bu monumental abidə daim yaşayacaq. Bakının abadlaşmış bu gözəl guşəsi bundan sonra daha da yaxşılaşacaq, yaşıllıq, gül-çiçək bu güşəni daha da bəzəyəcəkdir. Bura bakılıların, bütün azərbaycanlıların gözəl ziyarətgahı və eyni zamanda əyləncə yeri olacaqdır. Bütün bunlara görə və bu gün Azərbaycana etdiyiniz səfərə görə, əziz dostum, Sizə bir daha təşəkkür edirəm. Sizə cansağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT