Avstriyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Respublikasi Prezidenti Heydər Əliyevin çıxışı - Vyana, 5 iyul 2000-ci il


Əziz soydaşlarımız!

Əziz bacılarımız, qardaşlarımız!

Əziz azərbaycanlılar!

Mən üçüncü gündür ki, Avstriyadayam, Vyanadayam. Hətta Avstriyanın dövlət, hökumət adamları mənim səfər proqramımın gərgin olmasına təəccüb edirlər. Səhər tezdən axşama qədər ardıcıl olaraq görüşlər keçirirəm, danışıqlar aparıram. Bəlkə də normal qayda-qanuna riayət etsən, bu görüşləri keçirmək, danışıqları aparmaq üçün 4-5 gün lazımdır. Amma mən bütün bunları iki gün müddətində həyata keçirmişəm, indi də sizinlə görüşürəm. Sabah səhər Azərbaycana dönəcəyəm.

Bizim ölkəmizdə - Azərbaycanda da mənim işim çoxdur. Mən xarici ölkələrdə də çox iş görməyə məcburam və görməliyəm. Burada nə istirahət etməyə, nə gəzməyə imkan yoxdur. Mən Vyanaya birinci dəfədir gəlirəm. Elə avtomobillə ora-bura gedəndə görürəm ki, burada çox gözəl saraylar, binalar, gözəl memarlıq, heykəltəraşlıq abidələri var. Təbiidir ki, bunların əksəriyyətini mən kitablardan, müxtəlif musiqi əsərlərindən, televiziyadan, radiodan bilirəm. Ancaq mən bunları gördükcə şəhərə heyran oldum. Vyana həqiqətən çox gözəl şəhərdir. Gözəlliyi də ondan ibarətdir ki, o qədər də böyük şəhər deyil, amma vaxtilə keçmiş zamanlarda bu ölkənin başçıları, rəhbərləri, bizim dilimizdə desək, buranın padşahları, kralları, hersoqları gözəl əsərlər yaradıblar, gözəl irslər qoyublar.

Mənim arzum var ki, məsələn, hər muzeyə gedim, gedib bu binaları daha da yaxından görüm, onlara baxım. Bir də ki, mən incəsənəti, memarlığı, heykəltəraşlığı çox sevən adamam. Ancaq mən bunlardan məhrumam. Təkcə bu ölkədə deyil, hansı ölkəyə gedirəmsə, oranı yalnız avtomobilin pəncərəsindən görürəm. Mənim başqa imkanım olmur. Bunlar hamısı ona görədir ki, biz gənc, müstəqil ölkəmizi, Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Belə səfərlərdə biz vaxta çox qənaət etməliyik.

Beləliklə, Avstriyaya səfər proqramının gərgin olmasına baxmayaraq, mən sizinlə də görüşməyi çox vacib hesab edirəm. Səfərə gələrkən səfir Vaqif Sadıxova dedim ki, sən çalış, əgər burada yaşayan azərbaycanlılarla görüşmək mümkün olsa, mən onlarla məmnuniyyətlə görüşərəm.

Mən sizin hamınızı Azərbaycan xalqı, torpağı adından salamlayıram. Burada da deyildi, müğənni Yaqub Zurufçunun belə bir mahnısı var ki. "Azərbaycandan sizə salam gətirmişəm". Mən də sizin hamınıza Azərbaycandan salam gətirmişəm.

Məni sevindirən nədir? Azərbaycan xalqı böyük xalqdır. Tarix belə hökm edibdir ki, XX əsrdə bizim xalqımız bir çox dövrlərdə bir-birindən ayrı düşübdür. Xalqımız ayrı-ayrı ölkələrə səpələnibdir. Burada çıxış edən soydaşlarımızdan biri dedi ki, biz 45 il nə məktub yaza bilmişik, nə də bir məlumat ala bilmişik, Vətəndən ayrı qalmışdıq. Bunun da əsas səbəblərindən biri odur ki, Azərbaycan 70 il Sovetlər İttifaqının tərkibində olubdur. Sovet hökumətinin qayda-qanununa görə heç bir xarici ölkə ilə əlaqə saxlamağa icazə verilmirdi. Kim belə bir əlaqə saxlayırdısa, o, çox əzab-əziyyətə düşürdü, bəzən onu həbs edirdilər, cəzalandırırdılar.

Bizim xalqımız belə bir şəraitdə yaşayıbdır. Amma bir-birimizdən nə qədər ayrı, uzaqda olsaq da, qəlbimiz bir-birindən heç vaxt uzaqda olmayıbdır. Qəlbimiz bir yerdə olubdur. Azərbaycanda yaşayan azərbaycanlıların qəlbi respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızla bir vurubdur və Vətəndən uzaqda yaşayan azərbaycanlıların da qəlbi Azərbaycanla bir vurubdur.

Xalqımız böyük bir ərazidə yaşayır. İranda da, Azərbaycanda da yaşayır. İndi dövlət müstəqilliyini əldə etmiş, dünya birliyində öz yerini tutmuş respublikamızda da, Türkiyədə də, Amerikada da, Fransada da, Avstriyada da - çox ölkələrdə azərbaycanlılar yaşayır. Tale hərəni bir yerə salıbdır. Amma xalqımızın əksəriyyəti bizim doğma torpaqlarımızda yaşayır.

Azərbaycanlıların hamısı azərbaycanlıdır, hamısı birdir. Yəni bu, eyni kökə, dilə, dinə, adət-ənənələrə bağlı bir millətdir. Bizim millətin özünün tarixi, milli mənəvi dəyərləri vardır. Millətimizin dini, özünün dili, böyük və zəngin tarixi vardır. Bizim millətimiz dünya, bəşəriyyət xəzinəsinə çox dəyərli əsərlər - elm, mədəniyyət əsərləri veribdir. Bu, bir il, yüz il deyil, bu, min illərlə belədir.

İndi Avropanın ən mötəbər kitabxanalarında, muzeylərində Azərbaycan xalqının şairlərinin, yazıçılarının, alimlərinin əsərləri vardır, məsələn, X əsrdə, yəni min il bundan öncə, XI-XII əsrlərdə, XV əsrdə, yəni 700-800 il bundan öncə yazılmış dəyərli əsərlər bu muzeylərdə indi də qorunub saxlanılır.

Bilirsiniz ki, Azərbaycan xalqının ulu dastanı olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini son iki il içərisində qeyd edirdik. Bəli, Azərbaycan xalqının ən qədim yazılı əsəri "Kitabi-Dədə Qorqud" dur. Bu "Kitabi-Dədə Qorqud" məhz Azərbaycan dilində yazılıbdır. Əlbəttə, vaxt var idi ki, heç bir xalqın yazısı yox idi. Ona görə də bəzən daşlarda, qayalarda işarələr olunurdu. Amma Azərbaycanda yazılı ədəbiyyatın tarixi 1300 ildir və bunun da başlanğıcını "Kitabi-Dədə Qorqud" dastanı qoyubdur.

Bu, elə bir dastandır, xəzinədir ki, onunla tanış olan, onu oxuyan dərhal dərk edir ki, bəli, bu xalq ən böyük tarixə malik olan xalqdır, ancaq "Kitabi-Dədə Qorqud" dastanı da özündən bir neçə yüz il əvvəl olan Azərbaycan xalqının qəhrəmanlarının, böyük şəxsiyyətlərinin tarixini yazıbdır. Demək, biz onu götürsək, bu, 1300 il yaşı olan yazılı ədəbiyyatımızın tarixidir, amma bizim xalqın ondan qabaq da yüz illərlə tarixi var. Azərbaycan xalqının 2000 il, 3000 il, 4000 il tarixi var.

Ona görə də harada olursa-olsun, bizi birinci növbədə birləşdirən azərbaycanlılıqdır. Biz hamımız azərbaycanlıyıq. Azərbaycan dünyanın ən qədim diyarlarından biridir. Dünyada insan məskunlaşdığı zaman Azərbaycan insanların ən qədimdən məskunlaşdığı bir yerdir, yenə də deyirəm, bizi birləşdirən bizim azərbaycanlı olmağımızdır, kökümüzdür. Amma bizim bu azərbaycanlı kökümüz min illərə gedib çıxır.

Azərbaycan xalqı VII-VIII əsrdə İslam dinini qəbul edəndən sonra bizim İslam dinimizi mənəvi dəyərlərimizdən biri olubdur və bu gün də bizim hamımızı daha da yaxınlaşdırıbdır. Ancaq bizim elə adət-ənənələrimiz var ki, onlar biz hələ islam dinini qəbul etməmişdən əvvəl var idi.

Yəqin ki, hamınız, məsələn, Novruzu bayram kimi qeyd edirsiniz. Elədirmi? Novruz - Azərbaycan xalqının ən əziz bayramıdır. Məsələn, biz Sovetlər İttifaqında yaşayanda sovet kommunist ideologiyası bütün dinlərə qarşı idi, bu ideologiya hər bir xalqın tarixi ənənələrini əzmək, dağıtmaq, yaddan çıxarmaq istəyirdi. Nə üçün? Çünki Sovet İttifaqının siyasəti bundan ibarət idi ki, bütün millətləri birləşdirsin, onları milli köklərindən ayırsın. Nəhayət, "Yeni insan cəmiyyəti", "Sovet xalqı" adı altında belə bir nəzəriyyə ortaya atılmışdı, məsələn, sən azərbaycanlısan, gürcüsən, türkmənsən, russan, ukraynalısan, belorussan, tatarsan və sair - Sovetlər İttifaqında yüzdən çox millət yaşayırdı - dəxli yoxdur, demək, bunlar hamısı get-gedə öz milliliyini unutmalı, hamısı bir millət olmalı idi. Onların hamısı deməli idi ki, "Biz Sovet xalqıyıq, nə azərbaycanlıyıq, nə rusuq" və sair, - əlbəttə, burada hegemonluq rusların əlində idi, - yeganə dil də rus dili olmalı idi.

Demək, dinimizi əlimizdən almışdılar. Çünki kommunist ideologiyası dinin əleyhinə idi, dini qadağan etmişdi və ateist siyasəti aparırdı. Dinimizi əlimizdən alanda bizim adət-ənənələrimizin də çoxunu - dinlə bağlı olduğuna görə - qadağan etmişdilər. Beləliklə, bizi köklərimizdən ayırırdılar. Ancaq mən sizə deyim, biz 70 il belə bir rejimdə yaşadıq, nə dinimizi, nə dilimizi, nə də adət-ənənlərimizi unutmadıq, hamısını saxladıq.

Biz o hökumət dövründə doğulmuş, yaşamış adamlarıq. Azərbaycanlıların içərisində mən özüm həmin hökumətin dövründə doğulmuş və bu yaşa gəlib çatmış adamlardan biriyəm. Ancaq mən Sovet hökumətinə də xidmət etmişəm. Bilirsiniz ki, mən Sovet hökumətinin, həmin fövqəldövlətin ən yüksək səviyyəsinə çatmış, yəni o dövlətin üç-dörd başçısından biri olmuşam, Kremldə işləmişəm. Siyasi büronun üzvü, Sovet İttifaqı baş nazirinin birinci müavini olmuşam. Yəni mən yeganə müsəlmanam, azərbaycanlıyam ki, gedib həmin fövqəldövlətdə yüksək zirvəyə çatmışam. Ancaq məni nə dilimdən, nə dinimdən, nə də adət-ənənəmdən ayırıblar.

Necə ki, mən gənc olanda anam həmin Novruz bayramını bayram edirdi, plov bişirirdi, yumurta rəngləyirdi, şəkərbura, yaxud da paxlava bişirirdi, ayrı-ayrı şirnilər gətirib bizi sevindirirdi, eləcə də sonralar ailəmdə bunu xanımım, qızım edibdir.

Amma bu Novruz bayramının tarixi İslam dininin tarixindən xeyli çoxdur. Deyirlər ki, bu bayramın 3000-4000 illik tarixi vardır. Yəni biz bu qədim adət-ənənəni, bayramı yaşatmışıq, saxlamışıq. Ancaq təbiidir ki, xristianlar bu bayramı qəbul etməyiblər. Bunu müsəlmanlar qəbul ediblər. Müsəlmanların da hamısında bu bayram o qədər də geniş qeyd olunmur. Yəni mən bununla nə demək istəyirəm? Demək istəyirəm ki, xalqımızın çox dərin kökləri vardır. Bu köklərə həmişə hörmət etmək lazımdır, bu kökləri unutmaq lazım deyildir.

Əgər biz Sovet İttifaqının, Sovet hökumətinin tərkibində, təzyiq altında olmuşuqsa, siz də öz ölkənizdən gedib başqa ölkələrdə yaşamağı arzu etmisiniz, istəmisiniz. Bu ölkələrə təhsil almağa, işləməyə gəlmisiniz. Bunların heç biri qüsur, günah deyildir. İnsan ancaq öz doğulduğu kənddə, şəhərdə yaşaya bilməz. Dünya böyükdür. Əlbəttə, dünya inkişaf etdikcə insanlar da öz kəndindən çıxıb başqa bir şəhərdə yaşayırlar. Bu, çox müsbət haldır, məsələn, mən çox sevinirəm ki, azərbaycanlılar təkcə öz kəndində, şəhərində, torpağında yaşamırlar. Azərbaycanlılar Amerikada da, Fransada da, İngiltərədə də, Avstriyada da yaşayırlar, düzdür, bu ölkədə yaşayan azərbaycanlılar azdırlar. Əgər biz özümüzü başqa millətlərlə müqayisə etsək, bu azdır.

Bizim qonşu olan erməni xalqı var. Biz onlarla 12 ildir ki, qanlı münaqişədəyik. Məsələn, ermənilər dünyanın hər yerinə səpələniblər. Özü də elə ölkə var ki, orada xeyli erməni yaşayır. Məsələn, Amerikada 1 milyon erməni yaşayır. Doğrudur, Amerikanın 260 milyon əhalisinə görə bu, böyük bir şey deyildir. Ancaq bu bir milyon erməninin orada gücü var, çünki onlar çox çalışıblar, bir olublar. Onlar harada yaşayıblarsa, orada öz kilsələrini qurublar. Onlar öz dillərində məktəblərini yaradıblar, dillərini qoruyublar, yəni onlar erməniliyini heç vaxt unutmayıblar. Bu ermənilik onları həmişə birləşdiribdir. Amma eyni zamanda onlar yaşadıqları ölkənin mühitinə, şəraitinə də uyğunlaşıblar və böyük işlər görüblər, zəngin olublar.

Bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi vardır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə iddia edir ki, guya bu, Ermənistan torpağıdır. Bu isə qəti yalandır. Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Orada bir miqdar ermənilər yaşayıb. Sovet İttifaqı mövcud olan vaxt ermənilər hücum edib, Dağlıq Qarabağı işğal ediblər. Bundan sonra Azərbaycan ərazisinin təxminən 20 faizi bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş həmin torpaqlardan bir milyondan çox azərbaycanlı öz yerindən - yurdundan zorla çıxarılıbdır, indi onlar ağır vəziyyətdə çadırlarda yaşayırlar.

Biz bu məsələlərin həll edilməsi üçün müharibə aparmırıq. Altı ildir ki, müharibə getmir, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, amma eyni zamanda, biz bu münaqişəni özümüz həll edə bilmirik, böyük dövlətlərin vasitəsilə həll etməyə çalışırıq.

Mən, məsələn, Amerikanın Prezidenti Bill Klintonla bu barədə bir neçə dəfə danışıq aparmışam, o, bizə kömək etmək istəyir. Amma deyir ki, bilirsiniz nə var, Amerikada bir milyon erməni yaşayır, onlar böyük kapitala malikdir, həmin ermənilərin çox böyük təsiri var, onlar seçkilərdə bizə səs verir, ona görə də biz ermənilərlə hesablaşmalıyıq.

Fransada 500 min erməni yaşayır. Fransanın 65 milyon əhalisi var. Ancaq ermənilər orada elə mövqe tutublar ki, Fransanın hökumətinə təsir edə bilirlər. Fransanın Prezidenti Jak Şirak mənim dostumdur. Mən onunla bu barədə dəfələrlə danışmışam. O deyir ki, ermənilər bizim qədim dostumuzdur, onlar 200-300 ildir bizimlə birgə yaşayırlar. Amma siz bizimlə yenicə dostlaşmısınız. Biz onları da ata bilmərik, amma sizinlə də dost olmaq istəyirik.

Yəni demək istəyirəm ki, bizim azərbaycanlıların öz yuvasından çıxaraq gedib ayrı-ayrı ölkələrdə məskunlaşması, ya biznes, ya elm, yaxud başqa sahələrdə yaxşı iş görməsi və həmin ölkələrdə Azərbaycan icmalarının yaranması Azərbaycan xalqı üçün çox lazımdır.

Siz burada, Avstriyada yaşayırsınız, iş görürsünüz. Arzu edirəm ki, işiniz daha da yaxşı olsun, daha çox pul qazanasınız, zəngin olasınız, yaxşı yaşayasınız, ancaq doğma Azərbaycan torpağı ilə həmişə bağlı olasınız və öz adət-ənənələrinizi heç vaxt unutmayasınız, burada bir olasınız.

Avstriyada məscidlərimiz var, onlardan istifadə edin. Amma ola bilər ki, burada məktəblər də açasınız, uşaqlarınıza alman dilindən əlavə, Azərbaycan dilini də öyrədin ki, onlar öz doğma dillərini unutmasınlar. Başqa işlər də görün. Azərbaycanın buradakı səfirliyi bu işləri görəcəkdir, amma bilin ki, dövlət müstəqilliyi əldə edibdir, gənc bir dövlətdir. Bu gənc dövləti isə yaralayıblar. Bəzi ölkələr ermənilərə kömək edib, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının bir qismini işğal ediblər. Biz müharibəni dayandırmışıq, sülh əldə etmək istəyirik. Bu isə çətin bir problemə çevrilibdir. Amma bilin, biz bu məsələni həll edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Bilin ki, indi sizin müstəqil dövlətiniz var, Azərbaycan dövlətinin bayrağı var. Bu, indiyə qədər heç vaxt olmayıbdır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan 188 ölkədən biri Azərbaycandır. Müstəqil bir dövlət kimi, müstəqil xalq kimi bizim hər yerdə səsimiz var.

Azərbaycan Respublikasının Prezidenti Avstriyaya rəsmi səfərə gəlib, bu mehmanxananın üstündə ölkəmizin bayrağı var. Hara gedirəmsə, görürəm ki, orada Azərbaycanın bayrağı dalğalanır.

İyulun 4-də mən Avstriya Respublikası Federal Prezidentinin Aparatına gəldim, gördüm ki, orada bizim bayrağımız asılıbdır. Federal Kanslerin sarayına, sonra parlamentə getdim, gördüm ki, həmin yerlərdə də Azərbaycan bayrağı var. Yaxud, Vyana, şəhər meriyasına getdim, meriyanın çox hündür binası var, onun üzərində Azərbaycanın çox böyük bir bayrağı dalğalanırdı. Bunları gördükcə mənim ürəyim dağa dönür. Niyə? Çünki əsrlər boyu öz dövlətçiliyindən, öz müstəqilliyindən məhrum olmuş Azərbaycan xalqı, milləti indi dünya birliyində öz yerini tutub, onun bayrağı var.

İyulun 4-də Avstriyanın Federal Prezidenti məni qarşılayanda Prezident sarayında hərbi orkestr Azərbaycanın dövlət himnini çaldı, mən baxdım ki, Avstriyanın hərbi orkestri Azərbaycanın dövlət himnini çox gözəl çaldı. Mən sonra Federal Prezidentə dedim ki, sizin orkestriniz Azərbaycanın dövlət himnini çox gözəl ifa etdi.

Bütün bunlar bizim qısa müddətdə - doqquz ildə əldə etdiyiniz nailiyyətlərdir. Bu nailiyyətlər get-gedə artacaq, genişlənəcəkdir. Ona görə də həm Azərbaycanın daxilində xalqımızın birliyi, həm də bütün ölkələrdə yaşayan soydaşlarımızın birliyi çox vacibdir.

Hər bir ölkədə yaradılmış Azərbaycan icması bir-biri ilə daha da yaxın, dost olsa, bir-birinə yardım etsə, necə deyərlər, şad günündə də, kədərli günündə də bir yerdə olsa, xalqımızın ayrı-ayrı ölkələrdəki icmaları daha da möhkəmlənəcək, inkişaf edəcəkdir.

Bağışlayın ki, indi mənim vaxtım qurtarır. Mən sizinlə çox danışa bilərdim, amma protokol nümayəndəsi gəlib dedi ki, mən beş dəqiqədən sonra başqa bir tədbirə getməliyəm. Ona görə də ürəyimdə sizə deyiləsi sözlərimin çox olmasına baxmayaraq, mən nitqimi bununla tamamlamaq istəyirəm.

Ancaq qısaca onu deyim ki, Azərbaycan dövləti, Prezidenti dünyanın hər bir yerində, ən uzaq guşəsində yaşayan azərbaycanlı haqqında düşünür, ona qayğı göstərir, hər bir soydaşımızın həm yaxşı yaşamasını, həm də yaxşı təhsil almasını ürəkdən arzulayır.

Burada sizin qaldırdığınız problemlər haqlı problemlərdir. Sizə çoxlu ədəbiyyat çatdırmaq lazımdır, bəli, bizim musiqiçilərimiz, incəsənət xadimlərimiz tez-tez gəlməlidirlər. Dediniz ki, müğənni Səkinə İsmayılova burada olub, Alim Qasımov gəlib Azərbaycanın gözəl muğamlarını burada oxuyubdur, özü də burada muğamlarımıza böyük həvəs göstərilibdir. Ancaq Azərbaycanda bizim gözəl müğənnilərimiz var, onlar Motsartı da, Bethoveni də, Ştrausu da, başqalarını da ifa edirlər. Azərbaycanda 100 ildir klassik opera var. Qərbin bütün klassik operaları ölkəmizdə tamaşaya qoyulubdur.

İndi müstəqil Azərbaycanda yaşayan millətimiz öz milli mənəvi dəyərlərini qoruyub saxlayaraq, eyni zamanda, ümumbəşəri dəyərləri, yəni Avropa dəyərlərini, inkişaf etmiş ölkələrin dəyərlərini bir-birinə birləşdiribdir. Azərbaycan dünyəvi dövlətdir. Xalqımız həm öz tarixi kökünə hörmət edir, həm də dünya mədəniyyəti səviyyəsindədir. Ona görə də biz dünyanın hər bir ölkəsinə gəlib, dövlət başçısı ilə baş-başa danışıb öz sözümüzü deyirik, fikrimizi ifadə edə bilirik və ölkəmizin mənafelərini qoruya bilirik.

Mən sizin hamınıza cansağlığı arzulayıram. Azərbaycanla əlaqələrinizi saxlayın, daimi edin. Tez-tez Azərbaycana gəlin. Burada, Avstriyada Azərbaycan icmasını daha da möhkəmləndirin. Sizə cansağlığı, səadət və hər birinizə uzun ömür arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 8 iyul 2000-ci il