Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin Baş naziri Qru Harlem Brundtlandın Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitqi - 24 aprel 1996-cı il


Hörmətli baş nazir xanım Brundtland, hörmətli parlament sədri, hörmətli xanımlar və cənablar! Mən sizi, bütün Norveç xalqını Azərbaycan xalqı adından, müstəqil Azərbaycan Respublikası adından səmimi qəlbdən salamlayıram. 

Ən öncə baş nazir xanım Brundtlanda məni Norveçə rəsmi səfərə dəvət etdiyinə görə və mənimlə birlikdə Norveçə gələn nümayəndə heyətinə böyük diqqət və qonaqpərvərlik göstərdiyinə görə səmimi qəlbdən təşəkkürümü bildirirəm. 

Mənim Norveçə səfərim və bu gün baş nazir xanım Brandtlandla apardığımız danışıqlar və imzaladığımız sənədlər müstəqil Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolunda böyük bir hadisədir, yeni bir mərhələdir. Biz bu gün imzaladığımız sənədlərə çox yüksək qiymət veririk və bunları Norveç-Azərbaycan əməkdaşlığının, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində çox gərəkli sayırıq. 

Azərbaycan öz dövlət müstəqilliyinin beşinci ilini yaşayır və bu beş il müddətində həm dünyada, həm də Azərbaycanın həyatında böyük dəyişikliklər baş vermişdir. Azərbaycanın dövlət müstəqilliyi və ölkəmizdə baş vermiş dəyişikliklər dünyada son illər gedən prpseslərlə və baş vermiş dəyişikliklərlə əlaqədardır. Sovetlər İttifaqının dağılması «soyuq müharibə»nin sona çatmasını təmin etdi və bununla əlaqədar dünya proseslərində yeni bir mərhələ başlandı. Bunun da bilavasitə nəticəsi olaraq keçmiş sovet respublikaları öz dövlət müstəqilliyini əldə etdilər. Azərbaycan da öz dövlət müstəqilliyini əldə etməsindən çox məmnundur. Biz bunu özümüz üçün tarixi nailiyyət hesab edirik. 

Məhz bu proseslərlə əlaqədar, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi nəticəsində bizim bugünkü görüşlərimiz mümkün olubdur və Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Dünya Birliyinə daxil olubdur, dünya ölkələri ilə faydalı əlaqələr yaradır. Norveçlə Azərbaycan arasında yaranmış və inkişaf edən əlaqələr məhz bu proseslərin məntiqi nəticəsidir. 

Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Norveç olmuşdur. Dörd il bundan öncə bizim üçün tarixi hadisə ilə əlaqədar Norveçin Azərbaycana, onun müstəqilliyinə göstərdiyi bu qayğıya görə təşəkkürümü bildirirəm. Bir daha qeyd edirəm ki, bu müddətdə Norveç ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edibdir. Biz bu gün bu əlaqələrin yüksək səviyyədə olduğunun şahidiyik. Biz Norveçlə əlaqələrimizə xüsusi fikir veririk, bu əlaqələr bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki Norveç dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir. Norveçdə demokratiya, iqtisadiyyat sahəsində böyük nailiyyətlər əİdə edilibdir. Norveçdə insan azadlıqları, söz azadlığı, vicdan azadlığı bərqərar olubdur. Bunların hamısı bizim üçün qiymətlidir. Biz bu təcrübədən istifadə etmək üçün Noryeç ilə Azərbaycan arasındakı əlaqələri çox dəyərli sayırıq.

Ölkələrimiz arasında əməkdaşlığın artıq konkret nəticələri var. Norveçin böyük neft şirkəti «Statoyl» Azərbaycana gələn ilk xarici neft şirkətlərindən biridir. 1994-cü ilin sentyabr ayında dünyanın böyük neft şirkətlərinin konsorsiumu ilə Azərbaycarı Dövlət Neft Şirkəti arasında imzalanmış və «Əsrin müqaviləsi» adlanan böyük neft müqaviləsində «Statoyl»un çox böyük payı və çox böyük yeri var. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarında yeni müştərək işlər görmək üçün biz «Statoyl» şirkəti ilə də danışıqlar aparırıq, birgə iş görürük. Güman edirəm ki, bunlar da öz müsbət nəticəsini verəcəkdir. Norveçin digər şirkətlərinin də Azərbaycana marağı və onların Azərbaycanda öz ofislərini açması bizim iqtisadi əlaqələrimizin sürətlə inkişaf etməsinə əyani sübutdur. 

Azərbaycan böyük neft ölkəsidir, qədim neft ölkəsidir. Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft keçən əsrin ortalarında Azərbaycanda, Bakıda çıxarılmağa başlanmışdır. Lakin buna baxmayaraq, Azərbaycan indi neft istehsalı sahəsində yeni texnologiyalardan istifadə etməyə çox ehtiyac duyur. Buna görə də Norveçin 70-ci illərdən başlayaraq dənizdə neft çıxarmaq sahəsində əldə etdiyi nailiyyətlər və yeni texnologiyanı tətbiq etməsi bizim üçün çox maraqlıdır. Ümidvaram ki, sabah Stavanger şəhərində mən yeni texnologiya ilə yaxından tanış olacağam və bizim neft sahəsində işləyənlər bu təcrübədən səmərəli istifadə etməyə çalışacaqlar. Bir sözlə, Norveç-Azərbaycan iqtisadi əlaqələrinin çox gözəl gələcəyi var və sizi əmin edirəm ki, biz bu əlaqələrin genişlənməsi üçün öz tərəfimizdən əlimizdən gələni əsirgəməyəcəyik. Eyni zamanda Norveç-Azərbaycan əlaqələrində biz Norveç xalqının, Norveç dövlətinin demokratiya sahəsində, iqtisadiyyatda islahatlar aparılması sahəsində, bütün müasir, mütərəqqi tədbirlərin həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməyə çalışırıq və çalışacağıq. 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmiz demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu yolu ilə gedir, iqtisadiyyatda bazar iqtisadiyyatı əsasında ciddi islahatlar aparır. Bizdə özəlləşdirmə proqramı qəbul olunub və həyata keçirilir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməyə çalışır. Ötən ilin noyabrında Azərbaycanın ilk demokratik konstitusiyası qəbul olunub və ilk dəfə demokratik prinsiplər əsasında respublika parlamentinə seçkilər keçirilibdir. Bundan başqa, digər demokratik islahatlar da aparılır. 

Sizin ölkəniz əsrin əvvəlində dövlət müstəqilliyini əldə edib və XX əsrin sonuna böyük nailiyyətlərlə gəlib çıxmışdır. Azərbaycan öz dövlət müstəqilliyini XX əsrin son onilliyində əldə edib və XXI əsrə demokratik, hüquqi dövlət kimi daxil olmaq istəyir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq. 

Hörmətli baş nazir, siz indicə nitqinizdə Azərbaycanda demokratik proseslərin inkişafı haqqında, gənc demokratiyanın ilk addımları haqqında xoş sözlər dediniz, bizim bu ilk addımlarımıza müsbət qiymət verdiniz. Bu, bizi ruhlandırır və əmin ola bilərsiniz ki, biz bu yolla daim gedəcəyik, bu yoldan heç vaxt dönməyəcəyik. İki gün bundan öncə biz Lüksemburqda Avropa Birliyiriə daxil olmaq üçün Avropa Birliyi ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzalamışıq. Bunu Azərbaycan Respublikasının müstəqilliyi üçün, ölkəmizdə demokratiyanın inkişafı üçün tarixi hadisə hesab edirik və yüksək qiymətləndiririk. Şübhəsiz ki, bizim gənc respublikamızın qarşısında çox böyük problemlər, çətinliklər və həlli ağır olan məsələlər var. Bizim üçün ən ağır, ən çətin məsələ, Ermənistan-Azərbaycan münaqişəsi və onun aradan qaldırılmasıdır. Bildiyiniz kimi, səkkiz ildir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerindən-yurdundan zorla çıxarılmış, didərgin salınmışdır. İndi onların əksəriyyəti çadırlarda çox ağır maddi vəziyyətdə yaşayır. 

Demək istəyirəm ki, böyük itkilərimizə baxmayaraq, Azərbaycana dəyən böyük maddi və mənəvi zərərə, zərbələrə baxmayaraq, biz bu münaqişəni sülh yolu ilə aradan qaldırmağa çalışırıq. Ermənistan ilə Azərbaycan arasında daimi sülh əldə etmək istəyirik. Bu məqsədlə bütün vasitələrdən istifadə edirik. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlardan səmərəli istifadə etməyə çalışırıq. Bunun üçün konstruktiv addımlar atırıq, təşəbbüslər göstəririk və əlimizdən gələn işləri görürük. Münaqişəyə son qoymaq üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır, işğal olunmuş ərazilər azad edilməlidir, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar və bu proseslə əlaqədar Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə Azərbaycan hazırdır. Məhz bu prinsiplər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpа olunması prinsipləri əsasında bizim regionda Ermənistanla Azərbaycan arasında daimi sülh yarana bilər. 

Biz bundan sonra da bütün istiqamətlərdə səylərimizi davam etdirəcəyik. Bildirmək istəyirəm ki, artıq iki ildir Ermənistan ilə Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş əldə olunubdur. Biz bu sazişə riayət edirik. Aprelin 21-də Lüksemburqda Ermənistan prezidenti Ter-Petrosyanla mənim aramda danışıqlar nəticəsində biz bəyan etdik ki, bundan sonra da Böyük Sülh Sazişi əldə olunanadək atəşkəs rejimini qoruyub saxlayacağıq. Biz ölkəmizdə sülh olmasını istəyirik. Biz regionumuzda sülh olmasını istəyirik. Biz dünyada sülh olmasını istəyirik. Biz separatizmin, terrorizmin əleyhinəyik və bundan sonra da bu mövqedən çıxış edəcəyik. Regionumuzda sülhə nail olmaq üçün, şübhəsiz, dünyanın sülhsevər dövlətlərinin köməyinə ehtiyacımız var. Bununla əlaqədar Norveçin bizim regiona, xüsusən Azərbaycana olan qayğısını və marağını mən yüksək qiymətləndirirəm və baş nazir xanım Brundtlandın nitqində irəli sürülən müddəaları məmnuniyyətlə qəbul edirəm. 

Qafqaz dünyanın mühüm bir regionudur. Ancaq indi Qafqaz münaqişə alovları içərisində yanır. Bu münaqişələrdən biri də Ermənistan-Azərbaycan münaqişəsidir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Norveç dövləti və Norveç hökuməti Qafqazda münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün bundan sonra da səy göstərəcəkdir. Hörmətli dostlar, siz Yer kürəsinin şimalındasınız, biz, Azərbaycan isə cənubundayıq. Ölkələrimiz arasında böyük məsafə var. Lakin XX əsrin sonunda bu məsafə ölkələriniz arasında sıx əlaqələr saxlamağa heç də mane olmur. İndiki əlaqələrimiz onu göstərir ki, biz bu əlaqələri bundan sonra da inkişaf etdirə bilərik. 

Hörmətli baş nazir, bizə göstərdiyiniz bu qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm, sizi, bütün Norveç xalqını əmin edirəm ki, azərbaycanlılar dostluğa sadiqdirlər və Norveç-Azərbaycan əlaqələrinin, dostluğunun gözəl gələcəyi var. 

Norveç xalqının şərəfinə, onun xoşbəxt gələcəyi şərəfinə badə qaldırıram. Norveç dövlətinə, Norveç hökumətinə onların qarşısında duran böyük vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Norveç hökumətinin baş naziri xanım Brundtlanda, Norveç hökumətinə, Norveç dövlətinə səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.