Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçə rəsmi səfəri (24-27 aprel 1996-cı il)


Norveçlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirən amillərdən biri kimi diqqəti cəlb edir. Hər iki ölkənin neft istehsalına malik olması bir çox sahələrdə maraqların vəhdət təşkil etməsilə müşahidə edilir. Bu ölkə ilə qarşılıqlı əlaqələrin formalaşaraq inkişafı da əsasən bu amillə bağlıdır.

24 – 27 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Norveçə səfər edib, Baş nazir Q.Brundtland, Stortinqin sədri K.Qrendal, Xarici İşlər naziri B.Qodal və Energetika və Sənaye naziri Y.Stoltenberq ilə görüşlər keçirib.

Bu görüşlərin nəticəsi kimi «Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq haqqında saziş» və eləcə də, imzalanmış digər sənədlər ölkələr arasında qarşılıqlı əlaqələrin hüquqi-normativ bazasını genişləndirib. Bu sənədlərin imzalanması iki neft ölkəsi arasında münasibətlərin rəsmi hüquqi-diplomatik əsası qoyulub.

Sənədlərin imzalanması mərasimindən sonrakı bəyanatında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qeyd edib: «Apardığımız danışıqlar və indi imzaladığımız sənədlər Norveç-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün böyük bir mərhələdir və bu, Azərbaycan Respublikası, xalqımız üçün tarixi bir hadisədir.»

Həmin səfər zamanı keçirilmiş görüşdə Norveçin Baş naziri Q.Brundtland bəyan edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həll olunmasına tərəfdardır. Bununla bağlı sülhməramlı qüvvələrin yaradılacağı təqdirdə Norveç burada iştirak edəcəkdir.

Həmçinin aprelin 24-də Heydər Əliyev Baş nazir Q. Brundtlandla görüşündə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlərdən bəhs edərkən bildirmək istəyirəm ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt zirvə toplantısında xanım Brundtlandın da fəal iştirakı ilə qəbul olunmuş qərardan sonra Minsk qrupu çərçivəsində, böyük dövlətlərin vasitəçiliyi ilə danışıqlar aparmağa və birbaşa dialoqlara başlamağa imkan xeyli artıb.

Səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müstəsna əhəmiyyəti olan aşağıdakı sənədlər imzalanıb:

1. «Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya». Oslo, 24 aprel 1996

2. «Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr 1994-cü ildə Bakıda imzalanan) həyata keçirilməsinə dair Protokol».

Səfər çərçivəsində Heydər Əliyev Stavanger şəhərinə olub və «Statoyl» şirkətinin Prezidenti Harl Norvinq ilə görüşüb. Heydər Əliyevin Harl Norvinq ilə görüşündə Norveç Dövlət Neft Şirkəti («Statoyl») ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərlərinin inşasında da tərəfdaş kimi iştirak etməsini nəzərdə tutan sənəd imzalanıb. 25 aprel 1996-cı ildə «Statoyl» şirkətinin Azərbaycan prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bildirib: «Statoyl» şirkəti Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ölkəmizlə iqtisadi əməkdaşlıq etmək istəyən dünyanın böyük şirkətlərindən respublikamıza birincilər sırasında gələn şirkətidir. Bunların hamısı Norveç-Azərbaycan əlaqələrinin, Norveç-Azərbaycan dostluğunun yaranması üçün çox böyük kömək olmuşdur.»

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 25-də Osloda mətbuat konfransında Norveç - Azərbaycan əlaqələrinin gələcək inkişafında bu səfərin əhəmiyyətli olacağını bildirib və mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Norveç dövləti ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin rəsmi səfəri Azərbaycan xarici siyasətinin uğurlu səhifələrindən biridir.