Azərbaycan Prezidenti şərəfinə Kiotoda prefektura və bələdiyyə idarəsi, şəhərin Ticarət-Sənaye Palatası adından təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 27 fevral 1998-ci il


Hörmətli cənab vitse-qubernator!

Hörmətli cənab vitse-mer!

Möhtərəm cənablar, dostlar!

Sizi ürəkdən salamlayıram və sizə, sizin simanızda isə qədim Kiotonun bütün sakinlərinə Azərbaycan xalqı, Azərbaycan Respublikası adından ən yaxşı arzularımı çatdırıram.

Bilirsiniz ki, mən sizin ölkənizə rəsmi səfərə gəlmişəm və bu, Azərbaycan Respublikası prezidentinin Yaponiyaya ilk rəsmi səfəridir.

Mən burada çox görüşlər keçirdim. Əlahəzrət imperator Akixito ilə mənim çox maraqlı və xöş görüşüm oldu. Mən baş nazir cənab Haşimoto ilə görüşdüm və danışıqlar apardım, söhbət etdim. Yaponiya hökumətinin bir çox üzvləri ilə, işgüzar dairələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərim oldu. Bu səfər tarixi əhəmiyyətə malikdir, çünki Yaponiya ilə Azərbaycan arasında bilavasitə münasibətlər yaradır. Onu nəzərdə tuturam ki, dünən baş nazir Haşimoto ilə biz çox mühüm hökumətlərarası, dövlətlərarası sənədlər imzaladıq.

Bilirsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini bu yaxınlarda - 1991-ci ildə, Sovetlər İttifaqı dağıldıqdan sonra əldə etmişdir. Biz dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər yaradırıq və bizim üçün çox mühümdür ki, Yaponiya ilə mehriban dostluq münasibətlərimiz sahmana düşmüşdür.

Dünən Yaponiyanın baş naziri cənab Haşimoto və Azərbaycan prezidenti Əliyev iki mühüm sənəd - ölkələrimiz arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat və Yaponiya ilə Azərbaycan arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladılar. Bizim üçün tarixi olan bu sənədlərdə gələcək fəaliyyətimizin və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin əsas prinsipləri və konkret istiqamətləri öz əksini tapmışdır.

Tokioda vaxtımın xeyli hissəsi Yaponiyanın ən iri şirkətlərinin nümayəndələri ilə, ölkənin işgüzar aləminin nümayəndələri ilə görüşlərə həsr edildi. Bu, bizim üçün çox əlamətdar və mühümdür. Bu, Yaponiya işgüzar dairələrinin Azərbaycana böyük maraq göstərdiklərini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük imkanları olduğunu nümayiş etdirir. Fərəh hissi ilə deyə bilərəm ki, Yaponiyanın bəzi ən iri şirkətləri artıq bizimlə əməkdaşlıq edir, Azərbaycanda işləyirlər. Bu səfərdən sonra belələrinin sayı artacaqdır, çünki biz bəzi şirkətlərlə sazişlər, müqavilələr bağladıq. Yaponiyanın altı iri şirkəti bizdə öz nümayəndəliklərini açmışdır.

Biz ölkələrimiz arasında dostluq və əməkdaşlığı daha da möhkəmlətməyin yaxşı bünövrəsini qoyduq.

Bu gün mən Yaponiyanın qədim paytaxtına - Kiotoya gəldim. Bu, mənim çoxdankı arzum idi. Mən Yaponiya, onun tarixi, qədim mədəniyyəti, ənənələri haqqında, o cümlədən Yaponiyanın qədim paytaxtı kimi Kioto şəhəri haqqında çox oxumuşam. Burada, bütün dünyada tanınan zəngin və çoxəsrlik tarixə, zəngin ənənələrə, son dərəcə zəngin dəyərlərə malik bu şəhərdə olarkən yapon xalqının çoxəsrlik tarixinə, mədəniyyətinə, adətlərinə və ümumən yer üzündə bəşəriyyətin inkişafı üçün onun gördüyü bütün işlərə öz dərin hörmətimi ifadə etmək istəyirəm.

Yaponiya qədim mədəniyyət və çox zəngin ənənələr ölkəsidir. Bu gün Yaponiya bütün dünyanın iqtisadi və elmi-texniki həyatında aparıcı yer tutan bir ölkədir. İkinci dünya müharibəsindən sonra yapon xalqı qısa bir tarixi dövrdə elmin, texnikanın, elmi-texniki tərəqqinin, iqtisadiyyatın inkişafında böyük sıçrayış etmiş və öz ölkəsini iqtisadi cəhətdən inkişaf etmiş aparıcı ölkələr sırasına çıxarmışdır. Həqiqətən, bu gün bunu deməyə hər cür əsas var ki, mühafizi Kioto olan Yaponiyanın qədim, zəngin mədəniyyəti ölkənin müasir həyatı - elmi ixtiralar, qabaqcıl, yüksək inkişaf etmiş texnika, iqtisadiyyat ilə çox gözəl uzlaşır. Məhz bunun sayəsində, Kiotoda keçmişə, qədim zamanlara xas xüsusiyyətlər müasirliklə gözəl uzlaşdığına görə o, dünyanın məşhur şəhəridir.

Sizin tarixinizə və görkəmli müasir nailiyyətlərinizə dərin ehtiramımı bildirirəm. Bunu öz gözlərimlə görmək və Kioto ilə az da olsa tanış olmaq üçün mən bu gün şəhərinizə gəlməyi qərara aldım.

Səmimi qəbula, qonaqpərvərliyə, bugünkü axşama görə sağ olun. Ümidvaram ki, bu qısa müddətdə Kioto ilə, Yaponiyanın, Yaponiya imperiyasının tarixi ilə, şəhərinizdəki bütün qədim mədəniyyət abidələri ilə tanış ola biləcəyəm.

Sizə, Kiotonun bütün sakinlərinə ən yaxşı arzularımı bildirir, cansağlığı, xoşbəxtlik, firavanlıq və sülh arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 29 fevral 1998-ci il