Azərbaycan Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının Federal Maliyyə Naziri Kasper Villinger ilə görüşdə söhbətindən - Davos, 28 yanvar 2000-ci il


Heydər Əliyev:  Hörmətli cənab Villinger!

Mən İsveçrəyə işgüzar səfərə gəlməyimdən çox məmnunam. Bura çox gözəl yerdir. Mən sizin ölkənin prezidenti ilə də görüşmüşəm. Mən beş il bundan əvvəl buraya gəlmişdim. Bir daha deməliyəm ki, sizin ölkəniz doğrudan da gözəldir və burada çox işlər görülübdür. Mən burada çoxlu görüşlər keçirirəm. Danışıqlar aparıram.

Kasper Villinger:  Cənab prezident, bir daha bildirirəm ki, Sizi burada görməyimdən çox məmnunam. Xatırlayıram ki, Azərbaycana səfərim zamanı da Sizinlə görüşmək şərəfi mənə nəsib olmuşdu. Mən o vaxt Sizinlə keçirdiyim çox maraqlı müzakirələri heç vaxt unutmuram. Siz 1995-ci ildə Davosda olarkən təəssüf ki, Sizinlə görüşə bilməmişdim. O vaxt mən İsveçrə Konfederasiyasının prezidenti idim. Ölkəmizdə bu vəzifədə olan adam hər il dəyişir.

Heydər Əliyev:  İsveçrə Konfederasiyasında belə bir sistemin mövcudluğundan məlumatım var. Təəssüf ki, siz prezident olanda sizinlə görüşməmişəm. Amma indi maliyyə naziri ilə də görüşmək mənim üçün xoşdur.

Kasper Villinger:  Səmimi sözlərinizə görə minnətdarlığımı bildirirəm. Yəqin ki, mən iki ildən sonra yenidən İsveçrə Konfederasiyasının prezidenti olacağam. O vaxt Sizinlə yenidən görüşərik. Əgər o zaman İsveçrəyə səfərə gəlsəniz, bizə daha böyük şərəf vermiş olarsınız.

Heydər Əliyev: Mən əminəm ki, Davos İqtisadi Forumu iştirakçı ölkələrin bütün sahələrdə əlaqələrinin sıxlaşdırılmasında mühüm rol oynayacaqdır. Azərbaycanın enerji ehtiyatlarının işlənilməsində respublikamız xarici dövlətlərlə geniş əməkdaşlıq edir. Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri barədə ötən ilin noyabrında İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə sazişlər imzalandı. Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələri möhkəmləndirməyə hazırdır.

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, islahatların həyata keçirilməsi sahəsində uğurlar qazanılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ölkəmiz üçün ən ağrılı problemdir. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ildə Lissabonda keçirilmiş zirvə görüşündə bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün əsas prinsiplər qəbul olunmuşdur. ATƏT-in o vaxtkı icraçı sədri, İsveçrə nümayəndəsi Flavio Kottinin o zaman verdiyi bəyanatı bir daha yüksək dəyərləndirirəm.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır. ATƏT-in İstanbul sammitində də bu barədə müzakirələr gedir. Sözsüz ki, bu gün Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişləndirilməsinə ehtiyac duyulur. Ey-Bi-Bi şirkəti respublikamızda fəaliyyət göstərir.

Kasper Villinger: Ümidvar olduğumu bildirirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyiniz ilə tezliklə öz həllini tapacaq, müstəqil Azərbaycan Respublikası dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.

Heydər Əliyev: Mən təəssüf edirəm ki, İsveçrə şirkətləri Dağlıq Qarabağda saat istehsal etmək, zərgərlik işləri görmək, bank təsis etmək cəhdlərindədir. Belə hallar yolverilməzdir.

Kasper Villinger: Mən həmin şirkətlərin bu hərəkətindən çox təəssüflənirəm. Bu barədə lazımi tədbirlər görəcəyik.