Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı mərasimində nitqi - 16 sentyabr 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün mən əvvəlcə sizi, Bakının gözəl guşəsinə toplaşmış ziyalıları, elm adamlarını səmimi qəlbdən salamlayıram və Azərbaycanda, Bakıda bu gün baş verən çox əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm. Bizim doğma ölkəmiz Azərbaycan öz təbii gözəlliyi ilə yanaşı, torpağımızın üzərində insanların, Azərbaycan xalqının yaratdığı memarlıq, heykəltəraşlıq abidələri ilə də gözəldir. Azərbaycan xalqının qədim adət-ənənələrinə görə bizim ölkədə, ümumiyyətlə, Şərq aləmində insan heykəli dəb olmayıbdır. Ancaq xalqımız inkişaf edib, dünya mədəniyyətinin gözəl nümunələrini öz həyatına tətbiq etməyə çalışıb, dünya mədəniyyətindən bəhrələnib və XX əsrdə Azərbaycan torpağında, Azərbaycanın paytaxtında çox qədim, gözəl, əzəmətli memarlıq abidələri ilə yanaşı, heykəltəraşlıq abidələri də yaranmışdır. Bu, bizim vətənimizin həyatını daha da zənginləşdirmiş, gözəlləşdirmişdir. Hesab edirəm ki, bu, çox gözəl bir ənənədir. Ona görə ki, heykəltəraşlıq abidələri, heykəllər adətən, insan yaşayan hər bir yeri abadlaşdırır, gözəlləşdirir. Bir də ona görə ki, bu abidələr Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinə, insanlarına, öz tarixinə, elminə, mədəniyyətinə, dövlətinə göstərilən hörmət və ehtiramı əks etdirir. Azərbaycanda, Bakıda XX əsrdə heykəllər daha çox yazıçılara, şairlərə, mədəniyyət xadimlərinə və bəzi hallarda ictimai-siyasi xadimlərə həsr olunmuşdur. Ancaq Azərbaycan xalqının qədim tarixində bəşər mədəniyyətinə ən böyük töhfələrindən biri xalqımızın istedadlı insanlarının yaratdığı elmi əsərlər, dünya elminə verdiyi töhfələr olubdur. Biz fəxr edirik ki, qədim zamanlarda, orta əsrlərdə Azərbaycan xalqının dünya şöhrətli görkəmli alimləri olubdur. Onlar dünya elmini, bəşər mədəniyyətini zənginləşdiriblər və eyni zamanda Azərbaycan xalqını tanıdıblar, adını ucaldıblar. Biz bu gün bütün Azərbaycan alimlərinin, elm adamlarının hamısını böyük hörmət və ehtiram hissi ilə xatırlayırıq və onların qoyduqları irsi, onların yaradıcılığını heç vaxt unutmayacağıq. XX əsrdə Azərbaycanın həyatında çox böyük hadisələr baş veribdir. XX əsr bəşər tarixində çox mürəkkəb, ziddiyyətli, böyük dəyişikliklər əsri olmuşdur, inqilablar, müharibələr, eyni zamanda elmin, mədəniyyətin sıçrayışla və sürətlə inkişaf etdiyi bir dövr olmuşdur. Biz XX əsri sona çatdıraraq ötən dövrə döğru-düzgün, ədalətli qiymət verməliyik. Yaxşıya yaxşı, pisə pis deməliyik. Azərbaycan xalqının da həyatında XX əsr bütün bu dəyişiklikləri özündə əks etdiribdir. Biz XX əsrdə başımıza gələn faciələri, itkilərimizi, verdiyimiz qurbanları kədərlə xatırlayırıq və heç vaxt unutmayacağıq. Bununla yanaşı, XX əsrdə Azərbaycan xalqının bütün bu çətin mərhələlərdən keçdiyi böyük tarixi yolu, əldə etdiyi nailiyyətləri və bu yüksək zirvələrə çatmasım da qiymətləndiririk. Güman edirəm, gələcək nəsillər də qiymətləndirəcəklər. XX əsrdə Azərbaycan elmi sürətlə inkişaf edibdir, Azərbaycan xalqı kütləvi surətdə savadlanıbdır. Azərbaycan xalqının elmə, mədəniyyətə, dünya sivilizasiyasına qovuşması üçün respublikamızda çoxsaylı məktəblər, universitetlər, elmitədqiqat ocaqları, institutlar yaranmışdır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaranması Azərbaycan elminin əldə etdiyi böyük nailiyyətləri bütün dünyaya nümayiş etdirmişdir. Biz bu gün fəxr edə bilərik ki, Azərbaycan xalqı XX əsrdə dünya elminə böyük töhfələr vermişdir. Azərbaycan ölkəsi elmlər ölkəsidir. Azərbaycan xalqı elmli, bilikli, yüksək təhsilli xalqdır. Bunlar da Azərbaycanın istedadlı insanlarının elmi axtarışları, elmi ixtiraları, böyük elmi əsərləri ilə dünyada tanınmışdır. Azərbaycanın həm alim, həm gözəl insan, həm ictimai-siyasi xadim kimi görkəmli simalarından biri Yusif Məmmədəliyevdir. Biz 1996-cı ildə Yusif Məmmədəliyevin 90 illik yubileyini ümumxalq bayramı kimi qeyd etdik. Bu, onun xidmətlərinə bugünkü nəslin verdiyi yüksək qiymətin rəmzi idi. Eyni zamanda bu yubiley mərasimləri Azərbaycan xalqının yüksək elminin dünyaya bir daha nümayiş etdirilməsi idi. Ona görə də bu, həm Yusif Məmmədəliyevin xatirəsinə həsr olunan mərasim idi, həm də Azərbaycan elminin bugünkü səviyyəsini dünyaya göstərən mərasim idi. Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yarat-maqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik. Bu gün Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş heykəlin, abidənin burada, Bakının mərkəzində, Elmlər Akademiyasının yanında ucaldılması da əsaslıdır və ədalətlidir. Çünki onun Azərbaycan elminin inkişafındakı xidmətləri və eyni zamanda Azərbaycan elminin təşkilində, bütün elmlərin mütəşəkkil inkişafındakı xidmətləri belə bir qərarı qəbul etməyə əsas vermişdir. Güman edirəm ki, bu abidə də, Yusif Məmmədəliyevin şəxsiyyətini, simasını əks etdirən bu heykəl də həm onun xatirəsinə həsr olunubdur, həm də Azərbaycan elminin inkişafına, keçmişinə və gələcəyinə həsr olunubdur. Bu, bizim insanlara bir də onu nümayiş etdirir ki, Azərbaycanda həmişə elmə hörmət olubdur, bu gün də hörmət var və gələcəkdə də hörmət olacaqdır. Özünü elmi axtarışlara, elmə həsr etmiş insanlar və bu gün, ölkəmizin mürəkkəb dövründə bütün çətinliklərə sinə gərərək elmlə məşğul olan insanlar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Mən bu fürsətdən istifadə edərək, ölkəmizin alimlərinə, elm xadimlərinə, bütün elm işçilərinə bir daha bəyan edirəm ki, Azərbaycanda elmin inkişafı bu gün də, gələcəkdə də dövlətin əsas qayğılarından biridir, biri də olacaqdır və daim dövlətin himayəsi altında olacaqdır. Bu gün Yusif Məmmədəliyevin xatirəsi ilə, bu heykəlin açılması ilə əlaqədar hamımızın buraya toplaşması Azərbaycanda elmə verilən qiymətdir və elm adamlarına göstərilən hörmətdir. Mən çox məmnunam ki, Yusif Məmmədəliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qəbul etdiyim qərar həyata keçirilibdir. Memarlar, heykəltəraşlar burada bu abidəni yaradıblar. Bakının icra hakimiyyəti və bu abidənin yaranmasında iştirak edən, sponsorluq edən bütün şirkətlər, təşkilatlar öz xidmətlərini göstəriblər. Yusif Məmmədəliyevin qızı burada çox gözəl çıxış etdi və bu abidənin yaranmasında iştirak edənlərin hamısına təşəkkürünü bildirdi. Mən Sevda Məmmədəliyevanın bu sözlərinə qoşuluram və bu abidənin yaranmasında iştirak edənlərin hamısına təşəkkürümü bildirirəm. Çox sağ olun. Sevda Məmmədəliyeva çıxış edərkən mən düşündüm, - o, həqiqətən atasının qızıdır. Çox gözəl, məzmunlu danışdigörünür ki, Yusif Məmmədəliyevin fitri istedadı onun övladlarında da öz əksini tapır. Güman edirəm ki, bu fitri istedad gələcək nəsillərdə də özünü göstərəcəkdir. Mən böyük məmnuniyyətlə sizinlə birlikdə bu mərasimdə iştirak edirəm. Məmnunam ki, gözəl Bakının, doğma paytaxtımızın bir güşəsi daha da gözəlləşdi, yeni yaraşıq aldı. Beləliklə də biz irəliyə gedirik, xalqımızı irəliyə aparırıq. Bakı şəhərini daha da gözəlləşdiririk və onun dünyanın ən gözəl şəhərləri sırasında olmasına çalışırıq. Mən sizə bir daha öz xoş arzularımı bildirirəm və sizi əmin edirəm ki, həm Azərbaycanın, həm də Bakının çiçəklənməsi naminə Azərbaycan dövləti bundan sonra da əzmlə çalışacaqdır. Sağ olun.