Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalq artisti Müslüm Maqomayevə təbrik məktubu - Bakı şəhəri, 17 avqust 2002-ci il


Əziz Müslüm!

Sizi - müasir mədəniyyətin görkəmli xadimini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və səadət arzulayıram.

Sizin yaradıcılığınız tariximizin bütöv bir dövrünün rəmzi olaraq, bütün dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanmış, bəşər mədəniyyətində hadisəyə çevrilə bilmişdir. Nadir səsiniz, məftunedici səhnə istedadınız, yüksək musiqi mədəniyyətiniz Sizə ifaçılıq sənətinin klassik opera və estrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir. Uzun illər keçsə də, həmin incilər bu gün də vokal ifaçılığın zərgər dəqiqliyi ilə cilalanmış gözəlliyi ilə ruhumuzu oxşamaqda davam edir.

İncə musiqi duyumunuz, müxtəlif xalqların və dövrlərin mədəni irsini yaradıcılığınızda əks etdirmək qabiliyyətiniz səhnəyə gəldiyiniz ilk günlərdən Sizi musiqi mədəniyyətinin pərəstiş olunan xadimlərindən birinə çevirmişdir. Siz, yaradıcılığınızda klassik ənənələrə xas olan nurlu və humanist obrazları qoruyub saxlayaraq, zamanın tələblərinə də layiqincə cavab verməyi bacarmısınız. Sizin müasir musiqi mədəniyyəti problemlərini özünüzə məxsus baxımdan əks etdirən yaradıcılığınız məhz təkrarsız Maqomayev üslubunda öz təcəssümünü tapmışdır. Bu üslub Azərbaycan Opera və Balet Teatrının səhnəsində olduğu kimi, Sizin tərəfinizdən yaradılmış Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin fəaliyyətində də özünü parlaq şəkildə büruzə vermişdir.

Sizin estrada, teatr və kinodakı çox şaxəli fəaliyyətiniz çoxları üçün məhəbbət, ümid və xeyirxahlıq ideallarını tərənnüm edən bütöv bir mənəvi aləmin ardıcıl olaraq təşəkkül tapmasına xidmət etmişdir. Bu ideallar Sizin bəstələdiyiniz musiqi əsərlərində də öz təcəssümünü tapmışdır. Günəşli Azərbaycanın şərəfinə bəstələdiyiniz mahnı ölkəmizi dünyaya tanıdan bir rəmzə çevrilmişdir.

Sizin bütün yaradıcılıq fəaliyyətiniz yüksək incəsənətə əsl xidmətin ən parlaq təzahürüdür. Görkəmli müğənni Tamara Sinyavskaya ilə ailə duetiniz 25 ildən artıqdır ki, pərəstişkarlarınızı sevindirir. Bizim hamımız üçün Sizin sənətiniz hələ kamilləşməkdə olan dünyamızda yekdilliyin təcəssümü olaraq qalmaqdadır.

Azərbaycan xalqı mədəniyyətimizin ən parlaq nümayəndəsi kimi Sizinlə haqlı olaraq fəxr edir. Ümidvaram ki, Sizin nadir istedadınız təşəkkülünün banilərindən biri də babanız böyük Müslüm Maqomayevin olduğu Azərbaycan professional musiqisinin inkişafına kömək edəcəkdir.

Ən xoş arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 avqust 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT