Yunanıstan səfiri Merkurios Karafotias etimadnaməsini qəbul edərkən Azərbaycan Prezidenti Heydər Əliyevinin söhbətindən - 6 dekabr 2000-ci il


Merkurios Karafotias: Zati-aliləri, cənab prezident!

Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım barədə etimadnaməmi Sizə təqdim etməkdən böyük şərəf duyuram. Həmçinin bu fürsətdən istifadə edərək Yunanıstan prezidentinin şəxsi salamlarını və ən xoş arzularını sizə yetirirəm.

Heydər Əliyev: Cənab səfir, mən Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm, sizə işlərinizdə uğurlar arzulayıram.

Yunanıstanın prezidenti cənab Konstantinos Stefanopulosun mənə çatdırdığınız salamına görə təşəkkür edirəm və rica edirəm ki, mənim də salamımı, ən xoş arzularımı ona çatdırasınız. Çox məmnunam ki, Yunanıstanın Azərbaycan ilə diplomatik əlaqələri səfirlik səviyyəsindədir. Yunanıstanın Azərbaycandakı səfirliyi ölkələrimizin əlaqələrinin inkişaf etməsi üçün indiyə qədər böyük xidmətlər göstəribdir. Biz bunu çox yüksək qiymətləndiririk. Ümid edirəm ki, siz bu işi daha da uğurla davam etdirəcəksiniz.

Əmin ola bilərsiniz ki, burada, respublikamızın bütün hakimiyyət orqanlarında sizə lazım olan yardımlar ediləcək və siz Azərbaycan xalqının qonaqpərvərliyini, sülhsevərliyini daim, hər addımda hiss edəcəksiniz.

Bir daha sizi təbrik edirəm və sizə uğurlar arzulayıram.

Heydər Əliyev: Siz səhv etmirəmsə, Yunanıstanın Azərbaycanda üçüncü səfrisiniz. Sizin ölkənin burada işləmiş səfirləri ilə bizim çox yaxşı əlaqələrimiz olubdur. O cümlədən, şəxsən mən də həmin səfirlərlə həmişə təmasda olmuşam, görüşmüşəm. Hesab edirəm ki, bu sahədə yaxşı ənənələr yaranıbdır.

Sizin səfirlik Azərbaycan-Yunanıstan mədəni və elmi əlaqələrinin inkişaf etdirilməsi üçün də bir çox yaxşı tədbirlər keçiribdir, təbiidir ki, başqa sahələrdə də çox işlər görübdür. Ümidvaram ki, siz bu işləri daha da uğurla həyata keçirəcəksiniz.

Merkurios Karafotias: Zati-aliləri, çox sağ olun.

Cənab prezident, mən Azərbaycanda səfir kimi fəaliyyətə başlamamışdan əvvəl biz Bakıdakı səfirliyimizi genişləndirmişik. İndi bizim səfirlikdə Azərbaycanda iqtisadi, kommersiya məsələləri ilə məşğul olan xüsusi nümayəndəmiz vardır. İndi səfirliyimizdə hərbi və mədəni məsələlərlə məşğul olan attaşelər də fəaliyyətə başlayıblar. Bu, onu göstərir ki, Yunanıstan Azərbaycan ilə əlaqələrinin genişləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Səfirliyimizin əməkdaşlarının sayı artdığına görə indi yerləşdiyimiz bina darısqallıq edir. Ona görə də biz daha yaxşı fəaliyyət göstərmək üçün yanvar ayından etibarən səfirliyin yeni binasına köçəcəyik. Ümidvarıq və əminik ki, əlimizdən gələni edəcəyik, bütün səylərimizi qoyacağıq ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr daha da yaxşılaşsın.

Cənab prezident, mənim Azərbaycana səfir təyin olunmağımla yanaşı, başqa bir məsələdə də bəxtim gətirmişdir. O da onunla əlaqədardır ki, mənim burada səfir kimi fəaliyyətə başladığım bu günlərdə, daha doğrusu isə yanvar ayının 1-dən etibarən Avropa Birliyində növbəti dövr üçün sədrliyi Yunanıstan həyata keçirəcəkdir.

Heydər Əliyev: Avropa Birliyində Fransadan sonra sədrliyi Yunanıstan həyata keçirəcəkdir?

Merkurios Karafotias: Bəli. Gələn il, yəni yanvarın 1-dən Avropa Birliyinə sədrlik etməkdən əlavə, başqa bir təşkilata da prezidentlik edəcəyik.

Zati-aliləri, mən Sizi əmin etmək istəyirəm ki, biz burada əlimizdən gələni edəcəyik, təkcə Yunanıstan ilə Azərbaycan arasında deyil, eyni zamanda Avropa Birliyi ilə də Azərbaycan arasında əlaqələr daha da möhkəmlənsin və inkişaf etsin.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən çox şadam ki, sizin ölkəniz Avropanın bu təşkilatlarında indi böyük işlər görməyə hazırlaşır. Təbiidir ki, bu sizin ölkəniz üçün çox nüfuzlu vəzifədir. Bundan hər bir ölkə xeyir gözləyir, o cümlədən biz də.

Mən bilirəm ki, bizim Avropa Şurasına qəbul olunmağımıza Yunanıstan tərəfdardır.

Vilayət Quliyev: Cənab prezident, Azərbyacanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması ilə əlaqədar son müzakirələrdə Yunanıstan nümayəndəsi tənqidi mövqe tutdu. Mən bunu səfirə demişəm. Dedilər ki, Azərbaycan yanvar ayına qədər hazır olmasa, biz Ermənistanı gərək birtərəfli qaydada dəstəkləyək.

Heydər Əliyev: Sən bunu onlara demisənmi?

Vilayət Quliyev: Bəli. Mən səfirə demişəm və xahiş etmişəm ki, öz xarici işlər nazirinə bunu çatdırsın.

Merkurios Karafotias: Cənab prezident, mən Sizin xarici işlər nazirinə də bu barədə məlumat vermişəm və Sizə də bildirirəm ki, bu məsələdə bir az anlaşılmazlıq olmuşdur. Yunanıstanın rəsmi mövqeyi belədir ki, biz Avropa Şurasına hər iki ölkənin eyni zamanda qəbul olunmasını dəstəkləyirik. Bizim Strasburqdakı nümayəndələrimizə də belə göstəriş verilmişdir.

Zati-aliləri, mən ölkənizdə səfir kimi fəaliyyət göstərdiyimə görə indi bu mənim üçün də maraqlıdır ki, məhz Azərbaycan da Avropa Şurasına üzv qəbul olunsun.

Mən ümidvaram və əminəm ki, yanvar ayının 17-də Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına biz Sizinlə bərabər şad olacağıq, sevinəcəyik və şənlənəcəyik. Bu, hamımız üçün çox böyük bir gün olacaqdır.

Heydər Əliyev: Təşəkkür edirəm. Məlumdur ki, Yunanıstanla Ermənistan arasında çox sıx dostluq əlaqələri vardır. Amma eyni zamanda, sizə də məlumdur ki, Ermənistanla Azərbaycan arasında münaqişə də vardır. Bu münaqişə də Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində yaranıbdır.

Məlumdur ki, Ermənistanın silahlı qüvvələri vaxtilə müəyyən səbəblərdən həm Dağlıq Qarabağı, həm də onun ətrafında olan bir çox Azərbaycan rayonlarını işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır.

Biz 1994-cü ildə müharibəni dayandırmışıq. Mən bu gün sizə bir daha bəyan edirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq lazımdır ki, bu məsələ daha da çox uzanmasın. Hesab edirəm ki, Yunanıstan bu sahədə öz xidmətlərini göstərə bilər. Birincisi, dost olduğunuza görə siz gərək Ermənistan haqqında düşünəsiniz ki, bu münaqişə təkcə Azərbaycan üçün zərərli deyildir, Ermənistan üçün də zərərlidir. İkincisi, bu münaqişənin sona çatması, Ermənistanla Azərbaycan arasında sülh yaranması, yəni Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Yunanıstan-Azərbaycan əlaqələrinin daha da müsbət istiqamətdə inkişaf etməsi üçün şərait yaradacaqdır. Ona görə də siz bu işlərdə maraqlı olmalısınız. Buna nail olmaq üçün daha bir pillə həm Azərbaycanın, həm də Ermənistanın eyni vaxtda Avropa Şurasına daxil olmasıdır. Mən ümid edirəm ki, sizin indi bu barədə verdiyiniz bəyanat özünü tamamilə doğruldacaqdır.

Merkurios Karafotias: Zati-aliləri, cənab prezident, təşəkkür edirəm.

Zati-aliləri, Siz doğru qeyd edirsiniz ki, bizim Ermənistanla yaxşı əlaqələrimiz vardır. Amma buna baxmayaraq, mən Sizə bildirmək istəyirəm ki, Dağlıq Qarabağ məsələsində biz həmişə Azərbaycanı dəstəkləmişik. Bu da ona görədir ki, Dağlıq Qarabağ məsələsi bizim üçün prinsip məsələsidir. Yunanıstanın rəsmi, prinsipial mövqeyi belə olubdur ki, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik və qaçqınların öz yurd-yuvalarına dönməsini istəmişik.

Zati-aliləri, biz gələcəkdə də bu mövqedə qalacağıq. Biz bu münaqişənin tezliklə həll olunması üçün imkanımız çərçivəsində olan bütün səyləri göstərməyə hazırıq.

Zati-alinizlə Ermənistan prezidenti arasında gedən danışıqlara da Yunanıstan ümidlə baxır və bu görüşlərin nəticəsində ümumi məxrəcə gəlməyin mümkün olacağını gözləyir. Amma bununla bərabər biz - Yunanıstan münaqişənin sülh yolu ilə həll edilməsi üçün nə töhfə verə biliriksə, onu etməyə hazırıq. Sizinlə tamamilə razıyam ki, Ermənistanın və Azərbaycanın Avropa Şurasına birgə qəbul olunması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə və sülh prosesinə ilk töhfə və yardım olardı.

Heydər Əliyev: Doğrudur, sağ olun.


"Azərbaycan" qəzeti, 7 dekabr 2000-ci il.