Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 9 iyun 1994-cü il


- Hörmətli prezident Türkiyə Cümhuriyyətinə qısamüddətli işgüzar səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

- Türkiyə ilə Azərbaycan bir-birinə çox yaxın, dost ölkələrdir. Azərbaycanın Türkiyə ilə dostluq və əməkdaşlıq haqqında müqaviləsi vardır və biz bu ölkə ilə müntəzəm əlaqə saxlayırıq.

1994-cü ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olarkən bir çox mühüm müqavilələr, sazişlər imzalamışıq və bunların həyata keçirilməsi ilə hər iki tərəf məşğul olur. Bu yaxınlarda mən Belçikaya səfərdən Bakıya dönərkən də bir necə saat Ankarada oldum. Türkiyənin rəhbərləri ilə görüşdüm, söhbətlər etdik, məsləhətləşmələr apardıq.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdiyi indiki şəraitdə, bizim vaxtaşırı görüşməyə, danışıqlar, məsləhətləşmələr aparmağa ehtiyacımız var. Ona görə də dostum, qardaşım Süleyman Dəmirəl məni Türkiyəyə dəvət edib. O, İstanbulda olduğu ucun rica edib ki, İstanbula gəlim, orada görüşərək əməkdaşlığımızın davam etməsi ilə əlaqədar bir sıra məsələləri müzakirə edək. Mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm.

- Hörmətli prezident, hazırda İstanbulda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında dəniz neft yataqlarının birgə işlənməsinə dair müqavilə bağlanması barədə danışıqlar gedir. Orada Şimali Atlantika Əməkdaşlıq Şurasının iclası da keçiriləcəkdir. Səfərinizin bu iki mühüm hadisə ilə əlaqəsi varmı?

- Xeyr, mənim səfərim həmin hadisələrlə əlaqədar deyil. Bu, sadəcə olaraq təsadüfdür. Əgər Türkiyə prezidenti Süleyman Dəmirəl bu gün Ankarada olsaydı, mən Ankaraya gedəcəkdim. Ancaq o, indi İstanbuldadır, ona görə də məni İstanbula dəvət etdi.

Qərb ölkələrinin neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında danışıqlar uc gündür ki, yenidən başlanıb. Bu danışıqlar lazımi səviyyədə davam edir. Hazırda bu işlərə mənim müdaxilə etməyimə ehtiyac yoxdur. Çünki respublika Dövlət Neft Şirkətinin nümayəndə heyəti İstanbula yola düşərkən mən onları qəbul etdim, ətraflı söhbət apardıq. Bu barədə Azərbaycanın prinsipial mövqeyi müəyyənləşib və nümayəndələrimiz də danışıqları bunun əsasında aparırlar.

Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirlərinin

iclasına isə Həsən Həsənov dəvət olunub. O, orada çıxış edəcək və bütün fikirlərimizi ŞAƏŞ-in iclasının iştirakçılarına çatdıracaqdır.

- Rusiya müdafiə nazirinin Bakıya səfərinin məqsədi barədə nə deyə bilərsiniz?

- Pavel Qraçovun Bakıya səfəri Qəbələdəki böyük əhəmiyyət kəsb edən hava hücumundan müdafiə qurğusu ilə əlaqədardır. Bu barədə bizim müəyyən danışıqlarımız olub. Mən Rusiyanın prezidenti Boris Yeltsinlə telefonla danışıq aparmışam. Həmin obyekt vaxtı ilə Sovet İttifaqının strateji raketlərdən mühafizə olunması ucun qurulmuşdur. Bunun indi Rusiya ucun böyük əhəmiyyəti var. Həmin qurğu hazırda istismar olunur, ancaq onun Azərbaycandakı statusu müəyyən deyil. Bir halda ki, həmin qurğu Azərbaycanın ərazisində yerləşir, deməli, Azərbaycana məxsusdur. Sovet İttifaqı iki il yarımdır dağılıb. Təəssüf ki, bu müddətdə məsələ həll olunmayıb. Yəni iki il yarımdır ki, qurğudan Rusiya yenə də istifadə edir, ancaq Azərbaycanın hüquqları müəyyən deyil. Ona görə də mən Rusiyanın prezidenti Boris Yeltsinin, müdafiə naziri Pavel Qraçovun qarşısında bu məsələni qaldırmışam. Pavel Qraçov da həmin məsələni müzakirə etmək ucun Bakıya gəlir.

Tarixi arayış