Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublika ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqi - Prezident sarayı, 30 yanvar 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi-qəlbdən salamlayıram və bu görüşümüzü özüm üçün çox qiymətli hesab edirəm. Xəstəliyimlə əlaqədar Türkiyədə müalicədə olduğum zaman sizin tərəfinizdən və bütün Azərbaycan xalqı tərəfindən mənə hədsiz qayğı, diqqət göstərilmiş, milli həmrəylik nümayiş etdirilmişdir. Bu qayğıya, diqqətə görə, mənə göstərilən bu hörmətə görə mən sizə, bütün Azərbaycan xalqına, vətəndaşlarına təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Mənim xəstələnməyim və müəyyən bir zaman müayinə, müalicə keçməyim respublikada və ölkəmizin hüdudlarından kənarda çox narahatlıq hissi doğurmuş və böyük maraq, diqqət cəlb etmişdir. Bu barədə - xəstələnməyimin səbəbləri haqqında mən Türkiyədə olarkən bir neçə məlumat vermişəm. Mənim bu barədə dediyim sözlər bizim televiziyada verilmiş və mətbuatda dərc olunmuş, ictimaiyyətə çatdırılmışdır.

Ancaq sizinlə bu gün görüşərkən bir daha qeyd etmək istəyirəm ki, mənim xəstələnməyim yanvarın 12-də, həftənin ikinci günü müşahidə olundu. Günün axırında işdə ikən məndə bədən hərarətinin qalxması hiss edildi. Amma keçmiş zamanlarda bəzi belə hallarda olduğu kimi, bu dəfə də mən buna fikir vermədim. Evə döndüm, aspirin qəbul etdim. Hesab etdim ki, bununla da keçib gedər. Ancaq görünür bu, çox ciddi bir virusdan meydana gəlmiş qrip idi. Bu, sonra məlum oldu, mən bunu bilmirdim. Ona görə də sonrakı günlər məndə narahatlıq, nasazlıq, hərarətin qalxması müşahidə edilirdi. Amma dediyim kimi, keçən zamanlarda da bəzi hallarda belə olubdur, mən bunlara heç vaxt fikir verməmişəm, müalicə etməmişəm və işimi davam etdirmişəm.

Beləliklə, mən həftənin axırına qədər bu vəziyyətdə işlədim. Həftənin beşinci gününün axırında bu barədə özümü çox narahat hiss etdim. Axşam saat 10-da işi bitirib evə qayıtdım. Gördüm ki, çox narahatam. Ona görə də hərarətimi ölçdüm, gördüm ki, hərarətim çox yüksəkdir. Mən belə hallarda, adətən, aspirin qəbul edirəm. Hesab etdim ki, yenə də aspirinlə hərarətimi aşağı salmaq olar. Yəni mən bunlara fikir verməmişəm, bu dəfə də fikir vermədim. Ancaq həftənin altıncı günü gördüm ki, vəziyyətim ağırlaşır. Ona görə də sizə məlum olan müşavirəyə - ölkəmizdə əhalinin siyahıyaalınması ilə əlaqədar həftənin altıncı günü saat 2-yə təyin etdiyim müşavirəyə gələ bilmədim. Yenə də hesab etdim ki, bir gün evdə qalaram, bu keçib gedər. Ancaq təəssüflər olsun ki, bu, belə olmadı. Hərarətim çox qalxdı və bu, şiddətli öskürəklə müşayiət olunurdu. Həftənin altıncı günü, yanvarın 16-da axşam bu - həm yüksək hərarət, həm də davamlı öskürək məni çox gərgin bir vəziyyətə gətirdi.

Beşinci günün axırında, axşam mən həkimə müraciət etdim. Belə müəyyən edildi ki, aspirinlə keçinmək olar. Ancaq mən həmin gecəni çox ağır öskürəklə keçirdiyimə görə altıncı gün səhər həkimə müraciət etdim. Mənə antibiotik iynəsi vurdular. Amma görünür, biz vaxtı itirmişdik. Hərarətim qalxdı və günün axırında çox gərgin bir vəziyyət əmələ gəldi. Beləliklə, həftənin altıncı günündən yeddinci gününə, yanvarın 16-dan 17-nə keçən gecə çox gərgin bir vəziyyət oldu. Bu vəziyyətdən xəbər bilən Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli cənab Süleyman Dəmirəl dərhal iki təyyarə ilə iki həkim qrupu göndərdi. Onlar səhərə yaxın gəldilər, baxdılar.

Ancaq o vaxt mənim vəziyyətim normallaşmışdı. Onlar təklif etdilər ki, belə bir hadisədən sonra mütləq müayinə və müəyyən müalicə olmalıdır. Mən isə həmişə olduğu kimi, hesab etdim ki, buna ehtiyac yoxdur, artıq müəyyən qədər normal vəziyyətdəyəm. Onlar təklif etdilər ki, mən Türkiyəyə gedim. Mən buna razı olmadım və bundan xəbər tutan prezident Süleyman Dəmirəl mənə telefon etdi, çox təkidlə məni Türkiyəyə dəvət etdi. Mən bu dəvəti qəbul etdim. Yanvarın 17-də iqamətgahda Təhlükəsizlik Şurasının iclasını keçirdim, lazımi tapşırıqları verdim və günün axırına yaxın Ankaraya uçdum. Sizə məlumdur ki, orada məni qarşıladılar və Tibb Akademiyasının Gülhanə xəstəxanasında yerləşdirdilər. Həmin axşamdan mənim həm müayinəm, həm də müalicəm başlandı və bu, yanvarın 29-da bitdi. Yəni mən yanvarın 29-da xəstəxanadan çıxdım. Prezident, hörmətli Süleyman Dəmirəl təklif etdi ki, bir gün onun qonağı olum, ondan sonra Bakıya qayıdım. Beləliklə, mən iqamətgaha getdim, biz axşam orada görüşdük, prezident Süleyman Dəmirəllə çox ətraflı söhbətlər etdik. Yanvarın 30-da səhər mən vətənə, Bakıya gəldim. Mənim xəstəliyimin əsas məzmunu budur.

Türkiyədə məni ən çox müalicə yox, müayinə edirdilər. Çox təəccübləndilər, - onlara dedim ki, son 9 ildə mən heç bir həkim nəzarəti altında olmamışam, mənim şəxsi həkimim olmayıbdır, heç bir tibbi müayinədən keçməmişəm. Baxmayaraq ki, yəqin buna ehtiyac olubdur. Belə bir şəraitdə yaşayan adam - mən elə hesab etmişəm ki, bədənim çox sağlamdır, enerjim çoxdur. Allaha şükür olsun ki, siz bunları görürdünüz. Ona görə də əgər həkimə ehtiyacım yoxdursa, nəyə lazımdır ki, mənim daimi həkimim olsun. Baxmayaraq ki, Moskvada yaşayıb işləyərkən, - həm vəzifədə olarkən, həm də vəzifədən getdiyim dövrdə - mənim səhhətimi müşahidə edən xüsusi həkimim var idi. Ancaq birincisi, 1990-cı ildə mən Azərbaycana dönəndən, Naxçıvana gedəndən sonra bu, praktiki olaraq mümkün deyildi. İkincisi, normal yaşadığıma, çox gərgin bir şəraitdə işlədiyimə və heç bir xəstəliklə rastlaşmadığıma görə belə hesab etmişdim ki, bundan sonra həkimə müraciət etmək, yaxud müayinədən keçmək mənim üçün lazım deyildir.

Buna görə də Türkiyədə həm həkimlər, həm də əziz dostum, qardaşım prezident Süleyman Dəmirəl məni çox qınadılar. Hətta təəccüb etdilər ki, necə ola bilər, 9 ildə heç bir müayinədən keçməyəsən, həkim nəzarətində olmayasan. Mən anladım ki, səhv buraxmışam. Ancaq olan-olub, keçən-keçibdir. Türkiyədəki Gülhanə xəstəxanasında məni qısa müddətdə yaxşı müalicə etdilər. Mənim üçün ən əsas odur ki, tam müayinədən keçirdilər. Müayinənin o tərəfi mənim üçün vacibdir ki, indi səhhətimin hansı vəziyyətdə olduğunu bilirəm. Digər tərəfdən, mən 10 il bundan əvvəl Moskvada müayinədən keçmişdim, onu keçdim. İndi tibb cihazları, alətləri də, bəzi tibb qanunları da, insan orqanizminə baxış da çox dəyişilibdir. Bunlar hamısı Türkiyədəki yüksək səviyyəli Gülhanə Tibb Akademiyasında müəyyən olundu. Bu, mənim üçün çox əhəmiyyətlidir.

Bunların nəticəsi ondan ibarətdir ki, indi mənim səhhətim çox yaxşıdır. Həkimlərin dediyinə görə, orqanizmim çox möhkəmdir. Ona görə də belə bir ağır şərtlər içərisində bu illərdə yaşayıb və dözübdür, mənim bundan sonra da fəaliyyətim, yaşayışım üçün daha gözəl şərait yaradır.

Siz yəqin televiziya vasitəsilə bunların hamısını hər gün görürdünüz ki, Türkiyə Cümhuriyyətində mənə böyük qayğı və diqqət göstərilirdi. Bu qayğı, diqqət və dostluq münasibətini birinci növbədə Türkiyənin prezidenti, Azərbaycan xalqının dostu, şəxsən mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl göstərirdi. Eyni zamanda, Türkiyənin dövlət və hökumət orqanlarının, Böyük Millət Məclisinin rəhbərləri mənə çox böyük diqqət, qayğı göstərirdilər. Təkcə onlar yox, ümumiyyətlə, Türkiyə xalqı, vətəndaşları da mənə çox diqqət və qayğı göstərirdilər.

Şübhəsiz, bu diqqət, qayğı həm şəxsən mənə olan münasibətdən irəli gəlir, həm də ki, Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının əsasında yaranan bir qayğı, münasibətdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu günlər bir daha sınaqdan keçdi. Ölkəmizə, Türkiyə Cümhuriyyətinə, bütün dünyaya bir daha nümayiş etdirdi ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı çox yüksək səviyyədədir, dəfələrlə dediyim kimi, bu dəfə də həmin sözləri işlədirəm ki, əbədidir, sarsılmazdır.

Mən bu qardaşlıq qayğısına, diqqətə, müstəqil Azərbaycana göstərilən bu qayğıya, münasibətə və mənim səhhətimin yoxlanması, müalicə edilməsi üçün həyata keçirilən bütün tədbirlərə görə Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli cənab Süleyman Dəmirələ, Türkiyə hökumətinə, Böyük Millət Məclisinə, Türkiyə xalqına, vətəndaşlarına hədsiz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu hadisə ilə əlaqədar məni çox sevindirən hal bir də ondan ibarətdir ki, mən Türkiyədə tibbin, səhiyyənin çox yüksək səviyyədə olduğunu gördüm. Tibb Akademiyasının Gülhanə xəstəxanasında çox zəkalı, böyük təcrübəyə malik olan həkimlər, alimlər, səhiyyə işçiləri çalışırlar. Bu xəstəxananın 100 illik tarixi vardır. Ötən 100 il ərzində bu xəstəxana böyük inkişaf dövrü keçirmiş, indi demək olar ki, dünya tibbinin ən yüksək zirvələrində durur. Bu, birinci növbədə həmin Tibb Akademiyasında, xəstəxanada toplaşmış alimlərin, həkimlərin yüksək zəkasından irəli gəlir. Eyni zamanda, bu, xəstəxananın müasir tələblərə uyğun tibb cihazları, alətləri ilə təchiz edilməsi ilə bağlıdır.

Xəstəxanada Tibb Akademiyasının komutanından tutmuş, lap adi işçilərə qədər hamısı mənə hədsiz qayğı, diqqət, çox mehribanlıq, dostluq münasibətləri göstərmişlər. Mən bu sözləri xəstəxanadan çıxarkən orada da dedim. Amma bu diqqətə, qayğıya, gözəl tibbi müayinəyə və mənə göstərilən müalicə tədbirlərinə görə Türkiyə Cümhuriyyətinin Tibb Akademiyasına, Gülhanə xəstəxanasına, akademiyanın rəhbərliyinə, bütün yüksək səviyyəli həkimlər kollektivinə, xəstəxananın bütün kollektivinə bu gün Azərbaycanda, Bakıda bir daha təşəkkürümü və minnətdarlığımı bildirirəm, bu xəstəxanaya, Tibb Akademiyasına gələcəkdə böyük uğurlar arzulayıram.

Prezident cənab Süleyman Dəmirəl və Tibb Akademiyasının həkimləri, alimləri, professorları bu son 10 il içərisində həkimsiz, həkim müayinəsiz yaşadığıma görə məni qınayaraq və buna çox təəccüblənərək, eyni zamanda çox ciddi təklif irəli sürdülər ki, bundan sonra belə şəraitdə yaşamaq, işləmək olmaz. Bildirdilər ki, hər ölkənin prezidenti, dövlət başçısı birinci növbədə tibbi, həkim nəzarəti altında olmalıdır. Ona görə yox ki, o xəstədir, yaxud xəstə deyildir. Ona görə ki, - onların sözləri ilə desək, - ölkənin ən birinci adamıdır və ona daha da çox diqqət, qayğı göstərilməlidir. Mən elə bilirəm ki, bunlar düz fikirlərdir. Çalışacağam ki, bu tənqiddən və çox dəyərli fikirlərdən özüm üçün nəticə çıxarım. Yəqin ki, lazımi tədbirlər görmək də vacibdir.

Mən Türkiyədə olduğum zaman Azərbaycan vətəndaşlarından və dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarından, ictimai, siyasi xadimlərdən, ayrı-ayrı şəxslərdən çoxsaylı məktublar, teleqramlar almışam. Onlar bilavasitə Ankaraya gəlibdir. Çoxsaylı telefon zəngləri də gəlibdir. Onlar bilavasitə Ankaraya, eyni zamanda Bakıya, Prezident sarayına gəlibdir.

Türkiyədəki həmin xəstəxanada məni ziyarət etmək tam qadağan edilmişdi. Ancaq prezident Süleyman Dəmirələ, hökumət, dövlət başçılarına buna icazə verilmişdi. Amma məni ziyarət etmək istəyənlər çox idi. Ziyarət edənlər üçün isə orada sadəcə belə bir adət var: onların gətirdiyi güllər, arzuları, məktubları oradakı müəyyən bir yerdə qəbul olunur. Mənə hər gün çatdırırdılar ki, məni ziyarət edən çoxsaylı adamlar gətirib buraya gül-çiçək dəstələri vermişlər, öz arzularını, istəklərini bildirmişlər. Bütün bunlar barədə məlumatı mənə hər gün çatdırırdılar, bildirirdilər. Amma mənimlə görüş tam məhdudlaşdırılmışdı. Onların dediyinə görə bu, xəstəxananın xüsusi rejimidir və şübhəsiz ki, bu rejimə tabe olmaq lazımdır. Azərbaycandan çoxları oraya gəlmək istədilər. Bir neçə adam gəlib orada bir neçə gün mənimlə görüşmək əzmində oldular. Ancaq həkimlər buna icazə vermədilər. Ona görə də oraya gəlib mənimlə görüşmək istəyən adamlardan üzr istəyirəm. Bu, tamamilə üzrlü səbəbdən olmuşdur.

Eyni zamanda, Azərbaycan vətəndaşlarından Türkiyənin prezidenti, hörmətli cənab Süleyman Dəmirələ və Türkiyənin Tibb Akademiyasının Gülhanə xəstəxanasına çoxsaylı minnətdarlıq teleqramları, məktubları göndərilmişdir. Mənə qayğı, diqqət göstərənlərin hamısına - həm xarici ölkələrin dövlət və hökumət başçılarına, ictimai-siyasi xadimlərinə, ayrı-ayrı vətəndaşlarına, həm də Azərbaycanın vətəndaşlarına, dövlət orqanlarına, ictimai orqanların hamısına bu qayğıya, diqqətə görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Prezident Süleyman Dəmirəl və Tibb Akademiyasının rəhbərliyi onlara gələn məktublardan, teleqramlardan çox məmnundurlar. Bunların hamısı bir daha onu göstərdi ki, bizim xalqımız Türkiyə Cümhuriyyətinə, xalqına nə qədər dərin hisslərlə bağlıdır. Bizim ölkəmizə, xalqımıza, Azərbaycana göstərilən qayğıya görə də insanlar öz qəlblərindən gələn hissiyyatları dərhal bildirirlər.

Yanvarın 30-da Azərbaycana dönərkən məni minlərlə, on minlərlə, yüz minlərlə adam Bakıda, hava limanında, sonra da iqamətgaha gələnə qədər salamlayırdılar, alqışlayırdılar və öz münasibətlərini göstərirdilər. Bu, çox həyəcanlı gün idi. Belə başa düşürəm ki, bu, təkcə mənim üçün yox, eyni zamanda bütün Azərbaycan vətəndaşları üçün belə idi. Mən sonra televiziya ilə də gördüm ki, təkcə Bakıda yox, Azərbaycanın bütün şəhərlərində, rayonlarında, yaşayış məntəqələrində buna çox həyəcanlı, mehriban, istiqanlı münasibət göstərilmişdir. Bunlara görə mən bütün Azərbaycan vətəndaşlarına və məni qarşılayanların hamısına səmimi-qəlbdən təşəkkür edirəm. Eyni zamanda, yəqin onu da qeyd etmək lazımdır ki, mənim xəstələnməyim ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da böyük narahatlıq hissi doğurmuşdur. Bu münasibətlə gələn məktublar, teleqramlar, edilən telefon zəngləri bunu aşkar göstərir.

Mən orada düşünürdüm, - ölkələr var ki, dövlət, hökumət başçısı xəstələnir də, istirahətə də gedir, müalicə də olunur. Bunlar hamısı təbii haldır. Ancaq mənim bu müddətdə - mən 1993-cü ildən burada işləyirəm - cəmisi bir dəfə xəstələnməyim, nədənsə, dərhal böyük narahatlıq, həyəcan doğurmuşdur. Mən gördüm ki, insanlar doğrudan da çox böyük həyəcan hissi ilə yaşayırlar. Düşündüm ki, nə üçün? Ola bilər, ona görə ki, mən heç vaxt xəstələnməmişəm, işdən ayrılmamışam. İnsanlar hesab edirlər ki, Heydər Əliyev belə işləməlidir və o heç vaxt xəstələnməməlidir. Təbiidir, mənim obrazımın bu cür təsvir edilməsindən məmnunam. Ancaq o da təbiidir ki, insan xəstələnə də bilər, insan istirahət də etməlidir. Yenə də deyirəm, yəqin bu da mənim günahımdır, - mən cəmiyyəti buna öyrətmişəm ki, Heydər Əliyev daim işləyir, heç vaxt xəstələnmir.

Bu həqiqətdir ki, mən son illər - həm Naxçıvanda, həm də Bakıda olarkən daim fasiləsiz işləmişəm, bir gün də istirahət etməmişəm. Bir bazar günü tapmaq mümkün deyildir ki, mən işdə olmayım. İl ərzində işlə məşğul olan hər bir adam istirahət etməlidir. Mən özümü bu istirahət hüququndan tam məhrum etmişəm. Görünür, bu da mənim səhvimdir. Təkcə özümə görə yox, mən istirahətsiz və fasiləsiz işlədiyimə görə mənim ətrafımda rəhbər vəzifədə işləyən şəxslərdə də - onların əksəriyyəti burada, bu salondadır - istirahət götürməyiblər, istirahətsiz, fasiləsiz işləyiblər. Beləliklə, mən nəinki özümə qəsd etmişəm, hətta ətrafımda yüksək vəzifədə işləyən insanların da, sizin səhhətinizə qəsd etmişəm. Mən indi artıq bunu anlayıram, dərk edirəm və sizə söz verirəm ki, həm özümün iş, istirahət rejimimi qaydaya salacağam, istirahət hüquqlarından istifadə etməyə çalışacağam və beləliklə, sizin üçün də belə şəraitlər yaranacaqdır.

Görürsünüz, hər bir mənfi hadisənin müsbət tərəfləri də vardır. Bu da ondan ibarətdir ki, biz özümüz üçün - həm mənim, həm də sizin üçün iş rejimini gələcəkdə daha düzgün müəyyən edə biləcəyik.

Mən Azərbaycan vətəndaşlarının xəstələnməyimlə əlaqədar narahatlığını və həyəcanını anlayıram, yüksək qiymətləndirirəm və bunu mənə olan münasibət, hörmət, məhəbbət kimi izah edirəm. Bununla yanaşı, mənim xəstələndiyim zamandan müalicəni qurtarıb gələnə qədər olan dövr cəmiyyətimiz üçün bir neçə şeyləri bir daha nümayiş etdirdi. Birinci ondan ibarətdir ki, bu zaman, bu günlər Azərbaycan xalqının, vətəndaşlarının əksəriyyətinin Azərbaycan dövlətçiliyini, Prezidentini dəstəklədiyini göstərdi. Azərbaycan dövlətinin xarici və daxili siyasətinin dəstəklənməsini yenidən nümayiş etdirdi. Azərbaycan dövlətinin, hökumətinin həyata keçirdiyi tədbirlərin dəstəklənməsini nümayiş etdirdi. Eyni zamanda, xalq ilə, Azərbaycan vətəndaşları ilə Azərbaycan dövlətinin, prezidentinin sıx həmrəyliyini, birliyini bariz şəkildə nümayiş etdirdi.

Şübhəsiz ki, belə hallarda sevinənlər, yaxud da belə bir hadisədən öz şəxsi məqsədlərinə nail olmaq üçün istifadə etmək cəhdləri göstərənlər də olur. Bu təbiidir, bundan narahat olmaq lazım deyildir. Mətbuatdan və gələn başqa məlumatlardan belə hallar mənə məlumdur. Ancaq bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, belə hallar sırf azlıq təşkil edir. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının, vətəndaşlarının tam əksəriyyəti Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin ətrafında bu günlər daha da sıx birləşmişdir. Bu birliyə, həmrəyliyə görə bir daha, bir daha təşəkkür edirəm. O dövrdə yaranmış vəziyyətdən öz şəxsi məqsədlərinə, siyasi ambisiyalarına görə istifadə etməyə cəhd göstərən adamlara isə bu birlik və həmrəylik yaxşı dərsdir.

Qeyd etdiyim kimi, mən ayın 17-də Bakıdan gedərkən Təhlükəsizlik Şurasının iclasını topladım, bir neçə məsələləri müzakirə etdik, lazımi tədbirlərin görülməsi qərara alındı, lazımi göstərişlər verildi. Bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, mənim Azərbaycanda olmadığım dövrdə bütün hakimiyyət orqanları - dövlət, hökumət, Milli Məclis - hamısı çox ahəngdar, normal işləyibdir. Azərbaycan dövlətinin, hökumətinin, hakimiyyətinin qarşısında duran bütün vəzifələr vaxtlı-vaxtında yerinə yetirilibdir.

Qeyd etdim ki, mən xəstəxanada olarkən daim Bakı ilə əlaqədə idim. Lazım olan məsələlər mənə məruzə edilirdi, birlikdə müzakirə olunurdu və lazımi tədbirlər görülürdü, mənim tərəfimdən lazımi göstərişlər verilirdi. Ona görə, mən cismən ölkəmizdən kənarda olsam da, daim iş başında olmuşam, işlə məşğul olmuşam. Məlumdur ki, mənim burada olmamağım müəyyən çətinliklər yarada bilərdi. Amma sevindirici hal odur ki, hakimiyyət orqanlarının hamısı çox normal, öz ritmində işləmişdir və bu müddətdə respublikada hər şey normal vəziyyətdə olmuşdur.

Ən əsası odur ki, son illər Azərbaycanda bizim yaratdığımız ictimai-siyasi sabitlik qorunub saxlanmışdır və bu günlər o sabitliyi poza biləcək heç bir hadisə baş verməmişdir. Demək, bizim bir neçə il bundan öncə nail olduğumuz ən əsas şərt - Azərbaycanda müstəqilliyi, dövlətçiliyi qoruyub saxlamaq üçün, Azərbaycanda iqtisadi islahatları, sosial, siyasi islahatları həyata keçirmək üçün yaratdığımız ictimai-siyasi sabitlik dönməz olubdur və o günlərdə bu, bir daha nümayiş etdirildi.

İqtisadiyyat normal inkişaf edibdir. Dünən biz Təhlükəsizlik Şurasında yanvar ayının ilkin yekunlarını dinlədik və bir neçə məsələləri müzakirə etdik. Mən çox böyük iftixar hissi ilə qeyd edirəm ki, son aylarda dünyanın bir çox ölkələrində, xüsusən bizim yaxın qonşularımızda - Rusiyada və Müstəqil Dövlətlər Birliyinə daxil olan digər ölkələrdə baş vermiş maliyyə böhranının qarşısını biz Azərbaycanda ala bilmişik. Bu, şübhəsiz, asan iş deyildir.

Nəyə görə bizim ətrafımızda hər yerdə böhrandır, amma burada böhran yoxdur? Bu, avtomatik əldə olunan nailiyyət deyildir, son illərdə bizim iqtisadiyyat sahəsində, maliyyə-kredit sahəsində ardıcıl surətdə həyata keçirdiyimiz tədbirlərin nəticəsidir. Eyni zamanda bu böhranlar baş verərkən, xüsusən Rusiyada böhran baş verərkən onun Azərbaycanda qarşısının alınması üçün bilavasitə həyata keçirdiyimiz tədbirlərin nəticəsidir. Buna görə də Azərbaycanda iqtisadiyyat yanvar ayında da dinamik inkişaf edibdir. Bütün qonşu ölkələrdən fərqli olaraq, inflyasiyaya yol verilməyib, Azərbaycanın milli valyutasının - manatın dəyəri sabitdir. Ətraf ölkələrdəki maliyyə böhranına görə mümkün ola biləcək inflyasiyanın qarşısı gördüyümüz tədbirlər nəticəsində alınıbdır.

Bu, çox böyük və yüksək nailiyyətdir. Düzdür, bədxahlar, Azərbaycanın iqtisadiyyatını pis vəziyyətdə görmək istəyənlər, yaxud da Azərbaycanı o dərin böhrana qatmaq istəyənlər mətbuatda, başqa yerlərdə "Azərbaycanın iqtisadiyyatı bərbad vəziyyətdədir" nə bilim, "xalq səfalət içindədir" kimi yalan, yanlış, böhtançı, qərəzli fikirlər deyirlər. Bizim indiki mətbuat azadlığı bunların müxtəlif qəzetlərdə dərc olunmasına imkan veribdir. Ancaq onlar yəqin dərk edirlər ki, dedikləri boş danışıqdır. Amma son illərdə Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi - ümumi daxili məhsulun ilbəil artması, sənaye istehsalının, kənd təsərrüfatı istehsalının artması və bunların əsasında əhalinin orta gəlirinin artması, - bunlar hamısı bizim apardığımız tədbirlərin, həyata keçirdiyimiz islahatların nəticəsidir, iqtisadiyyatda liberallaşdırmanın, özəlləşdirmənin, torpaq islahatının həyata keçirilməsinin nəticəsidir. Biz bunu gərgin bir dövrdə, bütün ətrafımızda böhran baş verdiyi halda həm ölkəmizin vətəndaşlarına, həm də bütün dünyaya bir daha nümayiş etdirdik.

Bilirsiniz ki, dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar iqtisadiyyatı belə səviyyədə saxlamaq daha da çətindir. Neftin qiymətinin düşməsi ilə biz on milyonlarla dollar gəlir itirmişik. Amma buna baxmayaraq, biz başqa ehtiyatlarımızdan səmərəli istifadə etmişik. Bunu qiymətləndirən beynəlxalq maliyyə təşkilatları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa beynəlxalq təşkilatlar bizim işimizə çox yüksək qiymət verirlər.

Beynəlxalq Valyuta Fondunun son iclasında ilin əvvəlində Azərbaycana 90 milyon dollara qədər çox güzəştli kredit verilməsi haqqında qərar qəbul olunubdur. Bu barədə mətbuatda məlumat verilibdir. Bu günlərdə Dünya Bankının Azərbaycana təxminən 45 milyon dollar həcmində kredit vermək haqqında qərar qəbul edəcəyi gözlənilir. Ən sevindiricisi odur ki, Beynəlxalq Valyuta Fondunda keçirilən iclasda dünyada gedən böhranla, neftin qiymətinin düşməsi ilə bir vaxtda Azərbaycanda iqtisadiyyatın normal səviyyədə saxlanılması yüksək qiymətləndirilibdir.

Dünən biz Baş nazir Artur Rasizadənin məlumatını dinlədik. Dediyim kimi, məlumatdan görünür ki, yanvar ayında iqtisadiyyatımız inkişaf yolu ilə gedib, dinamik inkişaf davam edir. Verilən məlumatlara görə, bu ilin birinci rübündə büdcədə nəzərdə tutulmuş vergilərin hamısı təmin olunacaq və büdcənin icrası, xüsusən mədaxil hissəsi mütləq təmin ediləcəkdir. Biz dünən bu məlumatı nəzərə almışıq və onun həyata keçirilməsi üçün fevral-mart aylarında ciddi iş görülməlidir. Yanvar ayında iqtisadiyyatın bir çox sahələrində də müsbət nəticələr müşahidə olunmuşdur.

1999-cu ildə qarşımızda çox böyük vəzifələr var. Onlar, birincisi, dövlət büdcəsində əks olunubdur, dövlət büdcəsinin icrası ilə əlaqədar prezidentin fərmanında, sonra isə Azərbaycanda sahibkarlığın inkişafını təmin etmək üçün və əsassız yoxlamaları tam məhdudlaşdırmaq üçün Azərbaycan prezidenti tərəfindən verilmiş çox ciddi fərmanda əks olunubdur. Bunlar həyata keçirilməlidir. Dünən verilən məlumatdan belə göründü ki, bunlar ardıcıl surətdə həyata keçirilir.

Bu günlərdə biz bir neçə fərmanlar da qəbul edəcəyik, o fərmanlar iqtisadiyyatı daha da inkişaf etdirmək üçün şərait yaradacaqdır. Beləliklə, 1999-cu ilin gərgin vəzifələrini biz gərək ardıcıllıqla yerinə yetirək. Bunun üçün imkanlar var və biz onlardan səmərəli istifadə etməliyik. Bir neçə ictimai-siyasi tədbirlər həyata keçirmək nəzərdə tutulubdur, başqa tədbirlər də nəzərdə tutulubdur. Bütün bunları qeyd edərək, ölkədə olmadığım zaman dövlət, hökumət orqanlarının normal işləməsinə görə bu sahədə çalışan sizlərə və başqalarının hamısına təşəkkür edirəm.

Beləliklə, mənim sizə deyəcəyim sözlər bu qədərdir. Mən indi çox böyük enerji ilə işə girişmişəm. İndiyə qədər bu sözləri bəzi hallarda mən özüm deyirdim, amma indi isə həkimlərin sözü ilə, onların verdiyi məlumatlara əsasən deyə bilərərn ki, mən hələ çox-çox illər üzərimə düşən prezidentlik vəzifəsini müvəffəqiyyətlə həyata keçirəcəyəm. Azərbaycan xalqının və vətəndaşlarının iradəsi ilə, bizim əməli fəaliyyətimizlə, sizinlə birlikdə Azərbaycanın dövlət müstəqilliyini daha da yüksəklərə qaldıracaq, qoruyacaq, saxlayacağıq və Azərbaycanın daim inkişafını birlikdə təmin edəcəyik. Sağ olun, sağ olun, sağ olun!

Tarixi arayış