Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyənin "Saman yolu" televiziyası müxbirinin suallarına cavabı - 24 iyul 1998-ci il


Sual: Cənab prezident, Birləşmiş Krallığa rəsmi səfərinizin yekunu barədə nə deyərdiniz?

Cavab: Bu, çox gözəl bir ziyarət oldu və mən rəsmi səfərimdən çox məmnunam. Mən beşinci gündür ki, bu ölkədəyəm. Burada gözəl görüşlər, çox əhəmiyyətli danışıqlar oldu, Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin yüksəklərə qaldırılması üçün yaxşı bir təməl qoyuldu. Bizim əlaqələrimiz indiyədək də çox yaxşı idi. Amma indi Birləşmiş Krallıqla Azərbaycanın əməkdaşlığının sürətlə inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıldı. Bu, çox vacibdir. Çünki Birləşmiş Krallıqda yeni hökumət fəaliyyətə başlayıbdır. Bilirsiniz ki, Böyük Britaniyada keçənilki seçkilərdə Leyboristlər partiyası qalib gəlibdir. Onlar 18 il müxalifətdə olublar. Yeni hökumət qısa vaxtda çox dəyərli işlər görübdür. Mən bunu əvvəllər də bilirdim. Leyboristlər partiyasının təmsil olunduğu yeni hökumət təkcə Azərbaycanla əlaqədar yox, ümumiyyətlə, xarici siyasəti daha da gücləndirir. Böyük Britaniyanın Qafqaz regionuna, ümumiyyətlə, Avropa ilə Asiyanı birləşdirən bölgəyə çox böyük marağı vardır. Bu, təkcə iqtisadi yox, həm də siyasi maraqdır. Bilirsiniz ki, onlar öz bəyanatlarında da deyiblər ki, apardıqları xarici siyasətdə Azərbaycana xüsusi əhəmiyyət verirlər, yer ayırırlar. Biz bütün bunların hamısını qəbul edirik. Çünki Azərbaycan Qərb ölkələri ilə, o cümlədən Böyük Britaniya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. Böyük Britaniyaya rəsmi səfərim zamanı gördüyümüz işlər bu baxımdan çox əhəmiyyətlidir, dəyərlidir. Mən bütün bunlardan məmnunam və hesab edirəm ki, Birləşmiş Krallığa rəsmi səfərim çox uğurlu olubdur.

Bilirsiniz ki, Londonda "Azərbaycanda biznes" mövzusunda böyük bir konfrans keçirildi və mən orada iştirak etdim. Bu konfransa dünyanın bir çox ölkələrindən iş adamları gəlmişdilər. Orada 300-dən çox nümayəndə var idi. Mən oradakı çıxışımda Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən və Bakı-Ceyhan boru kəmərindən də geniş danışdım. Mən Birləşmiş Krallığın Baş naziri cənab Toni Bleyr ilə keçirdiyim görüşdə də Bakı-Ceyhan boru kəməri barədə geniş söhbət açdım. İyulun 22-də Londonda Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda da mənim böyük bir görüşüm oldu. Oraya da xeyli adam toplaşmışdı. Mən Kral İnstitutundakı çıxışımda da Bakı- Ceyhan kəmərinin çəkilməsinin zəruri olduğundan bəhs etdim.

Sual: Cənab prezident, xahiş edirəm ki, Edinburqa səfəriniz barədə məlumat verəsiniz.

Cavab: Mənim Edinburqa səfərim də çox gözəl oldu. Bilirsiniz ki, Şotlandiya, Edinburq Böyük Britaniyanın dəyərli bir hissəsidir. Londonda olduğu kimi orada da mənim səfər proqramım çox sıx idi. Mən proqramda nəzərdə tutulanların hamısını yerinə yetirdim. Bütün görüşlərim çox uğurlu oldu. Mən iyulun 23-də Edinburqda Şotlandiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdüm. Biz ətraflı danışıqlar apardıq. Şübhəsiz ki, şəhərin lord-provostu ilə və digər rəsmi şəxslərlə də görüşlər oldu. Biz Edinqburqun tarixi abidələrinə də baxdıq. Biz "Britiş Petroleum" şirkətinin sənaye-istehsal kompleksi ilə tanış olduq. Onlar Temza çayı üzərindəki körpünün yaxınlığındakı limandan neftin daşınması və ixracı prosesini mənə göstərdilər. Sənaye-istehsal kompleksində "BP"nin böyük bir muzeyi vardır və bu şirkətin indiyədək gördüyü işlər orada öz əksini tapıbdır. Biz bütün bunlarla da tanış olduq. Bilirsiniz ki, Edinburqda XI əsrdə tikilmiş bir qəsr vardır. O, Şotland krallarının yaratdığı bir qəsrdir. Bu qəsr, ümumiyyətlə, Böyük Britaniyanın ən dəyərli tarixi-memarlıq abidəsidir. Həmin qəsrdə böyük bir rəsmi qəbul təşkil edilmişdi. Bilirsiniz ki, həmin qəsr kraliçanın sərəncamındadır. Həmin rəsmi qəbula Birləşmiş Krallığın xarici işlər üzrə dövlət naziri cənab Henderson da xüsusi olaraq gəlmişdi. Biz orada birlikdə olduq, çox səmərəli danışıqlar keçirdik. Şübhəsiz ki, Şotlandiya Böyük Britaniyanın bir hissəsidir. Amma onların da istəkləri, arzuları vardır. Şotlandiyalı iş adamları Azərbaycanda çox iş görürlər. Biz bu işlərin daha da genişləndirilməsi üçün yaxşı danışıqlar apardıq. Mən Edinburqa səfərimdən çox razıyam. Biz oradan çox gec qayıtdıq.

Sual: Cənab prezident, xahiş edirik, əlahəzrət kraliça ilə görüşünüz barədə bizə bir qədər ətraflı nıəlumat verəsiniz.

Cavab: Əlahəzrət kraliça ilə mənim çox yaxşı söhbətim, danışıqlarım oldu. Biz bir çox məsələləri müzakirə etdik.