Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Sabah" qəzetinin siyasi şərhçisi Füsun Mutluya verdiyi müsahibə - Ankara, Azərbaycan prezidentinin iqamətgahı - Camlı köşk, 16 mart 2001-ci il


Sual: Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, işiniz çoxdur. Bir zaman Türkiyə Azərbaycanı qardaş hesab edirdi. Sizin parlamentdəki nitqinizi eşitdim, indi Türkiyənin qardaşı siz olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Yox, mən bunu qəbul edə bilmərəm. Türkiyə bizim üçün qardaşdır. Mən Böyük Millət Məclisində qəlbimdən gələn sözləri dedim.

Jurnalist: Çox gözəl çıxış etdiniz.

Heydər Əliyev: Xoşunuza gəldimi?

Jurnalist: Çox xoşumuza gəldi, ürəkdən bəyəndik. Sizdən bir məsələni də soruşmaq istəyirəm. Siz bir neçə il Dəmirəl ilə işbirliyi qurdunuz, Bakı-Ceyhan yolunda xeyli işlər görməyə səy göstərdiniz. İndi isə hörmətli Sezər ilə birlikdəsiniz. Dəmirəl ilə Sezər arasında hansı fərqlər var və bu barədə nə deyə bilərsiniz?

Cavab: Sən bu sualı mənə nə üçün verirsən? İnsanları heç vaxt müqayisə etmək olmaz. Mən bu barədə bir fikir söyləmək istəmirəm. Mən Dəmirəl ilə 30 il bundan öncə tanış olmuşam. Azərbaycan Dövlət müstəqilliyini əldə edən zaman Dəmirəl Türkiyədə Baş nazir idi. Sonra da Cümhur başqanı oldu. Bu il Azərbaycanın müstəqilliyinin 10 ili tamam olacaqdır, bu dövr ərzində Türkiyənin başında Dəmirəl durubdur. Müəyyən bir vaxt rəhmətlik Özal da olub, amma o, 1993-cü ildə vəfat etdi.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığında eyni zamanda insanlar arasında olan münasibətlərin də əhəmiyyəti var. Mən Süleyman Dəmirəl ilə keçmişdən yaxın dost olmuşam. Mən Naxçıvanda çalışanda, Naxçıvan blokadada olanda Süleyman Dəmirəl və rəhmətlik Turqut Özal oraya çox diqqət göstərirdilər. Ancaq Süleyman Dəmirəl Baş nazir olduğu üçün o, Naxçıvana daha da çox diqqət göstərirdi. Məsələn, sizə məlum olan «Həsrət körpüsü»nü o vaxtlar yaratdıq. Bu, Naxçıvanın xilası demək idi. Naxçıvan qaranlıqda idi, elektrik enerjisi, filanı yox idi. Qısa bir zamanda Türkiyədən Naxçıvana ilk dəfə elektrik xətti çəkildi. Hələ mən Naxçıvanda olarkən rəhmətlik Turqut Özal məni buraya dəvət etdi. Mən Naxçıvanın rəhbəri olanda Süleyman Dəmirəl ilə Naxçıvanı yaşatmaq üçün çalışdıq. Onlar bu işdə bizə çox yardım etdilər. Ona görə də bizim bu dostluğumuzun, işbirliyimizin, əməkdaşlığımızın tarixi böyükdür.

Mən 1993-cü ildə Azərbaycanın Cümhur başqanı olanda biz daim əlaqədə olmuşuq, dostuq. Mənim bu dostluğum əbədidir. Mən gəlib burada Süleyman Dəmirəllə görüşdüm, çox məmnun oldum. Ancaq dövlətlərin başında heç kəs daim durmur. Konstitusiya var. Konstitusiyaya görə hörmətli Süleyman Dəmirəlin müddəti tamam oldu, yeni adam seçildi. Böyük Millət Məclisi hörmətli Əhməd Necdət Sezəri Cümhur başqanı seçdi. Mən onu öncə, Konstitusiya Məhkəməsində olduğu zaman bir dəfə görmüşdüm, ancaq qısa. Mən çox məmnunam ki, o, xarici ölkələrə ilk rəsmi səfərini Azərbaycana etdi. Yəni Türkiyənin yeni seçilmiş 10-cu prezidenti də 9-cu prezidenti və Türkiyənin başında olan başqa insanlar kimi, Azərbaycana çox önəm verir. Mən də bunu çox yüksək qiymətləndirdim, bizim xalqımız da çox yüksək qiymətləndirdi. Biz orada çox gözəl danışıqlar apardıq və anlaşmalar imzaladıq. O məni Türkiyəyə dəvət etdi. İndi də mən Türkiyəyə gəldim. Buradakı görüşlərimdən çox məmnunam. Hörmətli Cümhur başqanı ilə çox gözəl danışıqlarımız oldu. Bilirsiniz ki, Baş nazir ilə də təkbətək danışdım. Baş nazirin müavinləri ilə, Baş qərargah rəisi ilə danışdım. Bu gün də Ankara Universitetinə getmişdik. Hörmətli cümhurbaşqanı Sezər yenə də mənimlə idi, bərabər idik. Ona görə də, demək, bizim dostluq əlaqələrimiz davam edir.

Sual: Cənab Prezident, Sizcə Türkiyə bölgənin sabitliyi üçün önəmli oyunçudurmu?

Cavab: Bəli, bu gün də, gələcəkdə də Türkiyə Qafqazda sabitlik üçün, sülh üçün önəmli bir yer tutur.

Sual: Yəni Dəmirəldən sonra heç bir azalma yoxdur?

Cavab: Yox, yox. Mən buna inanmıram.

Sual: Siz bir ara Bakı-Ceyhana Türkiyənin soyuq yanaşdığını söylədiniz. İndi vəziyyət necədir?

Cavab: İndi yaxşıdır.

Sual: Siz müsahibələrinizin birində demişdiniz ki, mən Türkiyənin daxili işinə qarışmıram. Türkiyə Misirdən də, Rusiyadan da təbii qaz alır. Türkiyə Azərbaycandan əvvəlcə 2 milyard kubmetr qaz alacaqdır?

Cavab: Sonra 6 milyard kubmetr olacaqdır. Ondan sonra isə 15-20 milyard kubmetrə çıxacaqdır. Bu olacaqdır.

Sual: Bu nə vaxt ola bilər?

Cavab: Ola bilər bu, 2008-ci ildə olsun.

Sual: «Abşeron»dan da qaz alacaqsınız?

Cavab: Bəli, «Abşeron»dan da. Amma «Şahdəniz» yatağı yetərlidir. Yəni biz oradan 50 il, ildə milyard kubmetr qaz ixrac etsək, o yenə də tükənməyəcəkdir.

Sual: Cənab Prezident, biz təbii qazı sizdən ucuz alacağımız təqdirdə Misirə, Rusiyaya ehtiyacımız qalmayacaqdır. Yəni sizdən 15-20 milyard kubmetr təbii qaz alsaq, demək, onda onlara ehtiyac yoxdur. Çünki bizə yaxşı qiymətə verəcəksiniz.

Cavab: Mən bunu bilmirəm.

Sual: Qiyməti açıqlamaq istəmirsiniz?

Cavab: Bunu açıqlamağın nə əhəmiyyəti var? Qiymət Türkiyə üçün də, bizim üçün də uyğundur.

Sual: Azərbaycan qazının Türkiyə üzərindən Avropaya ixrac olunmasında yolunuz nədir və Avropa ölkələri Sizdən təbii qaz istəməyə başlayıblarmı?

Cavab: Hələ başlamayıblar, amma başlayacaqlar. Çünki Avropanın çoxu təbii qazı Rusiyadan, İngiltərədən, Norveçdən alır. Rusiyada da, orada da qaz azalır. Yəni 5-6-7 ildən sonra onlar indi aldıqları qədər qaz ala bilməyəcəklər. Ona görə yeni ehtiyatlar araşdırılır. Bu da Xəzər dənizində, Azərbaycandadır. Ona görə də Türkiyə üzərindən Avropaya da təbii qaz vermək imkanımız olacaqdır.

Sual: Yəni Siz Fransa kimi bəzi ölkələrə qaz verə bilərsiniz?

Cavab: Hələ bu barədə heç bir danışıqlarımız yoxdur. Amma biz hesab edirik ki, bu olacaqdır.

Sual: Cənab Prezident, Rusiya prezidenti Putin ilk dəfə Azərbaycana gəldi. Siz təkbətək görüşdünüz. Biz zənn edirdik ki, o, öncə Ermənistana gedəcəkdir. Amma Putin ilk öncə Azərbaycana getdi. Təkbətək görüşünüzdən sonra Putinin bölgəyə qarşı bir ilıq münasibəti yaranıbdır. Bunun nə kimi səbəbləri vardır?

Cavab: Bilirsiniz, Putin ağıllı bir insandır. Rusiya kimi böyük dövlətin başında Putin kimi şəxsin olması, birincisi, Rusiya üçün önəmlidir. İkincisi də, təbiidir, hər bir dövlətin başında ağıllı adam olanda onunla iş görmək daha da yaxşı olur. Məsələn, vaxtilə Yeltsin önəmli işlər görmüşdü. Amma son illərdə xəstə idi, onunla danışmaq, bir şey etmək mümkün deyildi. Cənab Putin çox enerjili bir adamdır. Rusiya üçün çox işlər görmək istəyir və Rusiya üçün hansı ölkənin, hansı bölgənin daha da önəmli olmasını yaxşı bilir. Ona görə də Azərbaycana gəldi. Çünki Azərbaycan həm coğrafi-strateji vəziyyətinə görə, həm də təbii sərvətlərinə görə Qafqazda xüsusi yer tutur.

Ermənistanın heç bir şeyi yoxdur, dağ-daşdır. Gürcüstanda iqtisadi vəziyyət çox ağırdır. Çünki onların da təbii sərvətləri yoxdur. Amma Azərbaycanın var. Azərbaycan Cənubi Qafqazda ən böyük ölkədir. Hesab edirəm, o bunları nəzərə alaraq Azərbaycana gəldi. Təbiidir ki, mən onu dəvət etmişdim. O mənim dəvətimlə gəldi, çox yaxşı görüşlərimiz, danışıqlarımız oldu. Biz qonşularımız ilə düşmənçilik etmək istəmirik. Biz qonşularımızla dost olmaq istəyirik, mehriban olmaq istəyirik, iqtisadi əlaqələri inkişaf etdirmək istəyirik. İndi keçmiş zaman deyildir. Dünya bu yol ilə gedir. Biz də bu yol ilə getmək istəyirik. Rusiya böyük ölkədir. Azərbaycan Rusiya ilə 200 il bir yerdə olubdur. Ona görə çox əlaqələr var.

Sual: Cənab Prezident, Rusiyanın Bakı-Ceyhana birmənalı baxmadığını bilirik. Sizcə, Rusiya şirkətləri bu xəttə qatılacaqlarmı?

Cavab: Orada Rusiyanın bir şirkəti var. O hələ qatılmayıbdır. Amma mən bu gün məlumat aldım ki, cənab Putinin Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Kalyujnı bəyan edibdir ki, Rusiya Bakı-Ceyhanın əleyhinə deyildir. Yəni Xəzər dənizindən neft bir çox marşrutlarla gedə bilər. Yəni bunun əleyhinə çıxmırlar.

Sual: Deyirsiniz ki, Rusiya şirkətləri Bakı-Ceyhana qatıla bilər?

Cavab: Rusiya şirkəti var. İlkin neft «Azəri», «Çıraq», «Günəşli» yatağından alınır. Konsorsium yaranıbdır. Biz 1994-cü ildə bir anlaşma, «Əsrin müqaviləsi»ni imzalamışıq. Orada Rusiyanın «LUKoyl» şirkəti də var.

Sual: Bu neft boru xəttinə onlar girəcəklərmi?

Cavab: Güman edirəm, girəcək.

Sual: Aprelin əvvəlində Floridaya gedəcəksiniz. Sizi ABİ-ın Xarici İşlər naziri dəvət etmişdir. Amerika kimi, Fransa da, Rusiya da Minsk qrupunun həmsədrləridir. Mən amerikalılar ilə görüşəndə bildirirlər ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini istəmir, ruslar deyirlər ki, ən yaxşı çözüm çözümsüzlükdür.

Heydər Əliyev: Bunu kim deyir?

Jurnalist: Mən bu bilgiləri Amerikanın Xarici İşlər Nazirliyindən almışam.

Heydər Əliyev: Yəni Rusiya istəmir?

Jurnalist: Bəli, onlar deyirlər. Floridada keçiriləcək görüş ərəfəsində bu işlər qarışa bilərmi?

Cavab: Hər halda, baxarıq. Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu problemin çözülməsi üçün Minsk qrupunun həmsədrləridirlər. Floridada üç dövlətin təmsilçiləri də olacaqdır. Belə düşünürəm ki, onlar - Buş, Şirak, Putin artıq bu barədə telefon danışıqları aparıblar. İndi gedək, görək. Biz çox görüşlər keçirmişik. Amma bir nəticə almamışıq. Görək, bu dəfə nə olur.

Sual: Siz Fransadakı görüşlərdən sonra parlamentdə açıqladınız. Sizcə, ATƏT-in və ya başqa hökumətin hazırladığı plan ortaya çıxsa, qəbul oluna bilərmi?

Cavab: Başqa bir şey yoxdur. Ancaq ATƏT-dir.

Sual: Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür. Floridaya Türkiyənin nümayəndələri dəvət oluna bilərdimi?

Cavab: Bilirsiniz, Minsk qrupunda 12 dövlət var. 12 dövlətin hamısının nümayəndəsini oraya dəvət etmək mümkün deyildir. Amma Türkiyəni dəvət etmək - bu, real bir şey deyildir. Çünki birincisi, ermənilər buna razı olmaz. İkincisi də, orada ancaq həmsədrlərin təmsilçiləri olacaqlar. Başqaları olsa, orada bir iş də görmək olmaz.

Sual: Bilirsiniz ki, İsmayıl Cəmin bir təklifi var idi. Hər halda o, qəbul oluna bilməz?

Cavab: Bilirəm. Ermənilər ona etiraz etdilər.

Sual: Cənab Prezident, Qarabağ məsələsi ilə bağlı Türkiyədən nə gözləyirsiniz? Hörmətli Cümhur başqanımız bu barədə gözəl çıxış etdi. Amma Siz son olaraq iqtisadi, siyasi cəhətdən Türkiyədən hansı dəstəyi gözləyirsiniz?

Cavab: Çox şeylər gözləyirəm. Hamısını da demişəm. Çünki Türkiyə bizim ən yaxın dostumuz, ən yaxın qardaşımızdır.

Sual: Türkiyənin nə etməsini gözləyirsiniz?

Cavab: Mən onların hamısını demişəm. Cümhur başqanına da demişəm, Baş Qərargah rəisinə də

demişəm.

Sual: Bizə demirsiniz?

Cavab: Sizə deməyə ehtiyac yoxdur.

Sual: Sizin oğlunuz Olimpiya komitəsində çalışır?

Cavab: O, Azərbaycan Milli Olimpiya komitəsinin prezidentidir.

Sual: O, gələcəkdə olimpiadanın Türkiyədə keçirilməsi üçün bizə yardımçı olacaqmı?

Cavab: Əlbəttə, olacaqdır. Bəs necə. O, birinci səs verəcəkdir. Olimpiada 2008-ci ildə keçiriləcəkdir.

Sual: Gündəlikdə Türkiyə, Pekin, Paris və başqaları var.

Cavab: Yox, biz Türkiyəyə səs verəcəyik.

Sual: Yəni oğlunuz bizə yardım edəcəkdir?

Cavab: Bəli.

Sual: Cənab Prezident, Sizin Amerikada çoxlu dostlarınız var. Bildiyimə görə, başqan yardımçısı Dik Çeyni Sizin dostunuzdur. Riçard Armitac Sizin dostunuzdur. Hətta Buşun özünün də Sizə yaxınlığı var. Əgər gələcəkdə Azərbaycanda problemlər olarsa, Rusiya Azərbaycanda qarışıqlıq salarsa, oğlunuzun başqanlığı ilə bağlı problemlər olarsa, onlar, yəni Amerikadakı dostlarınız Sizə yardımçı olacaqlarmı?

Cavab: Bunlar gələcəyin işidir.

Sual: Amma onlar dostunuzdur...

Cavab: Onlarla əlaqələrimiz yaxşıdır.

Sual: Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparacağınızı eşitmişəm. Belədirmi?

Cavab: Biz bunu edirik.

Sual: Bununla nə etmək istəyirsiniz? Ümumiyyətlə, korrupsiya olanda dövlətlər zəifləyirlər, yoxsa..?

Cavab: Bilirsiniz, korrupsiya dünyanın hər yerini əhatə edibdir. Türkiyədə də var, hər yerdə var, hətta Amerikada da var. Ona görə də sadəcə, bu məsələ ilə mübarizə aparmaq lazımdır. Amma kimsə düşünür ki, bunu yox etmək mümkün olar, bu yanlışdır. Mücadilə edib bunu azaltmaq olar.

Sual: Azərbaycanda neft var, təbii qaz var, hər şey var, amma zənginləşə bilmir. Yəni zəiflik davam edir, bizdəki kimi, işsizlik var, islama dönüş var. Mən orada olarkən bəziləri söylədilər. Allah Sizə uzun ömür versin. Mən çox dua edirəm, Siz yaşayın. Çünki Siz çox önəmli bir insansınız. Bütün bölgənin sabitliyi üçün çox önəmlisiniz. Amma Sizdən sonra orada xaos, savaş olmasın deyə, nə kimi tədbirlər görməyi düşünürsünüz?

Cavab: Birincisi, Allah sənin dualarını eşidəcəkdir. Ona görə məni çox yaşadacaqdır. Bu gün gedib dişlərimi də müayinə etdim. Dişlərim xoşuna gəlirmi?

Jurnalist: Dişlərinizin hamısı yerindədir.

Heydər Əliyev: Bəli, mənim özümündür, amma müayinə etmək lazım idi. Müayinə etdilər, daha da gözəl oldu.

Jurnalist: Maşallah, maşallah. Hər halda, tədbirlər görəcəksinizmi, yəni gələcəkdə oğlunuz hakimiyyətə gələ bilər?

Cavab: Bilirsiniz, hər bir vətəndaş məmləkətində hakimiyyətə gələ bilər. Heç kəsin hüququnu əlindən almaq olmaz.

Sual: Demək istəyirəm ki, gələcəkdə bir problem çıxmasın deyə, işlər görürsünüzmü?

Cavab: Çalışıram.

Sual: Nə edəcəksiniz?

Cavab: Gələcək göstərəcəkdir.

Sual: Sizin söyləmək istədiyiniz başqa bir şey varmı?

Cavab: Sizə təşəkkür edirəm. Siz gözəl bir qadınsınız. Sizinlə hər dəfə görüşəndə çox xoşuma gəlir.

Jurnalist: Sağ olun. Mən də Sizi ürəkdən sevirəm. Siz dünyanın ən böyük siyasətçilərindən birisiniz. Sizin kimi adamlar hər kəs üçün tarix kitabı kimidir.

Heydər Əliyev: Çox sağ olun. Sizin mənə səmimi dostluq münasibətinizi çox yüksək  qiymətləndirirəm. İnanın ki, mən də sizə bu qədər dost, bu qədər səmimi münasibətlər bəsləyirəm.

Jurnalist: Türkiyə xalqı üçün söyləmək istədiyiniz varsa, buyurun.

Heydər Əliyev: Türkiyə xalqına arzularımı bu günlər hər yerdə dedim. Birincisi, Türkiyə xalqına bu böhrandan çıxmağı arzu edirəm. İkincisi, Türkiyənin daha da inkişaf etməsini arzu edirəm. Türkiyənin daha da güclənməsini arzu edirəm və türk xalqına firavanlıq, səadət, xoşbəxtlik arzulayıram.

Jurnalist: Son olaraq soruşacağam. Bakı-Ceyhan layihəsinə qatılan şirkətlərin sayı çoxalır. «Şevron» da qatıldı. Amma «Eksson/Mobil» hələ gözləyir.

Cavab: Bir az tərəddüd edir.

Sual: Bu sahədə onları cəzalandırmaq lazımdırmı?

Cavab: Yox, cəzalandırmaq lazım deyil. O da öz yoluna gələcəkdir.

Sual: Türkiyə hökumətinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Normal. Bu iqtisadi böhran keçmişlərdə də olubdur. Türkiyə belə dövrləri yaşayıbdır. Amma ondan çox uğurla da çıxıbdır. Ona görə də Türkiyənin vəziyyətini çox gözəl qiymətləndirirəm.

Jurnalist: Cənab Prezident, çox-çox təşəkkür edirəm. Sağ olun, var olun.

Heydər Əliyev: Sağ olun.