Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Qabilin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsinin rəsmi hissəsindən və konsertdən sonra onunla görüşdəki söhbətindən - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 7 yanvar 1997-ci il


Hörmətli Qabil, səni anadan olmağının 70 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Belə yubileylərin təşkil olunması ədəbiyyat gecələrinin keçirilməsi deməkdir. Mən vaxtilə düşünürdüm ki, müntəzəm olaraq şeir gecələri keçirmək lazımdır. Mənim 70-ci illərdə bu barədə bir çox fikirlərim var idi. Xalqımız tarixən, əsrlərlə şeirlə yaşayıb, şairlər yığışıblar, özləri də, oraya toplaşanlar da şeirlər deyiblər. Ona görə də mən o vaxt fikirləşirdim ki, musiqi gecələri öz yerində, şeir gecələri də keçirmək lazımdır.

Mən şairlərin, yazıçıların, ədəbiyyatçıların son illərdə keçirilən yubileylərini xatırlayıram. Bunlar elə ədəbiyyat, şeir, poeziya bayramıdır. Bu yubileylərdə hər bir sənətkarların yaradıcılığına qiymət verilir. Biz, məsələn, Qabilin əsərlərini oxumuşuq, lakin bu şeirləri bir daha yada salmaq çox əhəmiyyətlidir, həm də dinləyəndə o, insana zövq verir.

Mən bu yubiley gecəsinə təkcə Qabilə hörmət naminə gəlməmişəm, buraya həm də incəsənətimizlə, ədəbiyyatımızla, şeirimizlə görüşmək üçün gəlmişəm. Hesab edirəm, bu yubiley gecəsi çox yaxşı oldu. Doğrudur, Qabil özü narahat idi ki, yubiley gecikir. Ancaq bu gecikməyin xeyri oldu, respublikanın bir çox yerlərində Qabilin yaradıcılığına həsr edilmiş tədbirlər keçirildi. Yubiley gecəsinin məhz bu yanvar ayında olması bir də ona görə yerinə düşdü ki, burada yubilyarın Yanvar faciəsinə həsr olunmuş şeiri dəfələrlə səsləndi, yeddi il bundan əvvəl xalqımızın başına gələn faciələr, bəlalar yad edildi və Qabilin vətəndaşlıq şücaəti bir daha nəzərə çarpdırıldı.

Yubiley gecəsində çıxış edənlərdən biri dedi ki, Qabil siyasətlə məşğul olmayıbdır. Bu fikir doğru deyil. Qabilin həmin Yanvar faciəsinə həsr olunmuş şeirinin özü siyasətdir. Yaxud, yadımdadır, mən Naxçıvanda olanda Qabil burada qəzetdə çıxış etmişdi və Mütəllibova 24 sual vermişdi ki, o bu suallara cavab versin. Mən o vaxt bu yazını oxudum, fikirləşdim ki, görəsən, Mütəllibov bu suallara cavab verəcək, yoxsa yox? O, həmin suallara cavab verə bilmədi. Qabilin bu sualları verməsinin özü bir vətəndaşlıq şücaəti, mövqeyi idi. Ona görə də Qabil heç də siyasətdən kənarda qalmayıb, öz fikrini deyibdir.

Anar da, Sabir Rüstəmxanlı da buradakı çıxışlarında dedilər ki, Azərbaycanda milli azadlıq hərəkatı başlayanda, 1989-1990-cı illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orada xalqın dərdini deyən adamlardan biridir. Ona görə də Qabilin həm fəaliyyəti, həm də yaradıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirir və siyasi xarakter daşıyır.

Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi.

Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür.

Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu, elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlərimdə müşahidələrimin nəticəsi idi və beynimdə Qabil haqqında toplanmış bir fikir idi. O fikri də mən uzun müddətli ayrılıqdan sonra oradakı görüşümüzdə bildirdim. Yəni bu adi bir söz deyildi. Bilirsiniz ki, insanlar arasında "sən kişisən, mən də kişiyəm" sözləri çox işlənir. Amma mən heç vaxt belə söz işlətmərəm. O vaxt isə mən bu sözü işlətdim, çünki doğrudan da onun yeri idi.

Xalq şairi Qabil həm də bizim elə sənətkarlarımızdandır ki, onun xarakterindəki özünəməxsus incə yumor hissləri çox güclüdür.

Qabil: Mənə göstərilən diqqət və qayğı üçün dövlətimizin başçısı möhtərəm Heydər Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Mən vaxtilə "Ömür hədləri" kitabına şeirlə avtoqraf yazıb Sizə göndərdiyimi xatırlatmaq və həmin şeiri oxumaq istəyirəm: 

Məsləhətdir, aç oxu sən bu kitabı, Heydər,

Çox suala tapacaqsan da cavabı, Heydər.

Görəcəksən quruluş zay quruluşdur, a kişi,

Yandırır həm şişi o, həm də kababı, Heydər. 

Üstünə kim bu saat qalxdı, xoruzlandısa da,

Xoruzun uçmağa hardaydı ki, tabı, Heydər.

Hansı namərdin olub vicdanı, abrı, həyası?!

Mərdə, mərdanəyə xas, vicdan əzabı, Heydər!

Heydər Əliyev: Bu şeirin qiyməti ondan ibarətdir ki, onu sən o vaxt yazdın, mənə göndərdin. Yadımdadır, vaxt – 1991-ci ilin fevral ayında mən buraya gəlmişdim, Ali Sovetin sessiyasında iştirak edirdim. Həmin o namərdlər mənə hücum etdilər. Sən şair baba idin, vəzifən yox idi və məndən vəzifə almamışdın. Amma sən həmin şeiri yazıb mənə göndərdin. Bu, sənin vətəndaşlıq mövqeyini bildirdi. Çox sağ ol.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT