Azərbaycan Respublikası Prezidentinin Fərmanı No: 859 - Bakı şəhəri, 21 fevral 2003-cü il


"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsinin təmin edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım edilməsi məqsədi ilə yaradılan dövlət fondlarının vəsaitlərindən istifadə qaydalarını müəyyən etsin;

- həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"na dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- öz səlahiyyətləri daxilində "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

- "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 6.4-cü və 9.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. 
 
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti