Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın ticarət və sənaye üzrə dövlət katibi xanım Marqarett Bekett ilə görüşdəki söhbətindən - London, "Lankestr Haus" sarayı, 21 iyul 1998 - ci il


Marqarett Bekett: Hörmətli cənab prezident!

Azərbaycan dövlətinin başçısını səmimiyyətlə salamlayıram və dünya miq-yasında tanınmış siyasi xadim Heydər Əliyevlə görüşü özüm üçün böyük şərəf hesab edirəm. Azərbaycan prezidentinin Böyük Britaniyaya rəsmi səfərini yüksək qiymətləndirirəm. Ölkələrimiz arasında əlaqələrin daha da sıxlaşdırılmasında bu səfərin böyük əhəmiyyət daşıyacağını bildirir və bu əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından çox məmnun qaldığımı vurğulayıram.

Hesab edirəm ki, ölkələrimizin iqtisadi münasibətlərinin hazırkı vəziyyəti yaxşıdır. İqtisadi əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük imkanlar var. Dənizdə neft hasilatı sahəsində Azərbaycanın böyük təcrübəsini xüsusi vurğulayıram. Böyük Britaniyanın Şimal dənizindən neft çıxarmasından çox-çox əvvəl Azərbaycanda Xəzər dənizindən neft hasil edildiyindən xəbərdar olduğumu bildirmək istəyirəm. Mən olduqca məmnunam ki, Azərbaycanın neft yataqlarının bərpa və istismarı işində Böyük Britaniya şirkətləri iştirak edir və bu şirkətlərin işi üçün hər cür lazımi şərait yaradıldığına görə Sizə minnətdarlığımı bildirirəm. Cənab prezident, mən Birləşmiş Krallığın 100-dən artıq şirkətinin Bakıda nümayəndəliyinin açılmasını məhz Sizin bu işə göstərdiyiniz qayğı və diqqətin nəticəsi kimi qiymətləndirirəm.

Böyük Britaniya şirkətləri Azərbaycanda təkcə neft sahəsində deyil, su təchizatı, kommunikasiya, infrastruktur sahələrində də geniş fəaliyyət göstərdiyini qeyd edir və onların çoxşaxəli işinin çox böyük əhəmiyyət daşıdığını nəzərə çarpdırmaq istəyirəm. Ümidvar olduğumu bildirirəm ki, prezident Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfəri zamanı imzalanacaq sazişlər İngiltərənin "Britiş Petroleum", "Monument oyl ənd qaz", "Ramko" şirkətlərinin Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsində əsaslı rol oynayacaqdır.

Birləşmiş Krallığın Baş nazirinin iqamətgahında imzalanacaq sazişlər əlaqələrimizin durmadan inkişaf etdirilməsində hər iki ölkə üçün çox faydalı olacaqdır. Bu sazişlər Azərbaycana çoxmilyardlı investisiyalar cəlb edəcəkdir. Fikrimcə, bu, xalqlarımızın tərəqqisi üçün geniş meydan açacaqdır.

Onu da vurğulayıram ki, Böyük Britaniya şirkətlərinin Azərbaycana marağını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və əmin olduğumu bildirirəm ki, ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığı bundan sonra da gündən-günə inkişaf edəcəkdir.

Heydər Əliyev: Hörmətli xanım Marqarett Bekett! Mən Sizinlə - Böyük Britaniyanın ticarət və sənaye üzrə dövlət katibi, Ticarət Şurasının prezidenti ilə görüşdən çox məmnun qaldığımı bildirir və səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan ilə Birləşmiş Krallıq arasında əməkdaşlığın ardıcıl surətdə inkişaf etdirilməsinin vacibliyi barədə söylədiyiniz fikirlərlə həmrəy olduğumu vurğulayıram.

Məmnunluqla bildirirəm ki, 1994-cü ilin fevralında Birləşmiş Krallığa səfərim zamanı imzalanmış sənədlərdən sonar ölkələrimizin bütün sahələrdə - siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələri intensive inkişaf edir. Bu əməkdaşlığın böyük perspektivləri olduğunu nəzərə çarpdırıram.

Bildirirəm ki, müstəqil respublikamızda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində böyük işlər görülmüş, Azərbaycanla əməkdaşlıq edən şirkətlərə daha geniş və əlverişli imkan yaradılması üçün qanunlar qəbul olunmuşdur. Biz ölkəmizin qapılarını xarici şirkətlərin üzünə geniş açmışıq və onlarla əlaqələrin ardıcıl surətdə inkişaf etməsinə daim xüsusi diqqət yetiririk.

Birləşmiş Krallığın 100-dən çox şirkətinin Azərbaycanda nümayəndəliyinin fəaliyyət göstərməsini böyük nailiyyət hesab edirəm. Onu da qeyd edim ki, təkcə "Britiş Petroleum" tərəfindən Azərbaycana 260 milyon dollar sərmayə qoyulmuşdur. Bunu respublikamızın iqtisadiyyatının inkişafina mühüm kömək kimi qiymətləndirirəm.

Böyük Britaniya - Azərbaycan Ticarət Palatasının fəaliyyətindən, Britaniya-Azərbaycan Cəmiyyətinin təsis olunmasından çox məmnun qaldığımı bildirirəm. Bir daha nəzərinizə çatdırım ki, nəinki dövlətlərarası münasibətlərdə, həmçinin insanlar arasında əlaqələrin möhkəmləndirilməsində bu qurumlar mühüm rol oynayacaqdır.

Əmin olduğumu bildirirəm ki, Birləşmiş Krallığa rəsmi səfərim zamanı imzalanacaq sənədlərin Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında yeni mərhələ açacaq, bizim ölkəmiz Böyük Britaniya ilə bütün sahələrdə əməkdaşlığın gündən-günə genişləndirilməsinə xüsusi əhəmiyyət verir və biz İngiltərə şirkətlərini respublikamızda yeni-yeni müştərək işlər görməyə dəvət edirik.

Hörmətli xanım Marqarett Bekett, bir daha Sizinlə görüşümdən çox məmnun qaldığımı vurğulayır və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Marqarett Bekett: Hörmətli prezident, mən bu dəvəti minnətdarlıqla qəbul edirəm və imkan tapan kimi Azərbaycana səfərə gələcəyimi bildirirəm.