Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən azərbaycanlı tələbələrlə görüşdə Heydər Əliyevin çıxışı - 7 fevral 1994-cü il


Əziz tələbələr!

Öncə sizin hamınızı həyatınızda yeni böyük hadisə - Türkiyə universitetlərinə qəbul olunmağınız münasibətilə təbrik edirəm, sizə gələcək həyatınızda, ali təhsil almaqda uğurlar arzulayıram.

Hər bir gənc üçün ali məktəbdə təhsil almaq böyük xoşbəxtlikdir. Şübhəsiz ki, bu, hər kəsə müyəssər olmur. Ancaq siz öz biliyinizlə, öz zəkanızla buna nail olmusunuz. Türkiyə universitetlərinə qəbul edilmisiniz və orada təhsil almağa yola düşürsünüz. Mən sizə uğurlu yol arzulayıram. İstərdim ki, siz Türkiyə universitetlərinin bütün intellektual imkanlarından səmərəli istifadə edərək mükəmməl təhsil alasınız, yaxşı mütəxəssis olasınız, vətənimizə, xalqımıza, millətimizə gələcəkdə sədaqətlə xidmət edəsiniz. Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var. İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır. Odur ki, bu baxımdan biz təhsil sahəsinə xüsusi əhəmiyyət veririk. Elm, mədəniyyət, təhsil sahəsində Türkiyə ilə Azərbaycan arasında müştərək işlər görülməsi həm Azərbaycan üçün, həm də Türkiyə üçün çox faydalıdır. Bu barədə bizim müvafiq sazişlərimiz var. Gələcəkdə onların daha yüksək səviyyəyə qaldırılması üçün lazımi addımlar atırıq və bundan sonra da atacağıq.

Türkiyə universitetləri öz yüksək səviyyəsinə görə dünyada məşhurdur. Buna görə də həmin universitetlərdə təhsil almaq, şübhəsiz, yüksək səviyyəli mütəxəssis olmağa imkan verir. Mən çox arzulayırdım ki, siz bu imkandan olduqca səmərəli istifadə edəsiniz və Türkiyədə universitetlərin bütün imkanlarından geniş faydalanasınız. Əminəm ki, məhz belə də olacaqdır. Böyük müsabiqədən keçərək Türkiyə universitetlərinin tələbəsi adını almaq sizin üçün asan olmamışdır. Ancaq siz bu sınaqlardan məharətlə çıxdınız və indiki mərhələyə gəlib çatdınız. Ümidvaram ki, qarşıdakı mərhələləri də müvəffəqiyyətlə keçəcəksiniz.

Siz eyni zamanda Türkiyədə Azərbaycanın təmsilçiləri olacaqsınız. Azərbaycandan Türkiyəyə gedən hər bir vətəndaş gərək müstəqil respublikamızın vətəndaşı adını uca tutsun. Azərbaycan vətəndaşı olmaq böyük şərəfdir. İstərdik ki, hər biriniz bu şərəfə layiq olasınız.

Türkiyə qardaş ölkədir. Odur ki, Türkiyədə siz özünüzü öz məmləkətinizdəki kimi hiss edəcəksiniz. Lakin bununla yanaşı, siz gərək Azərbaycanın təmsilçiləri kimi, Türkiyədə Azərbaycanın həm tarixini, həm milli ənənələrini, həm də bugünkü gerçəkliyini geniş və tam obyektiv şəkildə təbliğ edəsiniz və bunları türk ictimaiyyətinə, sizi əhatə edəcək adamlara, tələbə yoldaşlarınıza, universitetlərdə təmasda olacağınız şəxslərə çatdırasınız. Bizim dostluq, qardaşlıq əlaqələrimiz nə qədər möhkəm olsa da, bu əlaqələri genişləndirmək, dərinləşdirmək və yüksəltmək üçün görüləsi işlər hələ çoxdur. Bu işlərin bir qismi də sizin üzərinizə düşür. Güman edirəm ki, təhsil almaqla yanaşı, bu vəzifəni də layiqincə yerinə yetirəcəksiniz.

Şübhə etmirəm ki, siz ali təhsil aldıqdan sonra ölkəmizə qayıdacaq, respublikamızın müxtəlif sahələrində çalışacaq və xalqımıza sədaqətlə xidmət edəcəksiniz. Bilməlisiniz ki, siz Azərbaycan gənclərinin bir hissəsi olaraq, eyni zamanda imtiyazlı imkanlar əldə edirsiniz. Azərbaycan gəncləri indi, ölkənin həyatının bu çətin və mürəkkəb dövründə, nə gizlədəsən, ağır həyat keçirirlər. Onların böyük bir hissəsi torpaqlarımızı erməni işğalçılarından qorumaq üçün, işğal olunmuş ərazilərimizi azad etmək üçün cəbhələrdə vuruşur, şəhid olur, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini möhkəmləndirmək üçün canlarından keçirlər. Onlar sizin qardaşlarınızdır. Unutmayın ki, qanı tökülən, döyüşlərdə qəhrəmanlıq göstərən o gənclər müstəqil Azərbaycanın tərəqqisi və inkişafı uğrunda vuruşur və şəhid olurlar. Siz bunu da unutmamalısınız. Bilməlisiniz ki, sizə belə bir şərait yaradıldığı halda bu şəraitdən maksimum faydalı, maksimum səmərəli istifadə etməli və məmləkətimiz üçün, ölkəmiz üçün gələcəkdə faydalı olmalısınız.

Güman edirəm ki, Türkiyə universitetlərində təhsiliniz dövründə sizin fəaliyyətiniz həm də Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə kömək göstərəcəkdir. Türkiyədə Azərbaycanı doğru-düzgün təmsil etmək lazımdır, Azərbaycanın bugünkü həyatı haqqında həqiqətləri Türkiyəyə çatdırmaq, bu barədə də dost ölkədə obyektiv məlumat vermək lazımdır. İndi bunlara ehtiyac var. Çünki təəssüflər olsun ki, bəzi qüvvələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə, xalqlarımız arasındakı mehriban və səmimi əlaqələrə öz şəxsi məqsədləri üçün müəyyən qədər zərər vurmağa çalışır və cürbəcür şaiyələrlə, müxtəlif böhtanlarla bu əlaqələri ləkələməyə can atırlar. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən də siz bilməlisiniz ki, Azərbaycan Respublikası bundan sonra müstəqil dövlət kimi inkişaf edəcək, onun müstəqilliyini Azərbaycan dövləti qoruyub saxlayacaqdır. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi hər bir vətəndaş üçün, o cümlədən bizim üçün və şəxsən mənim üçün ən müqəddəs vəzifədir.

Mənə belə gəlir ki, Azərbaycanın həyatı ilə bağlı gerçəkliyi Türkiyədə hər bir vətəndaşa çatdırmaq da Türkiyə ilə Azərbaycan arasında olan dostluq əlaqələrinə kömək edəcəkdir. İstər hazırda orada oxuyan tələbələrin, istərsə də indi oxumağa gedənlərin hamısı bilməlidir ki, Azərbaycan müstəqillik, demokratiya yolu ilə irəliləyir, respublikamızda demokratik hüquqi dövlət, demokratik hüquqi cəmiyyət yaradılır, Azərbaycanın iqtisadiyyatı bundan sonra sərbəst iqtisadiyyat prinsipləri əsasında qurulacaq və xalqımız müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Buna həm siz, həm indi Türkiyədə təhsil alan vətəndaşlarımız, həm də türk xalqı əmin olmalıdır.

Mən bu sözləri sizə xüsusi olaraq çatdırmaq istəyirəm, çünki indi bizim Türkiyədə təhsil alan, yaxud müəyyən sahələrdə işləyən bəzi adamlarımız Azərbaycanla Türkiyə arasında münasibətlərin pozulmasına, təəssüflər olsun ki, düşmənlərimizdən də çox çalışırlar. Siz isə, bunun əksinə olaraq, öz fəaliyyətinizi Azərbaycan - Türkiyə münasibətlərinin, xalqımız arasında dostluğun möhkəmlənməsinə yönəltməlisiniz və əminəm ki, belə də olacaqdır.

Şübhə etmirəm ki, siz göstərilən bu etimada layiq olacaqsınız. Sizin orada təhsil almağınız üçün hər nə lazımdırsa, hamısını edəcəyik. Bu sarıdan narahat olmayın. Təhsil nazirimiz, digər əlaqədar şəxslərimiz, Prezident Aparatının müvafiq şöbəsi bu işlə məşğul olub, təkliflərini mənə çatdıracaqlar.

Sizə bir daha cansağlığı arzulayıram. Siz hələ gəncsiniz, qarşıda sizi uzun bir yol gözləyir. Arzum budur ki, bu yolu uğurla keçəsiniz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz Azərbaycanı Türkiyədə layiqincə təmsil edəcək, ali təhsil alacaq və qayıtdıqdan sonra vətənimizə, xalqımıza sədaqətlə, yorulmadan xidmət edəcəksiniz.

Sağ olun, yaxşı yol. Sizə uğurlar olsun.

"Azərbaycan" qəzeti, 8 fevral 1994-cü il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər