Hörmətli cənab senator Braunbək!
Hörmətli prezidentlər!
Xanımlar və cənablar!
Sizi ürəkdən salamlayıram və tarixi hadisə - Amerika Konqresində Böyük İpək yolu haqqında qanunun müzakirəsi münasibətilə təbrik edirəm.
Böyük İpək yolunun bərpası haqqında Amerika Konqresinin qanun qəbul etməsi üçün senator Braunbəkin təşəbbüsünü alqışlayıram.
Bu gün bizim Vaşinqtona, Amerika Konqresinə toplaşaraq, Avrasiya prosesi, bütün dünya birliyi üçün çox böyük əhəmiyyətə malik məsələni müzakirə etməyimiz tarixi hadisədir. Lakin bu məsələ bizim üçün - tarixi İpək yolunun marşrutu üstündə bilavasitə yerləşən Avrasiya qitəsinin ölkələri üçün xüsusilə böyük əhəmiyyətə malikdir.
Senator Braunbəkə bu təşəbbüsə görə təşəkkür edirəm. Burada cənab Bekkerin, cənab Bzejinskinin, cənab Berkerin çox dəyərli fikirlərini eşitmək mənə xoş idi. Bu çıxışlar tam inam yaradır ki, böyük tarixi İpək yolunun bərpasına dair təşəbbüs Amerika Konqresində dəstəklənəcək, qanun qəbul ediləcək və biz XXI əsrin əzəmətli layihəsinin həyata keçirilməsinin şahidləri olacağıq.
Azərbaycan tarixi İpək yolunun mərkəzində yerləşir, bu layihənin həyata keçirilməsində mühüm məntəqədir. Biz bu təşəbbüsü həmişə alqışlamışıq, İpək yolunun problemləri ilə çoxdan məşğul oluruq və artıq xeyli iş görmüşük. Bir çox ölkələrlə və Amerika Birləşmiş Ştatlarının, Avropanın və digər ölkələrin bir çox neft şirkətləri ilə birgə işimiz konkret nəticələrə gətirib çıxarmışdır. Biz artıq Xəzər dənizinin zəngin neft ehtiyatlarını mənimsəyirik və onları çəkilmiş olan Bakı-Novorossiysk və Gürcüstanın Qara dəniz sahilinə gedən Bakı-Supsa neft kəmərləri ilə dünya bazarlarına ixrac etmək imkanına malikik. Biz gələcəkdə Xəzər dənizindən bol neftin ixracı üçün Azərbaycandan başlayıb Gürcüstan vasitəsilə Türkiyəyə, Aralıq dənizi sahilindəki Ceyhan limanına gedən Bakı-Ceyhan böyük neft kəməri üzərində işləyirik.
Biz İpək yolu ilə, Transqafqaz magistralı ilə yük daşımaları layihələrinin həyata keçirilməsi üçün çox işlər görmüşük. Biz Transqafqaz dəhlizi yaratmışıq, bu marşrutla Şərqdən Qərbə və Qərbdən Şərqə yüklər daşınmasını həyata keçiririk.
Lakin bu, başlanğıcdır. Ötən ilin sentyabrında Bakıda Böyük İpək yolunun bərpasına dair TRASEKA proqramının həyata keçirilməsinə həsr edilmiş beynəlxalq konfrans olmuşdur. Bu konfransda 32 ölkənin və 13 təşkilatın nümayəndələri iştirak etmişlər. Biz çox mühüm sənədlər qəbul etdik və bu sənədlər İpək yolu proqramının yerinə yetirilməsi üçün əsasdır. Ancaq Amerika Konqresinin bu məsələ haqqında qanun qəbul etməsi həmin layihənin həyata keçirilməsində, şübhəsiz, son dərəcə mühüm rol oynayacaqdır.
Biz bu layihənin həyata keçirilməsini iqtisadiyyatımızın daha da inkişaf etməsi, müstəqilliyimizin möhkəmlənməsi, əziyyət çəkdiyimiz münaqişələrin aradan qaldırılması üçün bir vasitə kimi qiymətləndiririk. Qafqazdakı hərbi münaqişələr ölkələrimizə, Qafqazda sülhə və sabitliyə olduqca böyük ziyan vurur. Ümidvarıq ki, qanunun qəbul olunması, onun əməli surətdə həyata keçirilməsi münaqişələrin, o cümlədən Ermənistanla Azərbaycan arasında artıq 10 ildən çoxdur davam edən münaqişənin tamamilə aradan qaldırılmasında bizə kömək edəcəkdir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, etnik təmizləmələr nəticəsində oradan bir milyon nəfərdən artıq azərbaycanlı köçürülmüşdür və indi onlar çox ağır şəraitdə, çadırlarda yaşayırlar.
Biz Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə nizama salınması üçün tədbirlər görürük. Biz bu tədbirləri bundan sonra da həyata keçirəcəyik. Ümidvaram ki, İpək yolu haqqında qanun qəbul olunması münaqişələrin, o cümlədən də bizim əziyyət çəkdiyimiz münaqişənin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsinə kömək edəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm. Sizin hamınıza uğurlar, sülh və sabitlik arzulayıram. Diqqətinizə görə sağ olun.