Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən təntənəli bayram mərasimində təbrik nitqi - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, 8 mart 1995-ci il


Əziz qadınlar, əziz bacılar!

Sizin hamınızı bugünkü bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik və bütün arzularınızın həyata keçməsini diləyirəm.

Mən uzun illərin fasiləsindən sonra burada qadınlar bayramında iştirak edirəm. Azərbaycanda bu bayram vaxtilə çox keçirilib. Bu bayramı çoxlarınızla birlikdə qeyd etmişik. Bilirsiniz ki, bir çox illər mən vətəndən - Azərbaycandan, Bakıdan ayrı idim. Mən Moskvada olanda da şübhəsiz ki, qadınlar bayramında iştirak etmişdim. Uzun fasilədən sonra yenidən burada, öz torpağımızda bacılarımızla birlikdə bu bayramı qeyd edirik. Mən bundan çox məmnunam. Düzü, mən bu mərasimi belə təsəvvür edə bilmirdim. Mənə dünən axşam dedilər ki, belə bir bayram mərasimi olacaq və məni də dəvət ediblər. Mən dedim ki, mütləq gedəcəyəm. Ancaq bu tədbirin bu qədər təsirli, möhtəşəm və təntənəli olacağını təsəvvür etmirdim.

İndi mən həyəcan içərisindəyəm. Çünki burada, bu kiçik salonda Azərbaycanın görkəmli xanımlarını görürəm. Mən onları görməkdən çox məmnunam. Biz uzun illər bir yerdə çalışmışıq, işləmişik, əlaqələrimiz və münasibətimiz olubdur. Mən indi burada, xalqımızın bu ağır, çətin dövründə qadınları yenə də bayram əhval-ruhiyyəsində görəndə çox sevinirəm.

Bu gün biz burada gözəl konsertə baxdıq: Bizim incəsənətimiz zəngindir, - bunu bütün dünya bilir. Biz də bilirik. Ancaq bəzən biz özümüzün qədrini bilmirik, nəyə qadir olduğumuzu dərk edə bilmirik. Burada çıxış edənlərin bəziləri gənclərdir. Biz səhnədə eyni zamanda incəsənət ustalarımızı, sönməyən ulduzlarımızı, Azərbaycan mədəniyyətini uzun illər yaşadanları, inkişaf etdirənləri gördük. Bu salonda onların bir çoxu əyləşibdir. XX əsrin tarixini - keçmişi, bu günü və gələcəyi burada bu salonda əyləşənlərin timsalında, həyat və yaradıcılıq yolunda görürük. Bu, böyük xoşbəxtlikdir.

Burada Azərbaycan qadını haqqında xoş sözlər dedilər. Ola bilər ki, mən deyilənlərə bir şey əlavə edə bilməyim. Ümumiyyətlə, qadın cəmiyyətin ən hörmətli üzvüdür. Hamı qadının qarşısında baş əyməlidir, hamı qadına hörmət etməlidir. Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm.

Bu gün bir daha görürəm ki, Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlara hörmət, qadınlara təşəkkür, qadınlara can-sağlığı!

Mən bu gün sizinlə bir yerdə olduğuma görə çox sevinirəm. Bir daha sizi təbrik edirəm, cansağlığı və xoşbəxtlik arzulayıram!

Burada Elmira ana çıxış etdi. Mən bilmirdim ki, cəbhədə bizim belə analar var. Şübhəsiz ki, Azərbaycan qadını həmişə qəhrəman olubdur. Onların cəsarətli olduğunu hamı, o cümlədən mən də bilirəm. Ancaq mən bilmirdim ki, cəbhədə sizin kimi Elmira ana var. Mən sizə təşəkkür edirəm. Bəlkə, bu, gözlənilməz bir qərar olacaq, ancaq mənim bir prezident kimi buna səlahiyyətim var. Mən buradaca sizi respublikamızın ən yüksək ordeni - "Azərbaycan Bayrağı" ordeni ilə təltif edirəm.

Azərbaycanın ulduzları bizim gözümüzün önündən keçdilər. Leyla xanım, Sara xanım, Tükəzban xanım, Firəngiz xanım, Gülxar xanım, Şəfiqə xanım burada əyləşiblər. Mən sizin yaradıcılığınızın həmişə pərəstişkarı olmuşam. Sizi səhnələrdə də görmüşəm, şəxsən də görüşmüşük. Mən həmişə sizinlə fəxr etmişəm. Çox fəxr edirəm ki, siz bu gün bu məclisə də yaraşıq verirsiniz. Hamınızı, xüsusən ulduzlarımızı təbrik edirəm. Leyla xanım, söylədiyiniz xoş arzular üçün təşəkkürümü bildirirəm. Sizinlə üzbəsurət görüşməyimə çox sevinirəm. Çünki adətən sizi ekranlarda görürük. Yəqin ki, sizdə məni bəzən ekranlarda görürsünüz.

Salondan səslər:  Biz sizin üçün darıxmışıq.

Heydər Əliyev: Amma mən sizdən ötrü daha çox darıxmışam. Sara xanım, xatirinizdədirsə, sizin yubileyiniz zamanı mən Naxçıvanda idim. Sizə təbrik göndərdim. Çox sevindim. Mən Naxçıvanda blokada şəraitində idim. Mən sizə telefon etdim. Burada sizinlə görüşdüyümə görə çox şadam. Hamınızı görməyimə çox məmnunam.

Burada xarici ölkələrin səfirləri öz xanımları ilə birlikdə iştirak edirlər. Bilmirəm, bu bayram Amerikada, Türkiyədə, İngiltərədə, başqa ölkələrdə qeyd olunur, yoxsa yox? Fərqi yoxdur, onların bu gün burada iştirak etməsi və bu bayramı bizim qadınlarla birlikdə qeyd etmələri çox gözəl haldır. Mən sizin adınızdan və öz adımdan xarici ölkələrin səfirlərinin xanımlarını bizimlə birlikdə olduqlarına görə təbrik edirəm, səfirlərə, diplomatik nümayəndəliklərin başçılarına təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün mənim həyəcanlanmağımın səbəbi odur ki, xalqımız çətin, ağır vəziyyətdə, müharibə şəraitində yaşayır - bunların hamısını mən bilirəm, bu çətinliklərə görə qəlbən əzab-əziyyət çəkirəm, çünki bunların hamısına cavabdehəm. Ancaq eyni zamanda sizi şən, xoşbəxt görəndə, bu çətinliklərə baxmayaraq, sizi xoş əhval-ruhiyyədə, nikbin görəndə mən bir daha inanıram ki, xalqımız bu çətinliklərin hamısından çıxacaqdır. Bizim qələbəmizin dayağı qadınlardır, qadınlardır, qadınlardır!

Qadınlara hörmət, qadınlara məhəbbət! Qadınlar bizim qəlbimizdədir!

Sağ olun, təbrik edirəm!