Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Corctaun Universitetində söylədiyi nitqi - 30 iyul 1997-ci il, Vaşinqton


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab Bjezinski, Corctaun Universitetinin hörmətli vitse-prezidenti, hörmətli səfir cənab Armitaç! Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram və bu gün Vaşinqtonda, Amerika Birləşmiş Ştatlarının ən məşhur və ən qədim universitetlərindən biri olan Corctaun Universitetində bu görüşü keçirməkdən çox böyük qürur duyuram.

Mənim Corctaun Universitetinə bütün dünyada xarici siyasət sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə böyük hörmətim var. Bir çox böyük dövlət xadimi ya bu universiteti bitirmiş, ya da burada dərs demişdir. Bizə dedilər ki, Prezident Bil Klinton bu Universitetin məzunu olmuşdur və Dövlət katibi xanım Olbrayt isə burada professor kimi fəaliyyət göstərmişdir. Təbii ki, bu siyahını artırmaq da olar.

Buna görə də bu gün belə zəngin bir tarixi olan universitetdə sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəf və fəxrdir. Mən bu gün bu görüşün təşkil edilməsində iştirak etmiş adamların hər birinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Fikrimcə, bu gün sizin hər biriniz buraya Azərbaycan haqqında daha çox məlumat almaq və onun inkişafı barədə mənim fikir və baxışlarımla tanış olmaq üçün gəlmisiniz. İcazə verin, əvvəlcə Azərbaycan haqqında sizə qısa tarixi məlumat verim. Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Azərbaycan xalqının qədim tarixi və mədəniyyəti vardır və o, özünün zəngin ədəbi və elmi irsi ilə, yaratdığı sənət əsərləri ilə dünya mədəniyyətinin və elminin inkişafına əvəzsiz xidmətlər göstərmişdir.

Lakin yaşadığımız bu əsr ərzində Azərbaycan xalqı bir çox çətinliklərlə mübarizə aparmalı olmuşdur. Azərbaycan ilk dövlət müstəqilliyini yalnız 1918-ci ildə qazana bilmişdi. Bu, Şərqdə ilk demokratik dövlət idi. Lakin bu müstəqillik uzun sürmədi. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dayandırıldı və ölkədə 70 il (1991-ci ilədək) davam edən sosialist-kommunist rejimi bərqərar oldu.

1992-ci ildən sonra Azərbaycan BMT kimi beynəlxalq təşkilatlar və xarici ölkələrlə əlaqələr qurmaq xəttini inkişaf etdirməyə başladı. Bu baxımdan Azərbaycan ABŞ-la əlaqələrin qurulmasına çox böyük əhəmiyyət verir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Mən ABŞ-ın Prezidenti ilə dəfələrlə görüşmüşəm. Bu rəsmi səfərin əsas məqsədi Azərbaycan-Amerika münasibətlərini yeni mərhələyə - daha yüksək əməkdaşlıq səviyyəsinə çatdırmaqdır.

Bilirsiniz ki, mən buraya ABŞ Prezidentinin rəsmi dəvəti ilə gəlmişəm. Bu mənim müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi ABŞ-a ilk rəsmi səfərimdir.

Öz müstəqilliyini elan edəndən sonra Azərbaycan hüquqi prinsiplərə əsaslanan demokratik dövlət qurmaq qərarına gəlmişdir. Biz bu siyasətimizi qətiyyətlə davam etdiririk. Lakin təəssüf ki, bu siyasətin yeridilməsində biz bir çox problemlər və çətinliklərlə üzləşməli oluruq. Bəzən bu çətinliklər bizim yolumuzda maneələr yaratsa da, bizi heç vaxt seçdiyimiz bu yoldan döndərə bilmir.

Mən fürsətdən istifadə edərək, bir daha elan etmək istəyirəm ki, Azərbaycanda demokratik azad cəmiyyətin qurulması Azərbaycan dövlətinin əsas siyasəti və strateji məqsədidir. Biz bu məqsədimizə sadiqik və bu siyasətimizi davam etdirəcəyik. Biz maneələri aradan qaldırmağı bacarırıq və öz məqsədimizə nail olmaq üçün heç bir qüvvəmizi əsirgəməyəcəyik.

Biz dediyim məqsədlərə çatmaq yolunda müntəzəm olaraq irəliləyirik. Bir sıra maneələrin olması üzündən bizim iqtisadi islahatlarımız bir qədər gecikmişdir. Biz bu islahatları həyata keçirməyə yalnız 1994-cü ildə başladıq. Lakin o vaxtdan bəri biz bu islahatları sürətlə həyata keçiririk.

Bu gecikmənin səbəbi müstəqilliyimizdən əvvəl baş vermiş hadisələrlə bağlıdır. Bu, xüsusi olaraq, 1988-ci ildə, Azərbaycanın hələ SSRİ-nin tərkibində olduğu dövrdə, qonşu Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı anneksiya etmək məqsədi ilə bizə qarşı təcavüz kampaniyasına başlaması ilə bağlıdır.

Bu təcavüz hərbi qarşıdurma və saysız insan ölümü ilə nəticələndi. Hətta bu gün belə, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altındadır. İşğal altında olan əraziyə isə təkcə Dağlıq Qarabağ bölgəsi deyil, onun ərazisindən kənarda olan 7 inzibati rayon da daxildir. Bu təcavüzün nəticəsində 1 milyon azərbaycanlı öz yurdlarından qovularaq qaçqına çevrilmiş və olduqca ağır şəraitdə çadır düşərgələrində yaşamağa məcbur olmuşlar.

Təsəvvür edin ki, Azərbaycanın cəmi 7 milyon əhalisi vardır. Bu 7 milyonun 1 milyonu isə qaçqınlardan ibarətdir. Ölkədə 1 milyon qaçqının yaşaması bizim iqtisadiyyatımıza da, ictimai həyatımıza da olduqca mənfi təsir göstərir.

İqtisadi islahatlarda gecikməyimizin başqa bir səbəbi isə ölkədə siyasi sabitliyin olmaması idi. Təəssüf ki, Azərbaycan Sovet rejimi içərisində öz müstəqilliyini elan etdiyi zaman müxtəlif silahlı birləşmələr ölkə daxilində baş qaldıraraq, hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparmağa başladılar. Nəticədə isə iki dəfə dövlət çevrilişi oldu. Şübhəsiz, bu, Azərbaycanın inkişafına və ölkədə islahatların keçirilməsinə mənfi təsir göstərmişdir. Məhz bu amillər bizim yolumuzda maneələr yaratmışdır.

Lakin biz bütün bu çətinlikləri dəf etdik və bu gün Azərbaycanda tam ictimai-siyasi sabitlik hökm sürməkdədir. Artıq qeyd etdiyim kimi, Azərbaycan bazar iqtisadiyyatına doğru irəliləyir. Azərbaycan iqtisadi islahatları həyata keçirməyə başlamışdır və keçirməkdədir. Biz artıq müəyyən nəticələr də əldə etmişik. Özəlləşdirmə proqramı da həyata keçməkdədir. Torpaq islahatı və torpaq sahələrinin özəlləşdirilməsi üzrə qanunvericilik işlənib hazırlanmış və torpağın xüsusiləşdirilməsi təmin olunmuşdur. Azərbaycanda sahibkarlıq və özəl sektor üçün geniş imkanlar açılmışdır. Bu baxımdan, Azərbaycan öz qapılarını bu gün bütün ölkələrin üzünə açmışdır. Bu gün biz xarici şirkətlər və xarici investisiya üçün əlverişli imkanlar yaratmışıq.

Mən çox şadam ki, xarici şirkətlərin Azərbaycana gəlməsi üçün əlverişli şərait təmin olunmuş və bu şərait beynəlxalq biznesin Azərbaycana cəlb olunmasını daha çox reallaşdırır. Azərbaycana təkcə ABŞ-ın deyil, bütün dünyanın iri neft şirkətləri kapital yatırımı qoyur və təbii sərvətlərimizi bizimlə birlikdə inkişaf etdirirlər.

Beləliklə, Azərbaycanda demokratiya quruculuğu həyata keçirilir. Ölkəmizdə bu quruculuq davam edəcəkdir. Dövlətimizin strateji məqsədlərindən biri də plüralizmi və mətbuat azadlığını həyata keçirməkdir. Millətindən, dinindən və irqindən asılı olmayaraq, bütün insanlar Azərbaycanda bərabər hüquqlara malikdirlər.

Qeyd etdiyim kimi, Azərbaycan bir sıra problemlərlə üzləşmişdir. Ən əsas problemlərdən biri isə, Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişədir. Mən artıq sizə bu münaqişənin qısa tarixçəsini söylədim. Bu münaqişə hələ tam həll olunmamışdır. Düzdür, biz 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzaladıq. O vaxtdan bəri hərbi əməliyyatlar davam etdirilmir, üç ildir ki, torpaqlarımızda qan tökülmür. Lakin bizim işğal olunmuş torpaqlarımız hələ azad edilməmiş və sülh bərqərar olmamışdır.

Bu gün bizim olduqca ağır, dözülməz şəraitdə yaşayan 1 milyondan artıq qaçqınımız var. Azərbaycan böyük zərər və itkilərə məruz qalmışdır. On minlərlə azərbaycanlının həyatına son qoyulmuşdur. İşğal olunmuş torpaqlarımızda evlər, məktəblər, idarələr, iş yerləri, eləcə də mədəni, milli və müqəddəs abidələr tamamilə dağıdılmış və məhv edilmişdir. Lakin bütün bu dağıntılara, məhrumiyyətlərə məruz qaldığımıza baxmayaraq, biz yenə də münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq.

Üç il öncə (may, 1994) biz atəşkəs haqqında saziş imzaladıq. O vaxtdan bəri isə, biz münaqişənin sülh yolu ilə həlli vasitələrini araşdırmağa və bu barədə danışıqlar aparmağa çalışırıq. Biz sülhə nail olmaq yolunda göstərdiyimiz cəhdləri davam etdirəcəyik. Bu münaqişənin sülh yolu ilə həlli vasitələrinin axtarıb tapılması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu deyilən bir təşkilat yaradıldı. Bu təşkilatın səyləri nəticəsində ATƏT-in 1994-cü ildə Budapeştdə keçirilən Zirvə toplantısında çox mühüm bir qərar qəbul edilmişdir. Nəhayət, 1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında Ermənistan-Azərbaycan konfliktinin həll edilməsi üçün üç mühüm prinsip irəli sürüldü və qəbul edildi.

Birinci prinsip Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qəbul edilməsini tələb edir. İkinci prinsip Dağlıq Qarabağa Azərbaycan Respublikası daxilində ən yüksək muxtariyyətin verilməsini nəzərdə tutur. Üçüncü prinsip isə Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsinə zəmanət verilməsi prinsipidir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 1988-ci ildə bu münaqişə başlananda Dağlıq Qarabağın əhalisinin sayı 170 min idi. Bu əhalinin təqribən 70 faizi ermənilərdən, 30 faizi isə azərbaycanlılardan ibarət idi. Münaqişənin başlanması ilə Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz doğma yurdlarından qovulmuş və indi orada yalnız 80 min erməni yaşayır.

Ermənistan Lissabon Zirvə toplantısında irəli sürülmüş prinsipləri qəbul etmədi. Lakin mən ATƏT-in 54 üzvündən 53-nün bu prinsipləri qəbul etdiklərini xüsusi vurğulamaq istəyirəm. Bu prinsiplər bizi də tam qane etmir. Onlar müəyyən dərəcədə Azərbaycan üçün də qəbuledilməzdir. Lakin biz güzəştə gedərək, bu prinsipləri qəbul etdik. Biz inanırıq ki, bu prinsiplər əsasında sülh əldə ediləcəkdir.

1997-ci ilin əvvəlində Minsk qrupunun rəhbərliyində dəyişiklik edilmişdir. Bu gün bu qrupa ABŞ, Rusiya və Fransa həmsədrlik edir. Bu münaqişənin həlli yollarının tapılmasına isə üç böyük dövlətin cəlb edilməsi çox böyük əhəmiyyətə malikdir. Bu o deməkdir ki, onlar öz üzərlərinə çox böyük bir məsuliyyət götürmüşlər. Biz onların bu məsuliyyətin öhdəsindən müvəffəqiyyətlə gələcəklərinə böyük ümidlər bağlayırıq.

Çox böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, iyunun 20-də Denverdə hər üç ölkənin prezidenti - Bill Klinton (ABŞ), Jak Şirak (Fransa) və Boris Yeltsin (Rusiya) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin sürətləndirilməsi üçün birgə bəyannamə qəbul etmişlər.

Qrupun həmsədrləri və onların nümayəndə heyətləri Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanda olmuşlar. ABŞ tərəfindən bu nümayəndə heyətinə Strob Talbot (ABŞ Dövlət katibinin müavini) başçılıq edirdi. Bu yaxınlarda həmsədrlər özlərinin ən yeni təkliflərini irəli sürmüşlər. Bu təkliflərdə bəzi çox müsbət məqamlar vardır. Təkliflərə görə problemin həlli iki mərhələdən ibarət olmalıdır. Biz bu sənədi danışıqların aparılması üçün bir əsas kimi qəbul etmişik.

Minsk qrupunun təklifinə görə Ermənistan birinci mərhələdə Dağlıq Qarabağa daxil olmayan onun ətrafındakı əraziləri işğaldan azad etməli və ATƏT-in sülhməramlı qüvvələri Ermənistan qoşunlarının həmin ərazidən çəkilməsini təmin etməlidir. İkinci mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyən edilməli və bu status yalnız Ermənistanın Şuşa və Laçın rayonlarını azad etməsindən sonra həyata keçməlidir.

Ümumiyyətlə, biz bu planın iki mərhələdə həyata keçməsinin tərəfdarıyıq, belə ki, böyük bir problemi birdən-birə həll etməyin mümkün olmadığını anlayırıq. Biz inanırıq ki, əgər hər iki tərəf bu təkliflə razılaşarsa, qrupun həmsədrləri isə bu planı axıradək müdafiə edərlərsə, işğal olunmuş əraziləri çox qısa bir müddətdə azad etmək olar. ABŞ-ın, Fransanın və Rusiyanın prezidentləri bəyan etmişlər ki, bu problem 1997-ci ildə sülh yolu ilə həll olunmalıdır.

Dağlıq Qarabağı narahat edən məsələlərdən biri onun Ermənistanla əlaqəsidir. Gördüyünüz bu xətt Dağlıq Qarabağı Ermənistanla birləşdirir. Biz bir neçə dəfə elan etmişik ki, Dağlıq Qarabağa onu Ermənistanla birləşdirən koridor verməyə razıyıq. Lakin bu koridor ATƏT-in sülh məramlı qüvvələrinin nəzarəti altında olmalıdır.

Dağlıq Qarabağa gəlincə, mən bir daha bu imkandan istifadə edərək, bəyan edirəm: biz Dağlıq Qarabağa indiyədək dünya təcrübəsində mövcud olmuş ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Lakin bu muxtariyyət Azərbaycan dövləti, Azərbaycan ərazisi daxilində olmalıdır.

Təəssüf ki, Ermənistan bununla razılaşmır. ATƏT-in Lissabon Zirvə toplantısında Ermənistan qeyri-konstruktiv hərəkət edərək, Dağlıq Qarabağın tam müstəqilliyi məsələsi üzərində dayanmaqda davam etdi. Lakin biz bununla razılaşa bilmərik. Biz Azərbaycan ərazisi daxilində ikinci Ermənistan dövlətinin yaradılmasına yol verə bilmərik. Buna nə biz, nə də dünya ictimaiyyəti razı ola bilər. Lakin biz Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət, ən yüksək özünüidarə statusu verməyə hazırıq.

Azərbaycanı narahat edən digər məsələ Azadlığı Müdafiə Aktının 907-ci bölməsidir. ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş bu qanunvericilik aktı Azərbaycanın Ermənistanı guya blokadaya alması haqda düzgün olmayan informasiyaya əsaslanmışdır. Nəticədə isə ABŞ Konqresi Birləşmiş Ştatlardan Azərbaycana gələn hər cür yardıma embarqo qoymuşdur. Bu çox ədalətsiz bir qərardır. Mən çox sevinirəm ki, ABŞ Prezidenti və ABŞ-ın digər yüksək vəzifəli rəsmi şəxsləri 907-ci bölməyə qarşı olduqlarını bəyan etmişlər. Mən bu məsələni Konqres üzvləri ilə müzakirə edəcəyəm və inanıram ki, Konqres Azərbaycana qarşı bu ədalətsiz qərarı aradan qaldıracaqdır. Konqresmenlərdən biri, cənab Kinq bu bölmənin ləğv edilməsi üçün Konqresə qanun layihəsi təqdim etmişdir. Ümid edirəm ki, bu qanun layihəsi Konqres tərəfindən qəbul ediləcəkdir. Bizi blokadada günahlandıranlar xəritəni bir qədər diqqətlə öyrənməli idilər. Gördüyünüz bu dəmir yolu xətti Bakı ilə Yerevanı birləşdirir. Mən istəyirəm sizə aydın olsun ki, dəmir yolunun Azərbaycanla Ermənistanı birləşdirən bu hissəsi hal-hazırda erməni hərbi qüvvələrinin işğalı altındadır. Başqa sözlə, bu dəmir yolunun 130 kilometrlik hissəsi bizim deyil, Ermənistanın nəzarəti altındadır. Aşağıda isə İran yerləşir. Ermənistan Azərbaycan ərazisini işğal edərkən, Azərbaycanla İran arasında olan sərhəd zonasını da ələ keçirmişdir. Nəzərə alın ki, Azərbaycan Ermənistanı deyil, Ermənistan Azərbaycanı blokadaya almışdır. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən xətt Ermənistan ərazisindən keçir. Biz isə hal-hazırda bu əlaqədən məhrum olmuşuq. Deməli, blokada altında olan bizik.

Bütün bu çətinliklərə baxmayaraq, zənnimcə, biz bunları tarixə buraxmalıyıq. Biz gələcəyə baxmalıyıq. Bizə elə gəlir ki, əgər sülh bərqərar olarsa, bütün bu problemlər öz həllini tapacaq və Azadlığı Müdafiə Aktının 907-ci bölməsi də aradan qaldırılacaqdır.

Nəhayət, mən demək istəyirəm ki, Azərbaycan sülhsevər bir ölkədir. Biz regionda sülh olmasını istəyirik. Biz ölkəmizdə də sülh olmasını istəyirik. Biz Ermənistanla Azərbaycan arasında da sülh yaranmasını arzulayırıq.

Ermənistan və Azərbaycan əsrlər boyu qonşu dövlətlər olaraq yaşamışlar və biz mehriban qonşuluq və dostluq münasibətlərini davam etdirməliyik. Biz müstəqil bir dövlət kimi müstəqil Ermənistanla sülh əlaqələri qurmaq arzusundayıq. Lakin burada müəyyən şərtlər mövcuddur. Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycanın sərhəd toxunulmazlığı təmin olunmalıdır. Biz bu şərtlərin müqabilində Ermənistanla davamlı sülh münasibətləri qurmağa hazırıq. Biz inanırıq ki, sülh həm Ermənistanın, həm də Azərbaycanın yeganə yolu olmalıdır. Nəhayət, mən çox qısa şəkildə Amerika şirkətlərinin Azərbaycandakı fəaliyyəti haqqında danışmaq istərdim.

Biz artıq 1994-cü ildə imzaladığımız "Əsrin müqaviləsi" deyilən müqaviləni həyata keçirməyə başlamışıq. Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi və "ilkin neft"in ixrac edilməsi üçün artıq iki boru kəməri tikilməkdədir. Bu kəmərlərdən biri Rusiya ərazisindən keçərək, Qara dənizdə Novorossiysk limanına qədər gedib çıxacaq, digəri isə Gürcüstan ərazisindən keçəcəkdir. Gələcəkdə isə, biz Gürcüstan ərazisindən keçərək Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına qədər gedib çıxacaq daha bir boru kəməri tikmək fikrindəyik.

Azərbaycan qədim, neft istehsal edən ölkədir. Azərbaycan alimləri və neft mütəxəssisləri hələ 50 il əvvəl Xəzər dənizində neft yataqları aşkar etmişlər. Bu gün isə, 50 il sonra, Azərbaycan yenidən, 19-cu əsrin sonlarında olduğu kimi, dünyanın ən iri neft şirkətlərini özünün təbii sərvətlərinin inkişaf etdirilməsinə cəlb etmişdir. Bu gün 11 ölkədən olan 17 şirkət artıq Azərbaycana kapital yatırımı qoymuşdur. Bu şirkətlər artıq bizim ölkəmizdə fəaliyyət göstərir.

Birləşmiş Ştatlarda olacağımız müddət ərzində biz ABŞ şirkətləri ilə bir neçə müqavilə imzalayacağıq. Bağlanan neft müqavilələri və iqtisadi əməkdaşlıq ABŞ-la Azərbaycan arasında on illər boyu davam edəcək əlaqələr yaradacaq və iqtisadiyyatımızın bir-birinə inteqrasiya olunmasına kömək edəcəkdir. Biz ABŞ-la iqtisadi əməkdaşlığımızın daha da genişlənməsini alqışlayırıq və biz bu yolda var qüvvəmizi sərf edəcəyik.

Mən çıxışımı davam etdirərək, sizə daha geniş məlumat verə bilərdim. Lakin suallara kifayət qədər vaxt qalması üçün mən nitqimi bununla bitirmək istəyirəm. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 1 avqust 1997-ci il