Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Mitsubisi" şirkətinin prezidenti Şinroku Moroxaşi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 25 fevral 1998-ci il


Hörmətli cənab Moroxaşi!

İlk öncə respublikamız, Azərbaycan xalqı, şəxsən mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. "Gündoğar ölkə"nizin Baş naziri cənab Haşimotonun dəvəti ilə Yaponiyaya bu uğurlu səfərimdən çox məmnun olduğumu bildirirəm. Bu səfər zamanı göstərilən qonaqpərvərliyə, yaradılan mehriban şəraitə görə təşəkkürümü bildirirəm. Mənim üçün çox xoşdur ki, siz Azərbaycan prezidentinin Yaponiyaya rəsmi səfərini tarixi hadisə kimi yüksək qiymətləndirdiniz. Sizin mənim rəhbərliyim ilə Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və islahatların uğurla həyata keçirilməsi sahəsində fəaliyyətimi və xidmətlərimi xüsusi qeyd etməyiniz, keçirilən tədbirlərin Yaponiyada böyük maraqla izlənildiyi barədə söylədiyiniz səmimi sözlərə görə təşəkkür edirəm.

Siz 1997-ci ilin sentyabrında Bakıda olmağınızı xatırlatdınız. Bu mənim yadımdadır. Cənab Moroxaşi! Prezidenti olduğunuz "Mitsubisi" şirkətinin Azərbaycanla bir çox sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istədiyini, Azərbaycanda kanallar tikilməsi, alternativ enerji mənbələrindən istifadə olunması, Naxçıvan hava limanının yenidən qurulması, respublikamıza kənd təsərrüfatı üçün avadanlıq verilməsi məsələləri barədə təkliflərinizi maraqla dinlədim, nəzərə çatdırıram ki, bu şirkətlə bir çox sahələrdə əməkdaşlıq etməyə ölkəmizdə geniş imkanlar vardır. "Mitsubisi" şirkətinin Azərbaycanda nümayəndəliyinin fəaliyyətə başladığını, ölkəmizə böyük maraq göstərdiyinizi, respublikamızla qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa xüsusi diqqət yetirməyinizi razılıqla bəyənirəm. İrəli sürdüyünüz konkret təklifləri bəyənirəm və onların həyata keçirilməsi üçün lazımi müzakirələr aparılmasını vacib hesab edirəm. Ümid edirəm ki, biz bundan sonra daha geniş əməkdaşlıq edəcəyik. Mən, cənab Moroxaşi, sizi Azərbaycana səfərə dəvət edirəm. Sağ olun.