Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası və Gürcüstan arasında ikitərəfli sənədlər imzalandıqdan sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə mətbuat konfransında bəyanatı - Prezident Sarayı 18 fevral 1997-ci il


Hörmətli Prezident, cənab Eduard Şevardnadze!

Möhtərəm qonaqlar, hörmətli informasiya orqanlarının nümayəndələri, xanımlar və cənablar!

Bir az əvvəl biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında bir sıra mühüm sənədlərin imzalanmasının şahidi olduq. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. 22 sənəd imzalanmışdır. Gürcüstan və Azərbaycan müstəqil dövlətlər olduğu vaxtdan bəri isə 32 sənəd imzalanmışdır. Beləliklə, respublikalarımız, dövlətlərimiz arasında 54 sənəd imzalanmışdır. Həm də bunlar dövlətlərimiz arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən çox mühüm sənədlərdir. Beləliklə, cəsarətlə demək olar ki, biz əməkdaşlığımızı daha da inkişaf etdirmək və genişləndirmək üçün qısa müddətə Gürcüstan ilə Azərbaycan arasında kifayət qədər müqavilə – hüquqi əsas yaratmağa müvəffəq olmuşuq.

Bütün sənədlər çox böyük əhəmiyyətə malikdir. Onlardan hər biri həm Gürcüstan, həm də Azərbaycan üçün həyati əhəmiyyətə malik sahələrə aiddir. Lakin Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Prezident Şevardnadze ilə mənim imzaladığım sənədlərin əhəmiyyətindən danışmaq istərdim.

Biz xalqlarımızın iqtisadi, mədəni, elmi əlaqələrinin, dostluğunun zəngin tarixi olan qonşu dövlətlərik, indi Gürcüstanın və Azərbaycanın dövlət müstəqilliyi şəraitində strateji tərəfdaşlar olmuşuq və strateji tərəfdaşlığımızın və əməkdaşlığımızın daha da inkişaf etdirilməsi haqqında sənəd imzalamışıq.

Bu, Gürcüstanın və Azərbaycanın dövlət siyasətinə, ölkələrimizin və xalqlarımızın milli mənafelərinə tam uyğundur. Sənəd ona yönəldilmişdir ki, gələcəkdə ölkələrimiz həqiqətən strateji tərəfdaşlar kimi əməkdaşlıq edərək, bir-birinə lazımi yardım və həyanlıq göstərə bilsinlər. Beləliklə, bu sənəd xalqlarımız arasında dostluqla, Gürcüstanda və Azərbaycanda yaşayan adamlar arasında münasibətlərlə bağlı tarixi zəminə malikdir. Bununla yanaşı, bu sənəd istər Gürcüstan üçün, istərsə də Azərbaycan üçün ciddi proqramdır və gələcək əməkdaşlığımızın aydın və dəqiq yolunu müəyyənləşdirir.

Əminəm ki, Azərbaycan prezidentinin bir il əvvəl Gürcüstana rəsmi səfəri zamanı imzalanmış sənədlərin həyata keçirildiyi kimi, bu gün imzalanmış sənədlər də uğurla həyata keçiriləcəkdir. Bu gün razılıq hissilə demək olar ki, ötən il ərzində bizim imzaladığımız sənədlər artıq öz əməli nəticələrini verir. Əgər bir ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi iki dəfə artmışdırsa, bu, çox şeyə dəlalət edir. Əlbəttə, mən bir il əvvəl imzalanmış sənədlərin əməli surətdə həyata keçirilməsini səciyyələndirən konkret faktlarla vaxtınızı almaq istəmirəm və yalnız bir fakt gətirdim. Lakin, zənnimcə, bu fakt kifayət qədər inandırıcı surətdə göstərir ki, biz razılaşmaların, imzalanmış sənədlərin əməli surətdə həyata keçirilməsi ilə məşğul oluruq. Buna görə də əminəm ki, bu gün imzalanmış sənədlər və bütün dövlətlərarası sazişlər, indiyədək imzalanmış sənədlər uğurla həyata keçiriləcəkdir ki, bu da başlıca vəzifənin ölkələrimiz arasında strateji əməkdaşlığın təmin olunması vəzifəsinin yerinə yetirilməsinə kömək edəcəkdir.

Bu gün imzalanmış sənədlər bir çox günlər və aylar ərzində hazırlanmışdır. Biz onların üzərində çox ciddi işləmişik. Bu gün də Gürcüstan və Azərbaycan nümayəndə heyətləri üzvlərinin böyük bir qrupu bu sənədləri qəti şəkildə dəqiqləşdirmiş və imzalamaq üçün təqdim etmişdir. Bu sənədlərin hazırlanması üçün həm Gürcüstan tərəfdən, həm də Azərbaycan tərəfdən səy göstərənlərin hamısına təşəkkür etmək, habelə əmin olduğumu bildirmək istərdim ki, Gürcüstan və Azərbaycanın dövlətlərarası münasibətləri ilə bağlı olan bütün problemlər üzərində biz bundan sonra da belə səliqə ilə, dəqiq və səylə işləyəcəyik.

Ölkələrimizin qarşısında böyük və məsul vəzifələr durur. Biz bu gün bunların barəsində danışdıq. Gürcüstan prezidenti, mənim dostum və qardaşım Eduard Şevardnadze və Azərbaycan prezidenti arasında uzun sürən söhbət oldu. Biz iki saat yarımdan çox təkbətək söhbət etdik, dövlətlərarası münasibətlərimizə dair, demək olar, bütün məsələlər barədə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətləri intensivləşdirməyin zəruriliyi ilə bağlı olan bütün məsələlər haqqında fikir mübadiləsi apardıq. Eyni zamanda biz regional xarakterli bir çox məsələləri müzakirə etdik. Qafqaz dünyanın nadir regionudur. O, özünün tarixi və bugünkü mövqeyi ilə Yer kürəsinin bir çox ölkələrinin diqqətini cəlb edir. Biz, Qafqazda yaşayan, öz xalqları, öz dövlətləri üçün məsuliyyət daşıyan insanlar isə Qafqaz işlərinə daha böyük maraq göstəririk. Qafqaz problemi bu gün aramızdakı fikir mübadiləsinin böyük mövzusu olmuşdur. Başlıcası isə, biz yekdil fikirdəyik ki, Qafqaz sülh regionu olmalıdır, burada sabitlik təmin edilməlidir. Qafqazda ölkələr, dövlətlər və xalqlar arasında mehriban qarşılıqlı münasibətlər olmalıdır və biz buna nail olmaqdan ötrü hər şeyi etməliyik.

Biz Qafqazda münaqişələrlə bağlı məsələləri, o cümlədən Gürcüstandakı, Azərbaycandakı münaqişələri ətraflı müzakirə etdik. Biz yekdil fikirdəyik ki, bu münaqişələri sülh yolu ilə, beynəlxalq hüquq normaları, BMT-nin və ATƏT-in prinsipləri əsasında, xüsusən də 1996-cı il dekabrın əvvəlində ATƏT-in Lissabon sammitində qəbul olunmuş sənədlər əsasında həll etmək lazımdır.

Biz MDB-də vəziyyət haqqında da fikir mübadiləsi apardıq, belə bir ümumi rəyimizi ifadə etdik ki, üzvü olduğumuz Müstəqil Dövlətlər Birliyi daha səmərəli, daha demokratik orqan olmalıdır. Birliyimizin məhz belə olması üçün biz öz tərəfimizdən hər şeyi edəcəyik.

Şübhəsiz ki, Şimali Qafqazdakı vəziyyət də bizi narahat edir. Belə bir yekdil fikirdəyik ki, orada sülh və sabitlik olmalıdır.

Biz qonşularımızla qarşılıqlı münasibətlərimiz haqqında da danışdıq. Belə bir yekdil fikirdəyik ki, bütün qonşularımızla dostluq, sülh, mehriban əməkdaşlıq münasibətlərimiz olmalıdır. Bu, o cümlədən də xüsusən ġimal qonşumuza – Rusiyaya da aiddir. Biz istəyirik ki, Rusiyada sabitlik olsun, Rusiyada demokratik islahatlar həyata keçirilsin, Rusiya demokratik dövlət olsun və onun ərazisində mövcud olan mürəkkəb problemlərin hamısı sülh yolu ilə həll edilsin.

Biz bir çox başqa problemlər haqqında da söhbət etdik. Ən başlıca məqsədimiz isə Qafqazda və Cənubi Qafqazda sülhə nail olmaqdan ibarətdir. Bunun üçün Gürcüstan və Azərbaycan fəal əməkdaşlıq edirlər və fəal əməkdaşlıq edəcəklər. Biz əvvəl də bu fikirdə idik və bu gün həmin yekdil mövqeyimizi bir daha təsdiq etdik.

Ancaq biz ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına dair problemlər haqqında daha çox danışdıq. Böyük məmnuniyyətlə demək istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasında keçmişdə də problem olmayıbdır və indi də heç bir problem yoxdur. Ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasında münasibətlər dostluq, sıx əməkdaşlıq, qardaşlıq münasibətləri kimi səciyyələnir. Bu münasibətlərin daha da inkişaf etməsi üçün Azərbaycan tərəfi hər şeyi edəcəkdir. Hesab edirəm ki, bu baxımdan Gürcüstan Prezidenti cənab Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfəri mühüm mərhələ olacaqdır. Biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu səfər nəticəsində nə əldə olunmuşsa və əldə olunacaqsa, hamısı reallaşdırılsın. Diqqətinizə görə sağ olun.

Sual: Mənim sualım hörmətli Gürcüstan Prezidenti Eduard Şevardnadze cənablarınadır. Dövrümüzün iki görkəmli siyasi xadiminin Sizin və Azərbaycan Prezidenti hörmətli Heydər Əliyev cənablarının həm şəxsi əlaqələrinin, həm də siyasi, iqtisadi və mədəni əlaqələrimiz sayəsində xalqlarımız arasında olan münasibətlərdə yeni ab-hava yaranmışdır. Hörmətli Eduard Şevardnadze, Sizin Zaqafqaziyada sülh ideyanıza ilk səs verən hörmətli Prezidentimiz Heydər Əliyev cənabları olmuşdur. Artıq bünövrəsi qoyulmuş həmin fikrinizi möhtəşəm saraya çevirmək mümkün olacaqmı?

Eduard Şevardnadze: Bu suala görə təşəkkürümü bildirirəm. Məncə, bizim bugünkü görüşümüz əlaqələrimizdə doğrudan da yeni mərhələdir, yeni keyfiyyət kəsb edən bir görüşdür. Bünövrəmiz olmasa, həmin yeni mərhələ və strateji əməkdaşlıq haqqında danışmaq çətindir. Bizim işimizin əsasını məhz tarixi ənənələr, dostluq, qardaşlıq əlaqələri, ənənələri təşkil edir. Əminəm, mən və Heydər Əliyev cənabları xalqlarımıza zəmanət verə bilərik ki, tariximizdə, xalqlarımızın əlaqələrində qiymətli olan bütün ənənələri gələcək nəsillərə çatdıracağıq. Əminəm, münasibətlərimiz elə səviyyəyə çatacaq ki, Güney Qafqazda – möhtərəm prezident burada Cənubi Qafqaz ifadəsi işlətdi, – yaşayan bütün millətlər bir-birinə qardaş gözü ilə baxacaqlar.

Sual: Mənim sualım hər iki prezidentədir. Sizin bəyan etdiyiniz kimi, böyük neftin nəql edilməsi üçün variantlardan biri Gürcüstan ərazisidir. Başqa variantlar da varmı?

Eduard Şevardnadze: Mən sizə cavab verərdim, lakin, təəssüf ki, bizim neftimiz yoxdur. Ona görə də Heydər Əliyeviç cavab verəcəkdir.

Heydər Əliyev: Bilirsiniz, nə qədər ki, variantlar yox idi, suallar da yox idi. Variantlar meydana çıxan kimi, saysız-hesabsız suallar da meydana çıxır, daha nə qədər variant lazımdır?

Əgər bu ifadəni düzgün işlətsək, hazırda iki variant var. Birincisi, Azərbaycandan neftin şimal marşrutu ilə Rusiya ərazisi vasitəsilə Novorossiysk limanına nəql olunması variantı, ikinci variant ikinci neft kəməri xətti Qərb marşrutu ilə Gürcüstan ərazisi vasitəsilə Qara dəniz sahilindəki Supsa limanına nəql olunmasıdır. Xəbər verə bilərəm ki, birinci marşrut üzrə hər şey hazırdır, yəni Azərbaycan tərəfi və konsorsium nə lazımdırsa hamısını yerinə yetirmişlər və Azərbaycan ərazisində neft kəməri hazırdır. Biz nefti ixrac etməyə hazırıq. Rusiyanın "Transneft" şirkəti tərəfindən ləngimə var, lakin danışıqlar aparılır və hesab edirəm ki, məsələlər yoluna qoyulacaqdır.

O ki qaldı ikinci varianta, layihə işlərinin hamısı qurtarıbdır və tezliklə Gürcüstan ərazisindən, Supsa limanına neft kəmərinin tikintisinə başlanacaqdır. Konsorsiumun Beynəlxalq Əməliyyat Komitəsinin rəhbərləri söz veriblər ki, bu neft kəməri 1998-ci ilin axırınadək hazır olacaq və nefti nəql etmək imkanı yaranacaqdır.

İndi bu, azlıq edir, daha bir variant istəyirlər. Bəli, böyük neft kəməri variantı var. 1994-cü il sentyabrın 20- də Bakıda imzalanmış müqavilədə qeyd edilmişdir ki, böyük nefti ixrac etmək üçün neft kəməri çəkmək lazımdır. Hamı maraqlanır ki, bu kəmər haradan, hansı ölkələrin ərazisindən keçəcəkdir? Mənə belə gəlir ki, hökmən Gürcüstandan keçəcəkdir.

Eduard Şevardnadze: Bir-iki kəlmə əlavə edəcəyəm. Şübhəsiz ki, bu gün biz bu barədə danışmışıq, Heydər Əliyeviçə ən dərin minnətdarlıq sözlərimi çatdırmaq istəyirəm ki, o, ilkin neftin şimala və Qərbə ixracı marşrutunun müəyyən edilməsində həlledici sözü dedi. Həmçinin böyük neftin marşrutunun müəyyənləşdirilməsi üçün kömək edəcəyinə görə də təşəkkürümü bildirmək istəyirəm. Mən nə deyə bilərəm? Təminat verirəm və həmkarlarım da bununla razılaşa bilər ki, bu, tamamilə təhlükəsiz və tamamilə etibarlı istiqamət olacaqdır. Buna bizim marağımız var və buna təminat verə bilərik.

Bəlkə o qədər də nəzakətli görünməyən daha bir məsələ haqqında. Heç kimə qısqanmaq lazım deyildir. Biz hamımız həm Şimal, həm Cənub, həm Qərb dövlətləri Xəzər dənizinin dibindəki zəngin sərvətdən istifadə etmək istəyirik və istəyirik ki, bu istifadə prosesi tamamilə təhlükəsiz olsun. Ona görə də Heydər Əliyeviçin haqqında danışdığı həmin istiqaməti Azərbaycanın hansısa şəkildə dəstəkləmək qərarı bütün dövlətlərin, o cümlədən, şübhəsiz ki, Gürcüstanın da xeyrinədir. Bu dəstəyə, belə mühüm qərarın qəbul edilməsinə görə bir daha təşəkkürümü bildirirəm.

Sual: Mənim sualım Eduard Şevardnadzeyədir. Bu yaxınlarda Kiyevə səfəriniz zamanı belə bir məlumat yayılmışdı ki, guya Siz MDB sərhədlərində dövlətlərin hansısa yeni birliyini yaratmağı təklif etmisiniz. Əgər belədirsə, Siz bu birliyi necə təsəvvür edirsiniz?

Eduard Şevardnadze: Belə söhbət olmayıb. Bu məlumat ortaya çıxdıqdan sonra Gürcüstan prezidentinin mətbuat katibi bəyanat verdi ki, həmin informasiya həqiqətə uyğun deyildir. Kiyevdə mən təxminən indiki kimi dedim ki, MDB-də hazırkı vəziyyət bizi, təbii olaraq, qane etmir. Buna görə də biz, bu birliyin üzvü olan dövlətlərin hamısı onun işini və fəaliyyətini necə canlandırmaq barədə düşünməliyik ki, o, hər bir dövlət üçün gərəkli olsun, müstəqilliyin inkişafına, möhkəmlənməsinə və bu əsasda inteqrasiya proseslərinin inkişafına kömək etsin. Söhbət bundan gedir. Mən heç bir yeni təşkilatdan danışmamışam.

Sual: Cənab prezidentlər, icazənizlə iki sualım var. Görüşdə siz qeyd etdiniz ki, yeni strateji tərəfdaşlıq barədə düşünmək vaxtı gəlib çatmışdır və bundan ötrü Qafqaz xalqlarının təcrübəsindən istifadə etmək lazımdır. Bu, vahid Qafqaz ideyası ilə nə dərəcədə bağlıdır? İkinci sual: Neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilədə "Əsrin müqaviləsi"nin həyata keçirilməsində iştirak edən ayrı-ayrı neft şirkətlərinin maraqları nə dərəcədə nəzərə alınıb?

Heydər Əliyev: Sözün düzü, sualınızı o qədər də başa düşmədim. Biz nə deməliyik? Sualınızı dəqiq ifadə edin.

Müxbir: Siz dediniz ki, yeni strateji tərəfdaşlıq barədə düşünmək vaxtı gəlib çatmışdır.

Heydər Əliyev: Necə yəni gəlib çatmışdır? Biz ki, bəyannamə imzalamışıq. Bu isə vahid Qafqaz ideyasına əsla zidd deyildir. Ona görə ki, Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlıq Qafqazda məhz sülhün və sabitliyin möhkəmlənməsi xeyrinədir.

O ki qaldı ikinci sualınıza, bu gün imzalanmış müqavilənin neft şirkətlərinə heç bir dəxli yoxdur.

Sual: Mənim sualım prezident Eduard Şevardnadze cənablarınadır. Rusiyanın Gürcüstandakı hərbi bazalarının perspektivləri necədir? NATO-nun genişlənməsi barədə sizin rəyiniz necədir və Xavyer Solananın Tbilisiyə axırıncı səfəri zamanı Gürcüstan ilə NATO arasında nə kimi razılaşma əldə edilmişdir? Üçüncü sual hər iki prezidentədir: Siz Azərbaycan, Gürcüstan vasitəsilə və oradan da Ukraynaya Qafqaz neft dəhlizinin çəkilişinə necə baxırsınız?

Eduard Şevardnadze: Hərbi bazalar barədə suala gəldikdə, bu gün biz həmin mövzuda danışdıq. Mən dəfələrlə izah etməli olmuşam ki, nə üçün Gürcüstan birdən öz ərazisini digər dövlətin hərbi bazaları üçün verməyə razılaşmışdır. Xahiş edirəm nəzərə alasınız ki, bu gün bizim üçün ən aktual problem Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması problemidir. Bu, birincisi. İkincisi isə Milli Ordunun formalaşdırılması problemidir. Məlumdur ki, Gürcüstan hadisələrindən sonra orada hərbi texnika, demək olar, qalmamışdı. Sovet İttifaqı dövründə nə vardısa, hamısı daşınıb aparılmışdı. Buna görə də silahlı qüvvələr yaradılması problemi bizim üçün həyati əhəmiyyətə malikdir. Rusiya ilə nə kimi razılaşma var? Rusiya Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına kömək edir. Mən dəfələrlə demişəm ki, Abxaziya münaqişəsinin .aradan qaldırılması açarı Rusiyanın əlindədir. Bu, birincisi. İkincisi, Rusiya bizə silahlı qüvvələrin yaradılması prosesində texnika və silahla kömək edir. Əgər bunların hamısı həyata keçirilərsə, onda müqavilə təsdiqlənəcəkdir. Əgər belə olmasa, Rusiyanın köməyi ilə Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi mümkün olmasa, onda, təbii ki, müqavilə təsdiqlənməyəcəkdir. Bax, belə məntiq və belə şərtlər var.

NATO-ya gəldikdə isə, – mən və Heydər Əliyeviç bu təşkilatın baş katibi Xavyer Solana ilə söhbət etmişik, – hesab edirəm ki, Zaqafqaziya dövlətlərinə NATO-nun marağı tamamilə əsaslıdır, çünki, necə deyərlər, biz Ümumavropa məkanına daxilik. Avropa təhlükəsizlik strukturlarının yaradılması prosesində Qafqaz, şübhəsiz ki, özünün müəyyən yerini tutur. O ki qaldı NATO-nun bilavasitə genişləndirilməsinə, hazırda bu problem bizə aid deyildir. Lakin yeri gəlmişkən, Rusiya rəhbərliyinin cavab verdiyi kimi cavab verəcəyəm: bu və ya başqa dövlətin bu və ya digər beynəlxalq, yaxud regional təşkilatlara, o cümlədən də NATO-ya daxil olmasını qadağan etməyə heç kimin ixtiyarı yoxdur. Bu, birincisi, ikincisi, zənnimcə, mən bunu da Kiyevdə demişəm ki, bu problem həddindən artıq dramatikləşdirilir. Tamamilə əminəm ki, xüsusən "soyuq müharibə" qurtardıqdan sonra, bütün dünyanı bir- birindən ayıran qarşıdurma aradan qaldırıldıqdan sonra Rusiyanın və digər dövlətlərin mənafeləri nəzərə alınmaqla hökmən güzəştli qərarlar tapılacaqdır.

Ukrayna Avrasiya dəhlizinin imkanlarından və Avropanı Asiya ilə, o cümlədən Mərkəzi Asiya ilə birləşdirən magistral yollardan istifadə etmək istəyir. Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanla, digər ölkələrlə, xüsusən Mərkəzi Asiya ölkələri ilə ən yaxın münasibətlər yaratmağa maraq göstərir. Bu baxımdan Gürcüstan və Azərbaycan əsas ölkələrdir.

Ukrayna və NATO. Ukrayna prezidenti bu barədə çox danışıb və dəfələrlə çıxış edibdir. Zənnimcə, Qərb dövlətləri bu təşkilatın üzvləri NATO ilə əməkdaşlıqda Ukraynaya xüsusi yer verməkdə düzgün hərəkət edirlər.

Cavab uzun olduğuna görə bağışlayın. Amma sual da sadə deyildi.

Heydər Əliyev: Hesab edirəm ki, Transqafqaz magistralı barəsində öz rəyimi bildirməliyəm. Biz buna çox böyük əhəmiyyət veririk. Keçən ilin mayında Sərəxsdə Özbəkistan, Türkmənistan, Gürcüstan və Azərbaycanın imzaladıqları saziş həyata keçirilir. Transqafqaz magistralı fəaliyyət göstərir və deməliyəm ki, özünü tamamilə doğruldur. Qazaxıstan və Qırğızıstan da bu sazişə qoşulurlar. Ukraynanın müraciəti bizim tərəfimizdən müsbət qarşılanır. Hesab edirəm ki, yüklərin Qara dəniz sahilindəki Gürcüstan limanından Avropaya, habelə Ukrayna limanlarına göndərilə biləcəyi bu magistraldan Ukrayna istifadə edə bilər. Buna onlar da, biz də maraqlıyıq. Yəni vaxtilə imzaladığımız həmin sazişin genişləndirilməsi və dərinləşdirilməsindən söhbət gedir. Bu sazişin xeyrinə edilən hər şeyi Azərbaycan müsbət qarşılayır.

Eduard Şevardnadze: Heydər Əliyeviç, əgər mümkündürsə, bir-iki kəlmə əlavə edim. İndi biz adətən yüklərin Şərqdən Qərbə və əks istiqamətdə axınından danışırıq. Lakin demək istəyirəm ki, Abxaziya münaqişəsi aradan qaldırılmaqla Qafqazın böyük tranzit regionuna çevrilməsi Rusiyaya da bu axma qoşulmaq imkanı verir. O zaman yüklər Şimaldan Cənuba – Türkiyəyə, Yaxın Şərqə və sairəyə, həm də əks istiqamətdə daşınacaqdır. Bir sözlə, Rusiya bu imkandan, şübhəsiz, yalnız həmin münaqişələr aradan qaldırılacağı təqdirdə istifadə edəcəkdir. Bu halda Abxaziyaya, Cənubi Osetiyaya dəmir yolu, avtomobil magistralları açılacaq və bütün dövlətlər üçün həqiqətən çox böyük imkanlar yaradılacaqdır.

Sual: Mənim sualım Heydər Əliyev cənablarınadır. Azərbaycan və Gürcüstanın oxşar, eyni problemləri var. Strateji əməkdaşlıq yolu tutmuş iki qardaş ölkənin separatçılığa qarşı mübarizədə birgə fəaliyyəti mümkün ola bilərmi?

Heydər Əliyev: Separatçılıq həm Gürcüstanın həyatına, onun ərazi bütövlüyünə, həm də Azərbaycanın həyatına, onun ərazi bütövlüyünə çox böyük zərbələr vurubdur. Ona görə də biz separatçılığın həm əleyhinəyik, həm də separatçılığın aradan qaldırılmasını, ona son qoyulmasını tələb edirik. Bu baxımdan Gürcüstanla Azərbaycanın vəziyyəti bir-birinə çox bənzərdir. Ancaq fərq də var. Fərq ondan ibarətdir ki, Azərbaycanın qarşılaşdığı separatçılıq təkcə Azərbaycanın daxilində olan bir qurumun separatçılığı deyil, Ermənistanın dəstəyi nəticəsində meydana gəlib və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində baş veribdir. Gürcüstandakı separatçıları da başqa ölkələr tərəfindən gizli dəstəkləyənlər var.

Bu münaqişələrin aradan götürülməsi yoluna gəldikdə isə, eşitdiniz ki, Prezident cənab Şevardnadze münaqişənin Rusiya vasitəsilə həll olunmasına çalışır. Bu məqsədlə həmin münaqişə zonasına Rusiyanın sülhü mühafizə dəstələri yerləşdirilibdir. Amma Azərbaycanda belə sülhü mühafizə qüvvələri yoxdur. Azərbaycan münaqişənin ATƏT çərçivəsində, onun Minsk qrupu vasitəsilə sülh yolu ilə həll olunmasına çalışır. Biz bu sahədə fəaliyyət göstərə bilərik və hesab edirəm ki, fəaliyyət göstərməliyik. Bu da ondan ibarət ola bilər ki, biz bir-birimizə kömək edək, beynəlxalq təşkilatların, böyük ölkələrin bu münaqişələrə diqqətini daha da çox cəlb edək, təcrübə mübadiləsi aparaq, bir-birimizə öz təcrübəmizi çatdıraq, beləliklə də, əməkdaşlıq edək. Bir sözlə, bu sahədə əməkdaşlıq etmək imkanlarımız var və hesab edirəm ki, əməkdaşlıq etməliyik.

Sual: Cənab Şevardnadze, sizin milli məsələlər üzrə köməkçiniz fevralın 6-da "Nezavisimaya qazeta"nın müxbirinə bildirmişdir ki, onu regionda islam dövləti yaradılması çox narahat edir və bu, pravoslav Gürcüstanı və Qafqazın xristian dininə etiqad edən digər ölkələri üçün təhlükə törədir. Siz milli məsələlər üzrə öz köməkçinizin dediklərini necə şərh edə bilərsiniz? İkinci sual ATƏT-in cinah sazişi barədədir. Azərbaycan regionda Rusiyanın silahlarının artmasının əleyhinədir. Bu məsələdə Gürcüstanla Azərbaycanın mövqeyi uyğun gəlirmi?

Eduard Şevardnadze: Birinci sualı eşitmədim. Hansı köməkçidən söhbət gedir?

Müxbir: Milli məsələlər üzrə köməkçidən.

Eduard Şevardnadze: O nə deyib?

Müxbir: O deyib ki, regionda islam dövləti yaradılır və bu, pravoslav Gürcüstanı və Qafqazın xristian dininə etiqad edən digər ölkələri üçün təhlükə törədir. Bu, 1997-ci il fevralın 6-da "Nezavisimaya qazeta"-da dərc olunub.

Eduard Şevardnadze: Bilirsinizmi, mən də öz köməkçimə görə cavabdehəm, amma "Nezavisimaya qazeta"ya cavabdeh ola bilmərəm. O belə şey deyə bilməzdi, çünki köməkçilərim mənim fikirlərimlə, mövqeyimlə, hələlik ki, şərikdirlər. Mənim isə elə bir mövqeyim yoxdur ki, orada fikir dəqiq ifadə edilməsin və ya nəsə başqa bir şey düz olmasın. Mən bu məsələdə heç bir təhlükə görmürəm.

Tərksilaha, adi silahların azaldılması problemlərinə gəldikdə, bu təzə məsələ deyildir. Sizə bildirməliyəm ki, bütün danışıqlarda, o cümlədən Vyana danışıqlarında biz Azərbaycan nümayəndə heyəti ilə daim məsləhətləşir və mövqelərimizi uyğunlaşdırırdıq. Odur ki, gələcəkdə də bu ruhda hərəkət edəcəyik.

Heydər Əliyev: Vəssalam? Daha sual yoxdur? Sağ olun.