Azərbaycan Prezidenti Heydər Əliyevin BMT-nin baş katibi Kofi Annan ilə görüşdə söhbətindən - Nyu-York, BMT-nin binası, 28 iyul 1997-ci il


Hörmətli cənab Kofi Annan!

İlk öncə mənim və təmsil etdiyim Azərbaycan Respublikasının ünvanına söylədiyiniz səmimi sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən prezident Bill Klintonun dəvəti ilə ABŞ-a rəsmi səfərə gəlməyimdən və Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşümdən məmnunam. Cənab Kofi Annan, mən Sizi BMT-nin Baş katibi kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm və dünya xalqları arasında birliyin, sıx əlaqələrin yaranması, sülhün, əmin-amanlığın bərqərar edilməsi sahəsində qlobal problemlərin müvəffəqiyyətlə həllində Sizə uğurlar arzulayıram.

Bu nüfuzlu beynəlxalq təşkilatda mehribanlıqla qarşılanmağımdan razılıqla söhbət açaraq bildirirəm ki, nüvə silahı sınaqlarının tamamilə qadağan olunması barədə müqaviləni burada imzaladığımı tarixi bir hadisə kimi qiymətləndirir və bəyan edirəm ki, müstəqil Azərbaycan Respublikası sülhsevər bir ölkədir və o, Dünya Birliyi tətəfindən tanınan hüquq normalarına həmişə böyük hörmətlə yanaşır.

BMT-nin üzvü olan Azərbaycan Respublikasının qarşılaşdığı ən ağrılı problemlərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsi olaraq respublikamızın ərazisinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın yerlərindən-yurdlarından zorla qovularaq çadırlarda ağır və dözülməz şəraitdə yaşamasıdır. Bu təcavüz nəticəsində Azərbaycanın iqtisadiyyatı və mədəniyyəti böyük talanlara və dağıntılara məruz qalmış, on minlərlə dinc əhali həlak olmuş, yaralanmış və əsir götürülmüşdür.

Cənab Baş katib, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyan barədə konkret təsəvvür əldə etmək, məsələnin əsl mahiyyəti ilə tanış olmaq üçün qarşımızdakı Azərbaycan xəritəsinə nəzər salmaq kifayətdir. Azərbaycanın təkcə işğal olunmuş ərazisi 16 min kvadrat kilometrdir ki, bunun da yalnız 4 min kvadrat kilometri Dağlıq Qarabağa daxildir. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarıdır. Çox təəssüf ki, Ermənistan tərəfi münaqişənin aradan qaldırılması barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına məhəl belə qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə aradan qaldırılması yolunda səylərini bir an belə olsun zəiflətmir. Elə bu məqsədlə də 1994-cü il mayın 12-də Ermənistanla əldə edilmiş atəşkəs haqqında sazişə dönmədən əməl edir və bundan sonra da əməl edəcəkdir. Biz ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ötən ilin dekabrında Lissabonda keçirilmiş Zirvə görüşünün bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün qəbul etdiyi əsas prinsipləri yüksək qiymətləndiririk və onları rəhbər tutaraq, sülh əldə edilməsi üçün əməli addımlar atmağa hazırıq. Biz Azərbaycan torpaqlarının işğaldan tezliklə azad edilməsini, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasını, qaçqınlarımızın doğma evlərinə qayıtmasını istəyirik və bunun üçün həmişə sülh təşəbbüsləri ilə çıxış edirik. Lakin Ermənistan öz təcavüzkar niyyətlərindən əl çəkmək istəmir və dünya ölkələri tərəfindən qəbul olunmuş prinsiplərin yerinə yetirilməsinə etinasızlıq göstərir.

Hörmətli Baş katib, bir daha nəzərinizə çatdırmaq istərdim ki, biz dünyanın üç böyük nüfuzlu dövlətinin - ABŞ-ın, Rusiyanın, Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etməsindən olduqca məmnunuq və prezidentlər Bill Klintonun, Boris Yeltsinin və Jak Şirakın Denverdə imzaladıqları birgə bəyanatı münaqişənin tezliklə həll edilməsi sahəsində mühüm addım kimi qiymətləndiririk.

Mən Rusiyanın Ermənistana qeyri-qanuni yolla külli miqdarda silah verməsini xüsusi olaraq nəzərə çatdırmaq istərdim. Bu məsələyə beynəlxalq təşkilatlar, xüsusilə BMT ciddi diqqət yetirməlidir. Axı heç kəsə gizli deyildir ki, müharibədə uzunmüddətli atəşkəsin davam etdiyi bir vaxtda Ermənistanın külli miqdarda silah əldə etməsi bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasına, bütövlükdə bölgədə əmin-amanlığın bərqərar edilməsinə yalnız çox böyük təhlükə yaradır.

Keçmiş Sovet İttifaqına mənsub olmuş, yeni müstəqillik qazanmış respublikalar arasında təkcə Azərbaycanda heç bir xarici ölkənin silahlı qüvvələri və hərbi bazaları yoxdur. Məgər bu faktın özü Azərbaycanın həqiqi müstəqillik qazanmasından xəbər vermirmi? Bir daha bildirirəm ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.

Hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir, hüquqi demokratik dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində böyük işlər görülür. Bazar münasibətləri yolunu seçmiş ölkəmizin iqtisadiyyatının Dünya Birliyinə sıx bağlanması sahəsində əldə edilmiş xeyli nailiyyətlərimiz vardır.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün dünyanın bir çox dövlətlərinin nüfuzlu şirkətləri ilə imzalanmış müqavilələr Azərbaycanın zəngin təbii sərvətlərindən birgə istifadə olunması sahəsində böyük imkanlar açmışdır. Ölkəmizə külli miqdarda sərmayələr qoyulması yaxın illərdə yeni müəssisələr yaradılmasına və deməli, yeni iş yerləri açılmasına xeyli yardım göstərəcəkdir. Bildirirəm ki, respublikamızın qapıları xarici iş adamları üçün açıqdır və Azərbaycanda onların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Hörmətli cənab Kofi Annan!

BMT-nin ayrı-ayrı strukturları ilə ölkəmiz arasında əməkdaşlığın hazırkı vəziyyətindən razı qaldığımı bildirərək, BMT-nin inkişaf proqramı çərçivəsində respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm və Sumqayıtın sərbəst iqtisadi zona elan edilməsi üçün görülən işlərin çox böyük əhəmiyyəti olduğunu vurğulayıram.

Cənab Kofi Annan! Görüşümüzün sonunda Sizi - BMT-nin hörmətli Baş katibini Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Cənab Baş katib, respublikamız adından Sizə nəfis Azərbaycan xalçası hədiyyə edirəm.