Azərbaycan Prezidenti Heydər Əliyevin yanında Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun sözü - 17 mart 1999-cu il


Azərbaycanda təhsil islahatları keçirmək üçün bir il bundan öncə xüsusi komissiya yaranıbdır. Verilən məlumatlara görə, komissiya artıq öz işini başa çatdırıb və təhsil islahatları ilə əlaqədar təkliflərini hazırlayıbdır.

Biz Azərbaycanda islahatların keçirilməsində müəyyən beynəlxalq təşkilatların köməyindən istifadə edirik və onların tövsiyələrini, təkliflərini nəzərə alırıq. Bu baxımdan Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz bir çox sahələrdə islahatlar aparmaq üçün Dünya Bankı ilə əməkdaşlıq edirik və Dünya Bankı Azərbaycana yardım göstərir.

Təhsil sahəsində islahatların aparılmasında da Dünya Bankı ilə əməkdaşlıq edirik və onun tövsiyələri nəzərə alınır. Mən məmnunam ki, Dünya Bankının nümayəndələri bu gün Azərbaycandadırlar, Təhsil Nazirliyi və təhsil islahatları keçirmək üçün təşkil olunmuş komissiyanın üzvləri ilə əməkdaşlıq edirlər. Bu gün də birgə görüş keçiririk.

Mən belə düşünürəm ki, biz təhsil sahəsində islahatlar komissiyasının sədri, təhsil naziri Misir Mərdanovu dinləməliyik. Ondan sonra fikir mübadiləsi aparmalıyıq.

Yekun sözü

 Azərbaycanda təhsil sahəsində islahatların hazırlanması və yeni təhsil qanununun hazırlanması bizim işimizin əsas hissələrindən biridir.

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Azərbaycanda iki milyon uşaq, gənc ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında təhsil alır. Səkkiz milyon əhalidən iki milyonu, yəni bütün əhalinin dörddə bir hissəsi təhsil alır. Əgər nəzərə alsaq ki, təhsil alan hər bir uşağın, gəncin arxasında ailə durur, ailə də əhalinin o iki milyondan əlavə hissəsini təşkil edir, beləliklə, təhsil sahəsi elə bir sahədir ki, cəmiyyət üzvlərinin, əhalinin, demək olar, tam əksəriyyəti bu sistemlə bağlıdır. O mənada ki, kimin uşağı, oğlu-qızı təhsil alıbsa, - amma hamınınkı alır, kimin ki, evdə uşağı, oğlu-qızı var, onlar təhsil alır, - Azərbaycanda belədir, əksəriyyət təhsillə bağlıdır. Ona görə də təhsil sahəsi cəmiyyət üzvlərinin, demək olar ki, tam əksəriyyətini həm maraqlandırır, həm də onların bu və ya digər şəkildə iştirakını tələb edir, yaxud da iştirakı ilə bağlıdır. Bir də ona görə ki, təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Hesab edirəm ki, bu tələblər hər ölkədə var. Amma keçid dövrünü yaşayan ölkələr, bir ictimai-siyasi sistemdən başqasına keçən ölkələr bu işə daha da diqqətli olmalı, daha da ciddi və həssas yanaşmalıdırlar.

Təəssüflər olsun ki, Azərbaycanda bu mühüm sahəyə 1992-ci ildə qəbul olunmuş təhsil qanunu ilə böyük zərbə vurulmuşdur. Mən təəssüf edirəm ki, təhsil sahəsində çalışan məsul şəxslər və təhsil işçiləri Azərbaycanın təhsil sisteminə vurulan bu zərbəni indiyə qədər təhlil etməyiblər, araşdırmayıblar və buna lazımi qiymət verməyiblər. Keçid dövründə iqtisadiyyata vurulmuş zərbə, yaxud həyatımızın bir çox başqa sahələrinə vurulmuş zərbə aydındır, bunu cəmiyyət bilir. Amma təhsil sisteminə də böyük zərbə vurulubdur.

Biz indi yeni təhsil qanunu qəbul etmək ərəfəsindəyik. Təhsil qanunu Milli Məclisdə müzakirə olunub, ümumxalq müzakirəsinə verilibdir. Tamamilə düzgündür ki, təhsil qanunu ümumxalq müzakirəsinə verilibdir. Mən artıq dedim ki, ölkə əhalisinin, demək olar, tam əksəriyyəti təhsillə əlaqədardır, təhsillə bağlıdır. Buna görə hər bir vətəndaş öz fikrini bildirməlidir ki, Azərbaycanın yeni təhsil qanunu onu qane edir, ya etmir.

Bununla yanaşı, biz təhsil sahəsində islahatlar proqramı hazırlamışıq. Burada Dünya Bankı bizə yardım göstərir, bizimlə əməkdaşlıq edir. Mən belə anladım ki, indi bizim təhsil islahatları komissiyası və eyni zamanda Dünya Bankının nümayəndələri yekdil fikirdədirlər ki, hazırlanmış təhsil islahatları proqramının layihəsi günün tələblərinə cavab verir. Mən bu layihəyə diqqətlə baxacağam və əgər mən də sizin fikrinizlə razı olsam, layihəni təsdiq edəcəyəm.

Beləliklə, sənəd əməli iş üçün hazır olacaqdır.

Bu münasibətlə bir neçə kəlmə demək istəyirəm. Azərbaycanda təhsil sisteminin tarixi böyükdür. Ancaq Azərbaycanın təhsilində böyük dəyişikliklər, böyük inkişaf XX əsrə məxsusdur. XX əsrin əvvəllərində Azərbaycanda məktəblər çox az olubdur, ali təhsil məktəbi olmayıbdır. Mövcud məktəblər də, demək olar, vahid bir prinsip, sistem əsasında qurulmayıbdır. O vaxtlar Azərbaycan Rusiya imperatorluğunun tərkibində idi, ona görə dünyəvi təhsil sistemi Rusiyada çox əsrlər ərzində olan təhsil sistemindən götürülmüşdü. Rusiya imperatorluğu dağılandan sonra, 1918-ci ildə Azərbaycanda ilk xalq cümhuriyyəti yaranmışdır. Xalq cümhuriyyəti dövründə təhsil sahəsində bəzi işlər görülüb, Bakı Dövlət Universiteti açılıbdır. Bu, Azərbaycanda ilk ali təhsil müəssisəsi idi. Mən bilmirəm, onlar təhsil qanunu qəbul eləmişdilər, ya yox? Bundan xəbəriniz varmı? Deyəsən, xəbəriniz yoxdur. Mən də deyə bilmərəm, ancaq hesab edirdim ki, komissiya üzvləri, nazir mənim sualıma cavab verə bilərlər. Yəqin ki, bilmirsiniz. Mən də belə düşünürəm ki, onlar təhsil qanunu qəbul etməyiblər, yəni təhsil sahəsində ciddi addım atmağa imkanları olmayıbdır. Hesab edirəm, xalq cümhuriyyətinin böyük xidməti ondan ibarətdir ki, Azərbaycanda ilk ali təhsil müəssisəsi yaradıbdır. Ancaq bu ali təhsil müəssisəsinin yaranması ondan əvvəl Azərbaycanda gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi olmuşdur.

Azərbaycanda indi mövcud olan təhsil sistemi 1920-ci ildən sonrakı dövrdə yaranıbdır. Bu, sizə, hamıya məlum olan sovet təhsil sistemidir. Bu gün bunu utanmadan, çəkinmədən açıq demək lazımdır. Bilirsiniz, biz özümüzün varlığımızı nümayiş etdirmək, göstərmək üçün heç vaxt heç kəsdən çəkinməməli, heç kəsdən də utanmamalıyıq. Nazir dedi ki, etiraf etmək lazımdır. Nəinki etiraf etmək lazımdır, çox cəsarətlə, qətiyyətlə demək lazımdır ki, Azərbaycanda 1920-ci ildən indiyə qədər mövcud olan təhsil sistemi sovet təhsil sisteminin bir hissəsidir.

Mən açıq demək istəyirəm, bu təhsil sistemi çox yaxşı bir sistemdir. Hər şey öz nəticəsi ilə ölçülür. Qısa bir zamanda Azərbaycanda savadsızlıq ləğv olunub, ibtidai, ümumtəhsil məktəblərinin geniş şəbəkəsi yaranıb, on-on beş ilin içərisində Azərbaycanda bir neçə ali təhsil müəssisələri, institutlar yaranıb və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda - 1920-ci illə 1940-cı ilin arasında nə var, cəmisi 20 ildir - təhsil Azərbaycanın hər yerini əhatə edibdir. Azərbaycanda savadsızlıq ləğv olunub, insanlar məktəblərdə təhsil alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük elmi yaranıbdır. Elmi müəssisələr yaranıb və Azərbaycanın mədəniyyəti inkişaf edibdir. Bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsidir. İndi burada oturanların hamısı, təkcə onlar yox, bu gün Azərbaycanda yaşayanlar - həm yaşlı, həm orta nəsil, həm də gənc nəsil - öz təhsilini, biliyini həmin bu təhsil sistemində alıbdır.

Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı Azərbaycanın elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Bunları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq. İndi təhsil sistemində islahatlar apararaq, onu dünya təhsil sisteminin standartlarına uyğunlaşdıraraq heç vaxt buna yol verməməliyik ki, 70 il, yaxud, demək olar ki, 80 ilə yaxın bir dövrdə istifadə etdiyimiz təhsil sisteminə başqa cür qiymət verilsin.

Mən sizə deyə bilərəm ki, sovet təhsil sistemi yerində durmayıb, daim təkmilləşibdir, islahatlar keçirilibdir. Məsələn, 30-40-cı illərdə olan təhsil sistemindən sonrakı - 60-70-80-ci illərdəki təhsil sistemi fərqlidir. Bu baxımdan mən çox təəssüf edirəm ki, 1992-ci ildə, Azərbaycanda yeni qüvvələr hakimiyyətə gələn zaman qısa bir müddətdə, yəni iki-üç ay içərisində nə qədər mürəkkəb, böyük sahəyə aid olan bir qanun qəbul olunubdur.

Biz keçid dövrünü yaşayırıq. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu öz dövlətçiliyinin əsası kimi müəyyən edib, bazar iqtisadiyyatı yaratmağı, inkişaf etdirməyi də öz iqtisadiyyatının əsas istiqaməti kimi bəyan edibdir. Amma bəyan etməklə bunlara nail olmaq arasında böyük bir məsafə var. Bəyan olunan şey heç də o demək deyildir ki, artıq o, realdır, mövcuddur. Hətta inqilabi dəyişikliklər belə, köhnə sistemi dərhal yeni bir sistemlə dəyişdirmir. İnqilabi dəyişikliklər adətən köhnə sistemi vurub dağıdır, amma ondan çox fərlqi olan bir sistem yaratmaq üçün buna vaxt lazımdır, illər lazımdır. Bunu bilirsiniz, Rusiyada 1917-1920-ci illərdə baş vermiş inqilabda və keçmişdə başqa ölkələrin tarixində olmuş inqilablarda da görmüşük.

Ancaq təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir şey yaradasan. Ancaq 1992-ci ildə qəbul olunmuş təhsil qanunu belə bir xarakter daşıyır. Ona görə mən deyirəm ki, bu təhsil qanunu Azərbaycan təhsilinə böyük zərbələr vurubdur.

İndi biz yeni təhsil qanunu qəbul etmək, təhsildə islahatlar aparmaq üçün görün nə qədər vaxt sərf edirik. Bir ildən artıqdır ki, islahatlar hazırlanır. Ondan da çox zamandır ki, təhsil qanunu hazırlanır. Deyəsən, bir dəfə cəhd olunmuşdu ki, bu təhsil qanununa parlamentdə baxılsın, ancaq baxa bilməmişdilər. İndi iki aydır ki, o, parlamentdə müzakirə olunur, onu ümumxalq müzakirəsinə vermişik. Bu, tamamilə normal prosesdir.

Yenə də deyirəm, təhsil qanunu elə bir qanundur, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır. Biz iqtisadi islahatları iqtisadiyyat sahəsindəki qanunlarla hazırlayır, müəyyən çərçivədə müzakirə edir və qəbul edirik. Ancaq təhsil islahatları belə ola bilməz.

Mən sovet təhsil sistemində gedən dəyişiklikləri də xatırlayıram. Sovetlər birliyinin rəhbərliyində olduğum zaman, Sovet İttifaqı baş nazirinin birinci müavini vəzifəsində işlədiyim zaman SSRİ-nin bütün təhsil sisteminə rəhbərlik edirdim. O vaxt Sovetlər İttifaqında təhsili təşkil edən üç nazirlik var idi: Maarif Nazirliyi, Ali Təhsil Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi. Yerlərdə, müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da üç nazirlik var idi.

Mən Sovetlər İttifaqının rəhbərliyində başqa nazirliklərdən əlavə, bu nazirliklərin üstünə də rəhbərlik edirdim. Mən bu rəhbərliyi beş il müddətində aparmışam - 1983-cü ilin əvvəlindən 1988-ci ilə qədər.

O vaxt Sovetlər İttifaqında "yenidənqurma" adlanan bir proses gedirdi, özünəməxsus islahatlar aparılırdı. O zaman biz Sovetlər İttifaqı parlamentində məktəb islahatı haqqında qanun qəbul etdik. Mənim xatirimdədir, bu islahatları hazırlayan komissiyanın sədri idim. Bu qanunu, onun yerinə yetirilməsi üçün lazımi qərarları qəbul etməkdən ötrü il yarım o komissiya ilə birlikdə işlədim. Qanunu parlamentin müzakirəsinə verməzdən əvvəl iki ay ümumxalq müzakirəsinə verdik, rəyləri topladıq. Ondan sonra qanunu parlamentin müzakirəsinə verdik, orada qəbul və təsdiq olundu.

Mən indi demək istəmirəm ki, o islahatlar hansı qiymətə malik idi. Hesab edirəm ki, o dövrün tələblərinə görə çox yüksək səviyyədə hazırlanan islahatlar idi. Bununla onu demək istəyirəm ki, indi çoxlarının xoşuna gəlməyən hətta keçmiş sovet sistemində guya qeyri-demokratik olan bir sistemdə də təhsilə münasibət bu qədər həssas idi. Ona görə də, - mən bunu bizim təhsil işçiləri və cəmiyyətimiz üçün deyirəm, - 1992-ci ildə iki-üç ayın içərisində təhsil qanunu qəbul edib və onu icra edərək Azərbaycanın təhsilinə zərbələr vurmaq, - bu, Azərbaycan xalqına qarşı cinayət etmək deməkdir.

Biz bu acı təcrübədən nəticələr çıxarmalıyıq. Təhsil sahəsində qəbul edəcəyimiz qanunda və islahatlar proqramında da məsələyə çox dəqiq, həssas münasibət göstərməliyik. Mənim fikrimcə, bu ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsil sistemində indiyə qədər əldə edilmiş müsbət təcrübə və özünü doğrultmuş, müsbət nəticələr vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir. Nöqsanlar, yaxud mənfi təcrübə aradan götürülməlidir. Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik.

Bu fikirləri siz də burada söylədiniz və Dünya Bankının nümayəndələri də belə fikirdədirlər. Mən bunu məmnuniyyətlə dinlədim ki, Dünya Bankının nümayəndələri də Azərbaycanda indiyə qədər mövcud olan təhsil sisteminin müsbət cəhətlərini görür, bunları qiymətləndirirlər və bunlardan imtina etməyin tərəfdarı deyillər.

Şübhəsiz ki, biz bütün beynəlxalq təşkilatların məsləhətlərinə çox diqqətlə yanaşmalıyıq. Xüsusən Dünya Bankı ilə ki, əməkdaşlıq edirik, - onun verdiyi tövsiyyələri, məsləhətləri çox diqqətlə qəbul etməliyik. Azərbaycanın reallığına, milli xüsusiyyətinə uyğun olan hər bir müsbət təklifdən istifadə etməli, onu öz təhsil sistemimizdə tətbiq etməliyik. Ancaq indiyə qədər mövcud olan təhsil sistemində əldə edilmiş müsbət nəticələri və bu günün, gələcəyin tələblərinə uyğun gələn hər şeyi saxlamalı və inkişaf etdirməliyik.

Mən belə anlayıram ki, indi bizdə təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Yenə də deyirəm, Azərbaycanın təhsil sistemi son on illərdə müsbət nəticələr veribdir. Ancaq Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin. Yaxud da, Azərbaycanda Tibb Universitetində təhsil almış, həkim ixtisası, diplomu almış adam hər bir başqa ölkədə öz diplomu ilə işləyə bilsin. Ona görə də onun bilikləri, Azərbaycan Tibb Universitetində təhsilin istiqaməti gərək dünya miqyasında ümumbəşəri dəyərlər hesab edilən tibb təhsilinin səviyyəsində olsun. Məqsəd bundan ibarətdir.

Amma eyni zamanda, buna nail olaraq, yenə də deyirəm, indiyə qədər, on illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Mən hesab edirəm ki, əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik.

Mən sizin təkliflərinizi - təhsil islahatlarının üç mərhələdə aparılmasını müsbət qiymətləndirirəm. Sizin bu təklifləriniz mənim dediyim sözləri tam təsdiq edir, yəni biz eyni fikirdəyik. 1992-ci ildə qəbul olunmuş qanun haqqında mən nə üçün bu qədər həyəcanla danışıram? Çünki, bilirsiniz, o qanunda belədir ki, "olanı dağıt, bunu hazırlamışam, bunu da həyata keçir". Həyata keçirmək də mümkün deyildir. Amma siz üç mərhələ təklif edirsiniz. Birincisi 1999-cu il, ikincisi 2004-cü ilə qədər, üçüncüsü də ondan sonrakı dövr. Tamamilə düzdür.

Məsələn, biz ölkəmizdə, - təkcə bizdə deyil, bizə bənzər başqa ölkələrdə də belədir, - iqtisadiyyatda dəyişiklikləri bir il, iki il yox, beş il, on il, müddətində həyata keçiririk. Məsələn, bazar iqtisadiyyatına keçid bir ildə mümkün deyildir. Yaxud da özəlləşdirmə, dövlət mülkiyyətini xüsusi mülkiyyətə çevirmək - bu, bir ildə mümkün deyildir.

Biz 1995-ci ildə "Torpaq islahatı haqqında" qanun qəbul etmişik. İndi 1999-cu ildir, "Torpaq islahatı haqqında" qanunu hələ ki, axıra çatdıra bilməmişik. Amma indi "Torpaq islahatı haqqında" qanunu tətbiq edərkən qarşıya yeni-yeni ağır problemlər çıxır. İdarəetmə sahəsindəki islahatlar haqqında dünən Dünya Bankı ilə keçirdiyimiz beynəlxalq konfransda bunu dedim. Yeni-yeni problemlər çıxır və onları da həll etmək üçün yeni bir proqram lazımdır. Yenə də deyirəm, əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz.

Mən sizin bu təkliflərinizi bəyənir və çox dəyərli hesab edirəm. Güman edirəm ki, hər mərhələnin tədbirlərini vaxtında hazırlayacaq və vaxtında həyata keçirəcəksiniz. Bununla onu qeyd etmək istəyirəm ki, bir halda siz üç mərhələ müəyyən etmisiniz, hər mərhələ üçün nəzərdə tutulan tədbirlər vaxtında həyata keçirilməlidir ki, o birisi mərhələnin vaxtı uzanmasın. Bu, çox ciddi iş tələb edir.

Hesab edirəm ki, təhsil islahatları komissiyası bununla məşğul olacaq və Dünya Bankı da bizə kömək edəcəkdir. Mən belə başa düşürəm. Dünya Bankının köməyi yalnız qrant və kredit ayırmaqdan ibarət deyildir. Çox məmnunam ki, burada Dünya Bankı nümayəndələrinin, ekspertlərinin böyük bir tərkibi iştirak edir. Dünya Bankının bizə köməyi dünya təcrübəsini Azərbaycana gətirməkdir. Biz özümüz də dünya təcrübəsini öyrənirik, təhsil işçiləri bununla məşğuldurlar. Amma burada da kömək, yardım lazımdır. Mənə belə gəlir ki, Dünya Bankı ilə əməkdaşlığımızın əsasını bu təşkil etməlidir. Şübhəsiz ki, kreditlər bu tədbirləri həyata keçirmək üçün çox lazımdır, zəruridir. Ümidvaram ki, siz bu kreditləri də ayıracaqsınız. Dediniz ki, 5 milyon dollar kreditdən sonra böyük bir proqram krediti hazırlayacaqsınız. Mən bunu dəstəkləyirəm, bununla razıyam və arzu edirəm ki, bu bəyanatlarınızı, sözlərinizi real işlə təsdiq edəsiniz.

Hesab edirəm ki, Azərbaycanda islahatlar bütün sahələrdə irəliləyir. Biz dünən idarəetmə sistemində islahatlara həsr olunmuş beynəlxalq konfransın işini başladıq. Bu gün də o davam edib, işi sona çatıbdır. İqtisadiyyat sahəsində çox ciddi islahatlar aparırıq. Təhsil sahəsində islahatlar aparacağıq. Səhiyyə sahəsində islahatların keçirilməsi ilə əlaqədar mən komissiya yaratmışam. Yəqin ki, onların da təkliflərini yaxın zamanlarda müzakirə etməli və həyata keçirilməsini təmin etməliyik. Dünya Bankı kömək edir, yoxsa yox? Birgə işləyirsiniz.

Biz bununla bir daha bəyan edirik ki, Azərbaycan keçid dövründən səmərəli istifadə etməyə çalışır. Azərbaycan tutduğu yolla ardıcıl surətdə gedir. Azərbaycanda demokartik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi davam edir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir və bu da öz müsbət nəticələrini verir. Azərbaycanın həyatının başqa sahələrində də o cümlədən təhsil səhiyyə sahələrində islahatlar bundan sonra həyata keçiriləcəkdir. Mən Dünya Bankına və onun bizim bu işlərdə iştirak edən nümayəndələrinə təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram. Sağ olun.