Əziz uşaqlar!
Hörmətli təhsil işçiləri!
Hörmətli valideynlər!
Bu gün Azərbaycanda yeni tədris ili başlayır. Azərbaycanın bütün məktəblərində, ali məktəblərində, bütün tədris müəssisələrində iş başlayır. Bu hər bir xalqın, hər bir millətin həyatında əlamətdar hadisədir. Çünki cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Ona görə də təhsil hər bir insana lazımdır və bu təhsili də, təbiidir ki, hər bir insan gəncliyindən, uşaqlıq vaxtından almalıdır.
Böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda təhsil XX əsrdə çox sürətlə inkişaf edibdir və təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu bizim böyük nailiyyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsillidir. Ancaq bilməlisiniz ki, dünyada heç də bütün ölkələrdə, hətta coğrafi nöqteyi-nəzərdən bizə yaxın ölkələrdə insanların, gənclərin hamısının təhsilli olduğunu demək olmaz. Bu bizim böyük nailiyyətimizdir. Ancaq vəzifəmiz təhsili daha da inkişaf etdirmək, onun keyfiyyətini artırmaqdır. Bununla, təbii ki, bizim müəllimlər, tərbiyəçilər məşğul olurlar. Azərbaycan böyük müəllimlər ordusuna malikdir. Böyük təhsil işçiləri ordusuna malikdir və bizim təhsil potensialımız, yəni uşaqları, gəncləri oxudub, onların həyatda müxtəlif sahələrdə fəaliyyət göstərməsi üçün Azərbaycanın imkanları böyükdür. Azərbaycanda yaranmış təhsil sistemi, XX əsrdə yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil dövlət olaraq, həmin bu sərvətlə, həmin bu böyük potensialla başlamışıq.
Mən tam ümidvaram ki, müstəqil Azərbaycanda hər bir insan sərbəst, azad yaşayaraq, öz övladını, öz uşağını təhsilləndirə bilər, tərbiyələndirə bilər və bununla da bizim xalqımızın bilik və mədəni səviyyəsi arta bilər. Səviyyəmiz nə qədər yüksək olsa da, biz bununla qane ola bilmərik. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil işçilərinin üzərinə düşən vəzifələrdir.
Mən bu gün fürsətdən istifadə edib, bütün xalqımızı, Azərbaycan vətəndaşlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, təhsil işçilərinə uğurlar, uşaqlara, gənclərə isə təhsildə əla qiymətlər arzulayıram.
İndi Azərbaycan öz dövlət müstəqilliyinin 10-cu ildönümünü keçirir. Bu 10 il Azərbaycanın həyatında çox mürəkkəb, ağır bir dövr olmuşdur. Ancaq böyük məmnuniyyət hissi ilə demək olar ki, biz bu ağır yoldan uğurla keçmişik və bundan sonra da azad, müstəqil xalqımızın, müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətimizin inkişafı üçün yaxşı əsaslar yaratmışıq.
Son illər Azərbaycan müstəqil dövlət kimi, yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşməsində bu təcrübədən istifadə etmək lazımdır. Biz dövlət olaraq bunu da edirik. Belə bir şəraitdə dövlət təhsil sistemi ilə yanaşı, Azərbaycanda özəl təhsil sistemi də yaranır. Bu, müasir dövrün tələbləridir. Biz bu hadisəni müsbət qiymətləndiririk.
Bu gün burada gördüyüm məktəbdir, ya təhsil kompleksidir, mən adını da dəqiq bilmirəm, ancaq bütün kompleks onu göstərir ki, bu, çox yüksək səviyyəli və uşaqların hərtərəfli inkişaf etməsi üçün, yüksək təhsil alması üçün, müxtəlif sahələrdə öz istedadlarını nümayiş etdirməsi üçün, yaxud onları inkişaf etdirmək üçün və gələcəkdə öz fitri istedadlarına, arzularına uyğun peşə seçmək üçün çox dəyərli bir kompleksdir.
İndi Azərbaycanda bütün iqtisadiyyat özəlləşdirmə yolu ilə gedir. Dünya təcrübəsi göstərir ki, özəlləşdirmə, şəxsi mülkiyyət iqtisadiyyatın inkişafını daha da təmin edə bilir. Bu proses də çox ağır və mürəkkəb prosesdir. Ancaq biz bu prosesin içindəyik, bu yol ilə gedirik və bu yol ilə də gedəcəyik. Son illər Azərbaycanda özəlləşdirmə proqramlarının yerinə yetirilməsi, bazar iqtisadiyyatının geniş yayılması nəticəsində, iqtisadi islahatların aparılması, kənd yerlərində torpaq islahatının, dövlət quruculuğu sahəsində, hüquq sahəsində islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan indi yeni iqtisadi sistem yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bunların çox dəyərli nəticələrini görürük. Doğrudur, bu prosesin çətinikləri də var, cəmiyyətdə müəyyən təbəqələşmə meydana çıxır. Ancaq bütün bu islahatların, tədbirlərin əsas nəticəsi ondan ibarət olacaq ki, ölkənin hər bir vətəndaşının öz rifah halını təmin etməyə imkanı olacaqdar.
Müxtəlif çətinliklər var. Həyata keçirilən islahatlar nəticəsində bəzi insanların iş yerlərindən məhrum olması, xüsusən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal olunmuş torpaqlardan bir milyondan artıq soydaşlarımızın zorla köçürülməsi, onların əksəriyyətinin çadırlarda yaşaması - bunlar hamısı bizim ölkəmizin, cəmiyyətimizin ağır problemləridir. Bunların bir çoxu keçid dövrünün problemləridir, təkcə bizim ölkəmizə, respublikamıza aid deyildir. Bunlar bütün keçmiş sosialist itqisadi sistemindən yeni iqtisadi sistemə, Qərbdə öz müsbət nəticələrini göstərmiş iqtisadi sistemə keçid yolunun çətinlikləri, eyni zamanda, müəyyən bir vaxtda qarşıya çıxan mənfi cəhətləridir. Ancaq biz tam əminik ki, bu çətinliklər müvəqqəti xarakter daşıyır və biz onları aradan qaldıracağıq. Azərbaycanın iqtisadiyyatı artıq 1996-cı ildən inkişaf edir və bu inkişaf ilbəil artır, insanların rifah halı yaxşılaşır, özəl sektor genişlənir, inkişaf edir və bunların nəticəsində yeni özəl müəssisələr yaranır, ticarətdə, kənd təsərrüfatında özəl sektor çox yüksək göstəricilər əldə edir. Bu, bütün başqalarında da belədir.
Ölkədə, cəmiyyətdə özəl sektorun tətbiq olunması, eyni zamanda bəzi özəl tədris müəssisələrinin yaranmasına da gətirib çıxarır. Mən bəyan edirəm ki, bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosialyönümlüyüdür. Hər bir vətəndaşın, bütün vətəndaşlarımızın sosial problemlərinin həll olunması üçündür. Biz bu yol ilə gedirik və gedəcəyik.
Bizim indiyə qədər yaranmış və yüksək nailiyyətlər əldə etmiş dövlət təhsil sistemi bundan sonra da inkişaf edəcək, yaşayacaq və gənclərin, uşaqların çoxu, təbiidir ki, dövlət təhsil sistemindən istifadə edəcəklər. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının dövlət büdcəsində təhsilə - orta təhsilə, ali təhsilə bütün sahələrdən çox vəsait ayrılır. Təsadüfi deyil ki, Azərbaycanda iki milyona yaxın uşaq, gənc məktəblərdə, ali məktəblərdə təhsil alır. Təsadüfi deyil ki, bizim 400 mindən çox təhsil işçilərimiz var. Bunlar hamısı dövlətin qayğısı altındadır və bundan sonra da olacaqdır. Təhsil sistemində, dövlət məktəblərində, dövlət universitetlərində nöqsanlar da var, çatışmazlıqlar da var. Bəzi təhsil müəssisələri hələ ki, uşaqlara, gənclərə müasir tələblərə uyğun təhsil vermirlər. Bəzi yerlərdə daha da narahatedici qüsurlar var. Biz bunların ardıcıl surətdə aradan qaldırılması üçün çalışırıq və çalışacağıq. Ancaq eyni zamanda, özəl təhsil müəssisələrinin yaranması da Azərbaycanda yeni bir hadisədir və biz bunları dəstəkləyirik. Güman edirik ki, belə özəl təhsil müəssisələri Azərbaycan gənclərinin bir qisminin yüksək təhsil alması üçün yararlı olacaqdır.
Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, ümumiyyətlə, təhsil biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir. Təəssüflər olsun ki, ötən illərdə ölkəmizdə bu məsələlər hələ tam nizamlanmadığına görə bəzi yerlərdə özəl universitetlər, yaxud özəl məktəblər yaranıbdır. Ancaq araşdıranda görürsən ki, bu onu yaradanların artıq vəsait əldə etməsi məqsədi daşıyır. Başqa universitetlərə, məktəblərə nisbətən daha da yüksək təhsil vermək məqsədi daşımır. Bu bizi narahat edir. İndi biznes, yəni özəl sektor bizim iqtisadiyyatımızda aparıcı yer tutur. Amma təhsil sahəsi müqəddəs sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur. Əgər özəl universitetlər, özəl məktəblər yaradan şəxslər başqa məqsəd daşıyırlarsa, yəni onlar bundan özləri üçün mənfəət götürmək məsələsinə üstünlük verirlərsə, bəzən də çox hallarda təhsilin keyfiyyəti bizim dövlət universitetlərindən, dövlət məktəblərindən aşağıdırsa, bu həm xalqa, həm uşaqlara, həm də millətimizə xəyanətdir. Buna qətiyyən yol vermək olmaz!
Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır. Ona görə mən bu gün bu özəl təhsil kompleksinə gəlib bunun açılışında iştirak edərkən, məhz bu məqsədi daşımışam. Birincisi, istəmişəm görüm bu özəl məktəb nədən ibarətdir, hansı imkanlara malikdir və burada təhsil nə cür təşkil olunacaqdır. İkincisi, bu sözləri təkcə bu məktəb üçün yox, bütün özəl təhsil müəssisələrinə demək üçün gəlmişəm. Bu bizim dövlətimizin siyasətidir. Bu siyasət, yəni özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik.
Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır. Ona görə mən çox sevindim ki, bu gün mənə verilən məlumatlar bizim dövlətin siyasətinin həyata keçməsi istiqamətində məktəbin qurulmasını nümayiş etdirir. Burada bütün təhsil Azərbaycan dilində, dövlət dilində keçiriləcəkdir. Ancaq mənə məlumat verdilər ki, burada eyni zamanda uşaqların hansı dilə daha çox həvəsli olmasından asılı olaraq, başqa dillər - ingilis dili də, rus dili də, fransız dili də, ərəb dili də, başqa dillər də tədris olunacaqdır. Bəli, təhsildə uşaqların, gənclərin gələcəyini təmin etmək üçün bizim siyasətimiz bundan ibarətdir. Hər bir Azərbaycan gənci - bəlkə indi yaşlı adamlar üçün bu vəzifəni qoymaq mənim üçün düzgün olmaz - birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.
Ancaq biz xalqımızı, millətimizi, gəncləri bununla məhdudlaşdırmamalıyıq. Çünki bir halda ki, biz müstəqil dövlət kimi, Düyna Birliyində bərabərhüquqlu yer tutmuşuq, müasir dünya tələb edir ki, hər bir azərbaycanlı öz Azərbaycan dilini, dövlət dilini yaxşı bilərək, onu islək dil hesab edərək, eyni zamanda başqa dili də - ingilis dilini də, rus dilini də, fransız dilini də, digər dilləri də bilsin. Əgər insan müstəqil Azərbaycanda öz ana dilini, Azərbaycan dilini bilmirsə, başqa dillərdə təhsil alırsa, əlbəttə, o, Azərbaycan üçün yararlı ola bilməz. Başqa dilləri öyrənmək, mənimsəmək lazımdır. Ancaq o şərtlə ki, təhsil Azərbaycan dilində keçirilsin. Azərbaycan dilində təhsillə yanaşı, başqa dillərin də çox mükəmməl öyrənilməsi təmin olunsun.
Mən bu gün məktəbdən bax, bu məlumatı aldım. Mən siniflərin bir neçəsində oldum. Məni bir şey sevindirdi. Bu, yeni bir məktəbdir. Təbiidir ki, buraya birinci sinfə uşaqlar gəlir. Ancaq artıq 8-ci sinfə qədər şagirdlər var. Onların bəziləri indiyə qədər rus dilində təhsil alıblar. Bu heç də qəbahət deyildir. Ancaq indi gəlib burada öz təhsillərini Azərbaycan dilində, ana dilində, dövlət dilində davam etdirmək istəyirlər. Bu çox gözəl hadisədir. Bu onu göstərir ki, o uşaqlar da, onların valideynləri də özlərini əsl azərbaycanlı, əsl Azərbaycan vətəndaşı, ana dilini sevən və onu qəlbində saxlayan insanlardır.
Mən inanıram ki, bu yeni məktəb çox gözəl cihazlarla, ləvazimatlarla təchiz olunub və burada çox gözəl şərait yaranmışdır. Belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır. Mən bu münasibətlə məktəbin kollektivinə uğurlar arzulayıram. Ümidvaram ki, onlar bu gün mənə verdikləri sözlərə sadiq olacaqlar.
Görürəm, burada valideynlər var. Hər bir valideyn üçün onun uşağı, övladı hər şeydər əzizdir. Ancaq uşağı, övladı nə qədər çox istəyirsənsə, onun tərbiyəsi ilə, onun təhsili ilə də bir o qədər məşğul olmalısan. Əgər çox istəmək, sevmək nəticəsində uşaq, gənc uşaqlıq, gənclik çərçivəsindən çıxırsa, o, yaxşı təhsil ala bilməz. Ona görə də gərək valideynlər də uşaqlarına tələbkar olsunlar. Müəllimlər də tələbkar olsunlar. Məhz belə halda biz yaxşı gələcək nəsil yetişdirəcəyik. Sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, uğurlar arzulayıram.