Yaponiyanın "Nikkey Simbun"qəzetinin müxbirinəmüsahibə- Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 27 fevral 1998-ci il


Sual: Cənab prezident, Tokio haqqında təəssüratınız necədir? Siz yəqin Yaponiyaya ilk dəfə gəlmisiniz?

Cavab:  Bəli, mən Yaponiyaya ilk dəfə gəlmişəm. Təəssüratım çox yaxşıdır. Əslinə qalsa, Tokionu əməlli-başlı görə bilmədim, çünki mənim buradakı iş cədvəlim çox gərgindir, daim görüşlər olur. Səfərimdən çox razıyam.

Sual: Siz Yaponiyaya səfər ərəfəsində Bakıda jurnalistlərə bəyan etmisiniz ki, əsas neft kəməri Bakı-Ceyhan marşrutu ilə çəkiləcəkdir. Bu neft kəmərinin nə kimi əhəmiyyəti var?

Cavab:  Bilirsiniz ki, Xəzər hövzəsi və onun ətrafında yerləşən ölkələr böyük neft və qaz ehtiyatlarına malikdirlər. Gələcəkdə bunların ixracı üçün isə neft-qaz kəmərləri lazımdır. Özü də bir-iki yox, çoxlu. Biz Bakıdan Novorossiyskə, Rusiya ərazisindən keçməklə Qara dəniz sahilinə bir neft kəməri çəkmişik və artıq onunla neft ixrac edirik. İkinci neft kəmərini qərb istiqamətində Gürcüstan ərazisi ilə, Bakıdan Qara dənizin Supsa limanına çəkirik. Hesab edirəm ki, sonrakı əsas neft kəməri Bakı-Ceyhan marşrutu ilə Gürcüstan və Türkiyə ərazisindən keçməklə çəkilməlidir. Amma iş hələ bununla da bitmir. Türkmənistandan qərbə qaz ixrac etmək üçün hələ qaz kəməri çəkmək lazımdır. İndi bu məsələ öyrənilir. Yeri gəlmişkən deyim ki, martın 1-də İstanbulda Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaqdır. Bu görüş Türkiyənin Baş naziri Məsud Yılmazın təşəbbüsü ilə təşkil edilir. O, dekabrın axırlarında Türkmənistanda olmuş və Bakı-Ceyhan neft kəmərinə paralel olaraq Türkmənistandan Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə qaz kəmərinin çəkilməsi barədə bu ölkənin prezidenti cənab Niyazov ilə danışıqlar aparmışdır. Bax buna görə də o, təşəbbüs qaldırmışdır. Bu məsələ martın 1-də İstanbulda müzakirə olunacaqdır. Enerji ehtiyatlarını ixrac etmək üçün bir neçə neft-qaz kəməri lazım gələcəkdir.

Sual: Biz eşitmişik ki, Qazaxıstandan Xəzər dənizi vasitəsilə Bakıya neft kəməri çəkilməsi haqqında layihə var. Bu, alternativ boru kəməri olacaq?

Cavab:  Keçən il mən və Qazaxıstan prezidenti Nazarbayev Qazaxıstandan Xəzər dənizinin dibi ilə Bakıya neft kəmərinin çəkilməsi haqqında saziş imzalamışıq və nəzərə almışıq ki, neft Bakı Ceyhan boru kəmərindən keçəcəkdir. Axı, Qazaxıstanın "Tengiz" yatağında neft olduqca çoxdur. Orada Amerikanın "Şevron" şirkəti işləyir. Onlar neftin nəqli üçün Rusiya ərazisi ilə Qara dənizə bir neft kəmərini artıq çəkirlər. Amma bu kəmər neftin bütün ixracım təmin etməyəcəkdir.

Sual: Nə üçün təmin etməyəcək?

Cavab:  Gücü çatmayacaq. Hər halda, əgər təmin edə bilsəydi, onlar bizə müraciət etməzdilər. Məsələn, hazırda "Şevron" nefti bizim ərazimiz vasitəsilə ixrac edir. Ancaq neft kəməri ilə deyil, tankerlərlə, daha doğrusu, Qazaxıstanın Aktau limanından bizim, Azərbaycanın tankerləri ilə Bakıya gətirilir, burada terminal tikilib, orada sistemlərə doldurulur və qatarla Batumiyə yola salınır, oradan isə Avropaya göndərilir. Keçən il bu marşrutla bir milyon tonadək neft daşınmışdır. Bu il iki və üç milyon ton daşımaq nəzərdə tutulur. Ona görə də nefti tankerlərlə daşımaqdansa, neft kəməri çəkmək yaxşıdır. Bu, asan və ucuz başa gəlir.

Sual: Deməli, Qazaxıstan nefti və Türkmənistan qazı Bakıdan keçəcəkdir?

Cavab:  Bəli, belədir.

Müxbir: Rusiya istəyir ki, neft və qaz onun ərazisindən ixrac edilsin.

Cavab:  Biz etiraz etmirik. Əgər bu ölkələr özlərinin enerji ehtiyatlarını həm Rusiya, həm də Azərbaycan ərazisi ilə ixrac etmək istəyirlərsə, biz buna etiraz etmirik.

Sual: "İnterfaks" xəbər verib ki, Çeçenistanın vitseprezidenti Bakıdadır və neft kəmərinin tikintisini dayandırmaq üçün danışıqlar aparır. Bu belədirmi?

Cavab:  Mən bunu bilmirəm. Mənim Yaponiyaya yola düşməyim ərəfəsində onun Bakıya gəldiyini bilirəm. Amma o, Bakıya oradan Ərəb Əmirliklərinə, İordaniyaya getmək üçün gəlmişdir, çünki onların Çeçenistandan təyyarə ilə oraya uçmaq imkanı yoxdur. O, Bakıya hava nəqliyyatından istifadə etmək üçün gəlmişdir və yəqin ki, artıq uçubdur.

Sual: Xəzər dənizinin bölünməsi barədə sizin mövqeyiniz necədir?

Cavab:  Biz lap əvvəldən Xəzər dənizinin sektorlara bölünməsi mövqeyində dayanırıq, çünki hələ o zaman, biz hamımız Sovetlər İttifaqının tərkibində olanda və Xəzər dənizi ümumi olanda artıq o, sektorlara bölünmüşdü. Hələ 1970-ci ildə sovet hökumətinin qərarı ilə Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Rusiyanın və hətta İranın də sektorları müəyyən edilmişdi. Belə bölgü var idi və biz əslində həmin təcrübədən istifadə edirik. Biz təzə bir şey kəşf etmirik və hesab edirik ki, bu təcrübə bütün ölkələr üçün ən məqbuldur. Biz bu prinsipə tərəfdarıq.

Sual: Deməli, siz bu məsələyə dair danışıqlarda iştirak etməyəcəksiniz?

Cavab:  Yox, biz danışıqlar aparırıq. Məsələn, biz Qazaxıstanla saziş imzalamışıq ki, həm Qazaxıstan, həm də Azərbaycan Xəzərin sektorlara bölünməsi prinsipini əsas götürəcəkdir. İndi biz Türkmənistanla danışıqlar aparırıq, mən və prezident Niyazov ikitərəfli komissiya təyin etmişik, onun tərkibinə ekspert qrupları daxildir. Birinci görüş 15 gün bundan öncə Aşqabadda olmuşdur. İkinci görüş Bakıda keçiriləcəkdir. Biz ikitərəfli danışıqlar aparırıq.

Sual: Yəqin ki, Xəzəryanı beş ölkə bu məsələyə dair konfrans keçirəcək?

Cavab: Əgər onların hamısı buna razı olarsa. Amma İran və Rusiya bununla hələlik razılaşmaq istəmir. Əgər hamı bu prinsiplə razılaşarsa, biz yığışıb razılığa gələ bilərik.

Sual: Ermənistan prezidenti Ter-Petrosyan bu yaxınlarda istefa vermişdir. Bizə elə gəlirdi ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsi məsələsində vəziyyət kəskinləşəcəkdir. Siz buməsələdə indi yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Biz 1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş bağlamışıq və dörd ilə yaxındır ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması barədə danışıqlar aparırıq. Bu danışıqlar bütün səviyyələrdə aparılıb, lakin əsas şəxslər prezident Ter-Petrosyan və prezident Əliyev olmuşdur. Münaqişənin iki mərhələdə həlli haqqında ATƏT-in Minsk qrupunun təklifləri olmuşdur: Birinci mərhələdə Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən altı rayonunun azad edilməsi, ikinci mərhələdə Azərbaycanın daha iki rayonunun azad olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu təkliflər keçən ilin sentyabrında verilmişdir. Lakin Ermənistan tərəfi bunlarla o qədər də razı deyildi. Sonra Ter-Petrosyan razılaşdı. Ancaq onun hökumətindəki bəzi insanlar razılaşmadılar. Fevralın 3-də Ter Petrosyan istefa verdi. Martın 16-da Ermənistanda yeni prezident seçkisi təyin edilib, hazırda seçkiqabağı kampaniya gedir. Şübhəsiz ki, biz hələlik danışıqlar prosesini dondurmuşuq, seçkinin nəticələrini gözləyirik. Ümidvaram ki, yeni president seçiləcək və biz danışıqları davam etdirəcəyik. Münaqişənin sülh yolu ilə aradan qaldırılmasında vəziyyətin kəskinləşdiyini deyə bilmərəm, bu fikirlə razı deyiləm. Sadəcə olaraq, danışıqlar prosesi hələlik dondurulmuşdur.

Sual: Ötən il belə bir qalmaqallı xəbər yayıldı ki, Rusiya Ermənistana 1 milyard dollarlıq silah vermişdir. Siz bu barədə nə deyə bilərsiniz?

Cavab: Elədir ki var. Özü də Rusiyanın rəsmi orqanları, onun Müdafiə Nazirliyi özləri elan etmişdir ki, 1993-1996-cı illər ərzində Müdafiə Nazirliyi Ermənistana qanunsuz olaraq bir milyard dollar məbləğində silah - ağır tanklar, toplar, raketlər və bir çox başqa ağır silah, texnika, döyüş sursatı vermişdir. Əvvəla, Rusiyaya böyük zərər vurulmuş, ikincisi, Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin qüvvədə olduğu bir vaxtda bu qədər silahın verilməsini başa düşmək olmur. Xüsusən də nəzərə alsaq ki, Rusiya Minsk qrupunun həmsədridir və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edir. Biz həmin məsələ ilə əlaqədar Rusiyaya etirazımızı bildirmişik. Keçən ilin martında mən Boris Yeltsinə geniş məktub göndərmişəm, bizdə Ermənistana verilmiş silah növlərinin konkret siyahısı var. Biz tələb etmişik ki, Rusiya təhqiqat aparsın və bu silahın geri qaytarılmasını təmin etsin. Çünki bu, bizim üçün daha vacibdir, nəinki silahı kimlərin verməsi. Ona görə ki, Ermənistanda bu qədər çox silahların, raket texnikasının olması Azərbaycan üçün çox böyük təhlükə törədir.

Sual: Sizcə, bu səfərdən sonra Yaponiya-Azərbaycanəməkdaşlığı necə inkişaf edəcəkdir?

Cavab: Mən Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusən iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivinə çox nikbin baxıram. Dünən Baş nazir cənab Haşimoto ilə bizim çox yaxşı söhbətimiz, danışıqlarımız oldu. Bilirsiniz ki, biz çox mühüm sənədlər imzaladıq. Üstəlik, cənab Haşimoto Azərbaycan ilə Yaponiya arasında daimi iqtisadi əməkdaşlığın xüsusi mexanizmini işləyib hazırlamağı təklif etdi. O, öz hökumətinə, mən də öz hökumətimə tapşırıqlar verdik. Biz layihələr hazırlayacağıq və əməkdaşlığımızın inkişafına dair xüsusi Yaponiya-Azərbaycan ikitərəfli komissiyası yaradılacaqdır.

Müxbir: Sağ olun. Çox maraqlı oldu.

Heydər Əliyev: Siz də sağ olun. Sizə uğurlar arzulayıram. Müsahibəni qəzetin müxbiri Xiroşi İqaşira aparmışdır.