Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Arko" Neft Şirkətinin prezidenti Mayk Boblin ilə görüşdə söhbətindən - Hyüston,"Vinham Varvik" oteli 3 avqust 1997-ci il


Hörmətli cənab Mayk Boblin!

ABŞ prezidenti cənab Bill Klintonun dəvəti ilə ölkənizə ilk rəsmi səfərim, prezident Bill Klintonla, ABŞ hökumətinin yüksək vəzifəli digər şəxsləri ilə apardığım danışıqlar barədə söylədiyiniz xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, uğurla davam edən bu səfər Amerika-Azərbaycan əlaqələrinin, ilk öncə isə iki ölkə arasında iqtisadi əməkdaşlığın güclənməsinə kömək edəcəkdir.

...Yeni nəvəmin dünyaya gəlməsi münasibətilə səmimi qəlbdən gələn təbrikinizi məmnunluqla qəbul edirəm. Mənə üzərində dünyanın ən qədim xəritəsi əks olunan çini vaza hədiyyə etməyinizə və həmin xəritədə Azərbaycanın indi olduğu kimi, qədim zamanlarda da dünyada mühüm yer tutmasının əks edildiyi barədə söylədiklərinizə görə ürəkdən təşəkkür edirəm.

Mənim ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı başçıları ilə görüşümün böyük rəğbətlə qarşılanması barədə dediyiniz sözlərə ürəkdən şərikəm və bildirirəm ki, həmin tədbirin həqiqətən çox böyük əhəmiyyəti olmuşdur. Onlar mənə çox böyük diqqət göstərdilər və bizim aramızda daha da sıx dostluq yaranıbdır.

... Sizin Azərbaycanla əlaqələri daha da sıxlaşdırmaq və canlandırmaq barədə təklifləriniz olduqca maraqlıdır və diqqətlə nəzərdən keçiriləcəkdir.

"Arko" Şirkətinin Azərbaycanın qarşılaşdığı problemlərin həllinə - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin ləğv edilməsinə hər cür kömək göstəriləcəyinə dair söylədiyiniz fikirlərə görə sizə təşəkkürümü bildirirəm. Bir daha bəyan edirəm ki, bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran respublikamız xarici ölkələrin iş adamları ilə əlaqələrin möhkəmləndirilməsinə daim xüsusi diqqət yetirir və "Arko" şirkəti ilə də əməkdaşlığa maraq göstərir.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2003, 11-ci cild, səh. 301