Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədə çıxışı - 20 sentyabr 1993-cü il


Hörmətli zabitlər, Daxili İşlər Nazirliyinin əməkdaşları, polis işçiləri!

Azərbaycan Respublikası öz tarixinin ağır mərhələsini keçirir. Bu mərhələnin nə qədər ağır, məsuliyyətli, çətin olduğu aydındır və əsas səbəbləri də məlumdur. Bildiyiniz kimi, beş ildən artıqdır ki, Azərbaycan Respublikası Ermənistanın silahlı qüvvələri tərəfindən hərbi təcavüzə məruz qalmış və nəticədə torpaqlarımızın bir qismi işğal olunmuş, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz dağılıb viran olunmuş, yüz minlərlə həmvətənimiz, vətəndaşımız qaçqın düşmüşdür.

Son dövrdə Azərbaycan böyük sosial-iqtisadi, ictimai-siyasi böhran içərisindədir. Şübhəsiz ki, bu böhranın əsas səbəblərindən biri Azərbaycanın beş ildən artıq bir müddətdə müharibə vəziyyətində olması, eyni zamanda, son illərdə onun həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatında özündən asılı olan və olmayan mütəmadi dəyişikliklərdir. Bunların hamısı Azərbaycan Respublikasını çox ağır vəziyyətə salmışdır. Şübhəsiz ki, bu ağır vəziyyət respublika vətəndaşlarının həyat tərzini gərginləşdirmiş, çətinləşdirmiş və respublikada ümumi gərgin bir vəziyyət yaratmışdır.

Eyni zamanda, son dövrün ən əlamətdar hadisəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil dövlət olmuşdur. Azərbaycan xalqı indi artıq öz həyatını müstəqil dövlət çərçivəsində, öz arzu və niyyətləri əsasında qurmaq imkanına malik olmuşdur. Beləliklə, bir tərəfdən Azərbaycan müstəqil dövlət kimi böyük imkanlar əldə edibsə, ikinci tərəfdən bu imkanlardan istifadə etmək həddindən artıq çətinləşmiş və ağırlaşmışdır. Ona görə də indi Azərbaycan Respublikasının hər bir vətəndaşı qarşısında, Vətənini sevən, ona xidmət etmək istəyən hər kəs qarşısında böyük və məsuliyyətli vəzifələr durur.

Azərbaycan Respublikasının müstəqil dövlət olması tarixi bir hadisədir. Biz, Azərbaycanın indiki nəsli, bu imkanlardan bütün sahələrdə səmərəli istifadə etməliyik. Bunun üçün çox iş görülməlidir. Təəssüf ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra - əslində bu, az vaxt deyil, - müstəqilliyi möhkəmləndirmək, daimi etmək, müstəqillik əsasında respublikada həm siyasi-iqtisadi sistemi, həm cəmiyyəti tənzimləmək məsələləri çox axsayıb, hətta demək olar ki, həyata keçirilməyib və bu dövr Azərbaycan xalqı üçün daha da ağır, əziyyətli dövr olmuşdur.

Azərbaycan Respublikasının dövlət atributlarından biri də, Azərbaycanın Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər Bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri Daxili İşlər Nazirliyi, polis orqanlarıdır.

Daxili İşlər Nazirliyinin, polis orqanlarının vəzifəsi sizin üçün aydındır. Ancaq mən bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqilliyini təmin etmək üçün, Azərbaycanda müstəqil dövlət prinsiplərini həyata keçirmək üçün, müstəqil dövlətin bütün imkanlarından respublika vətəndaşlarının istənilən səviyyədə bəhrələnməsi üçün daxili işlər orqanlarının, polis orqanlarının fəaliyyətindən çox şey asılıdır. Ona görə də biz Azərbaycan dövlətinin müstəqilliyini təmin etmək, bu müstəqillikdən günü-gündən səmərəli istifadə etmək üçün daxili işlər orqanlarının, polis orqanlarının işinə xüsusi fikir veririk. Güman edirik ki, daxili işlər orqanlarında çalışan əməkdaşlar bunu hiss edirlər və hiss etməlidirlər, öz məsuliyyətlərini dərk edərək bu tələblər səviyyəsində fəaliyyət göstərməlidirlər.

Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemi sahəsində də böyük potensialı vardır. Qeyd etdim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi orqanları, polis orqanlarıdır. Əgər keçmiş dövrdə, Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu, müstəqil olmadığı bir dövrdə onun müstəqil ordusu yox idisə, müstəqil xarici siyasət yeritmirdisə, Azərbaycanın Daxili İşlər Nazirliyi daim fəaliyyət göstərib, polis orqanları (o vaxt buna milis orqanları deyirdik) daim fəaliyyətdə olub. Keçmiş dövrə nəzər salsaq, 70 il ərzində sovetlər birliyinin daxilində yaşayan Azərbaycan Respublikası bu müddətdə bacarıqlı, yüksək imkanlı daxili işlər orqanları yaradıb inkişaf etdirə bilmişdir. Yəni bu sahədə bizim işimiz tam sıfırdan başlamır, boş yerdən başlamır. Bu sahədə bizim böyük potensialımız var, mühüm təməl qoyulubdur. Nəinki təməl, böyük bir orqan vardır.

Bəziləri belə hesab edirlər ki, Sovet İttifaqı vaxtında mövcud olan bütün orqanlar indi yaramır və təzədən yeni orqanlar, yeni strukturlar yaranmalıdır. Mən bu fikirlə heç cür razı ola bilmərəm. Bu, nəinki yanlış fikirdir, həm də Azərbaycan Respublikasının milli mənafeyinə, onun müstəqilliyinə zidd fikirdir. Bu fikir bir tərəfdən təəccüb, bir tərəfdən də təəssüf doğurur. Amma eyni zamanda, təəccüblənməli də deyil, çünki bu fikri söyləyənlər, bu iddiada olanlar həm siyasi, həm də dövlət təcrübəsi olmayan adamlardır. Onlar heç bir dövlət sistemində işləməmişlər, heç bir siyasi fəaliyyəti, heç bir təcrübəsi olmadan böyük vəzifələrə gələrkən hesab edirdilər ki, hər yerdə belə adamlar işləyə bilərlər. Xeyr.

Əgər biz indi Azərbaycanın qüdrətli ordusunu yaratmaq istəyiriksə, bu ordu yalnız və yalnız təcrübəli, bilikli, səriştəli, hərbi təhsilə malik olan zabitlər, hərbi qulluqçular tərəfindən yarana bilər. Hərbi işi bilməyən, hərbi təhsili olmayan, hərbi

qulluqda olmayan adamlar qüdrətli, layiqli ordu yarada bilməzlər. Eləcə də polis orqanları. Polis xüsusi bir peşədir. Dünyanın bütün ölkələrində belədir. Adamlar polis peşəsinə anadangəlmə malik olmurlar. Yəni heç kim anadan polis kimi doğulmur. Bunun üçün xüsusi təhsil almaq, pillə-pillə keçib təcrübə toplamaq lazımdır. Iş prosesində cürbəcür vəziyyətlərə düşüb, bu vəziyyətlərdən çıxış yolları axtarmaq, vərdiş qazanmaq lazımdır. Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir. Bunların hamısı bir yerdə cəmləşməsə, biz layiqli polis nəfərlərinə, zabitlərinə, işçilərinə malik ola bilmərik. Bunlar da olmasa, polis orqanları Azərbaycanın müstəqilliyini təmin edən böyük bir orqan kimi lazımi səviyyədə fəaliyyət göstərə bilməz. Bir sözlə demək istəyirəm, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük kadr potensialı, maddi-texniki bazası vardır, xüsusi əməliyyatlar aparmaq üçün lazımi səviyyədə təchizatı vardır. Bunların hamısı illər, on illər ərzində yaranan imkanlardır və daxili işlər orqanlarının ümumi potensialıdır. Təəssüf ki, bu potensialı qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək əvəzinə, müstəqillik qazanandan sonra onu dünyanın başqa ölkələrində olan təcrübə ilə zənginləşdirmək əvəzinə, son illərdə cürbəcür polis orqanlarının başçıları və onları dəstəkləyən Azərbaycan Respublikasının rəhbərləri bu potensialı dağıtmaq, polis orqanlarını, daxili işlər orqanlarını, loru dillə desək, bazara çevirmək fikrində olublar. Çox təəssüf ki, buna müəyyən qədər nail olublar.

Ancaq mən güman edirəm ki, bizim daxili işlər orqanlarında, polis orqanlarında illər boyu yaradılmış potensial o qədər möhkəmdir ki, belə adamlar onu dağıla bilməzdilər. Düzdür, zərər vurublar - həm mənəvi, həm də maddi zərər vurublar. Düzdür, insanların bir hissəsinin beyinlərini zəhərləyiblər, onların psixologiyasını korlayıblar - bunların hamısı göz qabağındadır, - ancaq yaranmış potensialı dağıda bilməyiblər və bunu dağıtmağa onların heç gücü də çatmazdı.

Ona görə də mən sizin qarşınızda çıxış edərək bildirmək istəyirəm ki, Azərbaycanın dövlət orqanları, rəhbərlik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, polis orqanlarının, onun qoşun hissələrinin illər boyu yaratdığı böyük potensialı yüksək qiymətləndirirlər. Bu potensialın əsasını peşə hazırlığı olan bilikli kadrlarımız təşkil edir. Biz onların biliyini, bacarığını, peşə hazırlığı keyfiyyətlərini yüksək qiymətləndiririk. Biz Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətinə, onun kadr, maddi-texniki, həm də xüsusi işlər üçün mövcud olan potensialına güvənirik, bel bağlayırıq və güman edirik ki, bunların hamısından Azərbaycanın müstəqilliyini təmin etmək, respublika daxilində ictimai-siyasi vəziyyəti tənzimləmək və normallaşdırmaq üçün səmərəli istifadə olunacaqdır.

Son illərlə daxili işlər orqanlarına çox böyük zərbələr vurulub. Bu zərbələrdən ən ağırı odur ki, daxili işlər orqanlarının tərkibi müəyyən qədər - bu söz nə qədər kəskin olsa da, mən onu işlətməliyəm-zibillənibdir. Daxili işlər orqanları, polis orqanları ayrı-ayrı səriştəsiz, ləyaqətsiz adamlar, böyük vəzifələr tutmuş adamlar tərəfindən siyasətə cəlb olunub, burada əcaib proseslər meydana çıxıb, hətta inkişaf tapıb.

Dünyanın heç bir ölkəsində, o cümlədən demokratiya nöqteyi-nəzərindən, dövlətçilik baxımından ən inkişaf etmiş ölkələrdə polis orqanları siyasətə qoşulmur, siyasətdən kənarda durur, heç bir siyasi tədbirdə, siyasi proseslərdə iştirak edə bilməz. Onlar dövlətə xidmət edir, dövlətin möhkəmlənməsinə, dövlət orqanlarının fəaliyyətinin təmin olunmasına xidmət edirlər. Bu, Amerikada da belədir. İngiltərədə də, Fransada da, Türkiyədə də, İranda da və başqa ölkələrdə də belədir.

Lakin yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhval-ruhiyyə, hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən adam, peşə hazırlığı olmayan adam və mənəviyyatca pozğun mövqelərdə duran adamlar burada cürbəcür təşkilatlar yaradıb - "Boz qurd" təşkilatı, "Boz qurd" fəxri adı... Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xidmət etmək, ictimai asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq əvəzinə bəzən cinayətkarlar yuvasına döndü, burada cürbəcür siyasi proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviyyədə siyasi proseslər meydana çıxdı. Təəssüf ki, Azərbaycanın o vaxt ümumi mühiti elə idi ki, onlar bizim informasiya orqanları tərəfindən təbliğ edilirdi, hətta bəzi adamlar tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunurdu. Şübhəsiz ki, onlar da elə o səviyyədə olan adamlar idi.

Mən Türkiyənin dövlət rəhbərləri ilə dəfələrlə söhbət aparmışam. "Boz qurd" ümumiyyətlə Türkiyədə meydana gəlmiş bir hərəkatdır. Şübhəsiz ki, biz demokratik prinsiplərə riayət edərək heç bir ictimai-siyasi hərəkatın meydana gəlməsinə etiraz etməmişik və etiraz etmirik. Ancaq "Boz qurd"un məkanı, vətəni olan Türkiyədə heç vaxt polis "Boz qurd"a qoşulmayıbdır. Polis orqanlarında "Boz qurd" heç bir fəaliyyət göstərməyibdir. İndi görün nə qədər iyrənc, dəhşətli və gülməli haldır ki, burada daxili işlər naziri özbaşına belə bir fəxri ad müəyyənləşdirib. Yaxşı polis işçisinin ən yüksək fəxri adı "Boz qurd" adı idi. Bu, nə qədər əcaibdir!

Yaxud Azərbaycanda ən yüksək poliqrafik səviyyədə cürbəcür qəzetlər çıxırdı. Ancaq mənaca, məzmunca yox, şəkillərinə görə, poliqrafiya icrasına görə yüksək səviyyədə. Bu da, şübhəsiz, xüsusi məsrəf, yəni xüsusi vəsait tələb edir. Belə bir qəzet, "Boz qurd" qəzeti bu binada çıxırdı. Əgər polisin işinə, Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid problemləri işıqlandırmaq lazım idisə, nazirlik daxili qəzet də çıxara bilər. Vaxtı ilə Daxili İşlər Nazirliyində belə qəzet çıxırdı, indi, şübhəsiz ki, ondan da yüksək səviyyədə qəzet buraxmaq olar. Amma "Boz qurd" qəzet çıxarıblar, bir nömrədə beş yerdə daxili işlər nazirinin şəklini verib, yaxud da cürbəcür belə iyrənc işlərlə məşğul olublar. Peşəkar polis işçilərini dağılıb, polisdən heç bir məlumatı olmayan cürbəcür adamları buraya toplayıb insanlara əziyyət vermək, adamları incitmək, vətəndaşları, cəmiyyəti belə ağır vəziyyətə salmaq nəyə yarayar! Ola bilərmi ki, daxili işlər naziri həm nazir vəzifəsini yerinə yetirsin, həm də gedib mitinqlərdə çıxış etsin? Bu, hansı demokratiya qanunlarına uyğundur, hansı dövlət qanunlarına uyğundur? Bunların hamısı yaramaz hallardır.

Mən bu məsələlərin üzərində çox dayanmaq istəmirəm. Çünki bunlar nə qədər böyük zərbə, öz mahiyyətinə görə nə qədər çirkin olsa da, polis orqanlarına, daxili işlər orqanlarına nə qədər ləkə vurmuş olsa da, indi bu barədə çox danışmağa layiq məsələlər deyildir. Mən bunları deməklə münasibətimizi bildirmək və qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqilliyi və Azərbaycan dövlətinin özü güclü Daxili İşlər Nazirliyi, güclü polis orqanları ilə təmin olunmalıdır. Azərbaycanın dövlət rəhbərliyi belə bir orqanın yaranması və inkişaf etməsi üçün səy göstərəcəkdir. Bu sizdən də çox asılı olacaqdır. Şübhəsiz ki, biz Daxili İşlər Nazirliyinin, polis orqanlarının qanun çərçivəsində tam fəaliyyət göstərməsi üçün şərait və imkanlar yaradacağıq. Ancaq Daxili İşlər Nazirliyi orqanları, onun qoşun hissələri, polis orqanları bu imkanlardan qanun çərçivəsində, dövlət mənafeyinə, Azərbaycanın milli mənafeyinə, Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması mənafeyinə uyğun surətdə səmərəli istifadə etməlidirlər.

Ona görə də siz özünüz son illərdə sizin orqanlarda gedən prosesləri obyektiv, doğru-düzgün təhlil etməlisiniz, sizi ləkələyən, işinizə maneçilik törədən, peşə sahənizə zərər vuran bütün hallardan xilas olmalısınız, onları kənarlaşdırmalısınız. Daxili İşlər Nazirliyinin tərkibində, onun şəxsi heyətinin tərkibində, birinci növbədə rəhbər işçilərin fəaliyyətində mənəvi dəyərləri möhkəmləndirməlisiniz, inkişaf etdirməlisiniz və beləliklə də, Daxili İşlər Nazirliyinin bütün sistemlərində, yuxarıdan aşağıya qədər - nazirliyin rəhbərliyindən polis nəfərinə qədər sağlam əhval-ruhiyyə, sağlam mənəviyyat yaratmalısınız.

Polis orqanlarının fəaliyyəti bir tərəfdən polis işçilərinin, Daxili İşlər Nazirliyi işçilərinin biliyindən, bacarığından, peşə səviyyəsindən asılıdırsa, digər tərəfdən bu orqanlarda möhkəm, dəmir nizam-intizamdan asılıdır. Bu nizam-intizam nə qədər möhkəm olsa, nə qədər sağlam olsa, nə qədər qanunlara istinad etsə, eyni zamanda nə qədər ədalətli olsa, sizin işiniz də bir o qədər səmərəli olacaqdır. Bunlarla yanaşı polis orqanları işçilərinin hər biri yüksək mənəviyyat nümunəsi olmalıdır. Siz bilməlisiniz ki, polis orqanlarına, Daxili İşlər Nazirliyinin işçilərinə xüsusi səlahiyyətlər verilir. Qanun onlara öz fəaliyyətini həyata keçirmək üçün xüsusi səlahiyyətlər verir.

Ancaq bu səlahiyyətlərdən ədalətlə, qanun çərçivəsində, cəmiyyətin, dövlətin, vətəndaşların mənafeyini qorumaq naminə istifadə etmək lazımdır. Təəssüf ki, indi mövcud olan hal on il, iyirmi il bundan qabaq da olub, amma son dövrlərdə bu, çox ifrat səviyyəyə gəlib çatıb: polis orqanları işçilərinin öz vəzifələrindən şəxsi məqsədlər üçün, şəxsi mənafelər üçün istifadə etməsi halları geniş yayılıbdır. Polis orqanı gərək xalq tərəfindən hörmət edilən bir orqan olsun, polis işçisi gərək xalq tərəfindən, kütlə tərəfindən, ictimaiyyət tərəfindən sevilsin, ona hörmət edilsin. Bu da o halda ola bilər ki, polis işçisi, Daxili İşlər Nazirliyinin hər bir nümayəndəsi, nazirliyi təmsil edən şəxs əvvələn qanuna riayət etsin; ikincisi, qanunçuluğun nümunəsi olsun; üçüncüsü, yüksək mənəviyyat nümunəsi olsun; dördüncüsü, hər bir vətəndaş hiss etsin ki, polis işçisinin simasında, onun şəxsiyyətində dövlətin qanunçuluğunu, dövlətin yüksəkliyini görür. Çünki polis işçisi, daxili İşlər Nazirliyinin işçisi dövləti təmsil edən bir şəxsdir.

Ona görə də siz bu mənfi halları, ümumiyyətlə, bizim cəmiyyəti, o cümlədən polis orqanlarını hörmətdən salan, xalq arasında tamamilə əsaslı olaraq polis orqanları barəsində mənfi fikir yaradan halları içərinizdən çıxarıb atmalısınız. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, insanlara qanunsuz təzyiq göstərmək, zor işlətmək və yaxud başqa hallar polis orqanlarının iş praktikasından, yəni əməli fəaliyyətindən tamamilə kənar olunmalıdır. Siz bu hallarla mübarizə aparmalısınız. Bir daha qeyd edirəm, sizin fəaliyyətinizin səmərəli olması üçün, böyük bir dövlət orqanı kimi yüksək hörmətə layiq olmağınız üçün və dövlətə sədaqətlə xidmət etmək üçün bunlar əsas amillərdir. Siz gərək bunları biləsiniz və düşünəsiniz. Əlbəttə, bu mənfi halların mövcud olması, sirayət etməsi və necə deyərlər, bir xəstəlik kimi yayılmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər şübhəsiz ki, son dövrlərlə Azərbaycanda gedən ictimai-siyasi proseslər, iqtisadiyyatın dağılması, qanunçuluğun pozulması və yüksək dövlət orqanlarının özünün qanuna zidd hərəkətləri, vəzifədən sui-istifadə etmək hallarıdır. Bu da polis orqanlarında belə hallar yaranmasına səbəb olmuşdur. Subyektiv səbəblər isə ayrı-ayrı polis orqanları, daxili işlər orqanları işçilərinin xalqa, öz dövlətinə, vətəninə, torpağına xidmət etmək üçün yox, ancaq şəxsi məqsədlərini, şəxsi mənafeyini təmin etmək üçün bu peşəyə, bu vəzifələrə gəlməsindən ibarətdir.

Mən rica edirəm ki, bu məsələlər üzərində düşünəsiniz, başa düşəsiniz ki, polis orqanlarının, daxili işlər orqanlarının işçiləri üçün dövlət tərəfindən bütün maddi və mənəvi şərait yaradılıb və bundan sonra da yaradılacaqdır. Ancaq hər bir insan üçün yüksək mənəviyyat ən ali amil olmalıdır. O cümlədən və xüsusən dövlət işçiləri üçün, polis orqanlarının işçiləri üçün. Biz sizin işinizi, bu ağır vəziyyətdə fəaliyyətinizi görürük, izləyirik və qiymətləndiririk. Son müddətdə biz, yəni dövlət rəhbərləri Daxili İşlər Nazirliyi ilə, xüsusən onun rəhbərliyi ilə sıx əlaqədəyik, sizin işinizi yüksək səviyyəyə qaldırmağa çalışırıq və bundan sonra da bu istiqamətdə hərəkət edəcəyik. Biz yaxşı bilirik ki, beş ildən artıq davam edən müharibədə Daxili İşlər Nazirliyinin yüzlərlə əməkdaşı - zabitlər, polis nəfərləri torpağımızı qoruyarkən şəhid olmuşlar, qəhrəmanlıq göstərmişlər, Azərbaycan Respublikasının tarixinə milli qəhrəman kimi daxil olmuşlar. Bunların hamısı yüksək qiymətləndirilir. İndi də torpaqlarımızı qorumaqda, Ermənistanın təcavüzünün qarşısını almaqda Daxili İşlər Nazirliyi əməkdaşlarının, zabitlərinin fəaliyyəti gözümüzün qabağındadır. Biz həm qoşun hissələrinin, həm də sahələrlə işləyən əməkdaşlarınızın fəaliyyətini yüksək qiymətləndiririk. Əmin ola bilərsiniz ki, əhali də, vətəndaşlar da, bütün Azərbaycan ictimaiyyəti də bunu indən belə daha yüksək qiymətləndirəcəkdir.

Biz Daxili İşlər Nazirliyinin rəhbərliyinə, nazir Vaqif Novruzova, onun müavinlərinə, kollegiyaya tam etimadla yanaşırıq, güvənirik, sizin hamınıza etimad göstəririk, güvənirik və güman edirik ki, hamınız birlikdə bu etimadı doğrultmağa çalışacaqsınız. Bunun üçün sizə əlavə kömək göstərəcək, əlavə imkanlar da yaradacağıq.

Ancaq biz sizdən daha fəal iş gözləyirik, daha səmərəli iş, cinayətkarlığa qarşı daha kəskin mübarizə gözləyirik və hesab edirik ki, Daxili İşlər Nazirliyinin imkanlarından, potensialından hələ lazımi səviyyədə istifadə olunmayıb. İndi Azərbaycanda ayrı-ayrı gizli silahlı dəstələr mövcuddursa və bizim böyük potensiala malik olan Daxili İşlər Nazirliyinin orqanları bu dəstələri meydana çıxarıb tərksilah edə bilmirlərsə, qanunu pozan, gizli silah saxlayan adamları məsuliyyətə cəlb elə bilmirlərsə, şübhəsiz ki, bu, fəaliyyətsizliyi göstərir, yaxud da ki, bəzi orqanların, bəzi şəxslərin bu məsələlərə həmrəy olduğunu göstərir. Mən bunu başqa cür qiymətləndirə bilmərəm.

Ayrı-ayrı bandalar var, biri Azərbaycanın o bölgəsində, biri bu bölgəsində. Onların adları da sizə məlumdur. Nə cür ola bilər ki, böyük bir dövlətə güvənən, arxalanan daxili işlər orqanları, polis orqanları ayrı-ayrı bandalardan gücsüz olsun, yaxud onlara üstün gələ bilməsin? Buna inanmaq olmaz. Demək, burada nə isə var. Ayrı-ayrı cinayətkarlar sizin tərəfinizdən uzun müddət axtarılır, ancaq tapılmır. Mən özüm-özümə sual verirəm. Axtarılırmı? Lazımi əməliyyatlar keçirilirmi, yoxsa yox? Suallara yəqin ki, siz cavab verməlisiniz. Daxili İşlər Nazirliyindən, onun rəhbərliyindən, bir nazir kimi Vaqif Novruzovdan bu məsələləri çox ciddi tələb edirik və bir neçə dəfə Milli Məclisdə də, ayrı-ayrı müşavirələrimizdə də nazirin qarşısında çox böyük tələblər qoymuşuq. Ancaq nazir təkbaşına bir şey elə bilməz. Əgər biz nazirliyin rəhbərliyinə, sizə arxalanırıqsa, nazirliyin rəhbərliyi də gərək bütün şəxsi heyətə, zabitlər heyətinə, bütün polis heyətinə arxalansın. Hamınız birlikdə çalışıb bu cinayətkarları meydana çıxarmalısınız.

Vətəndaşlar Azərbaycanda cinayətkarlığın geniş yayıldığından çox narazıdırlar, çox narahatdırlar. Bu da təbii haldır. Biz də narahatıq. Nə üçün biz gərək orada-burada silahlı qoruyucu qüvvələr saxlayaq? İndi biz Azərbaycanda tam əmin-amanlıq yaratmalıyıq ki, insanlar rahat yaşaya bilsinlər, bütün təbii tələblərini həyata keçirməyə imkan tapsınlar. Bunları siz təmin etməlisiniz. Ona görə də sizə belə yüksək etimad göstərilir, ona görə də siz xüsusi statusa malik olan, xüsusi rütbələri və xüsusi geyimi olan, silah gəzdirmək hüququ və başqa səlahiyyətləri olan adamlarsınız. Bunları sizə elə-belə vermirlər ki, başqa vətəndaşlardan fərqlənəsiniz. Ona görə verirlər ki, siz qalan bütün vətəndaşların hüquqlarını, rahat yaşayışını, əmin-amanlığını qoruyasınız. Bunun üçün də cinayətkarlarla mübarizə aparmaq, istintaq işini, axtarış işlərini, bütün tədbirləri gücləndirmək lazımdır. Bunların hamısı sizdən tələb olunur və bilməlisiniz ki, əgər kimsə bu tələblər səviyyəsində deyilsə, o, şəxsiyyətindən, keçmiş xidmətindən asılı olmayaraq, kənara çəkilməlidir. Yenə də deyirik: biz polis orqanlarında, Daxili İşlər Nazirliyində xüsusi peşə hazırlığı olan, bilikli, təcrübəli, təhsilli, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik adamlara güvənirik. Əgər kimsə bu keyfiyyətlər səviyyəsinə qalxa bilmirsə, bu tələblərə cavab verə bilmirsə, şübhəsiz ki, onlar kənara çəkilməlidir və rəhbərlik onları öz sıralarından çıxarmalıdır.

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir. Biz dəfələrlə demişik ki, Azərbaycanda demokratik prinsiplər əsasında dövlət qurulur, demokratiyanın inkişafına tam şərait yaradılıb, bundan sonra da yaradılacaq, Azərbaycanda siyasi plüralizm, çoxpartiyalı sistem əsasında demokratik dövlət qurmaq niyyətindəyik. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı istiqamətində inkişaf etməlidir.

Hazırda iqtisadiyyat dağılıb, bərbad haldadır. Bizim sənaye, kənd təsərrüfatı potensialından demək olar ki, heç 20 faizi səviyyəsində istifadə olunmur. Bunun bir səbəbi də ondan ibarətdir ki, dövlətə, yaxud xalqa, yaxud da ayrı-ayrı şəxslərə mənsub olan əmlakın oğurlanması, dağıdılması halları mövcuddur. Siz bunların qabağını almalısınız. Biz demokratiyanı inkişaf etdirərək, siyasi plüralizmə şərait yaradaraq, demokratik dövlət qurmaq əzmində olaraq, eyni zamanda həm cəmiyyətdə, həm də dövlətdə nizam-intizamı möhkəmlətməliyik. Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlara hörməti, sayğısı və qayğısıdır.

Bunların əsasında biz Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə gedirik və demokratik cəmiyyət təşkil olunmasını istəyirik. Bu sahədə Daxili İşlər Nazirliyi orqanlarının, polis orqanlarının çox böyük vəzifələri var, sizin üzərinizə çox böyük məsuliyyət düşür və siz qanun çərçivəsində hərəkət edərək bu prinsiplərin həyata keçirilməsini təmin etməlisiniz. Amma heç kəsin də qanunu pozmasına, özbaşınalıq etməsinə, hərc-mərclik yaratmasına, vətəndaşların hüququnu pozmasına yol verməməlisiniz.

Güman edirəm ki, siz və sizinlə birlikdə Azərbaycan Respublikasının bütün polis işçiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları öz məsuliyyətinizi yaxşı dərk edirsiniz. Ümidvar olduğumuzu bildirmək istəyirəm ki, öz vəzifənizi namusla, şərəflə yerinə yetirəcəksiniz. Hamınıza, sizin şəxsinizdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, polis işçilərinə ağır, şərəfli və müstəqil Azərbaycan üçün çox mühüm olan işinizdə uğurlar arzulayıram.

Tarixi arayış