Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artistləri Fidan və Xuraman Qasımova bacılarını qəbul edərkən söhbətindən - Prezident sarayı, 12 dekabr 2002-ci il


Heydər Əliyev:  Siz mənimlə belə görüşü arzulayırdınız. Amma mən sizinlə tez-tez görüşürəm. Elədir, yoxsa yox?!

Fidan Qasımova: Cənab prezident, Siz bizə böyük şərəf verdiniz. Biz Sizinlə fəxr edirik.

Xuraman Qasımova: Möhtərəm prezident, biz düşünürük ki, bu da azdır. Sizi hər zaman görəndə sevinirik.

Heydər Əliyev: Amma siz istəyirdiniz ki, xüsusi bir görüş olsun. Mən də sizi dəvət etmişəm. Çox məmnunam ki, vaxt tapmışam. İş onda deyil ki, mən istəmirəm. Əksinə, məndən olsa, sizi daha da tez-tez dəvət edərəm. Ancaq vaxt olmur. Allaha şükür ki, indi vaxt tapmışam. Mən sizə o gün söz verdim. Dedim, bu günlərdə qəbul edəcəyəm. Demək, vədimi yerinə yetirmişəm.

Xuraman Qasımova: Cənab prezident, Siz hər zaman söz verirsiniz və yerinə yetirirsiniz. Ona görə biz əmin idik ki, vaxt tapacaqsınız. Çox sağ olun ki, vaxt tapdınız.

Heydər Əliyev: Maşallah, çox yaxşısınız. Görünüşünüz çox yaxşıdır. Gözəlliyiniz də təbiidir, bunu deməyə ehtiyac yoxdur. İşləriniz də gedir. Elədirmi?

Fidan Qasımova: Bəli, elədir.

Heydər Əliyev: Ancaq bilirəm ki, sizin bir probleminiz var. Sizin yaradıcılıq fəaliyyətinizin 25 illik yubileyidir. Görün, vaxt necə gəlib keçir. 25 il...

Xuraman Qasımova: Cənab prezident, yaradıcılığımızın 25 illiyini keçirəcəyik. Bunu, Sizin və xalqımızın qarşısında, sadəcə, bir hesabat kimi edəcəyik ki, nəyə nail olmuşuq, nə etmişik. Siz bizim sənətimizə hər zaman böyük qiymət vermisiniz.

Heydər Əliyev: Çox şeyə nail olmusunuz. Siz Azərbaycan incəsənətində, musiqisində, xüsusən opera sənətində, ümumiyyətlə, mədəniyyətdə çox böyük fəaliyyət göstərmisiniz. Birincisi, ona görə ki, sizin çox nadir, fitri istedadınız var. Özü də hər ikinizin. Bunu Allah hamıya vermir.

Fidan Qasımova: Möhtərəm prezident, Sizin elə gözəl hafizəniz var ki, yadınıza salmaq istəmirəm. Yadınızdadırmı, 1975-ci ildə Siz teatrda "Koroglu" operasının tamaşasında idiniz. İkinci pərdədən sonra foyeyə çıxdınız. Mən də atam və anamla bir küncdə dayanmışdım.

Mən o vaxtlar 2-3 müsabiqənin laureatı idim. Valideynlərimlə durmuşdum. Siz məni görəndə yaxınlaşdınız, atamla, anamla salamlaşdınız. Məndən soruşdunuz ki, Fidan, bəs səni Nigar rolunda nə zaman görəcəyik? O, Sizin xatirinizdədirmi?

Heydər Əliyev: Lap yaxşı xatirimdədir.

Fidan Qasımova: İnanın, mən o günü unutmuram. Sizdən gələn o güc, məsuliyyət bu günə qədər də məni ruhlandırır. Sizin sözləriniz məndə o qədər hissiyyatlar yaratdı ki, çox tezliklə Nigarın partiyasını öyrəndim və onu oxudum. Deyirdim ki, kaş Bülbüllə oxuyaydım, onda daha da gözəl tamaşa ola bilərdi. Amma mənim tərəfdaşım Lütfiyar İmanov idi. O, da gözəl oxuyurdu. Amma deyirdim ki, bəlkə Bülbüllə oxusaydım, Üzeyir Hacıbəyovun ruhu şad olardı.

Siz mənə böyük güc verdiniz. Mən ondan sonra, o məsuliyyəti hiss edəndən sonra dedim ki, Xuraman, sən də mənim kimi özünə qarşı tələbkar ol və çətin sənət yolunu layiqincə davam et. Onu asta-asta ürəkləndirdim və dedim ki, sən oxumalısan. Çünki mənə rəhbərimiz belə göstəriş veribdir.

Ata-anamız dünyalarını tez dəyişdilər. Təəssüf ki, onlar bizim yaradıcılığımızın 25 illiyini görməyəcəklər. Amma Siz bizə atalıq etdiniz. Çox xoşbəxtik ki, Sizin zamanınızda ucaldıq. Məncə, bu ucalmaq son deyildir. Biz indi elə bir formadayıq ki, istəyirik Sizin qarşınızda ucalaq. Hər dəfə bizə uzaqdan baxırsınız, bax, bu, bizə güc, ruh verir.

Heydər Əliyev: Niyə uzaqdan, indi yaxından baxıram.

Fidan Qasımova: Mən Sizinlə Azərbaycan dilində səmimi danışıram.

Heydər Əliyev: O vaxt belə danışa bilmirdin.

Fidan Qasımova: Danışa bilirəm, amma məktəbi rus dilində oxumuşam. Xuraman məndən də gözəl danışır. Çünki Xuraman çox danışandır, çox gözəl tələffüzü var. Həm rus dilində, həm də Azərbaycan dilində yaxşı danışır. Mən onsuz yaşaya bilmirəm. O da Sizsiz yaşaya bilmir.

Heydər Əliyev: O da sənsiz yaşaya bilmir. Sənin xatırladığın o görüş mənim yadımdadır, indiki kimi gözümün qabağındadır. Anan da gözümün qabağındadır, atan da. Doğru deyirsən, o vaxt "Koroğlu" operasına gəlmişdim. Fasilə vaxtı mən çıxıb otaqda oturmadım. O vaxt Bakıda yaxşı bir adət var idi, teatra gələnlər həm tamaşadan əvvəl, həm də fasilə zamanı foyedə gəzişirdilər. Mən də gəzirdim, yanımda da adamlar var idi. Özü də giriş qapısına yaxın dayanmışdınız.

Fidan Qasımova: Bəli, tamamilə doğru deyirsiniz.

Heydər Əliyev: Təbiidir ki, insanlar məni görəndə bir az həyəcanlanırlar. Rəhmətlik anan da, atan da çox həyəcanlandılar, salam verdilər. Mən yanaşdım, atanla da, ananla da danışdım. Səninlə də, indi sən dediyin həmin söhbəti apardım.

Fidan Qasımova: Düzdür.

Heydər Əliyev: Mən elə bilirdim, sən bunu unutmusan.

Fidan Qasımova: Heç bir zaman unutmaram.

Heydər Əliyev: Xatirimdədir, ondan sonra sən cəsarətləndin, "Koroğlu"da çox yaxşı çıxış etdin. Nigar partiyası da, başqa çıxışların da çox gözəldir. Sənin Moskvada, Sütunlu salondakı çıxışların mənim xatirimdədir. Mən Moskvada işləyərkən orada bir neçə dəfə Azərbaycanın iştirakı ilə tədbirlər olmuşdu. Mən o tədbirlərə gəlmişdim, konsertlərdə də olmuşdum. Konsertlərdən sonra sizin hamınızla görüşmüşdüm. Bunların hamısı yadımdadır. Sonra da Allahın, taleyin işi imiş ki, mən Azərbaycana rəhbərliyə ikinci dəfə gəldim. Bilirsiniz ki, gələndən də, doqquz ildir sizə himayədarlıq edirəm.

Xuraman Qasımova: Biz bunu heç vaxt unutmuruq. Çox xoşbəxtik ki, bizim bütün 25 illik yaradıcılıq fəaliyyətimiz məhz Sizin respublikamıza rəhbərlik etdiyiniz dövrdə keçibdir. Siz bunu çox gözəl bilirsiniz.

Heydər Əliyev: Bəli, mənim dövrümdə keçibdir.

Səndən sonra Xuraman da səhnəyə gəldi, oxudu. Deyəsən, Afinada böyük bir mükafat aldı. Biz onu çox alqışladıq. O da yadımdadır.

Fidan Qasımova: Cənab prezident, mən İtaliyada birinci yer tutmuşam, Xuraman Yunanıstanda. Görün hansı ölkələrdə biz birinci yeri tutmuşuq - opera və belkantonun vətənində. Xuraman xanım Yunanıstanda Mariya Kallas adına müsabiqədə Qran-priyə layiq görülüb. Daha sonra isə Moskvada Çaykovski adına müsabiqədə ikinci yer tutub. Mahiyyətcə, bu elə birinci yerdir.

Xuraman Qasımova: O vaxtlar orada Azərbaycan vokal məktəbini təmsil etmək çox çətin idi.

Heydər Əliyev: Bəli, bəli. Birinci yer, ikinci yer, fərqi yoxdur.

Xuraman Qasımova: Hər halda biz əliboş gəlmədik.

Heydər Əliyev: Məsələ onda deyil. Məsələ ondadır ki, siz öz sənətinizi inkişaf etdirdiniz. Öz səsinizdən istifadə edərək tanınmış müğənni, məşhur artist oldunuz. Əsas budur. Bilirsiniz, hər kəs belə ola bilmir. Bunun üçün istedad, səs, digər keyfiyyətlər lazımdır. Tanrı bunların hamısını sizə bəxş edib.

O vaxt sizin ata-ananızla bir az danışdım. Sonra mənə dedilər ki, onlar da musiqi ilə məşğul olub.

Fidan Qasımova: Atamın səsi var idi.

Heydər Əliyev: Bəli, eşitmişdim.

Fidan Qasımova: Hətta Üzeyir bər rektor olanda Niyazi atamın əlindən tutub onun yanına aparmışdı.

Heydər Əliyev: Onlar da sizin bu istedadınızı görüb, sizi qorumuşdular və sizə yaxşı yol göstərmişdilər. İndi Allaha şükür, siz böyük sənətkarsınız və Azərbaycanın incəsənətini sizsiz təsəvvür etmək mümkün deyildir. Sizin 25 illik yubileyinizlə əlaqədar nə məsələlər varsa, həll edəcəyik.

Xuraman Qasımova: Möhtərəm prezident, Siz hər şeyi nəzarət altında saxlayırsınız. Müstəqil bir respublikaya rəhbərlik edirsiniz. Bizim işlərimizlə də məşğul olmağa vaxt ayırırsınız. Hər şey öz qaydasında gedir. Biz əminik, madam ki, Siz özünüz maraqlanırsınız, demək, hər şey öz yerində olacaqdır. Təki Siz gələsiniz, iştirak edəsiniz və həmin günü böyük bir bayrama çevirəsiniz.

Heydər Əliyev: Mütləq gələcəyəm. Buna heç şübhəniz olmasın. Çünki mən sizə söz vermişdim ki, yubileyiniz keçiriləcəkdir. Bir halda ki, mən söz vermişdim, dekabrın 20-də gəlib özüm iştirak edəcəyəm. Bir şey qalmayıbdır, bu gün ayın 12-dir. Gərək siz yaxşı hazırlaşasınız, yorulmayasınız.

Fidan Qasımova: Cənab prezident, bizə bu gün də güc verirsiniz.

"Azərbaycan" qəzeti, 13 dekabr 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT