Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 13 iyun 2002-ci il


Hörmətli müəllimlər, professorlar, alimlər, tələbələr!

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi!

Mən sizi universitetin 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə, universitetin bütün müəllim və tələbələrinə, hamınıza cansağlığı, işlərinizdə uğurlar, həyatınızda səadət arzulayıram.

İqtisad Universitetinin 70 illiyi münasibətilə dünən sizə təbrik məktubu göndərmişəm. Məktub bu gün mətbuatda dərc edilibdir. Güman edirəm ki, siz onunla tanış olmusunuz. Ancaq buna baxmayaraq, mən sizin dəvətinizi qəbul edib, bu yubiley mərasimində sizinlə bir yerdə olmağımı vacib bildim və sizin yanınıza gəldim.

Universitetin rektoru Əli Abbasov universitetin tarixi haqqında, keçdiyi yol, əldə etdiyi nailiyyətlər haqqında və xüsusən dövlət müstəqilliyi dövründə və onun son illərində əldə etdiyiniz nailiyyətlər haqqında məlumatlar verdi. Bu məlumatlar sevindiricidir. Biz bu gün Azərbaycanda keçən əsrin 20-ci illərindən başlayaraq ali təhsilin yaranması və inkişaf etməsinin, böyük vüsət almasının daha bir nümunəsini nümayiş etdiririk.

Bizim xalqımız XX əsrin 20-ci illərindən başlayaraq kütləvi surətdə təhsillənməyə başladı. Qısa bir zamanda böyük orta məktəb şəbəkəsi yarandı. Ali təhsil ocaqları yarandı, 1919-cu ildə Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk Azərbaycan Universiteti ölkəmizdə ali təhsil sisteminin əsasını qoydu. Ancaq sonrakı illərdə ali təhsil sistemi görünməmiş sürətlə inkişaf etdi.

Əgər xatırlasaq ki, o illər Azərbaycan əhalisinin əksər hissəsi savadsız idi, Azərbaycanda ali təhsilli mütəxəssislər çox az idi, bizim milli kadrlarımız yox idi, deyə bilərik ki, ötən dövrdə Azərbaycanda ali təhsil sisteminin yaranmasında nə qədər böyük işlər görülübdür və bizim bugünkü ali təhsilin nə qədər möhkəm təməli qoyulubdur.

Bu ali təhsil ocaqlarından biri də Azərbaycan İqtisad İnstitutu idi, indi İqtisad Universitetidir. Bizim bəzi ali məktəblərimiz yaranandan çox uğurla, ardıcıl surətdə öz sahəsini əhatə edərək inkişaf etmişdir. Ancaq bunlardan fərqli olaraq, 1930-cu ildə İqtisad İnstitutu, yaxud Kooperasiya İnstitutu kimi yaranmış bu təhsil ocağı sonrakı dövrdə ağır tarixi bir dövr keçmişdir. O, gah fəaliyyət göstərmişdir, gah fasilə vermişdir, bəzən adı dəyişilmişdir, bəzən profili dəyişilmişdir. Hər halda, bizim başqa ali məktəblərdən fərqli olaraq, bu ali məktəbimiz əvvəldən özünə lazımi istiqamət götürə bilməmişdir.

Mən indi burada oturarkən düşündüm ki, təbiidir, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, başqa ali məktəblər keçən illərin, əsirlərin təcrübəsindən irəliyə gəlmiş və onların əsasında öz təhsil sistemini qurub inkişaf etdirmişdir.

Məsələn, əgər Bakı Dövlət Universitetini götürsək, bəli, universitet sistemi keçmişdə, çar Rusiyası vaxtında da mövcud olmuşdur. O universiteti yaradarkən yeni bir şey icad olunmamışdı. Sadəcə, Azərbaycanın o vaxtkı imkanları çərçivəsində müəyyən fakültələr yaranmış, həmin fakültələrin də istiqamətləri artıq əvvəlki dövrlərdən müəyyənləşmişdir. Yaxud, Tibb Universitetini götürsək, heç bunu araşdırmağa ehtiyac yoxdur. Tibb qədim dövrdən tibbdir, insanların müalicəsidir və tibb ali məktəbləri keçmişdə çox əsrlər dünyanın müxtəlif ölkələrində, o cümlədən çar Rusiyasında mövcud olmuşdur. Demək, bu ənənə müəyyən qədər davam etdirilmişdir. Ancaq Azərbaycanda İqtisad İnstitutu yaradılır. Hansı İqtisad İnstitutu? Bəlkə bizim iqtisadçılar da, tarixçilər də məsələnin bu cəhətinə heç o qədər də diqqət yetirməyiblər.

Təsadüfi deyil ki, ilk dəfə Ticarət və Kooperasiya İnstitutu yaranıb, sonra İqtisad İnstitutu olubdur. Çünki Sovet hakimiyyəti vaxtında keçmiş iqtisadiyyatdan, keçmiş iqtisadi sistemdən, quruluşdan imtina edilmişdi. Ona görə də təhsilin, elmin yaranması prosesi o vaxt, Sovet hakimiyyəti vaxtında yaranan iqtisadi sistemi əks etdirməli idi. Bu iqtisadi sistemin özü hələ tam yaranmamışdı və onu yaratmaq da asan deyildi. Yaradırdılar. Bütün bunlara görə də hesab edirəm ki, bizim İqtisad İnstitutu bu baxımdan keçmişdə bir az başıbəlalı institut olubdur. Çünki onun kökü olmayıbdır.

Hansı iqtisad? Sonra, 1930-cu illərdə ona gəlib çıxdılar ki, bunun əsasını siyasi iqtisad təşkil edir. Sosialist iqtisadiyyatının, ya məlum olan siyasi iqtisadiyyatın əsas kökləri də artıq hamıya məlumdur. Hesab edirəm ki, bu, institutun belə ardıcıl surətdə lazımi səviyyədə inkişaf edə bilməməsinin obyektiv səbəblərindən biridir.

Subyektiv səbəbləri odur ki, təəssüflər olsun, bu institut tarixən müxtəlif insanların o qədər müsbət olmayan fəaliyyətləri nəticəsində inkişaf edə bilməmişdir. Xatirimdədir, İkinci Dünya müharibəsi qurtarandan sonra da bu institut elə də sanballı, ali məktəblər sırasında o qədər də böyük hörmətə malik olan bir institut deyildi.

Yadımdadır, o vaxtlar gənclər, düzdür, mənim instituta daxil olduğum dövr müharibədən qabaqkı illərə təsadüf edibdir, - məsələn, 1945, 1946, 1947-ci illərdə məktəbi qurtaranlar daha çox dəqiq fənlərlə, neftlə əlaqədar olan sənaye institutuna, inşaatla əlaqədar olan fakültələrə gedirdilər. Yaxud o vaxt filologiya, tarix elmlərinə böyük meyl var idi. Amma iqtisad elmi o vaxt, həqiqətən, hələ elm səviyyəsinə gəlib çatmamışdı. Qocaman iqtisadçılar məni bu sözlərimə görə bağışlasınlar. Amma bu, həqiqətdir. Ona görə də bu instituta o qədər də maraq yox idi.

Mənim yadımdadır, Dövlət Universiteti, başqa institutlarla tanış olurdum. Bəzi yerlərə tələbələrin çox axını var idi. Yaxud da deyirdilər ki, kim hara ərizə verə bilmirsə, daxil ola bilmirsə, gedin, ona ərizə verin. Bu, keçmişdir. Bizim dövrümüzdə də, yəni şəxsən mənim Azərbaycanda rəhbər olduğum dövrdə də biz çalışdıq ki, İqtisad İnstitutu başqa institutların səviyyəsinə gəlib çatsın. Mən etiraf etmək istəyirəm ki, biz buna nail ola bilmədik. Çünki burada bəlkə də öz ixtisasını bilməyən, müəllimlik vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən, yaxud başqa məqsədlər güdən ayrı-ayrı qüvvələr var idi, toqquşmalar, çəkişmələr, intriqalar var idi. Ancaq biz 1970-ci illərdən çalışdıq ki, bu institutu lazımi səviyyəyə qaldıraq və onu qaldıra da bildik. 1980-ci illərdə artıq bu institut yüksək səviyyəyə qalxmışdı. Ancaq sonra yenə həm institutun daxilində, həm də onun ətrafında bəzi mafioz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar - dəhşətli bir vəziyyət idi.

Mən o illər Moskvada işləyirdim. Amma bu sədalar mənə gəlirdi. Bu işi öz şəxsi mənafeləri üçün edənlər anlamırdılar ki, artıq Azərbaycana qarşı Dağlıq Qarabağ probleminin meydana çıxarılması üçün cürbəcür hərəkətlər başlanan vaxt, Azərbaycana qarşı təzyiqlər göstərilən vaxt onlar bu əməlləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zərər gətirir, onu ləkələyirdilər. Təbiidir ki, nöqsanlar var idi, yazılan ərizələrdə müəyyən həqiqətlər də var idi. Amma iftiralar, yalanlar da çox idi. Ancaq bizim xalqımız, millətimiz, alimlərimiz, elm adamlarımız bu məsələləri öz aralarında araşdırıb qərar qəbul edə bilməzdilərmi? Moskvaya kisələrlə anonim məktublar göndərirdilər. Əli Abbasov burada dedi. Ancaq o hadisə Azərbaycan üçün çox dəhşətli bir hadisə oldu. Bura hansısa komissiya gəlmişdi, yoxlamışdılar və iş o yerə çatmışdı ki, Azərbaycanın bu institutunun məsələsinə Moskvada ən yüksək səviyyədə baxılırdı.

O vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdində Partiya Nəzarət Komitəsi var idi, bütün belə işlərə baxırdı. O, ancaq çox böyük dövlət və partiya əhəmiyyəti olan işlərə baxırdı. Bu məsələ gedib oraya çıxmışdı. Mən orada işləyərkən bu şeylərin bəzilərindən xəbərim olmamışdı. Yəni onlar bunu məndən gizlətmişdilər. Baxmayaraq ki, mən Siyasi Büronun üzvü kimi, yaxud SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin bütün ali təhsil sisteminə, orta təhsil sisteminə və peşə təhsili sisteminə rəhbərlik edirdim. Amma bunu məndən gizlətmişdilər.

Günlərin birində bu məsələni Siyasi Büronun iclasına çıxardılar. Xırda bir məsələ, Siyasi Büroya yaraşmayan bir məsələ, - Mərkəzi Komitənin təlimatçısı buna baxa bilərdi. Bəli, təklif verildi ki, Azərbaycanda İqtisad İnstitutu bərbad vəziyyətdə olduğuna görə bağlansın. SSRİ-nin ali təhsil tarixində bu ilk hadisə idi ki, belə bir qərar qəbul olunmuşdu. Başa düzdünüzmü, bu, olubdur. 1987-ci il idi. Mən onda çox acıdım. Ancaq hər şey həll olunmuşdu. Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, azərbaycanlılar. Ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlər. Bu, Azərbaycanın ali təhsili üçün böyük ləkə oldu. Bu ləkəni də Azərbaycana yaxan burada həmin bu işlərlə məşğul olan insanlar oldular.

Mən bayram günü bəlkə də bunu deməməliydim. Ancaq mən həqiqəti sevən adamam. Mənim əlimdə başqa bir fürsət olmayacaq ki, sizinlə bir də görüşüm, bunu deyim. Mən bunu deyirəm və güman edirəm ki, Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdir, bəziləri professordur, bəziləri filandır, filandır. Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın.

Biz gərək millətimizi qoruyaq, xalqımızı qoruyaq. İndi bu sözlər daha da aktualdır. Çünki indi biz müstəqil ölkəyik, müstəqil dövlətik. Millətimiz inkişaf edir. Mən bu salona baxıram. Mən o illərdə də belə salonlar görmüşəm. Amma burada kimi görürəm, hamısı azərbaycanlı, hamısı bizim millət. Mən bununla fəxr edirəm. Bizim, o cümlədən mənim də fəxr etməyə çox əsasımız var. Ancaq bu gün mən sizinlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız var. Mən bununla fəxr edirəm. Bu, böyük nemətdir. Gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq.

Dünya dəyişəndən sonra, yəni Sovet İttifaqı dağılandan sonra, sosialist sistemi dağılandan sonra çox şey dəyişir. Amma bəzi şeylər o qədər də dəyişmir.

Məsələn, riyaziyyat elmi dəyişmir, necə var, elə qalır. Fizika elmi dəyişmir. Ya sovet hakimiyyətində olsun, ya kapitalist hakimiyyətində olsun, ya keçmişdə olsun, ya da bizim müstəqil dövlətdə olsun - fizika elmi elə fizika elmidir. Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir, mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişafına xidmət etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi.

Bizim ölkədə keçmişdə olan iqtisad elmi özünü doğrultmadı. İndi sizin çoxlarınız yazdığınız əsərləri, təbiidir ki, kitab rəflərində saxlamalısınız. Onlar tarixi öyrənmək üçün qiymətlidir. Amma onların bu gün əhəmiyyəti yoxdur. O əsərlər ki, siyasi iqtisad konsepsiyası əsasında yaranıb, onların heç birinin bu gün bizə xeyri yoxdur. Xeyri o ola bilər ki, indiki elmi konsepsiyaları onlarla müqayisə edəndə görək o vaxt nə var idi, indi nə var. Amma indi bizim iqtisadi konsepsiyamız, ümumiyyətlə, dövlətimizin siyasəti məlumdur.

Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Azərbaycanda demokratik dəyərlər ardıcıl surətdə bərqərar olmaqdadır və inkişaf etməkdədir. Bu, bizim ana yolumuzdur. Biz bu yol ilə daim gedəcəyik, başqa yol yoxdur. Biz demokratiya yolunu seçmişik. Demokratiyanın təmin edilməsi üçün onun iqtisadi əsası bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının özünün qanunları var.

Ümumiyyətlə, bazar iqtisadiyyatını siz mütəxəssislər yəqin ki, məndən yaxşı bilirsiniz. Ancaq bazar iqtisadiyyatı ilə məşğul olan bir adam kimi mən də az bilmirəm. Bazar iqtisadiyyatı özü-özünü tənzimləyir. Mən indi vaxt alıb burada sizə siyasi iqtisad elmi ilə bazar iqtisadiyyatını müqayisə edib nəyin nə olduğunu bildirmək istəmirəm. Ancaq bir şey aydındır ki, bazar iqtisadiyyatı özü-özünü tənzimləyən bir iqtisadiyyatdır. Bunun da kökü bazardır. Bazar varsa, iqtisadiyyat var. İqtisadiyyat bazar üçündür. Bizim elmimiz, təhsilimiz də dövlətimizin həm xarici, həm də daxili siyasətinin həyata keçirilməsini təmin etməlidir. Bazar iqtisadiyyatına keçid uzun prosesdir. Bizdə bəzi adamlar belə hesab edirlər ki, yox, elə bu gün axşam yatdın, səhər durdun, axşam başqa idi, səhər bazar iqtisadiyyatı oldu. Yaxud axşam yatdın, səhər durdun, demokratiyadır. Doğru deyil. Bunların hamısını tam təmin etmək üçün, demokratiyanı, onun bütün prinsiplərini, bütün demokratik dəyərləri, insanların azadlığını, sərbəstliyini, söz azadlığını, mətbuat azadlığını tamamilə adamların beyninə yeritmək üçün və hər bir insanın şüurunda həkk etmək üçün ardıcıl iş aparılmalıdır, ağıllı iş aparılmalıdır və buna zaman lazımdır.

Eləcə də bazar iqtisadiyyatı. Xüsusən bizim kimi bir ölkədə. 70-il bizim xalqımızın şüurunda sosialist iqtisadiyyatının bütün prinsipləri əks olunubdur. Kimisində az, kimisində çox. Bunu bir gündə, bir ildə çıxarmaq mümkün deyildir. Amma eyni zamanda, bunu çıxarmaq, əvəzində bazar iqtisadiyyatı kimi çox qeyri-adi olan, yəni çox da sadə olmayan bir iqtisadi sistemi tətbiq etmək üçün çox işlər lazımdır. Bilirsiniz ki, biz bunu görürük. Biz nə qədər qanunlar qəbul etmişik, məcəllələr qəbul etmişik. Sistemimizi nə qədər dəyişdiririk. Əgər son beş ili götürsəniz, bizim iqtisadi sistemin əsasını təşkil edən sənədlər, fərmanlar, qanunlar həddindən artıq çoxdur. Bunları yaratmaq bizim vəzifəmiz idi. Biz bunu etmişik və demək olar ki, vaxtında etmişik. Amma bunları tətbiq etmək, bu və ya digər qanunun, fərmanın müddəalarının cəmiyyət üçün, insanın özü üçün, onun fərdi biznesi üçün faydasını anlatmaq, insanların bunu dərk etməsi böyük bir prosesdir. Bu proses bizdə gedir və gedəcəkdir. Bilin, biz qətiyyən dayanmayacağıq. Çünki biz inanırıq ki, yalnız bu prosesi ardıcıl surətdə həyata keçirərək Azərbaycanın iqtisadiyyatını daha da çox inkişaf etdirə və xalqımızın rifah halını daha da yaxşılaşdıra bilərik. Bu bizim əməli işimizdir. Eyni zamanda bu, nəzəriyyə ilə bağlıdır, dünya təcrübəsi ilə bağlıdır. Dünya təcrübəsini siz - bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni - yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur - ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir.

Bilirsiniz ki, biz 1995-1996-cı illərdən ardıcıl surətdə iqtisadi islahatlar həyata keçiririk. Görürsünüz, onların nə qədər gözəl nəticələri var. Məsələn, Azərbaycanda 1995-1996-cı illərdən başlamış torpaq islahatı qətiyyətlə demək olar ki, MDB ölkələri məkanında ən yüksək nəticələr vermiş və ən uğurla həyata keçirilmiş islahatlardan biridir. Biz bunun nəticələrini görürük. Kənd təsərrüfatı 98 faiz özəlləşdirilibdir. Kənd təsərrüfatı məhsulları əvvəlki illərə nisbətən xeyli artıbdır. Bu da əhalinin həmin məhsullara olan ehtiyacını təmin edir.

Ümumiyyətlə, özəlləşdirmə nə qədər gözəl nəticələr verir. Özəlləşdirmə bizim iqtisadiyyatımızın bütün sahələrinə aiddir. Həm sənayeyə, həm kənd təsərrüfatına, həm nəqliyyata, həm də inşaata. Bunların hamısının da nəticələrini görürük. O qədər faktlar var ki, onları siz bilirsiniz. Hesab edirəm, belə bir auditoriyada mən rəqəmlər, faktlar gətirib sizi inandırmağa çalışmamalıyam. Çünki siz bu işi başqalarına nisbətən daha da yaxşı bilməlisiniz, yaxud bilirsiniz və bizim bu işimizi təbliğ etməlisiniz. Çünki siz iqtisadçısınız. Bizim bu islahatların əhəmiyyətini cəmiyyət hiss edir, nəticəsini görür. Amma iqtisadçılar gərək apardığımız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həm də nəticələrini təhlil etsinlər. Ola bilər, bundan yaxşı əsərlər də yaza bilərsiniz. Bu da sizin elmi əsərləriniz olacaqdır.

Amma mənim üçün daha çox maraqlıdır ki, iqtisadi siyasətimizi, islahatlarımızı geniş kütləyə izah etməkdə bizim fəal yardımçımız olasınız. Siz bilərsiniz, keçən il bizim ümumi daxili məhsulumuz 10 faiz artmışdır. Bu, MDB ölkələri içərisində ən yüksək göstəricidir. Sənaye istehsalı təxminən 5,5 faiz artmışdır. Kənd təsərrüfatı istehsalı təxminən 9 faiz artmışdır. Mən təxmini deyirəm, bir az o yan-bu yan ola bilər. İnflyasiya yoxdur. Keçmişdə, sovet vaxtı sizdən kimsə inflyasiya nə olduğunu bilirdimi? İnflyasiyanın nə olduğunu heç kəs bilmirdi.

Biz Moskvada Nazirlər Sovetinin iclasında hər il büdcəni təsdiq edəndə inflyasiya sözü bir dəfə səslənirdi. Onda da o inflyasiyanı sovet sistemi ilə elə düzəldirdilər ki, inflyasiya var, lakin inflyasiya yoxdur. Amma indi hünərin var, bir az o tərəfə, bir az bu tərəfə ehtiyatsız tərpən. Gördünüz Türkiyədə nə oldu? Yaxud ondan 2-3 il əvvəl Rusiyada nə oldu? Ondan əvvəl Uzaq Şərqdə nə oldu? Haralarda olmadı və böhranlardan niyə çıxa bilmirlər? Amma bizdə 1993-1994-1995-ci illərdə inflyasiya 1600 faizə çatdığı halda, üç-dörd ilin içərisində onun qarşısını aldıq, onu cilovladıq. İndi hər il bizdə milli valyuta sabitdir və bunu maliyyəçilər yaxşı bilirlər, müəyyən maliyyə qanunlarına uyğun, 1-2 faiz inflyasiya var. Budur bizim göstəricilərimiz. Göstəricilərimiz çoxdur, nailiyyətlərimiz çoxdur. Ancaq bu, bizim üçün hələ yetərli deyildir. Bizim çox böyük imkanlarımız var. O imkanlardan siz və biz bir yerdə istifadə etməliyik.

Mən bu gün sizin qarşınızda Azərbaycanın iqtisadiyyatının bugünkü vəziyyəti, əldə olunmuş nailiyyətlər, rəqəmlər haqqında söhbət açmaq fikrində deyiləm. Sadəcə, bu mövzulara toxunuram və bununla bağlı iqtisadçının vəzifəsi, iqtisad elminin vəzifəsi və İqtisad Universitetinin vəzifələri haqqında danışıram. Siz bunun detallarını yaxşı bilirsiniz. Bu, mənim də işim deyildir. Onsuz da mənim dərdim çox, işim çox, problemim çoxdur. Ancaq əsas bu fikirlərimi sizə çatdıraraq bildirmək istəyirəm ki, siz hamınız - Azərbaycanın iqtisadçıları, yaşlıları da, gəncləri də yenidən doğulmusunuz. İqtisadi siyasəti həyata keçirənlər kimi biz də yenidən doğulmuşuq. Amma birdən-birə, bir günün, iki günün içində doğulmamışıq. Biz ağır bir keçid prosesi yaşayırıq. Bax, bu keçid prosesini sizinlə ardıcıl, dayanmadan, uğurla keçməliyik və Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirməliyik.

Azərbaycan iqtisadiyyatının böyük imkanları var. Bizim neft və qaz sərvətlərimiz sizə məlumdur. Həyata keçirdiyimiz layihələr və əldə etdiyimiz nəticələr də sizə məlumdur. Bunun da üstündə dayanmaq istəmirəm. Azərbaycanın sovet vaxtında yaranmış böyük sənaye potensialı sizə məlumdur. Azərbaycanın çox gözəl münbit torpaqları və böyük kənd təsərrüfatı, - bunlar hamısı sizə məlumdur.

Bunları bizim daxili imkanlarımız, xarici sərmayə ilə birləşdirərək və dünya iqtisadiyyatına inteqrasiya olunaraq iqtisadiyyatımızı çox sürətlə inkişaf etdirə bilərik. Belə imkanlar mövcuddur və bizim böyük perspektivlərimiz var.

Bilirsiniz ki, təxminən 1994-cü ildən indiyə qədər Azərbaycanın iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulubdur. Düşünün, kiçik bir ölkə üçün bu, çox böyük rəqəmdir. 5 milyard 3 milyon dollar neft sektoruna qoyulubdur. Təsəvvür edin, neft sektoruna qoyulan bu sərmayə xarici şirkətlərindir. Qarşıdan gələn 3-4 ildə Azərbaycanın neft sektoruna bir neçə milyard dollar sərmayə qoyulacaqdır. Bunlar hamısı öz nəticəsini verəcəkdir.

İndi biz neft müqavilələrindən mənfəət götürürük. Artıq biz Neft Fondu yaratmışıq. Neft Fondunda indi təxminən 580 milyon dollara qədər vəsaitimiz var. Bizim 1 milyard 200 milyon dollar valyuta ehtiyatımız var. Amma 1993-cü ildə, 9 il bundan qabaq, iyunun 12-də mən burada, Bakıda ağır vəziyyətdə Azərbaycanın məsuliyyətini öz üzərimə götürmək təklifini düşünürdüm və müzakirə edirdim. Onda bizim heç 1 dollar da valyuta ehtiyatımız yox idi. Bunlar hamısı bizim əldə etdiyimiz ilkin nəticələrdir. Qarşıdakı illərdə gəlirlərimiz artacaq və xalqın rifah halı yaxşılaşacaq, maaşlar artacaqdır. İndi bizim büdcə yerinə yetirilir, problem yoxdur. İlin ikinci yarısında müəyyən sahələrdə maaşları artıracağıq.

Mən Milli Elmlər Akademiyasının prezidentinə bir neçə gün bundan öncə demişdim. Bu gün bir də demək istəyirəm ki, akademiya işçilərinin maaşlarını bu yaxın vaxtlarda artıracağam və bu barədə baş nazirə, maliyyə nazirinə göstəriş vermişəm. Onlar mənə təkliflər hazırlayırlar, bu günlərdə baxacağam. Narahat olmayın, artıracağam. Özü də siz bunu hiss edəcəksiniz. Maaşları başqa sahələrdə də artıracağıq.

Mən iki gün bundan əvvəl fərman verdim. Azərbaycanın 150 nəfər görkəmli incəsənət, ədəbiyyat xadimlərinə, başqa sahələrdə fəaliyyət göstərmiş insanların hərəsinə 1 milyon 500 min manat ömürlük təqaüd təyin etdim. Beş il bundan əvvəl belə bir imkanım yox idi. İstəyirdim, amma edə bilmirdim. Çünki imkanım, vəsait yox idi. İndi vəsait var, görürsünüz, birdən-birə nə qədər səxavətli oldum, 150 nəfərə o qədər təqaüd təyin etdim. Onların hər biri Azərbaycanın ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin və bütün başqa sahələrinin tarixidir. Hər biri!

Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır - əgər onlar şəxsiyyətdirlərsə. Bir də ki, bu şəxsiyyətlərin yaratdıqları əsərlər, qoyub getdiyi irs bu tarixi yaradır. Onlar bizim tariximizi yaradanlardır. Anar dedi ki, həmin 150 nəfərin içərisində təxminən 23 şair, yazıçı var.

Amma bəlkə bunu çoxları bilmir - orada təxminən 25-30 nəfər vaxtilə Sosialist Əməyi Qəhrəmanı adı almış insanlardır. Onları unutmaq olmaz. Hər dövrün öz hökmü var. Xatirinizdədir, o illərdə bizim ölkəmizdən ildə bir dəfə, iki dəfə beş-altı nəfərə Sosialist Əməyi Qəhrəmanı adı veriləndə nə qədər sevinirdik. Bu, biz deyilikmi? Biz bunu niyə unutmuşuq, niyə bunu qaralayırıq? Nə üçün? Bizim çox görkəmli yazıçılarımız, bəstəkarlarımız, şairlərimiz o illərdə Sosialist Əməyi Qəhrəmanı adı alıblar. Bunun hər biri böyük hadisə idi.

Mənim xatirimdədir, gərək ki, 1975-ci ildə idi, rəhmətlik Süleyman Rəhimovun 70 yaşı tamam olurdu. Mən xahiş etdim ki, ona Sosialist Əməyi Qəhrəmanı adı versinlər. Bu, hər dəfə asan keçmirdi. Ancaq, hər halda, mənim bu barədə xalqıma sədaqətim, xalqımın yolunda fədakarlığım həmişə nəticəsini verirdi. Bizim yazıçıların içərisində Süleyman Rəhimov ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adını aldı. Böyük bir hadisə idi, hamımız sevinirdik. Çünki traktorçu, sağıcı alırdı, kolxoz sədri alırdı, aqronom alırdı. Amma intellekt adamları, hansının ki əməyi minlərlə, on minlərlə başqa zəhmət adamının əməyindən üstündür, onlara bu adı vermirdilər. Biz bu ənənəni yaratdıq. Yəni biz yaratmadıq, artıq bu, Moskvada yaranmışdı. Amma Azərbaycanı bu səviyyəyə qaldıra bildik. Ondan sonrakı illər Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, memar Mikayıl Hüseynov, alim Mustafa Topçubaşov aldılar. Başqaları da ola bilər, unutmuşam.

Bilirsiniz, indi zaman keçib, bəzi şeyləri demək olar. Mən Rəşid Behbudovu Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə təqdim edəndə dedilər ki, SSRİ-də bu janrdan olan heç bir artist belə ad almayıbdır. Mən dedim, ola bilər, almayıb, amma Rəşid Behbudov onların hamısından üstündür. Demək, o, almalıdır. Dedilər ki, yox siz niyə elə düşünürsünüz? Rusiyada da çox böyükləri var. Dedim, var, onlara verin, mən sizə mane olmuram. Ancaq Rəşid Behbudov almalıdır. İndi bunu da deyim ki, birinci dəfə keçmədi. Bir ildən sonra yenə də məsələni qaldırdım və buna nail oldum.

Gəlin açıq danışaq. Rəşid Behbudov dahi, təkrarolunmaz bir müğənni idi. Hamımız onu sevirdik. Mən də onu çox sevirdim. Ancaq mən Azərbaycanın başçısı idim, min dənə dərdim, min dənə işim vardı. Əgər bir dəfə alınmadısa, alınmadı, Rəşid Behbudovdan ötrü özümü gedib orada öldürməliydim? Amma etdim, özümü öldürdüm, - yəni məcazi mənada deyirəm, - ancaq nail oldum.

Bu sözləri ona görə deyirəm ki, bu adlar çox qiymətli adlardır. Onlar bu gün də qiymətlidir. İndi bu adamların içərisində sənayedən, kənd təsərrüfatından olanlar var, ağır maddi vəziyyətdədirlər. Onları niyə unudaq? Mən onlara da belə təqaüd təyin etdim.

Yəni inkişaf edirik və inkişaf etdikcə zənginləşirik. Dövlət zənginləşir, millət zənginləşir, xalq zənginləşir, maaşlar artır və bundan sonra da artacaqdır. Arxayın olun.

Əziz dostlar, mən bu gün sizinlə bir növ çox açıq, sərbəst və sadə söhbət aparıram. Siz görürsünüz ki, mənim bu nitqimdə hansısa bir xüsusi siyasi ifadələr yoxdur. Amma Azərbaycanın prezidenti kimi mənim işim odur ki, apardığımız xarici-daxili siyasəti hər bir insana imkan dairəsində izah edək, gördüyümüz işlər haqqında müəyyən məlumat verək.

Bizim bütün sahələrdə işlərimiz uğurla gedir. Bizi narahat edən və hələ nail olmadığımız bir problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bununla əlaqədar ağır vəziyyətdə çadırlarda yaşayan soydaşlarımızdır. Bilin, təkcə siz yox, qoy bütün millət, xalq bilsin bu, mənim qarşımda, həyatımda bu gün də, sabah da ən əsas vəzifədir və işimin, yəni vaxtımın daha çox hissəsini alan bir işdir. Nə mümkündür, etmişəm. Amma o şeyləri ki, biz etmişik, şəxsən mən etmişəm, onların çoxunu siz bilmirsiniz və bilməyə də ehtiyac yoxdur. Lakin nə mümkündür etmişəm və bundan sonra da edəcəyəm. Mən bu yoldan dönməyəcəyəm. Ümid edirəm ki, biz bu problemi də uğurla həll edəcəyik.

Nə qədər ki, münaqişə həll olunmayıbdır, çalışıram, çadırlarda yaşayan soydaşlarımızın vəziyyətini müəyyən qədər yaxşılaşdıraq. Doğrudur, onlar hamısı öz evlərinə qayıtmalıdır. İndi onların evləri dağıdılıbsa da, yerləri-yurdları var. Güman edirəm, dünya birliyi bizə yardım edəcəkdir. Bizə həm Avropa Birliyi, həm Amerika Birləşmiş Ştatları - hamısı söz veriblər ki, məsələ həll olunsa, o insanlar öz yerlərinə qayıtsalar, onların kəndlərini, qəsəbələrini, şəhərlərini yenidən qurmaq üçün lazım olan yardımları edəcəklər. O vaxta qədər bizim özümüzün də imkanlarımız çox olacaqdır. Bunları edəcəyik. Ona görə də onlara haradasa ev tikmək, yerləşdirmək məqsədəuyğun deyildir.

Mən bir neçə dəfə Biləsuvardakı çadırlarda olmuşam. Ora şoran torpaqdır, başqa yerlərə nisbətən orada yaşamaq çox çətindir. Mən qərar qəbul etdim, onlara bir neçə müvəqqəti qəsəbə tikilməsi üçün Neft Fondundan - 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə əlaqədar apardığımız işdən əldə etdiyimiz neftin gəliri Neft Fondundan toplanıbdır, - ilk dəfə 40 milyon dollar ayırdım. Bu ilin sonuna qədər həmin qəsəbələr hazır olacaqdır. Mən Biləsuvarda olan 5 çadır şəhərciyini tamamilə ləğv edəcəyəm, onları bu qəsəbələrdə yerləşdirəcəyəm.

1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayanda azərbaycanlıları Ermənistandan zorla çıxardılar. O illərdə, ondan sonrakı illərdə Ermənistandan gələn azərbaycanlılar müxtəlif yerlərdə məskunlaşdılar, özlərinə yerlər tapdılar. Amma bir qismi indi də dəmir yolu vaqonlarında ağır, çətin şəraitdə yaşayır.

Onların da məsələsini tamamilə həll etmək üçün, - müvəqqəti yox, - Goranboy rayonunda, Gülüstan tərəfdəki gözəl kəndlərdə hər birinə fərdi ev tikdirdik. İndi 150 ev hazırdır. Onlar yerləşiblər. Qalanları da hazır olacaqdır. Söz vermişəm, evlər hamısı hazır olub onlar orada yerləşəndə mən gedib bu insanlarla görüşəcəyəm.

Mən bu məqsədlər üçün Neft Fondundan cəmi 75 milyon dollar ayırmışam. Bu da Neft Fondundan ilk ayırmadır. Söhbət aparırdılar ki, Neft Fondu necə olacaq, vəsaiti necə xərcləyəcəklər., Neft Fondunu dağıdacaqlar. Bilin, Neft Fondu nəzarət altındadır, şəffafdır və ilk ayırma - 75 milyon dollar ancaq qaçqınlar, köçkünlər üçündür. Sağlıq olsun, belə tədbirləri davam etdirəcəyəm.

Əziz dostlar!

İqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq. Siyasi iqtisadı beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.

Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz.

Sizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.