Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Prezident sarayı, 10 iyun 1995-ci il


Bu gün mən sizi mədəniyyətimizlə, ədəbiyyatımızla bağlı olan bir məsələ üçün - Azərbaycan xalqının böyük şairi, yazıçısı, dramaturqu, filosofu Hüseyn Cavidin xatirəsi ilə əlaqədar buraya dəvət etmişəm. Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu əbədi, mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaratdıqlarını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır.

Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib. O dövrdən isə artıq 15 il keçir.

1981-ci ildə biz Hüseyn cavidin cənazəsini Sibirdən gətirərkən geniş müzakirələr oldu və nəhayət, bu müzakirələr belə nəticə verdi ki, o, Naxçıvanda - anadan olduğu yerdə dəfn olunsun. Biz belə də etdik. Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa tapşırılması haqqında qəbul etdiyimiz qərarın əsas səbəblərindən biri də o idi ki, onun qəbri adi bir qəbir olmasın. Böyük bir məqbərə olsun. Ona görə də Hüseyn Cavidin cənazəsi Naxçıvana aparıldı və orada şəhərin mərkəzində dəfn edildi. Ancaq təəssüf ki, sonrakı illərdə məqbərə də tikilməyib, hətta qəbrin üstü də götürülməyibdir. Təəssüfedici haldır, ancaq bu, gözümüzün qabağında olan faktdır. Keçmişimizdə günahlar, səhvlər çox olub. Bunu kim edib, nə üçün belə olub, - artıq bunu təhlil etməyə ehtiyac yoxdur. Güman edirəm ki, indi biz o qərarı həyata keçirməliyik.

Mən böyük bir fasilədən sonra - 1990-cı ildə Moskvadan Azərbaycana döndüm, Naxçıvana getdim və elə həmin gün Hüseyn Cavidin qəbrini ziyarət etdim. Doğrusu, mən belə təsəvvür etmirdim. Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum. Gördüm ki, qəbrin üstünə sadəcə olaraq daşlar qoyulub, məqbərə də tikilməyib.

O vaxt mən bu məsələnin həllinə can atdım. Həmin dövrdə Kommunist Partiyası hakimiyyətdə idi. Mən bir neçə dəfə Naxçıvan Vilayət Partiya Komitəsinin rəhbərlərinə müraciət etdim ki, məsələ həll olunmayıb, mən də gəlmişəm, bu işi öz üzərimə götürürəm, gəlin onu həll edək. Ancaq bu, bir nəticə vermədi. Düzdür, mənim təzyiqimin nəticəsində vilayət partiya komitəsinə bir layihə gətirdilər, rəhmətlik Afiyəddin Cəlilov o layihəni bir gün mənə göstərdi və dedi ki, sizin təklifinizlə belə bir layihə hazırlanıb. Layihə xoşuma gəlmədi. Mən hesab etdim ki, bu layihə "məqbərə" məfhumunu əks etdirmir. Ona görə də dedim ki, bunun üzərində yenə də işləmək lazımdır. Bundan sonra dəyişikliklər oldu. Naxçıvana bir-iki il də mən rəhbərlik etdim. İndi siz deyə bilərsiniz ki, kim isə edə bilməyib, bəs siz niyə bu işi etmədiniz? Mənim buna sadəcə imkanım olmadı.

Turan xanım yəqin ki, xatırlamalıdır. Mən Naxçıvanın mədəniyyət naziri Fəttahova bir-iki dəfə göstəriş verdim ki, Turan xanımı Naxçıvana dəvət edin, oturaq fikirləşək, görək nə edək. Ancaq Turan xanım xəstə olduğu üçün Naxçıvana gələ bilmədi. Açıq deyim ki, Turan xanım o vaxt gəlsəydi də biz bir şey edə bilməyəcəkdik. Şübhəsiz ki, gəlsəydi məsləhətləşəcəkdik, ancaq mənim 1981-ci ildə nəzərdə tutduğum planı həyata keçirmək mümkün olmayacaqdı. Çünki bilirsiniz ki, o vaxt Azərbaycanın hakimiyyəti ilə Naxçıvanın əlaqələri çox gərgin idi. Bir vaxtlar Naxçıvana bir cür təzyiq edirdilər, sıxırdılar. Naxçıvanın Ermənistan tərəfindən blokadada olması ilə yanaşı, Azərbaycanın rəhbərliyi də Naxçıvanı blokadaya salırdı.

Təxminən 1991-ci ildən 1992-ci ilin yayınadək bir hakimiyyət dövrü idi. 1992-ci ilin yayından sonra başqa bir hakimiyyət gəldi, hesab etdim ki, bəlkə bu hakimiyyət Naxçıvanın dərdlərinə qayğı göstərər. Ancaq onlar Naxçıvana münasibəti daha da gərginləşdirdilər, blokada şəraitini daha da artırdılar. Artıq orada elektrik, su yox idi. İnsanlara çörək tapmaq, elektrik xətti çəkmək, camaatı saxlamaq lazım idi, amma bizim nə vəsaitimiz var idi, nə də blokadada olduğumuza görə, vəsait tapsaydıq da həmin məqbərəni inşa etməyə imkan yox idi. Çünki bütün inşaat idarələrinin hamısı dayanmışdı.

Düzünü deyim ki, mən buraya gələndən bu planın həyata keçirilməsi fikri daim qəlbimdədir. Bu müddətdə də göstərişlər vermişəm, xahişlər etmişəm ki, layihələr hazırlasınlar. Ancaq bir çox ciddi problemlər buna imkan verməyib. Nəhayət, hesab edirəm ki, indi bu məsələ ilə ciddi məşğul olmalıyıq. Oktyabr ayında Hüseyn Cavidin anadan olmasının ildönümüdür. O vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə qəbul etdiyimiz qərarı heç olmasa 1995-ci ildə həyata keçirməliyik.

Birincisi, bu məsələyə görə sizi buraya dəvət etmişəm. Mənə dedilər ki, burada bir neçə layihə var. Elçin Əfəndiyevə də, Fatma Abdullazadəyə də tapşırmışdım ki, həmin layihələrə baxsınlar, sonra oturub fikirləşək, məsləhətləşək. Ancaq eyni zamanda, bir halda ki, buraya yığışmışıq, əslində qabaqcadan başqa məsələlər də nəzərdə tuturdum. Biz o vaxtlar Hüseyn Cavidin ev-muzeyi haqqında da qərar qəbul etmişdik. Həmin ev-muzeyinin təşkili də böyük bir çətinlik yaratdı.

Mən keçmiş təcrübədən bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar bir məsələni həll etmək istəsələr onu edə bilərlər. Vaxtilə, 1976-cı ildə biz böyük şairimiz Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-muzeyini bir neçə ay müddətində təşkil etdik və bu muzey indi də fəaliyyət göstərir. Ondan əvvəl, 1975-ci ildə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq. Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq.

Demirəm ki, bunlar asan işdir. Amma respublika miqyasında bunlar o qədər də böyük iş deyil ki, onu etmək mümkün olmasın. Buna sadəcə münasibət, istək lazımdır. Məsələn, biz 70-ci illərdə Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında da qərar qəbul etmişdik. Amma bu o vaxtdan qaldı. Xatirinizdədir ki, həmin ev-muzeyi açılanda mən oraya getdim, onun açılışında iştirak etdim. Xatırladım ki, biz Cəlil Məmmədquluzadənin yaşamış olduğu evdəki vətəndaşlara, onların qohumlarına hələ 1981-1982-ci illərdə başqa yerlərdə mənzillər verdik. Yəni Cəlil Məmmədquluzadənin yaşadığı ev hələ o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz keçən il yaratdıq. O, Azərbaycanın mədəniyyəti, tarixi üçün yeni bir səhifə oldu və yeni bir abidədir. Böyük bəstəkarımız, dirijorumuz Niyazi 1983-cü ildə vəfat edib, ancaq onun ev-muzeyini bir il bundan əvvəl yaratdıq. Yəni istəyəndə eləmək mümkün olur. Bu, işə münasibətdən asılıdır.

Hüseyn Cavidin həyatı da çox çətin, faciəli olub. Ancaq biz Hüseyn Cavidin tariximizdə, mədəniyyətimizdə, ədəbiyyatımızda tutduğu yeri müəyyən etdik və o vaxt qərar qəbul etdik. Cəmiyyət bildi, ictimaiyyət bunu qəbul etdi, alqışladı, bəyəndi. Bundan sonra Hüseyn Cavidin ev-muzeyinin yaradılması da problemə dönüb. Mənə dedilər ki, bu muzey üçün iki-üç otaq ayırıblar, ancaq bu, ev-muzeyi səviyyəsində deyil. Ev-muzeyi yoxdur. İndi bununla razılaşmaq olmaz. Ona görə mən dedim ki, bu gün lazım olsa bir neçə saat vaxt sərf edək, bu məsələlərin hamısını həll edək. Mən akademiyanın, Əlyazmalar İnstitutunun rəhbərlərini də buraya dəvət etmişəm. Bilirsiniz, elə məsələlər var ki, onları siz özünüz həll edə bilərsiniz. Mən belə hesab edirəm. Gəlin açıq danışaq, lazım deyil ki, mən bu işə qarışım. Əgər mənə qalsa, vəzifə borcumla əlaqədar 1981-ci ildə bütün qərarlar qəbul olunmuşdu və bu qərarları yerinə yetirmək lazımdır. Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. İndi onun ev-muzeyini yaratmaq üçün bu onun üstünə, o bunun üstünə atır. İki-üç otağın verilməsini həll etmək böyük bir məsələ deyil ki? Ona görə də mən bir çox adamları da buraya dəvət etmişəm ki, bütün bunları həll edək.

1981-ci ildə qərar qəbul etmişdik ki, Bakıda Hüseyn Cavidin abidəsi qoyulsun. Heykəltəraş Ömər Eldarov bu işə başlamışdı və o vaxt onun emalatxanasında eskizlərlə tanış olmuşdum. Heykəlin yeri barədə də müxtəlif fikirlər oldu. Nəhayət, heykəlin yeri müəyyən olunub və uzun müddətdən sonra abidə də qoyulub. Ancaq mən Ömər Eldarovla görüşdüm, danışdım. Mənə deyilənə görə, həmin abidə kompleksi hələ tamamlanmayıb. Hər halda, bu da şəhərin sərəncamında olan işdir. İndi görürəm ki, bu məsələyə də mən qarışmasam həll olunmur. İstəyirəm ki, bu gün həmin məsələni də həll edək.

Bax, mən bütün bu məsələləri həll etmək üçün sizi buraya dəvət etmişəm. Yəni mənim qəti fikrimdir ki, bu ilin oktyabr ayınadək Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində möhtəşəm bir abidə, məqbərə qurulmalıdır. Ona görə də biz bu gün burada olan layihələrə baxaq, onların hansı birini seçə biləriksə seçək. Mən belə qərara gəlmişəm ki, hökumətin, dövlətin ehtiyat fondundan vəsait ayrılsın, lazım olan materiallar qısa müddətdə tapılsın, inşaat işləri aparılsın və məqbərə qurulsun. Mən bu gün buraya heykəltəraşları, memarları, rəssamları da dəvət etmişəm ki, bu layihələrə hamımız birlikdə baxaq. Ancaq məqbərənin bi ilin oktyabr ayınadək yaranması təmin olunmalıdır. Fikrim qətidir, mən bu barədə sərəncam verəcəyəm və bunun üçün lazım olan vəsaiti dövlətdən ayıracağam. Biz bu gün layihəni müəyyənləşdirməliyik və mən bundan sonra inşaat işlərinə başlamaq üçün müəyyən orqanlara lazımi tapşırıqlar verəcəyəm.

Mən burada hiss etdim ki, ev-muzeyinin təşkilində də müəyyən çətinlik var. Deyilənə görə, Əlyazmalar İnstitutundakı həmin otaqların boşaldılması üçün Dövlət İqtisad İnstitutunun onun yaxınlığında yerləşən binadakı fakültəsi oradan çıxarılmalıdır. İndi bu barədə də kim lazımdırsa sözünü desin. Ancaq mənim fikrim qətidir ki, layiqli ev-muzeyi yaradılmalıdır. Çünki yarımçıq iş yaramaz. Biz ev-muzeyləri yaratmışıq və xalqımızın görkəmli nümayəndələrinin ev-muzeylərini bundan sonra da yaradacağıq. Bu, yaxşı ənənədir və onu davam etdirmək lazımdır. Mən yenə də deyirəm ki, Cavidin yaşadığı yerdə ev-muzeyi yaradılmalıdır. Hüseyn Cavidin abidəsinin ətrafında da lazımi işlər görülməlidir. Bu barədə Ömər Eldarov məlumat verə bilər və biz də müvafiq qərar qəbul edərik ki, o işlər qısa müddətdə görülsün.

* * *

Biz indi bu layihələrə baxacağıq, ancaq mən ümumi fikrimi demək istəyirəm. Əslində bu fikir 1981-ci ildə də var idi və həmin vaxtdan məndə yaşayır. Nizami Gəncəvinin qəbri üzərində bir məqbərə düzəldilmişdi. Dahi şairin 850 illik yubileyi münasibətilə həmin məqbərə yenidən quruldu. Mən Gəncəyə gedəndə ona baxdım. O vaxt Gəncədəki alüminium zavodunda istehsal prosesi elə idi ki, onun tozu Nizaminin məqbərəsini bərbad hala qoyurdu. Xatirimdədir ki, Azərbaycanın görkəmli yazıçıları, mədəniyyət xadimləri həmin məqbərənin yerinin dəyişdirilməsi barədə mənə bir neçə dəfə müraciət etmişdilər. Mən bu barədə məktub da almışdım. O məktubu mərhum Rəsul Rza, Qara Qarayev, İmran Qasımov, Süleyman Rüstəm və bir çox başqaları imzalamışdılar doğrudan da, belə bir narahatçılıq var idi. O vaxt mən özüm də bir dəfə Gəncədə olanda gedib baxdım. Texnologiyanın aşağı səviyyədə olması üzündən alüminium zavodundan çıxan tozlar həqiqətən, o vaxt Gəncənin bu ərazisini bütünlüklə bürüyürdü. Hətta oradakı ağaclar, güllər də çox pis vəziyyətə düşürdü.

Bu məsələ bir neçə il müzakirə olundu. Mən 70-ci illəri deyirəm. Ancaq mən düşünürdüm ki, əgər bu qəbir buradadırsa, bütün müharibələrə, hücumlara, qalibiyyətlərə, məğlubiyyətlərə, dəyişikliklərə baxmayaraq, 800 il burada qalıbsa, indi onun yerini dəyişdirmək olmaz. Ona görə də mən o vaxt bu fikrə razı olmadım.

Nizami Gəncəvinin 840 illik yubileyini keçirəndə həmin məqbərənin yenidən qurulması haqqında qərar qəbul etdik. Bundan sonra Gəncə alüminium zavodunun istehsal texnologiyasında da bir çox dəyişikliklər əmələ gəldi, müəssisədən çıxan tozun qarşısı müəyyən miqdarda alındı. İndi o, modernləşib. Mən Gəncədə olanda gedib baxdım, məqbərə yaxşı vəziyyətdədir.

Biz Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik. Orada respublika ictimaiyyətinin nümayəndələri, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin məqbərəsi də öz xalqımıza qayıdacaq. Ümumiyyətlə, Şuşada olan tarixi abidələrimizin hamısı özümüzə qayıdacaq.

Əgər keçmişi götürsək, Naxçıvanda çox böyük bir tarixi məqbərə vardır - dahi memar Əcəmi Naxçıvanın əsəri. O, 800 ildir yaşayır. Bu, Möminə xatun məqbərəsidir. Bilirsiniz ki, onun altı qəbirdir. Naxçıvanda belə bir möhtəşəm məqbərəni bizim əcdadlarımız yaradıblar. Bu, Azərbaycanın memarlıq tarixində, sənətində ən görkəmli yerlərdən birini tutur. Bəs indiki nəsillər nə üçün belə abidələr yaratmasın? Ona görə də Hüseyn Cavidin cənazəsi Sibirdən gətiriləndə mən məhz bu fikrin tərəfdarı oldum ki, onun qəbri Naxçıvanda olsun, bir tərəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdən isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax, mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o fikirlə yaşayıram. Ona görə də istəyirəm ki, indi bizim üçün çətin olsa da, belə bir möhtəşəm məqbərə yaradaq. Bu həm böyük memarlıq abidəsi, həm də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun. Hesab edirəm ki, hazırlanmış layihələrə də bu nöqteyi-nəzərdən baxmaq lazımdır. İndi isə həmin layihələrə baxaq.

* * *

... Düşünürəm ki, belə etmək lazımdır. İndi mən bunların hamısına baxıram, fikrim bir az dağılır. Yəqin siz də elə bu fikirdəsiniz, ona görə də qəti bir qərar qəbul etmək mümkün deyil. Belə fikirdəyəm ki, bu layihələri yandakı salona qoysunlar, iki-üç gün ərzində hərə fərdi qaydada gəlib bu layihələrə baxsın. Turan xanım özü də bu layihələrə bir daha diqqətlə baxsın. Mən özüm də vaxt taparam, heç kəs olmayanda bir saat oturub bu layihələrə bir də baxaram. Üç-dörd gündən sonra bir daha yığışaq və konkret qərar qəbul edərik.

Ancaq mən ümumi fikirləri demək istəyirəm. Həmin fikirlər bundan ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olmasın. Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı deyiləm. Tarixən yaradılan məqbərələrin də hamısı tamam örtülü olmayıb. Məsələn, Möminə Xatun məqbərəsi tam qapalıdır, ancaq haradansa yuxarıdan bir balaca işıq düşür. Belə də olmalıdır. Bayaq Molla Pənah Vaqifin məqbərəsini ona görə yada saldım ki, o həm qapalı idi, həm də hər yerdən içəri işıq düşürdü. Elə etmək lazımdır ki, bu məqbərənin içində sakit bir mühit olsun.

Məqbərə gərək çox böyük olmasın. Hüseyn Cavidin əsərlərindəki obrazların təsviri də səmimi olsa yaxşıdır. Mən belə fikirdəyəm ki, bu məqbərəni xaricdən görəndə də gərək fikir cəmlənsin və onun içərisində olanda da fikir dağılmasın. Məqbərənin miqyası da buna uyğun olmalıdır. Gərək bu layihələrin müəllifləri də ciddi fikirləşsinlər və biz də bir az fikirləşək. Ancaq yaddan çıxarmaq olmaz ki, bu məsələ üç-dörd günün içərisində həll edilməlidir.

Şübhəsiz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də burada Azərbaycanın milli memarlıq ənənələri nəzərə alınmalı və orada bunun nişanələri olmalıdır. Bu mütləq lazımdır. Bax, bu binanı tikəndə də belə oldu. Binanın layihəsinin müəllifləri, xüsusən Tahir Abdullayev tez-tez mənim yanıma gəlirdi. Mən dəfələrlə ona demişdim ki, bu binanın tamamilə milli xarici görkəmi olmalıdır. İndi bu binada gördüyünüz milli elementlər barədə biz o vaxt dəfələrlə fikir mübadiləsi aparmışdıq. O zaman mən onu məcbur etdim ki, binanın heç olmasa iki mərtəbəsinin pəncərələri milli üslubda olsun. Məndən olsaydı, o vaxt bu binanı daha da milli görkəmli edərdik. Hər halda hesab edirəm ki, bu bina yaxşıdır, xarici görünüşü gözəldir.

Vaxtilə biz iqamətgah binasını tikərkən (həmin binanın layihəsinin müəllifi Rasim Əliyevdir) Mikayıl Hüseynovu bir neçə dəfə oraya dəvə etmişdim. Mən onlara dedim ki, binanın daxilində milli ornamentlər lazımdır. Bir dəfə rəhmətlik Mikayıl Hüseynova dedim ki, (mən arxitektura fakültəsində oxuyarkən o mənim müəllimim olmuşdur), vaxtilə sizin kitablarda milli ornamentlər var idi. Gətirin baxaq. Sonra Mikayıl Hüseynov və Rasim Əliyev gəldilər, mən kitabdakı həmin ornamentləri onlara göstərdim və xahiş etdim ki, bax, bunları divara salın. İqamətgahın divarlarında mərmərin üzərində ornamentlər oymaq çətin idi. Bilirsiniz ki, bu ornamentləri gipsdən və başqa materialdan düzəldirlər. Lakin Şirvanşahlar sarayı kompleksində ornamentlərin hamısı daşın üzərində yonulub və çox gözəldir. İqamətgahın divarları mərmərdən olduğu üçün bu, çox çətin idi. Lakin onlar bu işi gördülər. İndi iqamətgahın salonlarının divarındakı mərmər lövhələrin üzərindəki ornamentlər bax, belə hazırlandı.

Demək istəyirəm ki, memarlarımızda mühafizəkarlıq var. Bir tərəfdən Azərbaycanın milli ornamentlərini təbliğ edirlər, digər tərəfdən isə bunu öz işlərində tətbiq edəndə nədənsə çətinlik çəkirlər. Bu baxımdan arzu edirəm ki, bu layihələrin hansınısa seçək, birləşdirək, sintez edək, bir də baxaq. Amma bu amili də nəzərdə tutaq ki, müasirlik də olsun, ancaq milli memarlıq ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni zamanda sadə olanda daha gözəl görünür.

Ona görə də mən Ramiz Mehdiyevə, Elçin Əfəndiyevə, Fatma Abdullazadəyə tapşırıram ki, müzakirələr aparsınlar, bu layihələr qonşu salona qoyulsun, gəlib-gedənlər də baxsın. Mən özüm də sakit bir vaxtda axşam gəlib baxacağam. Bir sözlə, biz qısa müddətdə layihəni seçməli, müəyyənləşdirməli və Naxçıvanda bu məqbərənin inşasına başlamalıyıq. Bu məqbərə Hüseyn Cavidin anadan olması günündən də bir xeyli qabaq, sentyabrın axırında hazır olmalıdır.

Qəbir məqbərənin içində olmalıdır. İndi Ömər Eldarov buada bir heykəltəraşlıq nümunəsi göstərdi. Ona da baxmaq olar, yaxud başqa bir nümunə də hazırlamaq olar. Hər halda məqbərənin içində heykəl, yaxud büst olsun. Hüseyn Cavidin surəti məqbərənin içində mütləq olmalıdır. Xahiş edirəm bunu da nəzərə alasınız. Elə olmasın ki, məqbərənin içində tək qəbir daşı olsun. Xatirimdədr, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsində də Vaqifin büstü var idi.

Bu barədə fikirlərimizi dedik. Bəs ev-muzeyi barədə nə çətinlik var. Bu barədə kim nə deyə bilər?

* * *

Şübhəsiz ki, mən sizin bu çıxışlarınızı və verdiyiniz hədiyyələri gözləmirdim. Ancaq fürsətdən istifadə edib deyə bilərəm ki, mənim mədəniyyətə münasibətim məlumdur. Bu, sadəcə söz deyil. Mən mədəniyyətə öz münasibətimi əməlimlə, işimlə həmişə bildirmişəm. Vaxtilə memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var. Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlaqədar layihələrə memarlarla birlikdə baxıb öz mülahizələrimi bildirmişəm. Hətta zavod tikiləndə, məsələn, Bakı kondisionerlər zavodu tikiləndə də mən onun memarlıq cəhətdən gözəl olmasına çalışırdım. Həmin zavodda olanlar da görüblər ki, onun xarici görünüşü memarlıq cəhətdən dəyərlidir. Ona görə mən mütləq vaxt tapıb memarlarla görüşəcəyəm.

* * *

Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş adamlar, onların ailələri üçün repressiya illəri nə qədər uzun olsa da keçib getdi, o ailələr, o insanlar tamamilə bəraət qazandılar, hətta tarixi şəxsiyyət kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər.

Güman edirəm, müstəqil Azərbaycanın həyatındakı bu ağır dövr də keçib gedəcək və biz şəhərlərimizi, qəsəbələrimizi, hər yeri abadlaşdırıb tikəcəyik. Mən vaxt tapıb memarlarla görüşəcəyəm, indi isə sizin vasitənizlə Azərbaycanın bütün memarlarına öz hörmət və ehtiramımı, salamlarımı çatdırıram.

Mənə bağışlanan miniatür kitabdan çox razı qaldığımı bildirirəm. 1981-ci ildə SSRİ Rəssamlıq Akademiyasının Azərbaycanda keçirilmiş tarixi sessiyası yadıma düşdü. Oradakı çıxışımı xatırlayıram. Bu çıxış çox geniş yayılmışdı. Hətta bundan sonra Moskvaya səfər edərkən SSRİ Memarlar İttifaqının sədri məndən çox xahiş etdi və mən orada da çıxış etdim. O zaman mən Azərbaycan miniatür rəssamlıq sənətinin çox dəyərli olduğunu və onun inkişaf etdirilməsi məsələsini ortaya atdım. Doğrudan da belədir. Əgər keçmişi götürsək, rəngkarlıq Azərbaycanda XX əsrdə yaranıb. Ancaq Azərbaycan rəssamlıq məktəbi çox zəngin, böyük bir məktəbdir və o da miniatür rəsmlər məktəbi, Sultan Məhəmməd məktəbidir. Sultan Məhəmmədin 500 iliyinin qeyd edilməsi haqqında qərar var. Vaxtilə onun haqqında Azərbaycanda Kərim Kərimovun monoqrafiyası nəşr olunub. Ona görə də miniatür məktəbinin Azərbaycanda yenidən inkişaf etməsi məni sevindirir. Arzu edirəm ki, bu, daha da inkişaf etsin.

Gələcəkdə bizim mədəniyyət sahəsində görəcəyimiz işlər çoxdur. Fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Füzulinin 500 illik yubileyi mərasimlərinin bəziləri keçirilib, amma bəziləri qalır. Gərək ki, Elçin Əfəndiyev həmin komissiyanın sədr müavinidir. Ona görə sən də bu barədə düşün və proqram ver ki, qalan tədbirləri necə keçirəcəyik. Gərək həmin tədbirləri də bu il başa çatdıraq. Digər tədbirlər də keçirəcəyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 iyun 1995-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT