Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Praqa şəhərinə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 21 noyabr 2002-ci il


Heydər Əliyev: Praqaya səfərim sizə məlumdur, elan olunubdur. Orada NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir. Tərəfdaş ölkələrin dövlət başçıları, nümayəndə heyətləri də sammitə dəvət ediliblər. Mən də oraya gedirəm. Sammitdə iştirak edəcəyik. Sizə başqa bir söz deyə bilmərəm, çünki ayrı bir şey yoxdur.

Sual: Cənab Prezident, Siz Eduard Şevardnadze ilə görüşəcəksiniz. Onların ekoloji sənədə qol çəkməməsi Bakı–Tbilisi–Ceyhan layihəsinin həyata keçirilməsini ləngidə bilərmi?

Cavab: Bu bizi narahat edir. Biz bu barədə işləyirik, bp də işləyir. Vudvordun müavini Gürcüstandadır. Bir neçə gün bundan öncə mən bu məsələni bp-nin, bizim neft şirkətinin rəhbərləri ilə müzakirə etmişəm. Həqiqətən, Gürcüstanda tamamilə anlaşılmaz hərəkətlər edirlər, halbuki, bizim vaxtımız çox azdır. Noyabrın sonunda biz hər şeyi həll etməliyik. Ona görə də, təbiidir ki, mən Şevardnadze ilə bu barədə danışacağam.

Sual: Cənab Prezident, bu gün Köçəryanla görüşünüz gözlənilir. Lakin deyirlər ki, Ermənistanda qarşıdakı prezident seçkiləri ilə əlaqədar Köçəryanın hansısa kompromislərə gedəcəyini gözləmək, bunu proqnozlaşdırmaq çətindir. Siz bu fikirlə razısınızmı?

Cavab: Mən heç vaxt heç nəyi proqnozlaşdırmıram. Mən görüşürəm, söhbət edirəm və nəticələrə görə nə edə bildiyimizi müəyyən edirik. Mən heç nəyi proqnozlaşdırmıram.

Sual: Cənab Prezident, «LUKoyl»un Azərbaycandakı layihələrdən çıxması xarici ölkələrin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Vahid Ələkbərov Azərbaycana gələndə yəqin Sizə də məlumat veribdir. Bu barədə nə deyərdiniz?

Cavab: Bəli, bilirəm. Axı deyəsən Dövlət Neft Şirkətindən sizə bu barədə məlumat veriblər. Bilirsiniz, bu, kommersiya məsələləridir. Harada pul çoxdursa, oraya gedirlər. Məsələn, əgər həqiqətən «LUKoyl» payını özgəsinə satırsa, burada bizi narahat edəcək heç bir şey yoxdur. «İtoçu» kimi böyük bir şirkət vaxtilə müqavilədə iştirak etmirdi, sonra gəlib iştirakçıların bəzilərinin – «Pennzoyl»un, «Makdermott»un paylarını aldı, bizim layihəyə daxil oldu. Özü də biz onlardan razıyıq. Əgər onlar bunu da alıb burada işləsələr, bizim üçün fərqi yoxdur. Narahatçılığa əsas yoxdur.

Sual: Cənab Prezident, Fransa prezidenti ilə görüşünüz də gözlənilirmi?

Cavab: Bəlkə də görüşdüm.

Sual: Cənab Prezident, Qukasyanın Fransadakı görüşü...

Cavab: Mənim qızım, elə söz de ki, bizə layiq olsun. Deyirsən, o, layiqli adamdır ki, mən onun haqqında sənə cavab verim? Belə sualları başqa adamlara ver.

Sual: Cənab Prezident, Azərbaycan futbolunu böhrandan çıxarmaq mümkündürmü?

Cavab: Sənə məsləhət görürəm, get böhrandan çıxart.

Sual: Cənab Prezident, Moskvada yaşayan azərbaycanlılarla bağlı son hadisələrlə əlaqədar Siz Baş nazirin birinci müavini Abbas Abbasovu oraya göndərmişdiniz və səhv etmirəmsə, Rusiya prezidenti ilə də danışmışdınız. Siz bu məsələ ilə əlaqədar narahatlığınızı bildirdinizmi, bu məsələ müzakirə olundumu?

Cavab: Bəli, bəli... Mən də demişəm, nümayəndə də göndərmişəm. Danışıqlar aparmışıq. Məsələ belədir, mən hesab etmirəm ki, azərbaycanlılara qarşı orada kimsə qəsdən nə isə edir. Bunu şişirtmək lazım deyildir. Siz hər gün axşam Rusiyanın televiziya kanallarına baxanda görürsünüz ki, bir yerdə öldürdülər, başqa bir yerdə partlatdılar... Bunlar azərbaycanlılar deyil ki, Rusiyanın öz vətəndaşlarıdır. İndi Rusiyada, Moskvanın özündə, başqa yerlərdə həddindən artıq azərbaycanlı yaşayır. Onların içərisində bizneslə məşğul olanlar var. Təbiidir, ola bilər, cinayətkarlıq edənlər, başqaları da var. Kimsə haradasa «ilişir», tutulur, hansısa bir əngələ düşür... Amma bunu dramatikləşdirib «Rusiyada azərbaycanlılara qarşı belə etdilər, elə etdilər»– demək tamamilə yalandır, ədalətsiz bir şeydir. Mən sizə deyirəm, bunları şişirtməyin. Bunlar problem deyil, yəni mən Rusiyada azərbaycanlılara qarşı ümumi mənfi münasibət görmürəm. Azərbaycanlıların əksəriyyəti orada yaxşı yaşayır, uğurla fəaliyyət göstərir, güzəranları yaxşıdır. İndi kimsə, haradasa özünü hansısa əngələ salırsa, yaxud qanunsuz hərəkət edirsə, təbiidir ki, buna münasibət olmalıdır. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR