Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasında Rusiya Federasiyasının və Moskva şəhərinin mədəniyyət günlərinin iştirakçılarını qəbul edərkən söhbətindən - 26 iyun 2000-ci il


Heydər Əliyev: Azərbaycanda Rusiyanın mədəniyyət günlərinin keçirilməsinin çox böyük əhəmiyyəti var. Hər bir belə tədbir bizə sevinc bəxş edir və təbii ki, ictimaiyyətimizdə böyük maraq doğurur. Kiməsə elə gəlir ki, bu, köhnə sovet ənənəsidir. Çünki sovet dövründə müttəfiq respublikaların bir-birində mədəniyyət günləri keçirilirdi. Rusiyanın mədəniyyət günləri bizdə, Azərbaycanda da keçirilmişdir. Yeri gəlmişkən, onlar unudulmaz günlər idi. Bir çox digər tədbirlər də olmuşdur. Amma, məsələn, mən hesab edirəm ki, keçmişdə heç də hər şey pis deyildi. Yaxşı şeylər də çox olmuşdur. İnsanlar yaşayırdılar, ölkə yaşayırdı, dövlət yaşayırdı, mədəniyyət inkişaf edirdi, elm, incəsənət inkişaf edirdi. Uşaqlar doğulurdu, yeni nəsillər meydana gəlirdi, təhsil inkişaf edirdi. İndi isə biz başqa quruluşa keçirik və ya keçmişik. Bu o demək deyildir ki, o vaxtlar pis idi. Əlbəttə, əgər millətlərarası münasibətlərdən, mədəni dəyərlərin mübadiləsindən danışmalı olsaq, onda görərik ki, bu tədbirlər çox yaxşı idi. Mən belə tədbirlərin həyata keçirilməsi haqqında qərarları böyük fərəhlə qəbul edirdim və bu tədbirlərdə özüm də yaxından iştirak edirdim. Bunlardan respublikamızın çox böyük fayda götürdüyünü, bu tədbirlərin iz buraxdığını bilirəm. 1972-ci ildə keçirilmiş Rusiya Federasiyasının mədəniyyət günlərini indi heç də təkcə mən xatırlamıram, hərçənd aradan 28 il ötmüşdür, bir çox başqaları da xatırlayırlar. (Polad Bülbüloğlunu göstərir) Bu, onda lap cavan idi, ancaq o da xatırlayır.

Mixail Qusman: O vaxtlar Dmitri Şostakoviç də var idi.

Heydər Əliyev: Şostakoviç də var idi, bir çox başqaları da var idi. İndi çoxları sağ deyildir. Yazıçılardan Boris Polevoy, Sofronov, Simonovdur - onların hamısı var idi. Bu, hadisə idi. Zıkina da var idi.

Mixail Qusman: O, Azərbaycanın xalq artisti oldu.

Heydər Əliyev: Bəli, o zaman biz ona Azərbaycanın xalq artisti adını verdik.

Oleq Belikov: Yeri gəlmişkən, biz buraya gəlməyə hazırlaşarkən Lyudmila Zıkina Kolomna muzeyinin direktoru vasitəsilə xahiş etmişdir ki, əgər Sizinlə görüşə bilsək, Sizə çoxlu salam yetirək.

Heydər Əliyev: Bir sözlə, hər şey yaxşı idi. İndi isə buna tələbat bəlkə də o vaxtkından daha çoxdur. Çünki dövlətlər, sərhədlər müxtəlifdir və sair. Ona görə də mən sizi - nümayəndə heyətinin rəhbərlərini salamlayıram, Azərbaycana gəlmiş və gəlməkdə olan Rusiya mədəniyyətinin xadimlərini salamlayıram və əminəm ki, mədəniyyət günləri burada çox uğurla keçəcək və təbii ki, Azərbaycanın mədəni həyatını zənginləşdirəcəkdir.

Mixail Şvıdkoy: Mədəniyyət günlərinin Sizin və əməkdaşlarınızın sayəsində baş tutmasına görə biz Sizə ürəkdən minnətdarıq. Sabah mədəniyyət günləri başlayır. Bizim üçün həqiqətən çox əhəmiyyətlidir ki, biz on ildə Azərbaycanla münasibətlərdə itirə biləcəklərimizi itirmədik. Belə düşünürəm ki, burada Azərbaycan mədəniyyət xadimlərinin çox böyük xidməti var, onlar müxtəlif vaxtlarda, - indi mən bir zamanlar Azərbaycanda və Rusiyada o qədər də sevilməyən dövrlərdən danışıram, - rusiyalı həmkarları ilə münasibətləri qoruyub saxlamağa çalışırdılar. Siz respublikanın prezidenti olduqdan sonra isə hiss edirik ki, bu əlaqələr çox canlanmışdır və geniş dövlətlərarası xarakter almışdır. Bu isə bizim üçün çox vacibdir.

Təkcə son bir ilə aid iki müxtəlif hadisəni misal çəkəcəyəm: biz "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyini qeyd etdik, bu yubiley Moskvada olduqca böyük maraq doğurdu, özü də səciyyəvi haldır ki, nəinki Moskvadakı çox böyük Azərbaycan diasporu və azərbaycanlılar arasında, həm də ruslar arasında. Bu, bizim üçün çox mühüm hadisə idi. Sütunlu salonda çox yaxşı konsert verildi, yazıçıların məzmunlu çıxışı oldu.

Digər tərəfdən, bunu Polad Bülbüloğlunun yanında dediyimə görə üzr istəyirəm, onun 55 illiyi münasibətilə "Rossiya" konsert salonunda çox əla konsert verildi, orada onun ulduzu qoyuldu. O vaxt onu prezidentiniz Vladimir Putin də təbrik etdi. Çox böyük, hamı üçün çox mühüm bayram oldu. Burada nəinki keçmişin həsrəti duyulurdu, - çünki, məsələn 40 yaşından yuxarı olan adamlar hələ də keçmişin həsrətini çəkirlər, - həm də Azərbaycanın çox böyük artistinə hörmət də vardı.

Dünən biz Bakıda olarkən dinlədiklərim xatırlatdı ki, burada ənənələr qorunub saxlanılır. Gənc ifaçılar Azərbaycanın muğam ənənəsi ilə bağlı ifaçılıq ənənələrini qoruyub saxlayırlar. Bu, Rusiya üçün çox maraqlıdır, çünki bizdə əslində belə şey yoxdur. Melodika, ifa tərzi bambaşqadır.

Mən təxminən yarım il ərzində baş vermiş hadisələri misal çəkdim. Yeni Azərbaycan nəsrinə tələbat bizim üçün çox mühümdür. Maqsud və Rüstəm İbrahimbəyovların, Anarın, Elçinin əsərləri əvvəlkitək çox böyük şöhrətə malikdir. Bu gün mətbuat konfransında da dediyim kimi, bu, heç də birlikdə böyüyüb başa çatmış adamların münasibəti deyildir. Biz isə həm birlikdə böyüyüb başa çatmışıq, həm də bir-birimizi həmişə dəstəkləmişik. Kimsə kimisə nəşr etdirir, redaktə edirdi. Anarın, Elçinin, Rüstəmin pyesləri "Teatr" jurnalında dərc olunurdu, mən orada təxminən 20 il işləmişəm. Münasibətlərimiz səmimi idi və heç kim bizə ideoloji cəhətdən öz hökmünü qəbul etdirmirdi. Nə vaxtsa, kiminsə pyesi və ya hekayəsi uğurlu alındıqda, hamı bizə gəlirdi, qonşu "Drujba narodov" jurnalından da gələnlər olurdu. Bu, bayrama çevrilirdi.

Cənab prezident, Sizə olduqca böyük hörmət bəsləyirlər, mən səmimi deyirəm və bu, həqiqətdir. İndi mən protokol üzrə danışmıram, Siz burada birinci katib, sonra da Moskvada işlədiyiniz dövrlərlə bağlı xatirələr əsasında danışıram. Bu da çox vacibdir. Buna görə biz Sizə həqiqətən çox minnətdarıq, ürəkdən minnətdarıq.

Zənnimcə, günlərin proqramı kifayət qədər genişdir. Biz burada kino həftəsi də təşkil edə bilərik. Çünki, bildiyiniz kimi, mədəniyyət nazirinin birinci müavini Aleksandr Qoltuva da burada bizimlədir. Eyni zamanda o, indi bizim nazirlikdə birləşdirilmiş olan kinematoqrafiya xidmətinə də rəhbərlik edir. Azərbaycan kinematoqrafı sovet dövründə çox mühüm rol oynamışdır. Çoxlarını kinematoqraf vasitəsilə tanıdığımız artistlərin xatirəsi hələ yaşayır. Ona görə də əlaqələr geniş ola bilər. Belə düşünürəm ki, əgər Rusiya yazıçıları Azərbaycana elə-belə, sadəcə gələ bilsəydilər, onlar bəzi şeyləri başa düşərdilər.

Mənə elə gəlir ki, bir neçə siyasi məsələni mədəniyyət vasitəsilə, mədəniyyət sayəsində həll etmək olar, hətta tezliklə olmasa da, hər halda, mədəniyyət bunu dəstəkləyərdi. Ona görə də bizi burada qəbul etdiyinizə görə bir daha çox böyük minnətdarlığımızı bildirirəm. Təbii ki, artistlərimiz həyəcanlanırlar. Çünki Bakı tamaşaçıları həmişə tələbkar olmuşlar. Bugünkü mətbuat konfransından gördüm ki, Sizin jurnalistlər dilli-dilavər, çox tələbkardırlar. Biz bunu onların verdikləri suallardan başa düşdük. Bir daha çox sağ olun.

Heydər Əliyev: Sabah açılışdır

Mixail Şvıdkoy: Sabah biz əklillər qoyulması mərasimi ilə başlayırıq. Bu gün isə Sizi ali baş komandan kimi bir daha təbrik etmək istəyirəm.

Heydər Əliyev: Bəli, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Mən artıq bu gün ordunun nümayəndələrinin yanında oldum, Zabitlər evində oldum, onların qarşısında çıxış etdim.

Mixail Şvıdkoy: Bu gün mən televizorda gördüm və başa düşdüm ki, Siz dünən teatrda olduğunuz kimi, yenə də çox inandırıcı idiniz. Sizin dünənki çıxışınız mənə olduqca böyük təsir bağışladı. Dedim ki, əgər belə prezident varsa, bu respublikada teatr tənqidçilərinə iş yoxdur.

Heydər Əliyev: Mixail Yefimoviç, bilirsinizmi, onlar öyrəşiblər: əgər mən teatra gəlmişəmsə, deməli, mütləq səhnə arxasına getməliyəm.

Mixail Qusman: Tamaşanın məziyyətlərini saf-çürük etmək üçün.

Heydər Əliyev: Mən sadəcə olaraq gəlib "sağ olun, çox yaxşıdır" demirəm. Mən hökmən pyesin özünün, müəllifin, sonra da tamaşanın quruluşunun məziyyətlərini saf-çürük etməliyəm. Bax, belə ənənə yaranmışdır. Bu, heç kimdən - nə məndən, nə də onlardan asılıdır. Bunu heç kim düşünüb tapmamışdır. Bu, sadəcə həmişə, bütün həyat boyu olmuşdur. 30 ildən də əvvəl Azərbaycanın rəhbəri olduğum vaxtdan bəri mən biganə qala bilmirəm. Mən öz fikrimi, öz rəyimi söyləməliyəm. Məsələn, mən bir neçə dəfə demişəm ki, səhnə xadimlərinin əməyi ən ağır əməkdir, hətta şaxtaçıların əməyindən də ağırdır, dənizdə neft çıxaran neftçilərin əməyindən də ağırdır. Bir sözlə, mən bunu təsəvvür edirəm. Mən teatrın səhnə arxasındakı bütün həyatını təsəvvür edirəm, səhnədə nələr baş verdiyini təsəvvür edirəm. Buna görə də bütün bunları bilərək və qiymətləndirərək sadəcə "sağ olun, yaxşıdır, sizə təşəkkür edirəm" sözləri ilə kifayətlənə bilmirəm. Bunu tamaşaya baxmağa gələn hər kəs edə bilər. Mən isə elə bir insanam ki, rəyimi eşitmək istəyirlər. Zənnimcə, dünən mən bu pyesə və Elçinə elə təhlil verdim ki, bunu onun özü də gözləmirdi. O, çox istedadlıdır. Başa düşdüm, o, anladı ki, mən düz deyirəm.

Lakin, bilirsinizmi, artistlərin dəstəklənməyə ehtiyacı var. Səhnə adamının əməyi ağırdır, onun dəstəyə ehtiyacı var. O, istəyir onun əməyi qiymətləndirilsin. Ehtiyac duyur ki, onun haqqında hansısa ümumi ifadələrlə deyil, ürəkdən gələn xoş sözlər söyləsinlər, elə sözlər ki, həqiqətə uyğun olsun. Mən heç zaman basmaqəlib ifadələrdən istifadə etməmişəm. Salonda əyləşib hiss etdiklərimin hamısı ürəyimdən keçir. Məsələn, mən pyeslə əsla tanış deyildim. Klassik pyeslər var, mən onları oxumuşam Bu yaxınlarda görkəmli dramaturqumuz, klassikimiz Cəfər Cabbarlının "Aydın" pyesi göstərildi. Mən bu pyesi bir neçə dəfə, yeniyetmə, gənclik çağlarımda görmüşəm, yəni bu pyeslə tanışam Lakin indi mən bu pyesə 30-40 il bundan əvvəl baxmış adam deyiləm. Ona görə də indi mən başqa nəzərlə baxıram. Eyni zamanda, o vaxtlar mən bu pyesdə rolları ifa etmiş ən görkəmli artistlərimizi görmüşəm - çox güclü pyesdir. Lakin bu gün də yaxşı artistlər yetişmişdir. Bəzən elə olur ki, ensiklopediyalarda, əsərlərdə qeyd edilmiş hansısa adları növbəti nəsil, ikinci, üçüncü, dördüncü, beşinci nəsilllər belə deyil, başqa cür qavrayırlar. Halbuki həyatda heç də belə deyildir. Elə hallar olur ki, görürsən, o da dahidir, əgər növbəti dahi deyilsə, birindən, digərindən sonra dahi olacaqdır. Buna görə də təbii ki, dünən mən öz rollarını yaxşı oynamış artistləri qeyd etmək istəyirdim.

Məni bu pyesə baxmağa çoxdan dəvət edirdilər, amma vaxtım olmurdu. Mən hətta öz proqramım barədə düşünmədən, şənbə gününə təyin etdim. Birdən mühafizə dəstəsinin rəisi mənə dedi: "Bilirsinizmi, şənbə günü Sizin tədbiriniz var, xarici qonaqlar gəlirlər, axşam onlarla görüşməlisiniz". Mən zəng vurub soruşdum ki, tamaşanı bazar gününə keçirmək olarmı? Hərçənd mənim burada bazar günü də çoxlu işim var idi. Bazar günü mən çoxlu adamın əfv edilməsi məsələsinə baxırdım və əfvolunma haqqında fərman verdim. Mən hər bir adamın işini, onun nə kimi cinayəti olduğunu, nə kimi cinayət törətdiyini, həbsdə nə qədər qaldığını, onu nə üçün əfv etməli olduğumuzu nəzərdən keçirməli idim. Bu, ciddi işdir. Mən ona bir neçə saat vaxt sərf etdim. Sonra isə biz hələ teatra da getməli idik. Bu gün isə Silahlı Qüvvələr günüdür.

Yeri gəlmişkən, mənim orada iştirakım planlaşdırılmamışdı. Mən təbrik məktubu göndərmişdim, o, məktub mətbuatda dərc edilmişdir. Mən işə gəldim. Müdafiə naziri mənə dedi ki, Sizin təbrikiniz var, proqram belədir, ordumuzun bütün komanda heyəti toplaşacaqdır. Dedim ki, yaxşı, gələrəm. Bu tədbirin başlanmasına iki saat qalmış oldu. Başa düşürəm, nəinki onlar, həm də mənim mühafizə dəstəm öz işini yenidən qurmalı idilər. Amma mən məmnunam - orada oldum, təxminən bir saat 10 dəqiqə çıxış etdim. Bir sözlə, pis olmadı.

Bir az əvvəl Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri ilə görüşdüm. Odur ki, Rusiya Federasiyasının səfiri vəzifəsini icra edənlə ikinci dəfə görüşürəm. O, Marat Baqlayı müşahidə edirdi. Baqlay həmyerlimizdir, böyük hüquqşünasdır. Bilirsinizmi, bu, çox xoş idi. O da mənə Azərbaycanda baş vermiş dəyişikliklərdən danışdı. O, burada vaxtaşırı olur, doğulduğu həyətə gedib, öz mənzilinə daxil olmaq istəyib, lakin mənzilin qapısı bağlı olubdur. Mən dedim ki, mənzil sahibini tapın, qoy açsın, o, mənzilinə baxsın. O, öz həyətinə baxmağa gedib və böyük dəyişikliklər görüb, halbuki həmin həyətdə iki il əvvəl olmuşdu. Bu, çox xoş amildir. O mənada xoşdur ki, insan doğulduğu, böyüyüb başa çatdığı, öz ömrünün illərini keçirdiyi torpağı unutmur. Bu, çox xoşdur.

Mixail Şvıdkoy: Mən Bakıda dörd ildir olmamışam. Bu illər ərzində çox böyük dəyişikliklər baş veribdir. Şəhərin necə inkişaf etdiyi, yaxşılaşdığı görünür, olduqca təmiz şəhərdir. Cənubda isə bunu etmək heç də asan deyildir. Şəhər həyatının dinamikası çox yüksəkdir. Adamlar başqa cür, daha yaxşı geyinməyə başlamışlar, sifətlərində təbəssüm var. Bu, bəzən illərlə əmələ gəlir.

Mixail Qusman: Axşamdan keçmiş biz gəzişərkən şəhərin yaşaması Mixail Yefimoviçə böyük təsir bağışladı. Biz gecə saat 3-də Bakıda, bulvarda gəzirdik, gənclər rəqs edir, şəhərdə rahatca gəzişirdilər. Biz həmkarlarımıza, Polada dedik ki, gənclərin gecədən keçmiş belə arxayınca, qorxub-çəkinmədən gəzdikləri şəhərləri keçmiş Sovet İttifaqında az-az taparsan.

Heydər Əliyev: Bunu mənə Marat Baqlay da dedi. Dünən o da həmkarı ilə gəzintiyə çıxmışdır.

İncəsənətin dövlətin köməyinə ehtiyacı var. Mən bu köməyi göstərirəm. Mən bu yaxınlarda, bir neçə ay əvvəl balet truppasının əmək haqqını altı dəfə, xor kopellasının maaşını dörd dəfə qaldırdım. Bundan əvvəl isə simfonik orkestr üçün çox böyük məbləğdə vəsait ayırdım və çox yüksək maaşlar müəyyən etdim. Kostyumlar, alətlər alınması üçün vəsait ayırdım və sair. Mən bir milyon manat məbləğində prezident təqaüdü təyin etmişəm, bu, ayda təxminən 250 dollardır, bunun əksər hissəsini mədəniyyət xadimləri alırlar. Bu prezident təqaüdünü 60 nəfər alır.

Talqat Sagitov: Hər ay?

Heydər Əliyev: Bəli, hər ay, özü də əmək haqqından, pensiyadan savayı. Mədəniyyət xadimləri onların 90 faizini təşkil edirlər. Həm də bu təqaüdlər ömürlükdür.

Mixail Şvıdkoy: Bu, incəsənətin səviyyəsini qoruyub saxlamaq üçün çox vacibdir. Azərbaycanda həmişə böyük artistlər olmuşdur. Azərbaycan Dram Teatrında Mehdi Məmmədovla yanaşı Tofiq Kazımov, böyük artistlər işləmişlər, bu, böyük truppa idi. Bir çox Azərbaycan musiqiçilərinin, rəqqaslarının səviyyəsi bu gün də yüksəkdir, onları bütün dünyada qəbul edirlər, yaxın ölkələrdə Azərbaycandakı kimi belə yüksək səviyyə yoxdur. Əlbəttə, bu, onlara yeganə maliyyə yardımıdır - Türkiyədə 500 dollara işləməkdənsə, evdə 200 dollara işləmək daha yaxşıdır.

Biz də onu deyirdik ki, xoreoqrafiya təhsilinin səviyyəsini qoruyub saxlamaq, xoreoqrafiya sahəsində mütəxəssislər mübadiləsi, ümumiyyətlə, mütəxəssislər mübadiləsi aparmaq çox vacibdir.

Əlbəttə, mədəniyyət günləri çox qeyri-adi hadisədir və onu təşkil etmək hər dəfə çətinləşir. Ümidvaram ki, gələn il biz Rusiyada Azərbaycan günlərini tam miqyasda və bayramsayağı keçirəcəyik.

Heydər Əliyev: Mütləq.

Mixail Şvıdkoy: Lakin mütəxəssislər mübadiləsi muzey işində, xoreoqrafiyada da çox vacibdir.

Heydər Əliyev: Xoreoqrafiya məktəbi fəaliyyət göstərirmi?

Polad Bülbüloğlu: Bəli.

Heydər Əliyev: Bir vaxtlar xoreoqrafiya məktəbi üçün pansionatı və s. olan xüsusi kompleks tikdirmişdim ki, milli kadrlar hazırlansın. Doğrudur, mənim o niyyətlərim indiyədək həyata keçirilməyibdir. Çünki imkan yoxdur.

Polad Bülbüloğlu: Bu il məktəbdə buraxılış imtahanlarına Peterburq məktəbindən mütəxəssis dəvət etdik, ustad dərsi keçirdik. Bütöv bir proqram hazırlayırıq.

Heydər Əliyev: Klassikaya xüsusi diqqət yetirmək lazımdır. Çünki milli rəqslərimizi xüsusi təhsil olmadan da yaxşı ifa edirlər. Bizdə elə istedadlı qızlar var ki, onların xüsusi təhsili yoxdur, amma peşəkarlıqla rəqs edirlər.

Polad Bülbüloğlu: Mixail Yefimoviç diqqət yetirdi, doğrudan da, yaxşı rəqs edirlər.

Heydər Əliyev: Sabah nə edəcəyik?

Polad Bülbüoğlu: Sabah Şəhidlər Xiyabanına əklillər qoyulacaq, Şuşadan çxarılmış abidələrə baxılacaq. Sonra iki sərgi açacağıq və saat 18-də Respublika sarayında təntənəli konsert olacaqdır. Biz Sizi oraya dəvət edirik. Orada konsertin birinci hissəsində Osipov adına orkestr Mariya teatrından olan solistlərlə çıxış edəcəkdir. Başqırdıstanın mədəniyyət naziri kiçik bir truppa gətirmişdir, onlar da iştirak edəcəklər. İkinci hissə də müxtəlif çıxışlardan ibarət olacaq - Perm baleti, Böyük Teatrın baleti.

Heydər Əliyev: O, bir dəfə özünə yubiley təşkil etdi, 5-6 saat çəkdi.

Mixail Şvıdkoy: Biz çalışacağıq ki, sabah hər şey ağlabatan çərçivədə, vaxt çərçivəsində olsun. Lakin ümidvarıq ki, konsert xoşunuza gələcəkdir. Biz çox istərdik ki, kino həftəsi də keçirək.

Heydər Əliyev: Çox gözəl.

Mixail Şvıdkoy: Mənə elə gəlir ki, respublikada baş verən real proseslər barədə informasiyanın ümumən azlığı çox duyulur və zənnimcə, bunu yazıçıların görüşü vasitəsilə aradan qaldırmaq mümkündür.

Heydər Əliyev: İnformasiya qıtlığı var və Rusiyanın kütləvi informasiya vasitələrində həddindən çox dezinformasiya verilir. Bu yaxınlarda mən Moskvada olarkən Andrey Karaulov məndən müsahibə almağı çox istəyirdi, mən bütün bunları ona açıqca dedim. Bundan əvvəl isə mənim "Mir" teleradio şirkəti, "Mayak" radiostansiyası və "Nezavisimaya qazeta" ilə birbaşa efir görüşüm oldu. Onlar mənə suallar verdilər, mən onları görür, suallarına cavab verirdim. Bunu onlara da dedim.

Mən bunu Vladimir Vladimiroviç Putinə də dedim. O da dedi ki, bizdə mətbuat azaddır. Amma hər gün Azərbaycan haqqında nə qədər böhtan xarakterli, uydurma məqalələr verilir. Bəzi Moskva qəzetləri, televiziya münasibətləri sadəcə olaraq mürəkkəbləşdirməyə çalışır. Onlar bundan ötrü Çeçenistan hadisələrindən, digər məsələlərdən istifadə edirlər. Buna görə də mən "Mayak" radiostansiyasına, Karaulova müsahibə verdim. Mənə dedilər ki, onu hələlik göstərməyiblər. Ümumiyyətlə, biz bunu hər iki tərəfdən aradan qaldırmalıyıq. Əlbəttə, burada incəsənət xadimləri böyük rol oynamalıdırlar.

Mixail Qusman: Heydər Əliyeviç, yaxşı ki, Siz bu məsələni qaldırırsınız. Azərbaycanın kütləvi informasiya vasitələri respublikada baş verən konkret hadisələr haqqında xəbərlər yaymaqda informasiya meydanında daha fəal və mübariz olmalıdır. Çünki qonşularımızla müqayisə etsək görərik ki, biz buna həmişə çox-çox ehtiyac duyuruq. Hətta yadımdadır, Siz də xatırlayırsınız, bir vaxtlar pambıqçılıq rayonlarına Sizin hər bir səfəriniz ümumittifaq informasiya meydanında hadisəyə çevrilirdi. Bu, hər şeylə yanaşı, konkret hadisə ətrafında çox düzgün təşkil edilmiş iş idi. Bax, bu, respublikada bütün sahələrdə - mədəniyyət sahəsində, sənayedə baş verən müsbət hadisələr ətrafında düzgün təşkil edilmiş iş çatışmır. Respublikanın təəssübünü çəkən bir informasiyaçı kimi mənim buna ehtiyacım var. Bax, bu yaxınlarda Siz Moskvada oldunuz, mən bunu hətta dostlarıma, köhnə yoldaşlarıma, həmkarlarıma, Azərbaycanın Moskvadakı səfirliyinin işçilərinə də dedim, səfirlikdə həmvətənlərinizlə çox mühüm, çox vacib görüşünüz oldu, mətbuat isə yox idi. Dünya informasiya agentliyinin rəhbərlərindən biri kimi mən bundan təsadüfən xəbər tutdum.

Heydər Əliyev: Bu mənim təqsirim deyildir, görüşü səfir təşkil etmişdi. Bu gün mən səfirin vəzifəsini icra edən şəxsə dedim və ondan xahiş etdim ki, - mənim nitqim sabah "Bakinski raboçi"də dərc olunacaq - (prezidentin köməkçisi Dilarə Seyidzadəyə müraciətlə: bizim televiziya şirkətinə deyin ki, qoy üzünü köçürsünlər) kassetləri də, "Bakinski raboçi" qəzetinin bir nüsxəsini də Xarici İşlər Nazirliyinə, Putinin katibliyinə göndərsinlər. Bundan əlavə, düşünürəm ki, icmalarımıza kassetlərdən də, qəzetdən də çoxlu göndərmək lazımdır. Çünki səfirlikdə görüşdə azərbaycanlıların 50 vilayətdəki icmalarının nümayəndələri var idi.

Mixail Qusman: Çox güclü qüvvədir.

Heydər Əliyev: Həqiqətən, görüş maraqlı oldu və məncə, çıxışım da maraqlı oldu. İstərdim ki, bunu təkcə azərbaycanlılar deyil, Rusiya ictimaiyyəti də bilsin. Yoxsa ki, bütün azərbaycanlıların bundan xəbər tutmağa imkanı yoxdur. Məsələn, Ulyanovskda 30 min azərbaycanlı var, görüşdə isə bir nəfər iştirak edirdi. O, bütün bunları necə çatdıra bilər? Əgər biz oraya, tutalım, hər bir vilayətə kasseti və qəzetin bir neçə nüsxəsini göndərsək, onlar toplaşar və kasseti özləri çoxaldar, hər bir kəsin evində televizor var. O ki, qaldı mətbuatın oraya dəvət edilməməsinə, mən buna çox təəssüflənirəm. Orada ancaq məni müşayiət edən mətbuat vardı.

Bəzən dezinformasiyanı bizim adamlar Moskva qəzetlərinə buradan verirlər. Yeri gəlmişkən, bəzi qəzetlərdə belə bir qayda və ya prinsip var, onlar burada öz xalqı, öz ölkəsi barədə çox mənfi ovqatlı adamlar axtarıb tapır, onları işə götürürlər. Onlar da yarınmaq üçün və ya pul qazanmaq üçün hər cür olan yalan informasiya verirlər. Bəzən mənə hansısa bir məqaləni gətirirlər, soruşuram ki, onu kim yazmışdır, deyirlər ki, o qədər də sağlam olmayan filan qız, filan oğlan. Ümumiyyətlə, bu, bizim bəlamızdır, nə edəsən.

Mixail Şvıdkoy: Mətbuat azadlığı bir də ondan ibarətdir ki, biz onu oxumaya da bilərik.

Heydər Əliyev: Təəssüf ki, mən oxuyuram.

Mixail Şvıdkoy: Heydər Əliyeviç, icazə verin, Sizə kiçik bir hədiyyə təqdim edim. Bu, nadir bir şeydir - tozağacı qabığından düzəldilmiş un qabıdır. Amma Siz o qədər xeyirxah işlər etmisiniz ki, onlar buraya yerləşməyəcəkdir. Bu nadir hədiyyəni xalq sənətkarları düzəltmişlər.

Oleq Belikov: Heydər Əliyeviç, buraya şənbə günü - mədəniyyət günlərinin bağlanışı günü gələcək Moskvanın nümayəndə heyəti adından biz Sizə, Bakıya Moskva nəşriyyatlarının kitablarından, Moskvanın tarixinə dair kitablardan ibarət sərgi gətirmişik. Hədiyyə olaraq Sizə kitab bağışlayırıq. Eynilə bu cür kitabı Axundov kitabxanasına da verəcəyik. Biz Sizi moskvalı hesab edirik - Siz orada çox işləmisiniz, öz izinizi qoymusunuz. Çox sağ olun.

"Azərbaycan" qəzeti, 27 iyun 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT