Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan televiziyası müxbirinin sualına cavabı - Səmərqənd, 22 oktyabr 1996-cı il


Səmərqənd zəngin tarixə, qədim mədəniyyətə, qədim memarlığa malik olan bir şəhərdır. Lakin mən sizə Səmərqəndin tarixindən danışmayacağam, təkcə onu demək istəyirəm ki, Səmərqənd diqqətimi həmişə cəlb etmiş və məndə buraya gəlmək arzusu oyatmışdır. Budur, dostum, Prezident İslam Kərimovun köməyi ilə arzum həyata keçmişdir və bu gün mən Səmərqəndə gəlmişəm. Burada gördüklərimin hamısı mənə çox böyük təsir bağışladı.

Əlbəttə, burada daha çox olmaq, daha çox şey görmək istərdim, lakin gördüklərim də birinci dəfə üçün kifayətdir. Əlbəttə, ən əvvəl "Qur-Əmir" məqbərəsini və Əmir Teymurun özünün və yaxın adamlarının sərdabəsini qeyd etmək istəyirəm. Mən bunların hamısına kitablardan bələdəm, təkcə ona görə yox ki, Əmir Teymurun tarixini oxumuşam, həm də ona görə ki, arxitektura tarixini öyrənmişəm. Mən bir vaxtlar institutun arxitektura fakültəsində oxuyarkən bununla məşğul olmuşam. Buna görə də "Qur-Əmir" məqbərəsinə kitablardan yaxşı bələdəm. Amma bu gün məqbərəni gördükdə o, mənə çox böyük təsir bağışladı. "Registan" kompleksi də çox böyük təsir bağışladı.

Ümumdünya əhəmiyyəti olan bu qədim memarlıq abidələrinin belə gözəl təmir və bərpa edilməsi, belə gözəl vəziyyətdə olması onu göstərir ki, Özbəkistan dövləti, Özbəkistan Pre­zidenti dostum İslam Kərimov tarixi dəyərlərə, keçmişə, özbək xalqının dahi adamlarından müasirlərə miras qalmış irsə necə böyük diqqət yetirirlər.

Əmir Teymurun abidəsi də mənə olduqca böyük təsir bağışladı. Bu, gözəl memarlıq və heykəltəraşlıq əsəridir. Zənnimcə, o, qəhrəmanın şəxsiyyətini çox yaxşı əks etdirir. Özbəkistanın tarixi ilə, Əmir Teymurun tarixi və fəaliyyəti ilə, onun nəsillərinin fəaliyyəti ilə bağlı olan nə varsa, hamısı burada, Səmərqənddə cəmlənmişdir.

Əlbəttə, bu qədim memarlıq abidələri ilə tanışlıqla yanaşı, Səmərqəndin müasir mehmanxanasında da olmaq mənim üçün xoş idi. Beynəlxalq standartlara cavab verən bu müasir mehmanxana onu göstərır ki, özbəklərin indiki nəsli öz əcdadlarının vəsiyyətlərinə çox ciddi əməl edir. Bugünkü nəslin nümayəndələri qurub-yaradırlar. Özbəkistanda həyata keçirilən bütün tədbirlər olduqca böyük təsir bağışlayır. Mən bu barədə dünən Daşkənddə dedim, orada gördüyümüz muzey heyrətamiz bir binadır. Teymurun əzəmətli muzeyi arxitektura əsəridir, sənət əsəridir. O heç də sadəcə bir qurğu deyildir. Bir baxın, necə klassik iş görülüb - istər qədim memarlığın, istərsə də müasir arxitekturanın necə gözəl elementləri var. Bu naxışlara, bu rəsmlərə baxdıqca heyran qalırsan! Bunlar mənə çox güclü təsir bağışladı.

Daşkəndə və Səmərqəndə səfərim bax, bu böyük təəssürat altında keçir. Nəzərə alsaq ki, Səmərqənd Prezidentin - dostum İslam Kərimovun vətənidir, bu, məndə daha böyük marağa səbəb olur. Bu yer tarixən görkəmli adamlar yetişdirmişdir. Zəmanəmizin görkəmli adamlarından biri də Prezident İs­lam Kərimovdur. Mən ona xüsusi hörmət və rəğbət hissləri bəsləyirəm.

"Teymurilər tarixi dövlət muzeyi ilə tanışlıqdan sonra fəxri qonaqlar kitabına yazılmış ürək sözləri:

"Böyük Əmir Teymurun muzeyi ilə dərin həyəcan və hörmət hissi ilə tanış oldum. Eksponatlar görkəmli dövlət xadimi, sərkərdə, özbək xalqının böyük oğlu Əmir Teymur haqqında dolğun, dinamik təsəvvür yaradır. Əmir Teymurun xidmətlərinə, qəhrəmanlıq irsinə qayğı və hörmətlə yanaşan, yüksək mənəviyyat və müdriklik nümayiş etdirən Özbəkistan xalqına dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti,

Heydər Əliyev

22 oktyabr 1996-cı il"

Tarixi arayış

MÜSAHİBƏLƏR