Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları Ticarət Palatası idarə heyətinin üzvləri ilə görüşdə söhbəti - Prezident sarayı, 3 iyul 2001-ci il


Heydər Əliyev: Sizi səmimi-qəlbdən salamlayıram.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr gündən-günə inkişaf edir. Onların da əsasını təşkil edən iqtisadi əlaqələrdir. Biz deyə bilərik ki, bu sahədə xeyli nailiyyətlər əldə olunubdur. Azərbaycanda artıq ABŞ-ın yüzdən çox şirkəti fəaliyyət göstərir. Bir neçə il bundan öncə Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Ticarət Palatası yaranıbdır. Səfir Ross Uilson məndən xahiş edibdir ki, Ticarət Palatasının nümayəndələrini qəbul edib onları dinləyim. Mən də sizi bundan ötrü dəvət etmişəm. Eyni zamanda burada Baş nazir, mənim iqtisadiyyat sahəsindəki köməkçilərim və bu məsələlərlə əlaqədar olan nazirlər iştirak edirlər. Mən sizi dinləməyə hazıram.

Ross Uilson(ABŞ-ın Azərbaycandakı səfiri): Çox sağ olun, cənab Prezident! İcazə verin, bu gün Amerika Ticarət Palatası İdarə Heyətinin üzvləri ilə görüşməyə razılıq verdiyiniz üçün Sizə təşəkkürümü bildirim.

Dünən biz Sizinlə çox səmərəli görüş keçirdik. Ümidvarıq ki, sabah Siz bizim Müstəqillik günümüzün bayram edilməsinə qatılacaqsınız. Bu gün də bizi qəbul edirsiniz. İcazə verin, Amerika – Azərbaycan dostluğuna xüsusi diqqət yetirdiyinizə görə Sizə təşəkkürümü bildirim.

Cənab Prezident, bildiyiniz kimi, ölkənizdə səfir olaraq fəaliyyətim zamanı mənim ən çox üstünlük verdiyim sahələrdən biri Sizinlə, hökumətinizlə və beynəlxalq maliyyə təsisatları ilə və biznes nümayəndələri ilə birgə çalışaraq, Azərbaycanda çiçəklənən cəmiyyət yaranmasına və iqtisadi quruculuğa yardım etmək, töhfə verməkdir.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaradılmış və keçən ay növbəti görüşünü keçirmiş birgə işçi qrupu – bu, iqtisadi əməkdaşlığa yardım göstərəcək işçi qrupudur – bizim məqsədlərimizi həyata keçirmək üçün mexanizmlərdən biridir. Biz Azərbaycana özünün iqtisadi strategiyasının həyata keçirilməsində və Beynəlxalq Valyuta Fondu ilə  danışıqların aparılmasında da kömək edirik. Bu baxımdan mən məmnuniyyətlə bildirmək istəyirəm ki, dünən Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Azərbaycana növbəti yardım proqramını təsdiq edib və bu da bizim onlarla apardığımız müzakirələrin nəticəsində olubdur. Azərbaycana bizim yardım proqramımızın əsas məqsədlərindən biri də burada özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi və müxtəlif sahələrin inkişaf etdiyi güclü bir iqtisadiyyat qurulmasına nail olmaqdır.

Bir az bundan öncə mən və sizin Xarici İşlər naziri Quliyev qarşılıqlı investisiya müqaviləsinin qüvvəyə minməsini təsdiq edən sənəd-protokol imzaladıq. Bildirmək istəyirəm ki, Amerika Ticarət Palatası çoxsaylı şirkətlərin və təşkilatların bir araya gəldiyi qurumdur. Bu palatada hətta Azərbaycan şirkətləri də təmsil olunublar. Onun əsas məqsədi ticarət və investisiya şəraitinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Amerika Ticarət Palatası ilə sizin hökumətinizin nazirləri, bir komitə sədri uzun aylardır ki, çoxlu səylər qoyaraq, birlikdə işləyərək investisiyaları, ticarəti daha da genişləndirmək üçün müəyyən yollar aşkar ediblər. Ümidvaram ki, bu işin səmərəliliyinə, sizə də faydalı olacağına inanacaqsınız. Bizə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun.

Kenni Hozi(ABŞ Ticarət Palatasının prezidenti): Cənab Prezident, icazə verin, Amerika Ticarət Palatası adından Palatanın prezidenti kimi, mən də vaxt tapıb bizi və idarə heyətinin üzvlərini qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirim. Bu fürsətdən istifadə edərək sizin Baş nazirinizə, nazirlərə, burada iştirak edən hökumət nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Yalnız ona görə yox ki, onlar məhz bu görüşə gəlib burada iştirak edirlər. Həm də ona görə ki, onlar ötən dövrdəki əməkdaşlığımız müddətində bizimlə əlaqələr saxlamaq, işçi qrupu yaradaraq bizimlə işləmək niyyətlərini ortaya qoyublar.

Cənab Prezident, biz Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik ki, Siz Azərbaycanda iqtisadi islahatlar prosesinin irəli aparılmasını daim diqqətinizdə saxlayırsınız, bunu dəstəkləyirsiniz və indi ikinci özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılıbdır. Hazırda Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında növbəti əməkdaşlıq proqramının həyata keçirilməsi planlaşdırılır. Bir də ona görə Sizə minnətdarıq ki, sizin nazirləriniz bizim Palata ilə işçi qrupu yaradaraq birgə əməkdaşlıq yolları müəyyənləşdiriblər. Çünki məhz Sizin rəhbərliyiniz, liderliyiniz və öz vətəniniz üçün uzaqgörənliyiniz olmasaydı, Azərbaycanda mümkün olan bu biznes imkanlarının həyata keçirilməsi baş tutmazdı.

İstərdik ki, bu görüşümüz zamanı üç şeyə nail ola bilək. Birincisi, istərdik ki, Amerika Ticarət Palatası barədə, onun məqsədləri, planları haqqında Sizə məlumat verək. İkincisi, sizin hökumətinizlə əməkdaşlıq etdiyimiz dövrdə əldə etdiyimiz bir sıra nailiyyətlər vardır ki, onları da diqqətinizə çatdırmaq istəyirik. Bir də müəyyən məsələlər vardır, istərdik ki, onlarla bağlı əlavə işlər görsünlər. Üçüncüsü, biz istərdik bəzi tövsiyələrlə çıxış edək. Hesab edirik, bu tövsiyələr vasitəsilə biz hökumətinizlə əməkdaşlığımızı daha da səmərəli apara bilərik.

İcazə verin, birinci məsələ ilə əlaqədar – Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti, məqsədləri, planları barədə danışmaq üçün sözü Deyv Çorçmana verim. O bizim Palatanın birinci vitse-prezidentidir.

Heydər Əliyev: Buyurun.

Deyv Çorçman: Sağ olun, cənab Prezident.

Cənab Baş nazir, hörmətli nazirlər. Mən çalışacağam ki, Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının məqsədləri, planları və arzuları barədə sizə qısaca məlumat verim. Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatası 1996-cı ildə qeyri-hökumət təşkilatı kimi yaradılmışdır. O, dünyada ən böyük biznes qrupu hesab edilən və mərkəzi Vaşinqtonda yerləşən ABŞ Ticarət Palatası tərəfindən yaradılıb və onun bir qolu kimi fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatası ABŞ-ın dünyanın 78 ölkəsindəki ticarət palatalarından biridir. Bizim palataların məqsədi dünyada Amerika biznesinin inkişafına kömək etməkdir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının 85 şirkətdən ibarət üzvləri vardır. Bu şirkətlər təkcə Amerika Birləşmiş Ştatlarının şirkətlərindən ibarət deyildir. Eyni zamanda Amerikanın maraqlarını təmin edən «BP», «Lüfthanza» şirkətləri, hətta «Maykrosoft» və «Helvud Pakkat» şirkətini təmsil edən «Azərbaycan elektronikası» şirkəti də daxildir. Amerika Ticarət Palatasının üzvləri 14 millətə məxsus olan şirkətlərdir. Onların arasında amerikalılar, azərbaycanlılar, avropalılar və asiyalılar da vardır.

Bizim Palatamızın üzvü olan şirkətlər təkcə Azərbaycanda 13 müxtəlif biznes sektorunda fəaliyyət göstərirlər. Onların Azərbaycana qoyduqları investisiya 3 milyard dollar məbləğindədir. Amerika Ticarət Palatası etik prinsiplərə uyğun biznes qaydalarının həyata keçirilməsinə, azad ticarət, azad bazar, özəl sektorun inkişaf etdirilməsi və informasiyanın heç bir məhdudiyyət qoyulmadan mübadiləsi prinsiplərinə sadiqdir. Amerika Ticarət Palatası ABŞ-ın biznes maraqlarının Azərbaycanda daha dərin kök atmasına çalışan bir qurumdur. Bizim Palatamız həmçinin Azərbaycana sərmayə qoymaq istəyən potensial investorlar üçün məlumat mənbəyi rolunu oynayır.

Bizim Ticarət Palatası həmçinin Amerika Birləşmiş Ştatlarının hökumətində təmsil olunmuş və ölkəmizin siyasətini müəyyənləşdirən insanlarla ölkəmizi təmsil edən və xaricdə fəaliyyət göstərən şirkətlər arasında əlaqə yaratmaq rolunu həyata keçirir. Bizim məqsədlərimiz, birincisi, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və biznesi təmsil edən icma üçün daha yaxşı şəraitin formalaşdırılmasından ötrü dəyişikliklər prosesini təşviq etmək, dəstəkləməkdir. İkincisi, Ticarət Palatasını bir təşkilat kimi gücləndirmək, bir də ki, Azərbaycanda olan Amerika Ticarət Palatasının regional əməkdaşlığın mərkəzinə çevrilməsinə nail olmaqdır.

Cənab Prezident, bizə bu imkanı yaratdığınıza görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Kenni Hozi: Cənab Prezident, icazənizlə, mən indi ikinci məsələyə keçmək istəyirəm. Bizim təşkilatın indiyə qədər əldə etdiyi müəyyən nailiyyətlərə toxunmaq və bir də sizin hökumətinizlə qurduğumuz, yaratdığımız işgüzar münasibətlər barədə məlumat vermək istəyirəm. Hesab edirik ki, məqsədlərimizə nail olmaq üçün sizin hökumət orqanları ilə mütləq sıx təmasda işləməliyik. Qeyd etmək istəyirəm ki, Amerika Ticarət Palatasının Azərbaycandakı sıx təmasları məhz Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıqdan başlayıbdır. Sizin Gömrük Komitəsinin sədri cənab Kəmaləddin Heydərov bizimlə çox açıq münasibət yaradaraq, Gömrük Komitəsi ilə Amerika Ticarət Palatası arasında işçi qrupunun yaradılması ideyasını dərhal dəstəkləmiş və beləliklə də bu birgə işçi qrupu fəaliyyətə başlamışdı. Cənab Heydərov bizim çox yüksək səviyyəli işçi qruplarımızdan birinin həm də həmsədridir. O bizim idarə heyətinin üzvlərindən biri – cənab Maykl Aşvortla bərabər həmsədrlik edir. Bu gün səhər onlar yenidən görüşərək bir sıra məsələləri müzakirə ediblər. Biz eyni zamanda Vergilər Nazirliyi ilə də çox sıx, işgüzar əməkdaşlıq münasibətləri yaratmışıq. Nazir cənab Fazil Məmmədov da bizə eyni açıq münasibət göstərmiş, bizimlə dialoqa girməyə hazır olduğunu bildirmiş və vergi ilə əlaqədar müəyyən məsələləri müzakirə etmək üçün işçi qruplarının formalaşdırılmasına xoş münasibət göstərmişdir. Sıx təmaslar qurduğumuz üçüncü struktur Əmlak Nazirliyi idi ki, indi artıq həmin nazirlik İqtisadi İnkişaf Nazirliyinin bir hissəsinə çevrilibdir. İqtisadi İnkişaf Nazirliyi ilə də cənab nazir Fərhad Əliyevin həmsədrlik etdiyi işçi qrupumuz vardır və biz ikinci özəlləşdirmə proqramının həyata keçirilməsində yaxından iştirak etmək üçün bu işçi qrupu çərçivəsində onlarla əməkdaşlıq edirik. Keçən il biz sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də dialoq yaratmağa nail olduq və əmək qanunvericiliyi, Əmək Məcəlləsi barədə müzakirələr aparmaq üçün onlarla birlikdə işçi qrupu yaratdıq. Əmək qanunvericiliyinə bizim irəli sürdüyümüz tövsiyələrin əksəriyyəti qəbul edilərək yeni qanunvericilikdə əks olunmuşdur. Biz indi kənd təsərrüfatı və maliyyə nazirlikləri ilə müvafiq işçi qrupları yaratmaq mərhələsindəyik. Hazırlıq işləri gedir və hər iki qrupun rəhbərləri də eyni qaydada bizə dəstək veriblər. Çox arzu edərdik ki, belə formalaşmış işçi qruplarını və əməkdaşlıq əlaqələrini digər nazirliklərə də şamil edək. Bir təşkilat kimi, biz altında heç bir imza qoymasaq da, qeyri-rəsmi olaraq «ağ kağız» adlandırdığımız bir sənəd hazırlamışıq. Bu sənəd xarici şirkətlərin qarşılaşdığı problemlərin cavabını vermək, müəyyən tədbirlər görmək üçün tövsiyələrdən ibarətdir. Həmin sənəddən iki məsələni ayırmaq istəyirik. İstəyirik ki, qarşıdakı illərdə sizin hökumətinizlə o sahədə sıx əməkdaşlıq edək. Hesab edirik ki, onlardan birincisi, mövcud bürokratik şərait Azərbaycana əlavə xarici investisiyaların cəlb edilməsinə mane olur. Bizim Palatanın üzvü olan şirkətlərin qarşılaşdıqları problemlər barədə bəzi nümunələri demək istəyirəm. Məsələn, hamımız yaxşı bilirik ki, əgər bir ABŞ şirkəti axtarmaq istəyirsinizsə, «Makdonalds»dan yaxşı Amerika şirkəti tapa bilməyəcəksiniz. Biz çox məmnunuq ki, «Makdonalds» şirkəti Azərbaycana gəlib və burada bir restoran da işlədir. Lakin bu şirkət Bakıdakı fəaliyyətini daha da genişləndirmək istəyir. Onlara razılıq, lisenziya verilməsi şəhərin icra hakimiyyəti tərəfindən həyata keçirilməlidir. Ona görə də onlar bu məsələdə bir sıra çətinliklərlə qarşılaşıblar. Əgər «Makdonalds» şirkəti bu problemləri həll edərsə, Azərbaycana əlavə 5 milyon dollar məbləğində investisiya qoymaq niyyətindədir. Bürokratik maneələrdən əziyyət çəkən və Palatamızın üzvü olan ikinci şirkət «Bayholdinq» şirkətidir.

Heydər Əliyev: «Bayholdinq» Türkiyə şirkətidir. Bayraqdardır da…

Kenni Hozi: Bəli. Bu, Türkiyə şirkətidir. Lakin bizim Palatanın üzvü olan şirkətlərdən biridir. Orada ABŞ-ın da marağı vardır. Onlar da 3-4 layihə ilə çıxış ediblər. Burada biznes mərkəzləri, otellər tikmək istəyirlər. Amma bürokratik maneələrlə – lisenziya, icazə verilmə problemləri ilə qarşılaşıblar. Digər bir şirkət isə sırf ABŞ şirkətidir – ABŞ Gəmiçilik Bürosudur. Bilirəm ki, Amerikanın Gəmiçilik Bürosu da bir sıra çətinliklərlə qarşılaşıbdır, bu da müvafiq lisenziyaların, icazələrin alınması ilə bağlıdır. ABŞ-ın Gəmiçilik Bürosu Amerikanın neft sənayesi, neft şirkətləri üçün çox əhəmiyyətlidir. Ona görə ki, onlar həmin şirkətlərin fəaliyyətinin reallaşması üçün müvafiq standartlara cavab verən dəstəkverici, sertifikatverici bir qurumdur.

Palatamızın bir sıra başqa üzvləri də vardır ki, onlar Azərbaycanın telekommunikasiya sənayesinə investisiya qoymaq arzularını ifadə ediblər, maraqlarını bildiriblər. Şübhəsiz, telekommunikasiya sahəsi bizim hamımız üçün ona görə əhəmiyyətlidir ki, biz dünya ilə kommunikasiyamızın həyata keçirilməsini yaxşı təmin edə bilərik. Amma telekommunikasiya sahəsinə maraq göstərən şirkətlərimiz də lisenziya alınması, onlara müəyyən sənədlərin, icazələrin verilməsi baxımından bürokratik əngəllərlə qarşılaşıblar ki, bu da Azərbaycana əlavə 30-40 milyon dollar investisiyanın gəlməsinin qarşısını alıbdır.

Heydər Əliyev: O şirkətin adı nədir? Onu yazın...

Kenni Hozi: Cənab Prezident, şirkət xahiş edibdir ki, ümumi iclasda onların adını çəkməyək. Sonra çətinlikləri olur. Onun adını təklikdə Sizə məmnuniyyətlə deyərik.

Heydər Əliyev: Mən ona görə demirəm. Mən Çikaqoda olanda göstəriş vermişdim ki, «Motorolla»ya «yaşıl işıq» yandırılsın. İndi başqa şirkət haqqında danışırsınız, onu da gizlədirsiniz. «Motorolla»nı mən tanıyıram.

Kenni Hozi: Cənab Prezident, təəssüf ki, Sizdə olan bilik və məlumat bizdə yoxdur. Mən istərdim ki, sərmayələrin artırılmasına, əlavə investisiyaların cəlb olunmasına maneçilik törədən növbəti bir sahəyə toxunum. Bu maneçilik də əsasən maraqların toqquşmasından, başqa sözlə desək, dövlət orqanlarının həm tənzimləmə funksiyasını yerinə yetirməsindən, həm də kommersiya fəaliyyətini həyata keçirən qurumlar kimi çıxış etməsindən irəli gəlir. Biz istərdik ki, hökumət inhisarının aradan qaldırılması yolu ilə investisiyalar üçün və rəqabət üçün daha əlverişli şəraitin yaradılması mümkün olsun. İcazənizlə, bir neçə misal gətirim. Məsələn, «Azərbaycan Hava Yolları». «Azərbaycan Hava Yolları» ilə əlaqədar bizim qaldırdığımız məsələnin məğzi ondan ibarətdir ki, bu təşkilat, bir tərəfdən, həm qanunu həyata keçirən, onu icra edən orqan kimi çıxış edir, digər tərəfdən isə bu, kommersiya fəaliyyəti ilə məşğul olan şirkət kimi çıxış edir. Bu mənafelərin toqquşması Azərbaycanda üç müxtəlif xarici investor tərəfindən təklif edilən regional hava yollarının qurulmasına mane olubdur. Başqa bir misalım isə vətənim olan Ştata daha yaxın olan bir problemdir. Mənim fəaliyyət göstərdiyim sahəyə yaxın olan bir məsələdir. Bu da auditorluq məsələsidir. Azərbaycandakı Auditorlar Palatası da, bir tərəfdən, tənzimləmə funksiyasını, dövlət siyasətini həyata keçirən qurum, habelə auditorların fəaliyyətini tənzimləyən, onlara hüquqi icazə verən qurum kimi çıxış edirsə, başqa bir tərəfdən isə, eyni zamanda kommersiya fəaliyyəti ilə məşğul olan bir qurumdur. Şübhə yoxdur ki, auditorluq kimi bir sahədə dövlət qurumunun olması çox vacib bir məsələdir. Ancaq bu tənzimləyici, dövlət siyasətini həyata keçirən qurum kommersiya fəaliyyəti ilə məşğul olan qurumdan ayrı olmalıdır.

İki başqa sənaye sahəsini də mən göstərmək istəyirəm. O sahələrdə də, hesab edirəm ki, mənafelərin toqquşması meydana gəlir. Bir sıra şirkətlərimiz vardır ki, onlar Azərbaycanda kənd təsərrüfatı sahəsində olan imkanlardan faydalanmaq istəyirlər. Bir də telekommunikasiya sahəsinə investisiya qoymaq istəyən şirkətlərimiz vardır. Təəssüf ki, onlar da bu imkanlardan faydalana bilmirlər. Xarici şirkətlər qrupunu təmsil edən şəxs kimi, mən Sizə onu da bildirmək istəyirəm ki, problemi göstərmək çox asan məsələdir. Bizim təşkilatımız isə işini təkcə mövcud problemləri və çətinlikləri göstərməklə məhdudlaşdırmayıb, eyni zamanda o problemlərin həlli yollarını də tövsiyə etmək mövqeyindən çıxış edir. Cənab Çorçmanın öz çıxışında dediyi kimi, bizim buradakı ən başlıca məqsədlərimizdən biri Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və yaxşılaşdırılmasına nail olmaqdır. Ona görə mən istərdim ki, indi sözü Daniel Metyusa verim. Daniel Metyus bizim idarə heyətinin üzvlərindən biridir. O, gələcəkdə hökumət ilə əməkdaşlığımızın yolları barədə öz fikirlərini sizinlə bölüşmək istəyir.

Daniel Metyus: Cənab Prezident, mən də öz növbəmdə Sizə təşəkkürümü bildirirəm. Siz bizə şərait yaratmısınız ki, Azərbaycanda iş görərkən qarşılaşdığımız çətinliklər barədə Sizinlə söhbət aparaq. Biz bunu xüsusilə qiymətləndiririk ki, Siz elə imkan yaratmısınız ki, bizi maraqlandıran məsələləri məhz bilavasitə Sizin özünüzə də çatdırmaq imkanımız var. Məndən əvvəl çıxış edən həmkarlarım da bildirdilər ki, qarşılaşdığımız və sənəddə qeyd etdiyimiz problemlər əsasən iki kateqoriyaya aiddir. Təkrar da olsa, bir daha demək istərdim ki, birinci kateqoriyaya aid problemlərin kökü, məğzi ondan ibarətdir ki, dövlətin şirkətləri və qurumları tənzimləyici kimi çıxış etməklə bərabər, eyni zamanda özəl sektorda eyni sahədə çalışan şirkətlər kimi fəaliyyət göstərirlər. Biz hesab edirik ki, bu tamamilə ədalətsizdir və rəqabətin əleyhinə yönəlmiş bir siyasətdir. Şübhəsiz, başa düşürük ki, biz bu gün Sizinlə görüşə gəlməklə, bütün problemləri sadalamaqla möcüzə baş verməyəcəkdir, bir gündə bütün problemlərin həllinə nail olmayacağıq. Biz bunu anlayırıq. Anlayırıq ki, bunlar özlüyündə çətin problemlərdir. Ona görə də bir daha bildirirəm ki, bu problemləri, çətinlikləri göstərməklə bərabər, biz həmçinin bildiririk ki, hökumətinizlə sıx təmasda işləyərək bu problemlərin aradan qaldırılmasına nail olmağa hazırıq.

Hesab edirik ki, Azərbaycan hökuməti, xarici biznes icması və yerli biznes icması arasında daha sıx əməkdaşlıq olarsa, o zaman Azərbaycanda qeyri-neft sektoruna çox böyük investisiya gətirmək mükündür. Ona görə də biz sizin hökumətinizlə dörd sahədə əməkdaşlıq etməyi təklif edirik. Birincisi, dövlət orqanlarının, qurumların ədalətsiz rəqabət apardığı və ədalətli rəqabətə maneçilik yaratdıqları sahələri müəyyənləşdirməkdir. İkincisi, biz hökumətinizlə birgə çalışaraq, yerli bazarda rəqabətə maneələrin aradan qaldırılması üsullarını və vasitələrini də müəyyənləşdirmək istəyirik. Biz həmçinin xüsusi, spesifik problemlərlə də bağlı fikir mübadiləsi aparmaq istəyirik. Bu dövlət orqanlarının və yaxud dövlət qulluqçularının Azərbaycanın qanunvericiliyinə və özlərinin xüsüsi qaydalarına riayət etmədiyi hallardır ki, onları müəyyənləşdirib aradan qaldırılmasına nail olaq. Sonuncusu, biz bu qəbildən olan problemlərin aradan qaldırılması üçün sadə və səmərəli mexanizmin yollarının tapılmasına çalışmaq istəyirik. Bizdə olan məlumata görə, burda xarici şirkətlərin məsləhət şurasının yaradılması barədə təklif irəli sürülmüşdür. Əgər bu şura xarici investorlara yardım etmək üçün kifayət qədər səlahiyyətlərə malik olacaqsa, biz həmin şurada məmnuniyyətlə iştirak etmək istərdik.

Siz burada Amerika Ticarət Palatası İdarə Heyətinin üzvlərini qəbul edirsiniz, bizimlə görüşürsünüz. Bizim Palatanın bütün üzvləri Azərbaycana məhz burada çox böyük potensial olduğuna görə gəliblər. Müəyyən mənada risk edərək Azərbaycana investisiya qoymaqla ölkənizə bir daha sadiqliyimizi nümayiş etdiririk. Cənab Prezident, təəssüf ki, bizim də sadiqliyimizin bir həddi, limiti vardır. Bildiyimiz kimi, bu gün Azərbaycanla ABŞ arasında sərmayə qoyuluşu barədə müqaviləni təsdiqləyən sənəd imzalanıbdır. Biz bu müqaviləni dəstəkləyirik və alqışlayırıq. Hesab edirik ki, bu, düzgün istiqamətə yönəlmiş növbəti bir addımdır. Lakin hesab edirik ki, hökumət orqanlarını idarə etmək məsuliyyəti daşıyan insanların özlərinin təşviq etdikləri, qoruduqları biznes maraqları olduğu təqdirdə dünyada ən yaxşı investisiya sazişi belə olduqda az fayda gətirəcəkdir. Sizin hökumətinizlə birgə çalışaraq istəyirik ki, bizim buraya qoyduğumuz sərmayələrin gəlir verməsini təmin edək və eyni zamanda Azərbaycana xarici investisiyaların gəlməsinə nail ola bilək. Cənab Prezident, Sizinlə birbaşa belə təmas yaradıb öz çətinliklərimiz barədə danışmaq imkanı yaratdığınıza görə Sizə təşəkkür edirəm. Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının bütün üzvləri adından bir daha Sizə minnətdarlıq edir və vaxt tapıb bizi dinlədiyinizə, problemlərimizi eşitdiyinizə görə təşəkkürümü bildirirəm. Sağ olun.

Heydər Əliyev: Sağ olun.

Kenni Hozi: Cənab Prezident, bir təşkilat kimi, bizi dinləmək üçün bu qədər vaxt ayırmağınızı olduqca yüksək qiymətləndirirəm. Çünki Sizin dəstəyiniz olmadan biz təşkilatımızın qarşısındakı məqsədlərə nail ola bilmərik. Amerika Ticarət Palatası ilə sıx təmaslar yaratmış, birgə işləyən dövlət orqanlarına və nazirliklərinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz hökumət qurumları ilə yaratdığımız bu yaxşı əlaqələri davam etdirmək və daha da genişləndirmək istəyirik ki, Azərbaycana çoxlu miqdarda əlavə xarici investisiyaların gəlməsinə nail ola bilək. Bir təşkilat kimi biz Azərbaycanda biznes şəraitinin, mühitinin bundan sonra da yaxşılaşdırılmasına səylər göstərəcək və yerli bazara əlavə xarici sərmayələrin cəlb olunmasına yardımçı olmaqda davam edəcəyik. İcazə verin, bu görüşdən xatirə olaraq və minnətdarlığımızın ifadəsi kimi, Amerika Ticarət Palatası adından Sizə bu kiçik hədiyyəni təqdim edim. Bayaq dediyim kimi, Sizin dəstəyiniz olmasaydı, biz hətta belə bir təşkilat kimi də burada fəaliyyət göstərə bilməzdik. Burada ingilis dilində yazılıbdır ki, «Biz tərəqqi üçün tərəfdaşıq». Biz onu nəzərdə tuturuq ki, Amerika Ticarət Palatası həqiqətən Sizi və hökumətinizi özünə əsl tərəfdaş hesab edir. Bizə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik. Sağ olun.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Bizim tərəfdən danışmaq istəyən var, yoxsa yoxdur? Mən çox məmnuniyyətlə sizi dinlədim. Birincisi, sizin burada verdiyiniz məlumatlar Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatası haqqında biliyimi, təəssüratımı çox genişləndirdi. Düşünürəm ki, bu görüş sizə nə qədər lazımdırsa, mənə də o qədər lazımdır. Sizin burada mənə verdiyiniz məlumatlara görə və problemlər haqqında açıq danışdığınıza görə təşəkkür edirəm.

Mən sizi dinləyərək, danışıqlarınızı iki hissəyə bölürəm. Birinci hissə ondan ibarətdir ki, siz bizim nazirliklərlə yaxşı, sıx əlaqələr qurmusunuz, işçi qrupları yaratmısınız, işləyirsiniz və onlardan razılığınızı bildirdiniz. Bu məni sevindirir. Güman edirəm ki, nazirlər, Nazirlər Kabineti bu müsbət nailiyyətləri qoruyub saxlayacaqlar və eyni zamanda bizim ümumi işimizə, o cümlədən Amerika Ticarət Palatasının Azərbaycanda fəaliyyət göstərməsinə mane olan faktları da aradan qaldırmağa çalışacaqlar. Amerika Ticarət Palatasının 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərməsinin və indi burada bəyan etdiyiniz nəticələrin sizin üçün iki cəhətdən əhəmiyyəti vardır. Bir tərəfdən siz burada fəaliyyət göstərərək Azərbaycana müəyyən miqdarda investisiya gətirirsiniz, ikinci tərəfdən isə, Azərbaycanda bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat prinsiplərinin tətbiq olunmasına yardım edirsiniz.

Bunların ikisi də Azərbaycan üçün vacibdir. Çünki biz istəyirik Azərbaycana xarici investisiya ardıcıl surətdə daha da çox gəlsin, xüsusən də Amerika Birləşmiş Ştatlarından. İkincisi, ona görə vacibdir ki, indi bu keçid dövrünü yaşayarkən, Azərbaycanda iqtisadi islahatları həyata keçirərkən, bazar iqtisadiyyatını tətbiq edərkən insanları sərbəst bazar iqtisadiyyatı, sahibkarlıq prinsiplərinə öyrətmək sahəsində sizin təcrübəniz, təbiidir ki, bizim üçün çox vacibdir. Çünki bu bizim üçün yeni bir şeydir. Azərbaycanda, keçmiş Sovetlər İttifaqına mənsub olan, indi müstəqillik əldə etmiş digər ölkələrdə bu problemlər eynidir və ondan ibarətdir ki, insanlar 70 il bir sistem, yəni sosialist iqtisadi sistemi prinsipləri əsasında yaşadıqları halda, qısa bir müddətdə o keçmiş təcrübədən, keçmiş vərdişlərdən çətin ayrılırlar. Bazar iqtisadiyyatı və təkcə özlüyündə bazar iqtisadiyyatı yox, onun təşkil olunması, xarici şirkətlərlə əlaqələrin qurulması – bunların hamısı yenidir və bunu da təbiidir ki, bir gündə, bir ayda, bir ildə etmək olmaz. Amma siz burada fəaliyyətiniz zamanı görürsünüz ki, Azərbaycanda bu sahədə də ardıcıl surətdə irəliləyiş təmin olunur.

Siz bəzi təşkilatlarda olan bürokratik əngəllər haqqında danışdınız. Bu həqiqətdir. Ümümiyyətlə, bürokratik əngəllər hər bir dövlət orqanında, az da olsa, çox da olsa, hər bir ölkədə vardır. Ancaq bizim ölkədə, keçmişdən bu bürokratik əngəllər sistemində yaşamış ölkədə, əlbəttə ki, bundan dərhal xilas olmaq mümkün deyildir. Amma biz bundan xilas olmalıyıq. Bu o demək deyildir ki, biz bundan tamam xilas olacağıq. Elə Amerikanın özündə də bürokratik əngəllər vardır. Bunu açıq demək istəmirəm. Siz mənə gizli sözünüzü deyəndə, mən də bunu gizli olaraq sizə deyərəm. Amerikada mənim özümün rastlaşdığım bürokratik əngəl olubdur. Ancaq bizim siyasətimiz bundan ibarətdir ki, bu bürokratik əngəlləri aradan götürək və bu barədə sizin həm təcrübəniz, həm də əməkdaşlığınız, hesab edirəm ki, bizim üçün çox əhəmiyyətli olacaqdır. Mən bir də qeyd edirəm, investisiyanın Azərbaycana gəlməsi bizim üçün çox vacibdir. Neft və qaz sektoruna çox investisiya gəlibdir, o cümlədən Amerika Birləşmiş Ştatlarından, baxmayaraq ki, sizin ölkə bu sahədə birinci yerdə deyildir. Burda Böyük Britaniya birinci yerdədir. Siz burada birinciliyi əldən vermisiniz. Artıq bizim imzaladığımız müqavilələr onu göstərir ki, bu investisiya ardıcıl surətdə gələcəkdir. O cümlədən Amerika Birləşmiş Ştatlarından da. Ancaq indi bizim məqsədimiz başqa sektorlara investisiyanın gəlməsini təmin etməkdir. Mənə verilən məlumata görə, bu son 5-6 ildə Amerika Birləşmiş Ştatlarından Azərbaycana, qeyri-neft sektoruna gələn investisiya cəmisi 275 milyon dollar təşkil edir. Mən sübut etmək istəmirəm ki, bu çox azdır. Amerika kimi böyük iqtisadiyyata malik olan ölkəyə bu yaraşmır. Bəli, mənə belə rəqəmlər veriblər. Sığorta təşkilatıdır, başqa nə bilim, auditor təşkilatıdır… Mən sizinlə açıq söhbət aparıram. Bunlar təbiidir, lazımdır. Amma bunlar Azərbaycana investisiya gətirmir. Əksinə, Azərbaycanda fəaliyyət göstərib pul qazanır.

Hər şeyi açıq danışmaq lazımdır. Ona görə də mən ümidvar olduğumu bildirmək istəyirəm ki, siz də bu barədə özünüz üçün nəticə çıxaracaqsınız. Nəzərə alaraq ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik və xarici investisiyaların gəlməsi və istifadə edilməsi sahəsində əldə olunan təcrübə onu göstərir ki, buraya investisiya gətirən adam həmişə xeyir götürəcəkdir. Bu barədə sizin bəzi şikayətləriniz var. Deyirsiniz ki, bəzi şirkətlər gəlib burada öz işlərini görməyə nail ola bilmirlər. Mən sizinlə açıq danışmaq istəyirəm. Təbiidir ki, Azərbaycanın təşkilatlarının da bunda günahı var. O şirkətlərin də günahı vardır. Məsələn, siz burada «Makdonalds» şirkətinin adını çəkdiniz. Təbiidir, dünyada çox yayılmış, çox hörmətli bir şirkətdir. Şəhərin mərkəzində bir restoran düzəldiblər və bizim insanlar da o pitsaya öyrəniblər, çox xoşlarına gəlir. Onlar burada öz fəaliyyətlərini genişləndirmək istəyirdilər. Amma burada onlar düz yolla getmirlər. Elə təkcə onlar deyil, bəzi başqa şirkətlər də. Gəlib burada ayrı-ayrı adamlarla əlaqəyə girirlər. O adamlar da gedib bizim başqa dövlət orqanları ilə xoşa gəlməyən əlaqəyə girirlər və iş qurmaq istəyirlər. Azərbaycana «arxa qapı»dan girmək lazım deyildir. «Makdonals» haqqında deyirəm. Birinci restoranı yaradıblar. Bir gün mən yaşadığım yerdən işə gəlirəm, bir də görürəm ki, bizim orada Respublika stadionunun qarşısında «Qələbə» meydanı var, onun yarısını hasara alıblar. Bu meydandır, özü də bizim «Qələbə» meydanımızdır. Orada da həddindən çox avtomobillər və sair gəlib durur. Onun yarısını götürüblər və orada tikinti aparmağa başlayıblar. Bu məni narahat etdi. Orada mən avtomobili saxlayıb baxdım. Mənim ətrafıma 500–600 nəfər adam toplaşdı. Şikayət etdilər ki, bu meydanı dağıdırlar. Buna görə də mən narahat oldum. İşə gələn kimi göstəriş verdim ki, bunu araşdırsınlar. Şəhər icra hakimiyyətinin başçısına telefon etdim. Soruşdum ki, bu nə məsələdir. O dedi ki, mənim xəbərim yoxdur. Dedim ki, necə yəni sənin xəbərin yoxdur ki, şəhərdə bu böyüklükdə ərazini götürüblər. Mənim mühafizəmin rəisi var – general Axundov. Onu göndərdim oraya, dedim ki, get araşdır, gör nə məsələdir. Üstündən bir saat keçmişdi. Gedib görüb ki, orada vurulan bütün dirəkləri və sairəni, hamısını çıxarıb qaçıblar. Amma gedib o təşkilatdan Bakı Şəhər İcra Hakimiyyətinin qərarını götürüblər, icra hakimiyyəti buna razılıq veribdir. Mən onu çağırdım, dedim ki, bu sənin imzandır, niyə sən buna razılıq vermisən? O çox pis vəziyyətə düşdü. Amma işin əsası bunda deyildi. «Makdonalds» burada bir nəfər yerli biznesmenlə əlaqəyə girib. Yenə də deyirəm, əsas qapıdan girmək əvəzinə, «dal qapı»dan girib. O gedib həmin bu yeri alıbdır ki, onlar bu işi bir yerdə görəcəklər. Mən dedim ki, o biznesmeni tapın. O, Moskvaya qaçdı. Qorxurdu ki, mən onu həbs etdirəcəyəm. Bir neçə vaxtdan sonra gördü ki, vəziyyət sakitləşdi, gəlib deyibdir ki, gedib Bakı İcra Hakimiyyətinin başçısından xahiş etdim, o mənə icazə verdi və dedi ki, prezidentin yolu buradan keçir. Ola bilər ki, bunu görsün. Sən get, işə başla, əgər görməsə, tikərsiniz. Görsə, onda özünüz bilin. O, indiyə qədər də Moskvadadır. Qorxur, Bakıya gələ bilmir.

Yaxşı olar ki, «Makdonalds» kimi böyük bir şirkət gəlib burada müvafiq dövlət orqanları ilə əlaqəyə girsin. Burada investisiya üzrə agentlik vardı, ora ilə əlaqəyə girərdilər. Yaxud da ki, özləri birbaşa gedib şəhərin icra hakimiyyəti ilə əlaqəyə girsinlər. Danışsınlar, bunu sağlam əsasda qursunlar. Niyə bunu ayrı-ayrı fırıldaqçılarla edirlər? Düzdür, deyirlər ki, keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrdə yaranan yeni sahibkarların bir qismi fırıldaqla biznes qururlar. Bizdə də belələri var. Elə adamlarla əlaqəyə girməsinlər. Mən böyük islahat keçirdim. İqtisadiyyat Nazirliyini, Dövlət Əmlak Nazirliyini, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsini, Xarici İnvestisiya Agentliyini – dörd respublika təşkilatını birləşdirərək İqtisadi İnkişaf Nazirliyi yaratdım. Bu bizim struktur dəyişikliklərimizin bir hissəsidir.

Mən bunu nə üçün etdim? Çünki təkcə Amerika şirkətindən yox, yerli adam da bir iş görmək üçün gərək İqtisadiyyat Nazirliyinə, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə, bundan sonra Əmlak Nazirliyinə, Ticarət Nazirliyinə, daha sonra Ədliyyə Nazirliyinə gedəydi. Mən bunların hamısını ləğv etdim. Bir nazirlik yaratdım ki, bizim sahibkarlar bu əngəllərdən canlarını qurtarsınlar. Bilsinlər ki, bir nazirlik var. Nazirliyin tərkibində həm İnvestisiya Departamenti, həm də Özəlləşdirmə Departamenti vardır. Oraya-buraya getmək lazım deyildir. İnvestisiya qoymaq istəyən bu nazirliyə getsin. Gedib küçədə vasitəçi axtarmasın, ayrı-ayrı adamlara rüşvət verməsin. Burada ona investisiya qoymağın yolunu göstərəcəklər. Mən istərdim ki, indi investisiyanın böyük bir hissəsi Azərbaycanda özəlləşdirmənin ikinci proqramın həyata keçirilməsinə yönəldilsin. Siz burada «Bayholdinq» haqqında dediniz. Hələ 5-6 il bundan qabaq onun prezidenti Hüseyn Bayraqdar mənim yanıma gəlmişdi. Orada vasitəçi-zad yox idi, fırıldaqçı da yox idi. Mənə dedi ki, burda, şəhərin ən yaxşı yerində bir neçə ev tikmək istəyir. Türkiyənin prezidenti Süleyman Dəmirəl də bu barədə mənə məktub yazmışdı. Göstəriş verdim, evlər də tikildi. İndi o evlərin çoxu da xarici vətəndaşlara icarəyə verilibdir. Sonra o burada bank yaratdı. Mən bankın açılışında iştirak etdim. Prezident Süleyman Dəmirəl buraya gələndə birlikdə getdik, həmin o evlərin açılışında iştirak etdik. Bu, düzgün yoldur. Amma indi bilirsiniz ki, Hüseyn Bayraqdarı Türkiyədə həbs ediblər. İndi o həbsxanadadır. Bilmirəm, nədən ötrü onu tutublar, amma həbsxanadadır. Bu da belə.

Sonra «Amerika Kaspian», Gəmiçilik məsələsi … Bu məsələni siz çoxdan qaldırırsınız. Mən dünən səfirlə görüşəndən sonra həm Baş nazirə, həm də köməkçim Əli Əsədova bir də göstəriş vermişəm ki, bu məsələyə baxsınlar. Siz burada bir məsələ qaldırdınız ki, tənzimləmə təşkilatları və kommersiya təşkilatları bir yerdə ola bilməz. Bu, prinsip etibarilə doğrudur. Bizim tutduğumuz iqtisadiyyat yolu bunu tələb edir və bunu ardıcıl surətdə həyata keçiririk. Amma konkret olaraq bu təşkilatlar haqqında deyirsiniz. Onun səbəbi nədir, nə cürədir, mən bu barədə bir şey deyə bilmərəm. Mən Baş nazirə və köməkçilərimə tapşırıram ki, onlar bu məsələyə baxsınlar. Auditor məsələsini də deyirsiniz. Burada Auditor Palatası vardır. O, tamam müstəqildir. Onu bizim parlament yaradıbdır. Amma deyirlər ki, heç kimə tabe deyildir. Nə istəyirsə, onu da edir. Bilmirəm nə edir. Amma yenə də xarici şirkətlər gəlib Azərbaycanda o qədər də yaxşı ad çıxarmayan bəzi adamlarla birləşib auditor təşkilatları yaradırlar. Bunlar nə qədərdir, heç özüm də bilmirəm. Deyirlər çoxdur, o cümlədən də sığorta təşkilatları. Olduqca çoxdur. Mənim məsləhətim nədən ibarətdir? Yenə də sizə, təkcə sizə yox, Azərbaycanda iş görmək istəyən bütün xarici vətəndaşlara deyirəm ki, hökumət orqanları ilə əlaqə saxlayın, məsləhətləşin. Bir çox hallarda dediyim təşkilatlar Azərbaycanda mənfi ad çıxarmış adamlarla yaradılır. Bizim orqanlar belə adamlara müsbət münasibət göstərə bilməzlər. Amerikanın hansısa bir şirkəti gəlib burada çox pis ad çıxarmış adamla bir iş görürsə, onda bizim cəmiyyətimiz də bunu başa düşməz ki, nə üçün belə adamla iş görür? Mən yenə də ünvanı deyirəm: İqtisadi İnkişaf Nazirliyi, bütün bu məsələlərdə onlarla əlaqə saxlayın, onlara müraciət edin. Çünki məsələlərin həll olunmasının çoxu onlardan keçir. Onda belə nöqsanların aradan qaldırılması, təbiidir ki, mümkün olacaqdır.

Mən sizinlə söhbətə başlayanda dedim ki, burada sizin fəaliyyətinizi müsbət qiymətləndirirəm. Mən bunun əhəmiyyətini bir də onda görürəm ki, Azərbaycanda bazar iqtisadiyyatı ilə, sərbəst iqtisadiyyatla əlaqədar olan təşkilatların yaranmasına yardım etməlisiniz. Təbiidir ki, Azərbaycana gələn şirkət, yaxud investisiya qoyan, yaxud da ki, sığorta təşkitalı yaradan, auditor təşkilatı təşkil edən buradan mənfəət götürmək istəyir. Əgər mənfəət götürə bilməsə, nəyə gəlir? Burda işləyib mənfəət götürmək üçün ümid var. Niyə Ermənistana getmirsiniz? Çünki orada bir şey yoxdur. Heç bir iş görə bilməyəcəksiniz. Haraya investisiya qoyacaqsınız? Amma Azərbaycanda imkanlar böyükdür. Bizim də vəzifəmiz bundan ibarətdir ki, investisiyanı cəlb edək, investorların burda mənfəət götürməsini təmin edək. Amma bizim üçün ikinci vacib şərt ondan ibarətdir ki, yerli insanlar sizin təcrübənizdən bəhrələnsinlər və bu işləri görməyi öyrənsinlər. Dövlətimiz gərək milli sahibkar təbəqəsinə malik olsun. Milli, yüksək səviyyəli biznesmenlər təbəqəsinə malik olsun. Amma bu da göydən düşmür. Bunun üçün Amerikanın və başqa inkişaf etmiş ölkələrin təcrübəsi lazımdır. Ona görə biz daim bütün işləri xaricdən gələn şirkətlərlə görməməliyik. Bizim özümüzün milli şirkətlərimiz olmalıdır. Yoxsa, buraya dəllək gəlir, başlayır dəlləklik eləməyə. Burada həmişə dəllək olubdur. Amma o Qərb səviyyəsində dəllək olmayıbdır. Xüsusən qadınlar üçün. Kişilər üçün o qədər əhəmiyyəti yoxdur. Çünki bəzisinin saçı yoxdur, bəzisinin də buna ehtiyacı yoxdur. Əsas qadınlar üçün lazımdır ki, gündə bir dəfə saçlarını düzəldirlər. Bu lazımdır. İlk illər gəlmə dəlləklərin də burada işləməsi lazım idi. Amma bir neçə il keçibdir, o dəlləyin yanında artıq yerli, azərbaycanlı dəlləkliyi öyrənib. İndi rəqabətdir, əgər yerli adam dəlləkliyi öyrənibsə, o başlayır dəlləkliyə, gələn dəllək o qədər iş görə bilmir, öz ölkəsinə qayıtmağa məcbur olur.

Bəziləri də deyirlər ki, Azərbaycanda iş adamlarına lazımi şərait yaradılmır. Bütün bu nöqsanları aradan qaldıraraq biz Azərbaycana gələn bütün investorlara, iş adamlarına şərait yaradırıq və bundan sonra bunu daha da yaxşı edəcəyik. Biz istəyirik ki, bizim yerli, milli, müasir tələblərə cavab verən mütəxəssislərimiz, biznesmenlərimiz, sahibkarlarımız olsun. Onlar vəsait əldə etsinlər, sonra xarici şirkətlərlə bərabər başqa yerə investisiya qoya bilsinlər. Siz dediniz ki, ədalətli rəqabət yaratmaq lazımdır. Tamamilə düzdür. Ancaq ədalətli rəqabət olmaq üçün rəqiblər gərək eyni səviyyədə olsunlar. Birinin səviyyəsi yüksək, o birininki başqa cür olsa, onda bu rəqabətdə ikinci batacaqdır. Mən bununla demək istəmirəm ki, biz, necə deyərlər, bacarıqsız bir şirkəti xaricdən gələn şirkətlə süni surətdə mütləq bərabər tutmaq istəyirik ki, ədalət olsun. Ona görə də mən sizə bir də müraciət edirəm ki, həm burada iş görəsiniz, həm də bizim milli biznesmenlər, sahibkarlar təbəqəsinin yaranmasında, onların təkmilləşməsində bizə kömək edəsiniz. Hörmətli səfir dünən bir söz dedi ki, bəlkə prezidentin yanında İnvestorlar Şurası yaradılsın. Mən göstəriş vermişəm, qoy məşğul olsunlar. Hesab edirəm ki, bu, pis olmazdı. Ancaq gərək bunu forma üçün yox, konkret nəticə almaq üçün yaradaq.

Nəhayət, onu demək istəyirəm ki, həm burada iştirak edən Baş nazirimiz, nazirlər, həm də iştirak etməyənlər – bu söhbət televiziya ilə, mətbuatla veriləcək – bugünkü danışıqdan nəticə çıxarmalıdırlar. Bürokratik əngəlləri aradan qaldırmağa çalışmalıdırlar. Xarici investorlara, investisiyanın Azərbaycana gəlməsinə hər cür şərait yaratmalıdırlar. Nəzərə alaq ki, xarici investorlar da, şirkətlər də burda mənfi ad çıxarmış ayrı-ayrı adamlarla yox, bizim təşkilatlarla sağlam əlaqələr quracaqlar. Qaldırılan bütün bu məsələlərə baxmalısınız, sonra mənə məlumat verərsiniz. Ola bilər, bir neçə aydan sonra bir də görüşərik. Bilmirəm siz necə, mən hesab edirəm ki, bugünkü görüş bizim üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm.

Ross Uilson: Cənab Prezident, icazə versəydiniz bir neçə söz deyərdim. Səmimi olduğunuza, bizimlə belə açıq danışdığınıza görə Sizə çox təşəkkür edirik, biz bunu yüksək qiymətləndiririk. Bu stolun arxasında oturan amerikalıların sırasında yəqin mən yeganə adamam ki, Sovetlər İttifaqı dövründə də SSRİ-nin ərazisində yaşamışam və o dövrdəki təcrübənin necə olduğunu onlardan yaxşı başa düşürəm. Bizim qaldırdığımız məsələlərdən, Sizinlə görüşümüzdən də əsas məqsəd həm Baş nazirə, həm də nazirlərinizə kömək etməkdir ki, mövcud problemlərin aradan qaldırılmasına nail olaq. Amerika Ticarət Palatasının nümayəndələri müəyyən misallar gətirdilər ki, mən bunları narahatedici məsələlər hesab edirəm. Bu işdə onlar haqlıdırlar. Lakin onu da demək istəyirəm ki, Amerikanın və digər xarici şirkətlərin qarşılaşdıqları problemlər yerli biznesmenlər, investorlar üçün də vardır. Artıq qeyd etdik ki, biz hökumətlə, Maliyyə Nazirliyi ilə birgə işçi qrupu yaratm ışıq. Biz axırıncı görüşümüzdə o problemlərin bəziləri barədə Sizin Maliyyə Nazirliyinizə yazılı sənəd vermişik. Yazdığımız tövsiyələrə belə bir müddəanı da əlavə etmişdik ki, hökumətinizdə kimsə – ola bilər, İqtisadi İnkişaf Nazirliyi olsun – bu problemləri aradan qaldırmaq üçün milli inkişaf strategiyasını işləyib hazırlasın və milli işçi qrupu yaradılsın ki, mövcud problemlərlə məşğul olsun. Bizim səfirliyimiz, mən əminəm ki, Amerika Ticarət Palatası da belə müvafiq dövlət orqanı və məmuru ilə təmaslar qurmaqdan, onunla işləməkdən məmnun olacaqdır.

ABŞ-dan Azərbaycana 275 milyon dollar məbləğində maliyyə vəsaiti qoyulmasının nə qədər doğru olduğunu mən bilmirəm. Amma o məsələdə sizinlə razıyam ki, bu, kifayətedici rəqəm deyil və böyük investisiya qoyulmayıbdır. Bilirsiniz ki, bizim səfirliyimiz çox çalışır ki, Azərbaycana əlavə sərmayələr cəlb etsin. Amerika Ticarət Palatasının hazırladığı və indi sizin nazirlərə – ümidvaram ki, Siz də imkan tapıb o sənədə baxacaqsınız – verdiyi o sənəddə bir sıra şirkətlərin burada qarşılaşdığı problemlər öz əksini tapıbdır. Ola bilər ki, onlar bəzən heç də tam ədalətli olmasınlar. Ona görə ki, bəzən onlar bir məsələni problem kimi görürlər, əslində isə orada elə bir problem yoxdur. Amma onu bilirəm ki, Azərbaycan dünyada özünə investisiya cəlb etmək istəyən bir çox ölkələrlə bu işdə rəqibdir. İnsanlar Braziliyaya, Sinqapura da gedə bilərlər. Cənubi Afrikaya da gedib oraya pullarını qoya bilərlər. Onların Azərbaycana gəlməsi o qədər də vacib deyildir. Mən istəyirəm və bilirəm Siz də istəyirsiniz ki, Azərbaycan bu rəqabətə qalib çıxsın. Ona görə də biz Sizinlə bu məsələ üzərində çalışacağıq. Siz «Makdonalds» barədə danışdınız. Dediklərinizin əksəriyyəti mənim üçün təzə bir şey oldu. Onu da bilirəm ki, hər bir «Makdonalds» restoranı 100-dən çox adama iş yeri veribdir. «Makdonalds» şirkətinin Baş qərargahından mənə verilən məlumata əsasən, Sizə onu deyə bilərəm ki, bu şirkət Azərbaycanda kənd təsərrüfatı sektorunda fəaliyyətini genişləndirib MDB məkanında olan bütün restoranlarına, hətta Avropadakı bütün «Makdonalds» restoranlarına kənd təsərrüfatı məhsulları ixrac etmək istəyib. Əslində Azərbaycanın da məhz bu cür ixraca ehtiyacı vardır. Ümidvaram ki, bundan sonra biz İqtisadi İnkişaf Nazirliyi ilə birgə işləyərək problemi aradan qaldırıb «Makdonalds» şirkətini də doğru yola qoya biləcəyik.

Cənab Prezident, sonuncu olaraq demək istəyirəm ki, Siz özünüz bir neçə dəfə vurğuladınız ki, yerli azərbaycanlı mütəxəssisləri bu işə cəlb etmək, onların peşəkarlığını artırmaq, gələcəkdə onların bu biznesə sahib çıxmalarına biz kömək etməliyik. Mən sizin ölkənizdə fəaliyyət göstərən çoxsaylı Amerika şirkətlərində və xarici şirkətlərdə olmuşam. Sizi əmin edirəm ki, bu şirkətlərin, hamısı olmasa da, əksəriyyətinin strateji məqsədi ondan ibarətdir ki, ölkənizdə fəaliyyət göstərən və yüksək maaş alan xarici mütəxəssisləri məhz yerli mütəxəssislərlə əvəz etsinlər. Bu, yaxşı biznes olmaqla bərabər, həm də siyasət baxımından yaxşıdır.

Sözümün sonunda icazə verin, vaxt tapıb bizi qəbul etdiyinizə görə bu görüşdə iştirak edən nümayəndələr adından Sizə bir daha təşəkkürlərimi bildirim. Hesab edirəm ki, onlar buradakı çıxışlarında hazırladıqları 70–80 səhifəlik sənədin yalnız müəyyən məqamlarına toxundular. Onlar bu ətraflı sənədi Sizə təqdim edəcəklər. Bu sənəd də əsasən sizin hökumət adamları ilə müzakirələr əsasında meydana çıxıbdır. Sizə bir daha təşəkkür edirəm və ümidvar olduğumu bildirirəm ki, gələcəkdə də Sizinlə belə görüşlər keçirə biləcəyik.

Heydər Əliyev: Sağ olun. «Makdonalds» haqqında dediniz, onlar buraya gəlsinlər. Mən bilirəm ki, «Makdonalds»ın Avropa üzrə prezidenti bir neçə dəfə müraciət edibdir ki, mən onu qəbul edim. Mən bizim İqtisadi İnkişaf nazirinə tapşırıram, gəlsinlər, onunla görüşsünlər. «Makdonalds»ın burada fəaliyyət göstərməsinə bizim etirazımız yoxdur, əksinə, bu bizim üçün çox əhəmiyyətlidir. Mən sadəcə, onların bəzi nümayəndələri tərəfindən buraxılan səhvi dedim. Bu da çox qəribədir. Əgər o «Makdonalds» restoranını bir kənarda tiksəydilər, əlbəttə ki, tikəcəkdilər. Amma o yer bunun üçün qətiyyən uyğun deyildi. Biz öz meydanlarımızı, prospektlərimizi qorumalıyıq. Bakıda restoranlar tikmək üçün o qədər çox boş yer var ki. Əsas məsələ budur. Amma mən göstəriş verirəm, gəlsin, İqtisadi İnkişaf naziri ilə görüşsün. Mən hesab edirəm, onlar yer taparlar ki, orada bir dənə yox, bir neçə «Makdonalds» tiksinlər. Amma siz deyirsiniz ki, onlar burada başqa işlərlə də məşğul olmaq istəyirlər. Bunu da mən bəyənirəm.

Yaxşı, hesab edirəm ki, çox əhəmiyyətli görüşümüz oldu. Sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.