Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya İxrac-İdxal Bankının prezidenti Yasuda Xiroşi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il


Cənab Xiroşi!

Sizinlə səmimi və mehriban görüşümüzdən məmnun olduğumu və sizin, ümumiyyətlə, Yaponiya iş adamlarının ölkəmiz haqqında ətraflı məlumata malik olmasından razı qaldığımı bildirmək istəyirəm.

Azərbaycanın iqtisadi imkanları, respublikamızda bazar iqtisadiyyatına keçilməsi ilə əlaqədar aparılan islahatlar, dövlət quruculuğu sahəsində görülən işlər, ölkəmizin qarşılaşdığı problemlər, o cümlədən Ermənistanın Azərbaycana hərbi təcavüzü və bunun ağır nəticələri, münaqişəyə sülh yolu ilə son qoyulması sahəsindəki fəaliyyət və digər məsələlər barədə sizdə ətraflı məlumatlar vardır. Sizə məlum olsun ki, müstəqil Azərbaycan Respublikası indiki inkişaf mərhələsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edir. Xüsusilə İkinci dünya müharibəsindən ötən dövr ərzində Yaponiya iqtisadiyyatının əldə etdiyi nailiyyətlər bu təcrübəni öyrənməyə və ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyə əsas verir. Yaponiyanın şirkətlərinin ölkəmizə maraq göstərməsini müsbət qiymətləndirirəm və onlardan bəziləri artıq Bakıda öz ofislərini açaraq konkret layihələrə qoşulmuşdur. Respublikamızda xarici iş adamlarının fəaliyyəti, sərmayələrinin qorunması üçün əlverişli şərait yaradılmışdır və bu iş gələcəkdə də davam etdiriləcəkdir.

Mən əminəm ki, Yaponiyaya ilk rəsmi səfərim ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələ açacaqdır.