Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin "Samanyolu" Televiziyasına müsahibəsi - Antalya, Simena köşkü, 28 may 1999-cu il


Müxbir: Sevimli tamaşaçılar, axşamınız xeyir olsun. Burada, Antalyada Azərbaycan Respublikasının möhtərəm prezidenti Heydər Əliyevin qonağıyıq. Möhtərəm cümhur başqanı, çox təşəkkür edirik ki, bizi qəbul etdiniz. Çətin bir əməliyyata məruz qaldınız, amma çox yaxşı görünürsünüz. İndi sağlamlığınız necədir?

Heydər Əliyev: Yaxşıyam. Türkiyəyə, Antalyaya gələndən sonra günü-gündən yaxşılaşıram. Səhhətim tam yaxşılaşıbdır.

Sual: Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 81-ci ildönümünü bayram edir. Siz bu münasibətlə xalqa müraciət etdiniz. Bu barədə duyğu və düşüncələrinizi söylərdinizmi?

Cavab: Mən dünən sizin televiziya vasitəsilə buradan birbaşa Azərbaycana və Respublika sarayında toplaşmış Azərbaycan vətəndaşlarına milli bayramımız - 28 may günü, İstiqlaliyyət günü münasibətilə təbriklərimi bildirdim, qəlbimdə olan sözləri bütün Azərbaycan vətəndaşlarına çatdırdım. Sizə təşəkkür edirəm ki, "Samanyolu" televiziyası bu işi təşkil etdi. Eyni zamanda Sizin televiziya kanalınız mənim xalqa dünənki müraciətimi Türkiyəyə yaydı, Azərbaycana yaydı. Buna görə Sizə təşəkkür edirəm.

Bu gün bizim istiqlaliyyət bayramımızdır. Mən səhərdən Azərbaycanla, Bakı ilə telefon əlaqəsi saxlayıram. Mənə məlumat verdilər ki, istiqlal bayramı Bakıda, Azərbaycanın bütün şəhərlərində, hər yerdə böyük ruh yüksəkliyi ilə qeyd olunur. İnsanlar sevinir, şadlanırlar ki, artıq səkkizinci ildir Azərbaycan müstəqil dövlətdir və müstəqillik şəraitində yaşayır. Dünən dediyim kimi, bu səkkiz il müddətində bir çox nailiyyətlər əldə olunubdur. Bunlara görə mən bu gün çox xoşbəxtəm, çox sevinirəm. Həm də məmnunam ki, sizinlə yenidən görüşürəm.

Sual: Sayın cümhur başqanı, çox təşəkkür edirəm. O məmnuniyyət izə aiddir. Təbii ki, hər bir müstəqillik böyük zəhmətlə əldə edilir. Azərbaycan da müstəqilliyini qazanarkən xalqınız böyük fədakarlıq göstərdi. Azərbaycan müstəqil türkdilli dövlət olaraq dünyada şərəfli yerini tutdu. Biz bundan çox məmnunuq.

Siz bu yaxınlarda "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülmüsünüz. Bununla əlaqədar duyğu və düşüncələrimizi ilmək istərdik.

Cavab: Mən çox xoşbəxtəm, çox böyük qürur hissi keçirirəm, çox fəxr edirəm ki, mənə Türkiyə Cümhuriyyətinin ən yüksək mükafatı - "Atatürk Beynəlxalq Sülh Mükafatı" verilibdir. Mən həyatımda çox mükafatlar almışam. Keçmişdə, Sovetlər Birliyində bu böyük dövlətin ən yüksək mükafatlarını almışam, bir neçə başqa dövlətlərin də mükafatlarını almışam.

Ancaq böyük Mustafa Kamal Atatürkün adını daşıyan bu sülh mükafatı mənim üçün həyatımda aldığım mükafatların hamısından qiymətlidir, üstündür və hamısından şərəflidir. Mən çox məmnunam ki, Türkiyə cümhuriyyətinin Atatürk Mükafatı Komitəsinin böyük araşdırmalardan sonra mənim Azərbaycanda gördüyüm işlərə, Azərbaycanın prezidenti kimi fəaliyyətimə və xüsusən Azərbaycanda sülhün, əmin-amanlığın yaranmasında gördüyüm işlərə və fəaliyyətimə yüksək qiymət veribdir və məni bu mükafatla təltif edibdir. Mən çox minnətdaram ki, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl bu komitənin çıxardığı qərarı təsdiqləyib, beləliklə, mənə bu mükafatın verilməsi elan olunubdur.

Bilirsiniz ki, Azərbaycan on bir il bundan öncə Ermənistanın təcavüzü nəticəsində hərbi münaqişəyə qatılıbdır. 1988-ci ildən 1994-cü ilin may ayına qədər Azərbaycan döyüşlər, müharibə içərisində idi. Azərbaycan bu döyüşlərdə çox itkilər verdi, çox qanlar töküldü. 1994-cü ilin may ayında biz Ermənistanla atəşkəs haqqında saziş imzaladıq. Beləliklə, beş ildən artıqdır ki, xalqımız atəşkəs şəraitində yaşayır.

Siz onu da bilirsiniz ki, təkcə atəşkəslə iş bitmir. Bildiyiniz kimi, Azərbaycanın daxilində də çox çarpışmalar, çəkişmələr, toqquşmalar vardı.

Müxbir: Zati-aliniz cümhur başqanı seçildikdən sonra Sizin ilk məqsədiniz Azərbaycanın daxilində sabitlik yaratmaq oldu.

Heydər Əliyev: Bəli. Bilirsiniz ki, 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi başladı, insanlar bir birinə qarşı durdular, qan töküldü. Azərbaycan artıq parçalanırdı. Bu zaman məni Naxçıvandan Bakıya dəvət etdilər. Bakıya gəlib bir həftə məsələləri öyrənəndən sonra razılıq verdim ki, məni Azərbaycan Milli Məclisinin sədri seçsinlər. Bir neçə gündən sonra isə Azərbaycan prezidentinin səlahiyyətləri mənə verildi. 1993-cü il oktyabr ayının 3-də mən Azərbaycanın prezidenti seçildim.

O vaxt Azərbaycanda vəziyyətin necə olduğunu siz yaxşı bilirsiniz. Çünki bilirəm ki, siz hələ 1992-ci ildən Azərbaycandaydınız - sizi həm Bakıda, həm də Naxçıvanda görmüşdüm.

Çox ağır vəziyyət idi. Bir tərəfdən, ermənilərlə müharibə gedirdi. İkinci tərəfdən, Azərbaycanın daxilində sabitlik yox idi, ayrı-ayrı qanunsuz silahlı dəstələr, ayrı-ayrı insanlar hakimiyyət uğrunda mübarizə aparırdılar, beləliklə də ermənilərə fürsət verirdilər ki, onlar daha da irəliləsinlər, daha çox torpaqlarımızı işğal etsinlər.

Ona görə mənim üzərimə çox böyük vəzifələr düşdü. Bir tərəfdən, mən gərək Azərbaycanın torpaqlarının qorunmasını təmin edəydim. Amma Azərbaycanın daxilində vəziyyəti normallaşdırmasaydıq, yəni ictimai-siyasi sabitlik yarada bilməsəydik, bunu edə bilməzdik. Bu da asan bir şey deyildi. Bunun üçün biz çox çalışdıq. Bir neçə il - 1993-cü ildə, 1994-cü ildə, 1995-ci ilə qədər daxili məsələlərimizin normallaşması, sabitliyi əldə edilməsi üçün çalışdıq. Çünki 1993-cü ildə vətəndaş savaşının qarşısını alandan sonra, 1994-cü ilin oktyabr ayında da Azərbaycanda yeni bir silahlı dövlət çevrilişi cəhdi oldu. Ondan sonra, 1995-ci ilin mart ayında OMON dəstəsi silahla ayağa qalxdı, Azərbaycanın hakimiyyətini, prezidentini məhv etmək, devirmək istədilər. Bunların da qarşısını aldıq.

Ondan sonra bir neçə terror, təxribat aktları oldu. Bunların da qarşısını aldıq. Nəhayət, 1995-ci ilin sonundan başlayaraq Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdik. Bu gün, bayram günü mən onu deyə bilərəm ki, bu illərdə bizim ən böyük nailiyyətimiz odur ki, Azərbaycanın daxilində ictimai-siyasi sabitlik yaratdıq. Bu sabitlik də gündən-günə möhkəmlənir və hesab edirəm ki, Azərbaycanın müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi üçün bu, ən əsas şərtdir. Biz buna nail olmuşuq.

Sual: Yəni ən əvvəl daxili sabitlik gərəkdir. Çünki bütün dünyanın gözü müstəqil Azərbaycan dövlətində idi.

Cavab: Bəli, Ona görə də mən daxildə sülh yaratdım. Həm də ki, ermənilərlə atəşkəs əldə etdim. Böyük Mustafa Kamal Atatürk demişdir: "Yurdda sülh, cahanda sülh". Mən yurdda sülh yaratdım, cahanda da sülh yaranması üçün bütün səylərimi qoyuram.

Sual: Zati-alilərinin sayəsində Ermənistanla imzalanmış atəşkəs sazişi sülh üçün çox önəmli köməkdir. Hörmətli cümhur başqanı, bundan sonra sülh üçün nə iş görülür?

Cavab: Biz atəşkəs sazişi imzaladıq ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Beş ildir ki, biz bu barədə çalışırıq.

Bilirsiniz ki, 1992-ci ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün Minsk qrupunun da həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə böyük bir nailiyyət əldə etdik. O da ondan ibarətdir ki, 54 dövlətdən 53-ü səs verdi ki, Ermənistan-Azərbaycan münaqişəsi hansı prinsiplər əsasında həll oluna bilər.

Bu, bizim üçün çox önəmlidir. Azərbaycanın ərazi bütövlüyü o deməkdir ki, Azərbaycanın işğal edilmiş 20 faiz torpağı azad olunmalıdır, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evinə-obasına qayıtmalıdır. Təhlükəsizlik də ondan ibarətdir ki, daha müharibə olmamalıdır. Dağlıq Qarabağa Azərbaycan dövlətinin daxilində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi normal bir şeydir.

Ancaq ermənilər bunu qəbul etmədilər. 1997-ci ildə, 1998-ci ildə bunu qəbul etmədilər. Baxmayaraq ki, Lissabonda ATƏT-in 54 üzvündən 53-ü bu prinsiplərə səs verdi, ancaq Ermənistan etiraz etdi.

Ondan sonra yenə danışıqlar aparırıq. Bilirsiniz ki, mən son vaxtlar Ermənistanın prezidenti ilə də görüşmüşəm. Rusiyanın prezidenti, Fransanın prezidenti ilə görüşmüşəm, Amerikanın prezidenti Klintonla görüşmüşəm və hər biri söz verir ki, onlar çalışırlar və bundan sonra da çalışacaqlar ki, məsələnin sülh yolu ilə həllinə nail olsunlar. Hətta Amerikanın prezidenti cənab Bill Klinton Vaşinqtonda mənimlə danışarkən belə bir söz dedi ki, 2000-ci ildə prezidentlik səlahiyyətim bitir. Hesab edirəm ki, mənim əsas vəzifələrimdən biri prezidentlik səlahiyyətim bitənə qədər Ermənistan-Azərbaycan münaqişəsini, Qarabağ məsələsini həll etməkdən ibarətdir. Mən bunu sizə söz verirəm.

Mən çox məmnun oldum, çünki onların bu işdə fəallığı, əlbəttə ki, məsələnin həll edilməsinə gətirib çıxara bilər.

Sual: Sayın cümhur başqanı, Azərbaycan çox çətin günlərdən keçərək bu gözəl günlərə gəldi, müstəqil dövlətdir. Bizim indiki canlı yayımımız Azərbaycandakı türk məktəblərinin növbəti dərs ilinin başa çatması münasibətilə Bakıda toplaşan uşaqlar və onların valideynləri tərəfindən də izlənilir. Mən bu barədə də sualımı verəcəyəm.

İndi isə soruşmaq istərdim ki, Azərbaycanın gələcəyini necə təsəvvür edirsiniz?

Cavab: Azərbaycanın gələcəyi mənim üçün çox açıq görünür. Birincisi, Azərbaycanın müstəqilliyi - bu, əsas şərtdir. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu dönməz, əbədi etmək bizim əsas vəzifəmizdir. Səkkizinci ildir ki, Azərbaycan müstəqillik dövrünü yaşayır. Altı ildir ki, mən Azərbaycana rəhbərlik, prezidentlik edirəm. Qürur hissi keçirirəm ki, bu illərdə, ağır illərdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına xalqla, millətlə birlikdə, bütün ölkə ilə birlikdə nail ola bilmişəm. Bu, mənim gördüyüm ən böyük işlərdəndir.

Azərbaycanın gələcəyi də bununla bağlıdır. Azərbaycanın imkanları böyükdür ki, müstəqil yaşayanda iqtisadiyyatı inkişaf etsin, insanların rifah halı yaxşılaşsın, Azərbaycanın mədəniyyəti, elmi, təhsili inkişaf etsin. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm, çox gözəl. Əgər biz Ermənistan - Azərbaycan münaqişəsini tezliklə həll edə bilsək, bölgəmizdə sülh yarada bilsək, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edə bilsək, soydaşlarımızın öz yerinə-yurduna qayıtmasını təmin edə bilsək, ondan sonra Azərbaycanın bütün problemlərini çox gözəl və asanlıqla həll edəcəyik.

Müxbir: Azərbaycanın üfüqü, önü açıqdır...

Heydər Əliyev: Üfüqü açıqdır, önü açıqdır. Azərbaycan irəliyə gedir, dünyanın ən gözəl dövlətlərindən biri olacaqdır. Elə indi də Azərbaycan Dünya Birliyində, dünya dövlətləri içərisində öz yerini tutubdur. Azərbaycana böyük hörmət edirlər, maraq göstərirlər.

Azərbaycan dünyanın strateji nöqtələrindən biridir. Siz bilirsiniz, biz bu barədə çox işlər görürük. Qədim, tarixi İpək yolunun bərpa edilməsi sahəsində Azərbaycanın gördüyü işlər dünyada bu məsələnin canlanmasına, həll olunmasına gətirib çıxarıbdır. Məsələn, Yaponiya hökuməti İpək yolu haqqında qərar çıxarıb. Yaxud, Amerika senatoru Braunbek İpək yolu haqqında qanun layihəsi hazırlayıbdır ki, Konqresdə İpək yolu barədə qanun qəbul olunsun. Bu işlərin əsasını, təməlini biz Azərbaycanda qoymuşuq.

Sual: Bir az öncə buyurdunuz ki, Azərbaycan dövlətinə etibar edilir. Demək istəyirəm ki, Azərbaycan dövləti zati-alilərinizin rəhbərliyi sayəsində bu nöqtəyə gəldi. İki gündür ki, Sizin qonağınızıq, təşəkkür edirik. Fikir verirəm ki, Siz hər an, hər dəqiqə bütün dünya ilə əlaqə saxlayırsınız. Mətbuat vasitəsilə, telefonla əlaqə saxlayırsınız. Burada davamlı olaraq Azərbaycanla bağlı yeni layihələr üzərində çalışırsınız.

Cavab: Bəli, tamamilə doğru deyirsiniz. Yeni layihələr üzərində çalışıram və əminəm ki, bu layihələrin hamısını həyata keçirə biləcəyik.

Sual: İnşallah, inanırıq ki, belə olacaqdır. Sayın cümhur başqanı, Amerikada da bir müddət oldunuz, oraya da işlər görmək üçün görmək üçün getmişdiniz. Mühüm görüşlər keçirdiniz, hörmətli Klintonla, başqa liderlərlə görüşdünüz.

Bu sualı çox vermişəm, izn versəydiniz, bir də soruşardım. Bakı-Ceyhan boru xətti məsələsində son vəziyyət necədir?

Cavab: Mən Amerikaya NATO-nun toplantısına, zirvə görüşünə getmişdim. Bu, çox önəmli bir hadisədir. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir. Bu proqram çərçivəsində biz NATO ilə çox geniş əməkdaşlıq edirik. Bu əməkdaşlıqdan, iş birliyindən də çox məmnunuq. Məsələn, iki-üç gün bundan öncə NATO-nun baş katibi köməkçisinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlmişdi. Bir neçə gün Azərbaycanda olmuş, 8 ölkənin təmsilçilərini dəvət edib "Sülh naminə tərəfdaşlıq" proqramının irəlilədilməsi üçün tədbirlər görmüşlər. Bunu gəlib Azərbaycanda ediblər, Azərbaycana 8 ölkədən təmsilçilər gəlibdir. Bu, Azərbaycanla NATO arasında əlaqələrin nə qədər yaxşı inkişaf etməsini göstərir.

Mən Vaşinqtonda NATO-nun bütün mərasimlərinə qatıldım, bütün görüşlərdə oldum. NATO-nun zirvə görüşündə mən Azərbaycan adından söz dedim, münasibətimizi bildirdim, NATO-nun yeni strateji konsepsiyasını dəstəklədim.

Amma NATO-nun toplantısından iki-üç gün öncə də ondan sonra da Vaşinqtonda çox görüşlər keçirdim. Prezident cənab Bill Klintonla, dövlət katibi xanım Obraytla, bir çox senatorlarla, nazirlərlə, konqresmenlərlə görüşdüm. Biz orada Amerikanın böyük şirkətləri ilə üç yeni neft müqaviləsi imzaladıq. Beləliklə, 1994-cü ildən indiyə qədər Azərbaycan neft şirkətləri ilə 19 müqavilə imzalayıbdır.

Sonuncu üç müqaviləni Amerika Senatının binasında - senatorların, konqresmenlərin iştirakı ilə imzaladıq. Bu, çox önəmli bir hadisədir.

Başqa görüşlərimiz də oldu. Məsələn, Amerikanın dövlət katibi xanım Olbrayt Qafqaz dövlətlərinin prezidentlərini - Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərini bir yerə topladı, bir neçə ölkənin xarici işlər nazirləri ilə birlikdə Qafqazda iş birliyi haqqında, müştərək işlər görülməsi haqqında məsələlər müzakirə edildi. Sonra Ermənistanın prezidenti ilə görüşdüm. Bir çox başqa işlər də gördük.

Bunları bitirəndən sonra isə mənə dedilər ki, səhhətimi yoxlamaq lazımdır. Mən o qədər də istəmirdim. Mənim indi bir doktorum var - Ertan Dəmirtaş. O da Türkiyədəndir, gözəl bir insandır, paşadır, admiraldır, böyük bir kardioloq, professordur. O da Vaşinqtonda mənim yanımda idi və mənə dedi ki, mütləq lazımdır. Mən onun sözünə baxdım, getdik Klivlendə. Orada mənim səhhətimi yoxladılar, dedilər ki, əməliyyat lazımdır. Dedim ki, lazımdır, lazımdır - əməliyyatı keçirdim. Sizə bunları demək istədim.

Sualınız Bakı-Ceyhan boru xətti barədədir. Bakı - Ceyhan neft kəməri haqqında qərarı biz 1994-cü ildə ilk müqaviləni imzalayanda yazmışıq. Amma sonrakı dövrdə bu layihəni həyata keçirmək üçün çox maneələrlə, etirazlarla rastlaşdıq. Bəzi ölkələr tərəfindən bizə təzyiq edildi, çox çətin oldu. Son olaraq konsorsiumun üzvləri də Bakı-Ceyhan xəttinin baha olduğunu bəyan edərək dedilər ki, Azərbaycanda, Xəzər dənizindən çıxarılan nefti dünya bazarına hələlik iki boru xətti ilə daşımaq olar: biri Bakı-Novorossiysk kəməri ilə Rusiyanın Novorossiysk limanına, ikincisi də, - aprel ayının 17-də biz Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına boru xəttini açdıq, - Bakı - Supsa kəməri ilə çatdırmaq olar.

Ancaq mən dedim yox, Bakı-Ceyhan neft kəməri barəsində 1994-cü ildən çalışıram. Nəhayət, keçən il oktyabr ayının 29-da Ankarada, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə böyük bir toplantıda idik, orada böyük bəyannamə imzalandı. Onu Türkiyənin, Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın və Özbəkistanın prezidentləri imzaladılar. Amerika Birləşmiş Ştatlarının energetika naziri Riçardson da ona imzasını atdı. Beləliklə, biz Bakı-Ceyhan boru xəttinin reallaşmasını həyata keçirdik.

Ondan sonrakı aylarda bəzi maliyyə məsələləri, texniki məsələlər həll olunur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni konsorsium çox böyük qiymət göstərmişdi - 3.7 milyard dollar. Amma indi Türkiyənin bu işlə məşğul olan adamları, maliyyəçiləri, onlar neçə vaxtdır Azərbaycanla danışıqlar, müzakirələr aparırlar, - bəyan edirlər ki, ola bilər, bunun qiyməti 2.4 milyard dollar olsun. Bu da tamamilə yaxşıdır.

İndi Türkiyədə yeni hökumət quruldu.

Müxbir: Quruldu, əfəndim. Hörmətli Baş nazirimiz, Bülənd Ecevit ortaq partiyalarla bir protokol imzaladılar. Hörmətli cümhur başqanımıza təklif ediləcək, yəni "hökumət quruldu" deyə bilərik.

Heydər Əliyev: Hörmətli prezident Süleyman Dəmirəl bu gün mənə telefon etmişdi. Azərbaycanın istiqlaliyyət günü münasibətlə məni təbrik etdi, eyni zamanda dedi ki, hökumət artıq qurulur. Beləliklə, Türkiyədə hökumət qurulandan sonra Bakı- Ceyhan boru xəttinin bir çox məsələsini də tezliklə həll etmək mümkün olacaqdır.

Sual: Sayın cümhur başqanı, canlı yayımımızdır, bayaq ərz etdiyim kimi, minlərlə Azərbaycan gəncinin də dərs ilinin qurtarması ilə əlaqədar mərasim keçirilir. Böyük Atatürkün göstərdiyi məqsədlər yönündə Azərbaycanda türk kollecləri açıldı və ötən illərdə Sizin himayənizlə onlar beynəlxalq müsabiqələrdə Azərbaycan dövlətinin bayrağını ən yüksək nöqtədə dalğalandırdılar. Çox birinciliklər qazandılar. Təbii ki, bu gənclər böyük Azərbaycanın gələcəyində çox önəmli xidmətlər göstərəcəklər. Bu məktəblər barədə düşüncələrinizi söyləməyinizi rica edərdim.

Cavab: Bilirsiniz, Azərbaycanda türk məktəblərinin açılmasını mən hələ Naxçıvanda olarkən, hələ 1992-ci ilin əvvəllərində hiss etdim. Sizin adamlar Naxçıvana gəldilər, mənimlə görüşdülər. Naxçıvanda türk məktəbinin açılmasını rica etdilər, mən də bunu dəstəklədim və türk məktəbi açıldı.

Amma bu məktəblər Azərbaycanın başqa yerlərində də açılmağa başlamışdı. 1993-cü ildə mən Bakıya gələndən sora Azərbaycanda türk məktəblərinin açılması haqqında mənə geniş məlumat verdilər. Mən bunu həmişə dəstəkləmişəm, buna həmişə yardım etmişəm, bu gün də edirəm, sabah da edəcəyəm.

Çünki bu məktəblər Azərbaycanın təhsil sistemində bir yenilik yaradır. Azərbaycanın təhsil sistemi keçmiş Sovetlər Birliyinin təhsil sistemidir. İndi biz o təhsil sistemində - orta məktəb təhsilində, həm ali, universitet təhsilində bir çox islahatlar həyata keçiririk və bundan sonra da keçirəcəyik. Ona görə də Türkiyənin məktəblərinin, kolleclərinin təcrübəsi Azərbaycan üçün lazımdır. Bu, birincisi.

İkincisi də sizin bu məktəblərdə Azərbaycanın uşaqları, gəncləri təhsil alırlar, oxuyurlar. Bildiyimə görə, onların təhsil alması üçün çox gözəl şərait yaratmışsınız. Onlara yaxşı təhsil verirsiniz. Bunun da nəticəsində onlar dünya olimpiadalarında medallar alırlar, gözəl yerlər tuturlar. Mənə məlumat verdilər ki, sizin məktəbləri bitirənlərin 99 faizi Azərbaycanın universitetlərinə qəbul olunurlar. Bu da böyük işdir, çox böyük işdir. Ona görə də mən sizə təşəkkürümü bildirirəm. Güman edirəm ki, siz Azərbaycanda bu işləri davam etdirəcəksiniz.

Müxbir: Sizin sayənizdə.

Heydər Əliyev: Bəli, mən sizə yardım edəcəyəm. Sizi də təbrik edirəm. Bu gün mənə dedilər ki, Bakıda, Respublika sarayında türk məktəblərinin məzunları toplaşıblar, onlar bizi dinləyirlər. Mən onların hamısını salamlayıram, əldə etdikləri nailiyyətlərə görə təbrik edirəm. Bu gənclərin, Azərbaycan gənclərinin hər birinə gözəl gələcək arzulayıram. Ali təhsil almağı, gələcəkdə yaxşı işləməyi və müstəqil Azərbaycanın irəliyə getməsində, inkişaf etməsində iştirak etməyi arzulayıram.

Sual: Sayın cümhur başqanı, yayımımızda iştirak etdiyinizə görə çox təşəkkür edirəm. Bu anda Sizi həm türk xalqı, həm də Azərbaycan xalqı dinləyir. Sizi dinləyən minlərlə azərbaycanlı gəncə, Azərbaycan xalqına sözlərinizi eşitmək istərdik.

Cavab: Sizin televiziyanız vasitəsilə bu gün, Azərbaycanın istiqlaliyyət günü Azərbaycan xalqını, Azərbaycanın istiqlaliyyət günü Azərbaycan xalqını, Azərbaycanın vətəndaşlarını bir daha təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşına cansağlığı, səadət, bütün işlərdə uğurlar arzulayıram.

Müxbir: Sayın cümhur başqanı, yayımımızda iştirak etdiyinizə görə bir daha çox təşəkkür edirik. Bizə şərəf verdiniz. Sizi sağlam görüb çox sevindik. Bizi qəbul etdiyiniz üçün çox minnətdarıq.

Heydər Əliyev: Sağ olun, mən də bu görüşdən çox məmnunam. Xüsusən ona görə məmnunam ki, mənim buradan, - Türkiyədən, Antalyadan dediyim sözləri sizin televiziya vasitəsilə Azərbaycanda dinləyirlər. Dediniz ki, eyni zamanda Azərbaycan televiziyası vasitəsilə, elədirmi?

Müxbir: Elədir.

Heydər Əliyev: Mən bundan çox məmnunam. Mənim qəlbim Azərbaycandadır. Amma belə əlaqəni bütün Azərbaycanın vətəndaşları ilə yaratmaq dünən də mümkün oldu, bu gün də. Mən bundan çox məmnunam. Sizə təşəkkür edirəm, çox sağ olun.

Tarixi arayış