Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Reklamni vestnik"in müxbirinə müsahibəsi - 30 dekabr 1994-cü il


- Artıq bir ildən çoxdur ki, bu vəzifədəsiniz. Amma bir neçə il əvvəl çoxları əmin idi ki, Heydər Əliyevin siyasi karyerası bitmişdir...

- 1987-ci ildə SSRİ rəhbərliyi ilə, o cümlədən şəxsən Qorbaçovla kəskin fikir ayrılığına görə Siyasi Büro tərkibindən çıxarkən mən heç güman etməzdim ki, böyük siyasətə qayıdacağam. 1990-cı ilin sonunda mənə Bakıda yaşamağa icazə vermədilər və onda Naxçıvanda sığınacaq tapdım. 1991-ci ildə orada mürəkkəb vəziyyət yaranmışdı - muxtar respublika blokadaya alınmışdı. Xalq bir neçə gün meydanlarda mitinq keçirir, tələb edirdi ki, mən Ali Sovetə başçılıq edim. Mən də məcbur olub bu işi görməli oldum. Çətin şəraitdə yaşayırdıq, lakin hər halda nisbətən sakitlik idi. Elə düşünürdüm ki, Naxçıvan mənim son dayanacağımdır. Lakin 1993-cü ilin iyunundaBakıda hakimiyyət uğrunda mübarizə kəskinləşdi, respublika vətəndaş müharibəsi həddinə gəlib çatdı. Onda president Əbülfəz Elçibəy mənə müraciət etdi - onun özü dövləti böhrandan çıxara bilmirdi. Mən qayıtmaq istəmirdim. Lakin qərara aldım ki, kənarda qalmaq düzgün olmaz. Təyyarə ilə uçub Bakıya gəldim. Elə hesab edirəm ki, vəziyyəti sabitləşdirə bildim. Vətəndaş müharibəsinin qarşısı alındı.

Təəssüf ki, mən Azərbaycan Ali Sovetinin sədri vəzifəsini ifa etməyə başlayandan iki gün sonra Elçibəy Bakını tərk etdi. Və o vaxtdan Naxçıvanın Kələki kəndindədir. Mən tək qaldım.

- Azərbaycan prezidenti indiyədək "döyüş meydanında tək qalan döyüşçü"dür?'

- Mən özümlə heç bir komanda gətirməmişəm və hazırlamamışam. Özümün siyasi strukturum da yoxdur, hərçənd prezident seçilənə qədər "Yeni Azərbaycan" partiyasına başçılıq edirdim. Hələ 1982-ci ildə buradan getsəm də, öz respublikamı yaxşı tanıyıram, o vaxtdan bir neçə rəhbərlik dəyişmişdir. Ümumiyyətlə, necə deyərlər, əlimin altında olan səlahiyyətli adamlarla işləyirəm.

- Bununla belə, bəzi müxalif əhval-ruhiyyəli siyasətçilər yüksək ixtisaslı kadr işçilərini öz müasirlərinizlə, dostlarınız, hətta qohumlarınızla əvəz etdiyinizi söyləyirlər.

- Məndən qabaq məsul vəzifələrə təyin olunan adamların hamısı öz yerində işləyir. Təbiidir ki, Surət Hüseynovu və onunla birlikdə oktyabrın əvvəllərində dövlət çevrilişi etmək istəyənləri, habelə həmin vəzifələrdən könüllü çıxanları istisna edirəm. Belə ki, respublikanın indiki rəhbərliyində heç bir "Naxçıvan klanı" yoxdur. Bir halda ki, siz müxalifətdən söz açdınız, onda icazə verin bir şeyi xatırladım: Azərbaycanda indinin özündə də 40-dan çox siyasi partiya mövcuddur ki, onların da əksəriyyəti müxalifət partiyalarıdır. Müxtəlif əqidəli 600-dən çox qəzet nəşr olunur. Əgər bütün bunları "demokratiyanın ləğvi" kimi qəbul edirlərsə - müxalifətdə olanların bəziləri mənim tutduğum islahat yoluna məhz belə münasibət bəsləyirlər - onda onlar məni günahlandırmaqda haqlıdırlar.

- Sizin və köməkçilərinizin işləyib hazırladığınız siyasətə təsir göstərən başlıca amillər hansılardır?

- Biz müstəqilliyin bərqərar olması yolunda çox mürəkkəb yol keçirik. Məlum olduğu kimi, keçmiş SSRİ-nin bütün respublikaları hər bir sahədə, xüsusilə iqtisadi sahədə bir-biri ilə sıx bağlı olmuşdur. Respublikalar ayrıldıqdan sonra əlaqələrin kəsilməsi Azərbaycan üçün ən xoşagəlməz nəticələr vermişdir.

Azərbaycanın sosial-iqtisadi vəziyyətini mürəkkəbləşdirən daha bir səbəb isə müharibədir. Bu müharibə altı ildir davam edir, respublika ərazisinin 20 faizindən çoxu işğal olunmuşdur və indiyədək 1 milyondan artıq adam qaçqın halında yaşayır. Bu adamlar hər şeylərini itirmişlər.

Azərbaycan böyük iqtisadi potensiala malikdir. Bu həm yeraltı sərvətlər, hər şeydən əvvəl neft, habelə sənaye, kənd təsərrüfatı və əmək ehtiyatlarıdır. Lakin yuxarıda göstərilən proseslər onlardan səmərəli istifadə etməyə mane olur. Bütün qüvvələr ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmağa, həmçinin müdafiə ehtiyaclarına yönəldilir.

- Əlaqələrin pozulması. Bu problemi 2 ildir ki, MDB yaratmaqla həll etməyə cəhd göstərirlər. Sizcə bu struktur həyat qabiliyyətlidirmi?

- Mən deyə bilmərəm ki, MDB artıq təşəkkül tapmışdır və səmərəli fəaliyyət göstərir. Məncə, vəziyyət belədir: dövlət başçılarının bir-iki gün davam edən görüşü zamanı adama elə gəlir ki, ittifaq var, amma qalan vaxtlarda sanki bu ittifaq yoxdur. Məncə, MDB-nin müvafiq beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərməsi üçün çox ciddi tədbirlər görülməlidir.

- Bəlkə bunun üçün dövlətlərarası hakimiyyət institutu lazımdır?

- Mən bunu məqsədəuyğun saymıram. Belə münasibət vahid dövlətin dirçəldilməsinə səbəb olar və nəticədə milli mənafelərə zərər toxunar.

- Qarabağ münaqişəsinin səbəbləri və nəticələri haqqında nə deyə bilərsiniz?

- Bütün hadisələr başlanarkən Azərbaycan İttifaqın tərkibində idi. Fikrimcə, İttifaq rəhbərliyi münaqişənin genişlənməsinin qarşısını ala bilərdi. Lakin bunu etmədi. İndi Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün müharibə aparır. Lakin bu vaxt ərzində biz münaqişəni sülh yolu ilə həll etməyə cəhd göstərmişik. Hər halda, nə isə edə bilmişik - necə olsa da, mayın 10-dan atəş dayandırılmışdır. İndi danışıqlar gedir. Danışıqların gedişində bəlkə də nəhayət, hansısa razılığa gələ biləcəyik. Lakin bir şərtlə. Erməni silahlı birləşmələri işğal olunmuş bütün torpaqlarımızdan çıxarılmalıdır.

- Bütövlükdə Qafqazda hökm sürən vəziyyət haqqında sizing rəyinizi bilmək istərdik. Rusiyanın indiyədək bu regionda vahid siyasi konsepsiya işləyib hazırlamaması barədə deyilən ziddiyyətli fikirlərlə siz razısınızmı?

- Rusiyanın hansısa aydın mövqeyinin olub-olmadığını söyləməkdə çətinlik çəkirəm. Digər dövlətin hakimiyyət strukturları içərisində nə baş verdiyini heç kəs dəqiq deyə bilməz. Lakin elə bilirəm ki, Qafqaz çox mürəkkəb regiondur: Rusiya Federasiyasının burada fəaliyyəti ölçülüb-biçilmiş olmalıdır. Məncə, Rusiya Zaqafqaziya ölkələrinin hər birinə eyni münasibət bəsləməlidir. Onlardan hər hansı birinə üzgörənlik etmək nəticə etibarı ilə Rusiya rəhbərliyinin bu regiondakı əhali arasında nüfuzdan düşməsinə səbəb olardı. Təkrar edirəm, bu gün dini və ya hər hansı

digər amillərdən asılı olmayaraq, bütün münasibətlər diqqətlə ölçülüb-biçilməlidir.

- Üzgörənlikdən söhbət getdisə, onda Azərbaycana münasibətdə bunun dərəcəsi necədir? Belə çıxır ki, Moskva ilə Bakı arasındakı münasibətlər yalnız dostluq münasibətləridir.

- Bütövlükdə götürdükdə bizim aramızda həll olunması qeyri-mümkün olan problem yoxdur. Axı başqa cür ola bilərmi? Bizim xalq bu məsələdə sadəcə olaraq çətinlik yaratmaq istəmir. Hərçənd hakimiyyət strukturlarında çox şey ola bilər. Mən Bakıya qayıtmazdan əvvəl başqa siyasət yeridirdilər və Rusiya ilə münasibətlər soyuq, bəzən hətta ağır xarakter almışdı. Lakin bu münasibətlər dəyişmişdir. İndi təkcə sizin XİN-lə deyil, həm də prezident Yeltsinlə münasibətlərimiz yaxşıdır. Biz onunla sıx əlaqə saxlayırıq: görüşürük, hər ikimizin qarışmalı olduğumuz məsələlərlə bağlı telefon söhbətləri edirik.

- Dediklərinizdən belə çıxır ki, müdaxilə etməli olduğunuz məsələlər o qədər çoxdur ki, sizin istirahət üçün vaxtınız qalmır.

- Vətənə qayıtdığım vaxtdan bəri istirahət üçün sadəcə olaraq vaxtım qalmır. Vəziyyət elə gətirmişdir ki, gündəlik iş vaxtım 15-18 saat çəkir. Şəxsən müdaxilə etməyim lazım gələn dövlət işləri həddindən artıq çoxdur. Elə indi də sizdən üzr istəməliyəm - görüş saat 18-ə təyin olunsa da, indi gecə yarıdır. Bərk məşğul idim.

- "Reklamnı vestnik"in oxucularına nə demək istərdiniz?

- Çox şadam ki, bizim və sizin işgüzar adamlar əl-ələ verib işləmək imkanına malikdirlər. Mən bütün qüvvəmi sərf edəcəyəm ki, xalqlarımız dost olaraq qalsınlar, iki respublika arasındakı münasibətlər isə əsl dostluq münasibətləri olsun. Axı biz 200 ildir ki, birgə yaşayırıq.

Söhbəti Andrey Vasilyev aparmışdır.

"Reklamnı vestnik", N48, 1994-cü il.

Tarixi arayış