Azərbaycan Prezidenti Heydər Əliyevin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının yeni quruluşda tamaşasına baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdən çıxışı - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 21 sentyabr 1997-ci il


Mən sizi təbrik edirəm. Bu gün mənim dostum, qardaşım İhsan Doğramacı ilə və bu konqresə gəlmiş başqa xarici qonaqlarla birlikdə sizin ifanızda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının yeni tamaşasına baxdıq. Hesab edirəm ki, bu, Azərbaycan teatrının həyatında çox böyük, əlamətdar hadisədir. "Arşın mal alan" operettasının qədim tarixi vardır. Mən salonda əyləşib tamaşaya baxdıqca düşünürdüm. Bu əsər 1911-ci ildə yazılıbdır, o vaxtdan indiyədək daim Azərbaycan teatr səhnəsində göstərilibdir, sonra isə film çəkilibdir. Bu əsər həm teatr tamaşası kimi, həm də kinofilm kimi təkcə respublikamızı yox, bütün dünyanı gəzibdir. Siz bu əsəri Azərbaycan Opera və Balet Teatrının səhnəsində çox məharətlə yenidən tamaşaya qoymusunuz. Bu, böyük yaradıcılıq nailiyyətidir. Bu nailiyyət münasibətilə sizi təbrik edirəm. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Üzeyir Hacıbəyovun bütün əsərləri ölməzdir. "Arşın mal alan" da ölməz sənət əsəridir. Bunu tariximizin ayrı-ayrı mərhələlərində böyük sənətkarlarımız yaşadıblar və bu əsər daim teatr səhnələrində göstərilibdir. Ancaq məlumdur ki, bu əsərin dünyada məşhur olması 1946-cı ildən - Azərbaycanın böyük sənət ustası, rejissoru Rza Təhmasibin quruluşu əsasında yaradılmış filmlə başlandı. Yəqin ki, həmin film xatirinizdədir. O, bütün dünyanı dolaşdı. Gənclər, ola bilsin ki, bunu bir o qədər xatırlamırlar. Amma bizim nəsil üçün bu filmin dünyaya çıxması böyük hadisə idi. Bu bizi çox sevindirdi. Sevinirdik ki, "Arşın mal alan" artıq bütün dünyanı gəzir.

Bu gün sizin hazırladığınız bu tamaşaya baxarkən hesab edirdim ki, Üzeyir Hacıbəyov bu əsəri yazandan indiyə qədər bu operettanı daim səhnəyə qoymuş incəsənət xadimlərini və bunu filmə çevirmiş incəsənət - teatr, kino xadimlərini böyük minnətdarlıqla yad etməliyik. Biz bunu heç vaxt unutmamalıyıq. Şübhəsiz ki, birinci növbədə xalqımızın ölməz bəstəkarı Üzeyir Hacıbəyovu unuda bilmərik. Sentyabrın 18-də Üzeyir Hacıbəyovun anadan olmasından 112 il keçdi. Biz 1995-ci ildə Üzeyir Hacıbəyovun 110 illik yubileyini böyük təntənə ilə qeyd etdik.

İhsan bəy, mənim xatirimdədir, Üzeyir Hacıbəyovun 90 illik, 100 illik, 110 illik yubileylərinin təntənə ilə qeyd edilməsi mənim rəhbərliyim altında keçirilibdir. Görün bu necə xoş bir tarixdir!

İhsan Doğramacı: İnşallah, Üzeyir Hacıbəyovun 200 illik yubileyini də qeyd edərik.

Heydər Əliyev: Biz sentyabrın 18-də Üzeyir Hacıbəyovun 112 illik yubileyini də qeyd etdik. 50 il bundan əvvəl, 1946-cı ildə böyük sənət ustası Rza Təhmasib "Arşın mal alan" filmini yaradıbdır. Yəqin ki, sizin heç biriniz onu görməmisiniz.

Yaşar Nuriyev: O mənə dərs deyib. Mən onun tələbəsi olmuşam.

Heydər Əliyev: Ona görə də Soltan bəy rolunu yaxşı oynayırsan. Rza Təhmasib həm çox gözəl insan idi, həm də gözəl bir yaradıcı kollektiv yaratmışdı - bizim ölməz müğənnimiz Rəşid Behbudov, Gülçöhrə obrazını ilk dəfə filmdə ifa edən istedadlı aktrisa Leyla Bədirbəyli və s. İndi o sağdır, yaşayır. Vəli rolunu isə Lütfəli Abdullayev oynayırdı. O da bizim çox böyük sənətkarımız, aktyorumuz olub. Onlar vaxtilə bu əsərin tamaşasında çox gözəl oynamışdılar. Şübhəsiz ki, bu əsərdəki obrazları səhnədə çox aktyorlar ifa ediblər. Ancaq daha çox yadda qalan "Arşın mal alan" filmi olubdur. Ona görə ki, teatrda hər mövsümdə rolları müxtəlif aktyorlar ifa edirlər, amma filmdə bu belə deyil.

Siz yeni yaradıcı nəsilsiniz və onların davamçılarısınız. Bu əsəri XX əsrin sonunda yenidən səhnəyə qoymusunuz. Hesab edirəm ki, bu çox gözəl alınıbdır. Mən çox şadam ki, siz bu əsəri yenidən tamaşaya qoymusunuz. Çünki "Arşın mal alan" operettası ölməzdir və salonda bu tamaşaya baxanlar sizi nə qədər böyük həvəs və maraqla alqışlayırdılar. Bizim qonaqlarımız üçün bu yenidir. Onlar dilimizi bilməsələr də, tərcümə vasitəsilə sizi maraqla dinlədilər.

Yaxşı haldır ki, ifaçılar əsasən gənclərdən ibarətdir. Mənim yadıma Rza Təhmasib, Rəşid Behbudov düşür. "Arşın mal alan" filmi çəkiləndə mən də gənc idim. Ona görə də Rəşid Behbudova, Leyla Bədirbəyliyə və Lütfəli Abdullayevə böyük maraqla baxırdım. Sonra elə oldu ki, biz bir yerdə olduq, bir yerdə işlədik. Onların hər birinə də mənim böyük hörmətim olmuşdu. Mən respublikanın başçısı kimi onların xidmətlərini qiymətləndirmişdim.

Hazırda isə, görürsünüz, yeni gənc nəsil yetişibdir. Əsgər rolunu mərhum Rəşid Behbudovun yolu ilə gedən gənc müğənnimiz Azər Zeynalov gözəl ifa edir. Gülçöhrə rolunu ifa edən - teatrın solisti Zemfira İsmayılovanı birinci dəfədir ki, görürəm. Soltan bəy rolunun ifaçısı olan Yaşar Nuriyevi hamımız tanıyırıq. Asya, Vəli, Süleyman obrazlarını gənc aktyorlar çox gözəl ifa edirlər. Vaxtilə Cahan xala obrazını Münəvvər Kələntərli oynayırdı. Çox gözəl aktrisa idi. Şübhəsiz ki, siz də onların yolu ilə gedirsiniz. Gözəl dəsti-xəttiniz vardır.

Siz hələ gəncsiniz. Qarşınızda böyük yaradıcılıq yolu vardır. İstərdim ki, sizdən əvvəlki sənətkarlar - Lütfəli Abdullayev kimi, Rəşid Behbudov kimi, Leyla Bədirbəyli kimi və başqaları kimi öz üzərinizdə çalışasınız. Mən onları çox yaxından tanıyırdım, onlarla dost idim. Ona görə də görürdüm ki, onlar öz üzərlərində necə çalışırlar, necə işləyirlər, necə yeni nailiyyətlər əldə edirlər. Mən bunu sizə də tövsiyə edirəm.

Hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 12-ci cild Azərnəşr, Bakı - 2004, səh.174.

Tarixi arayış

MƏDƏNİYYƏT