Hörmətli dostlar!
Tamerlanın vəfatı bizim ailəmiz üçün, böyük itkidir, şəxsən mənim üçün ağır itkidir. Eyni zamanda Tamerlanın vəfatı Azərbaycan tibb elmi üçün, Azərbaycanın elmi, ali təhsili üçün böyük itkidir.
Tamerlan uzun illər mənim yaxın dostum olmuşdur. Əlli il bundan öncə mən onunla tanış olmuşam, sonra qohum olmuşuq. Amma bu illər ərzində o, mənim yaxın dostum olub, çox sədaqətli dostum olubdur. Ona görə belə bir dostu, belə bir yaxın adamı itirmək çox ağırdır.
Əlli il müddətində mən Tamerlanın yaxşı tanımışam, onun həyatını, fəaliyyətini həmişə müşahidə etmişəm. Burada onun haqqında deyilən sözlər tam həqiqətdir. O özü çox istedadlı bir insan, fitri istedada malik bir adam olubdur. Bununla yanaşı çox fədakar, əməksevər, işgüzar adam olubdur. Seçdiyi peşəni daim sevib və bu sevgi ilə, məhəbbətlə peşəsinə, insanlara xidmət edib və cəmiyyətdə özünə layiq yer tutubdur.
Tibb, səhiyyə hər bir insan üçün çox vacib olan sahədir. Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır. Azərbaycanda belə insanların içərisində Tamerlan Əliyevin xüsusi yeri olubdur. O, doğrudan da Azərbaycanda tibb elminin inkişafına öz töhfələrini verib, xidmətlərini göstərib, minlərlə, on minlərlə insanların müalicə edib, onların ömrünü uzadıbdır. Ancaq indi özü həyatdan gedibdir.
Tamerlan çox gözəl xüsusiyyətlərə malik bir insan, yüksək mədəniyyətli, sözün əsil mənasında ziyalı, deyə bilərəm ki, Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, bir Azərbaycan ziyalısı kimi əsil nümunə olmuşdur. O, həddindən artıq təvəzökar bir adam idi. Bəlkə də onun təvəzökarlığı bəzən ifrat dərəcəyə gəlib çatırdı, o qədər təvəzökar idi. Sadə, çox sadə bir insan idi. O, daim insanlar arasında xoş münasibətlər yaranmasına çalışırdı, daim xeyirxahlıq edirdi, insanları bir-birinə yaxınlaşdırmağa çalışırdı.
Dediyim kimi, işinə çox sədaqətli idi, öz işinə çox məsuliyyətlə yanaşırdı. Mənim xatirimdədir, gənc vaxtlarında da müəyyən bir gün işə gecikmiş olsun, yaxud üzərinə düşən vəzifəni yerinə yetirməmiş olsun və ya işində bir səhlənkarlığa yol vermiş olsun- belə şeylər mümkün deyildi. O qədər məsuliyyətli idi ki, öz işinə, peşəsinə o qədər məsuliyyətlə yanaşırdı ki, bəzən bu, insanları təəccübləndirirdi. Onu fərqləndirən xüsusiyyətlərdən biri də ondan ibarət idi ki, çox təmənnasız adam idi. Burada artıq deyildi, məktəbdə də, ali təhsildə də fərqlənibdir, fərqlənmə diplomları, yüksək adlar alıb, çox elmi əsərlər yazıb, böyük xidmətlər göstəribdir.
Ancaq heç bir vəzifədə, heç bir mənsəbdə gözü yox idi. Nəinki gözü yox idi, hətta belə təkliflərdən dəfələrlə imtina etmişdir. Bu, mənim xatirimdədir. O, ancaq öz sənəti sahəsində çalışmaq istəyirdi. Şübhəsiz ki, həm Tibb İnstitutunun, universitetinin, həm də Azərbaycanın tibb ictimaiyyətinin, elminin həyatında fəal iştrak edirdi. Ancaq bununla yanaşı, o heç vaxt bu fəaliyyətini hansısa bir vəzifə, mənsəb tutmaq naminə, yaxud o arzularla etmirdi. Bir də qeyd edirəm, ona bir neçə dəfə həm insitut çərçivəsində, həm də səhiyyə çərçivəsində vəzifələr təklif olunmuş, hamısından imtina etmişdir. Ona görə yox ki, bu işləri bacara bilməzdi. Ona görə ki, öz işini sənətini özünün dərk etdiyi çərçivədə o qədər sevir, o qədər qiymətli və vacib hesab edir ki, ondan başqa çərçivəyə keçmək istəmirdi. Alicənablılığı, yüksək mədəniyyəti, ziyalılığı, fədakarlığı, sadəliyi, insanpərvərliyi ilə həqiqətən o, atasının - mərhum Əziz Əliyevin xüsusiyyətlərinin əksəriyyətini özündə əks etdirirdi. Bu gün Tamerlanı son mənzilə yola salarkən demək olar ki, o, atası Əziz Əliyevin layiqli oğlu olmuşdur.
Mənim üçün isə onun bütün bu xüsusiyyətlərindən başqa ən dəyərlisi dostluğa sədaqətli olması idi. Sədaqətli insan idi. Bilirsiniz ki, insanlar cürbəcür vaxtlarda sınanırlar, həttda yaxın qohumlar, dostlar da sınanırlar. Mənim həyatımda da əlli il müddətində bu sınaq dövrləri olubdur. Tamerlan bütün mərhələlərdə mərd, sədaqətli dost olubdur. Hesab edirəm ki, insan mənəviyyatının ən yüksək keyfiyyəti, ən yüksək göstəricisi səmimilikdir, sədaqətlilikdir. Tamerlan bu keyfiyyətlərə malik bir adam idi. Hətta da deyə bilərəm ki, bu keyfiyyətlərə görə yüksək nümunə idi. Ona görə bu gün mənim üçün və Tamerlanın bütün ailə üzvləri üçün, bizim qohum - əqrəba üçün ağır gündür. Bu, bizim matəmimizdir.
Ancaq eyni zamanda təsəlli verən odur ki, Tamerlan şərəfli həyat yaşayıbdır, öz işi ilə xalqına, millətinə, respublikasına göstərdiyi xidməti ilə, qazandığı yüksək adı ilə bizim qəlbimizdə və tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin qəlbində böyük iz buraxıbdır. Ona görə də Tamerlanın xatirəsi heç vaxt unudulmayacaq, şəxsən mənim qəlbimdə daim yaşayacaqdır. Güman edirəm ki, onu yaxından tanıyanların, onunla təmasda olanların da qəlbində daim yaşayacaqdır.
Deyə bilərəm ki, bu, mənim həyatımda ən ağır itkilərdən biridir. Mən dostum Tamerlanın müqəddəs cənazəsi qarşısında baş əyirəm. Allahdan ona rəhmət diləyirəm.
"Azərbaycan" qəzeti, 8 aprel 1997-ci il.